Moskvada izdihamlı azad internet mitinqi - foto
30 Aprel 2018 18:23 DünyaBu gün Moskva şəhərinin Saxarov prospektində "Telegram" messencerinin ölkə ərazisində bloklanmasına etiraz olaraq kütləvi aksiya keçirilib.
İKT.lent.az-ın "Dojd" telekanalına istinadən verdiyi xəbərə görə, "Telegram"ın yaradıcısı Pavel Durovun çağırışı və Rusiya Libertarian Partiyasının təşkilatçılığı ilə keçirilən aksiya şəhər rəhbərliyi ilə razılaşdırılıb.
Azad internet tələbi ilə keçirilən kütləvi tədbirə 12 min insan toplaşıb. Polis mövzu ilə əlaqəsi olmayan, o cümlədən prezident Putin əleyhinə yazılmış plakatları yığışdırıb. Buna baxmayaraq, insanlar Putin əleyhinə şüarlar səsləndirib.
İştirakçılar arasında müxalifət liderləri Aleksey Navalnıy, İlya Yaşin və digər fəallar da olub.
P. Durov Moskvada baş verənləri bənzərsiz adlandırıb: "Fəxr edirəm ki, bu insanlarla eyni ölkədə doğulmuşam. Sizin enerjiniz dünyanı dəyişir".
Xatırladaq ki, "Telegram" məhkəmə qərarı ilə Rusiya ərazisində bloklanıb. Səbəb messencerin Rusiya kəşfiyyatı ilə əməkdaşlığı rədd etməsidir.


