Şinzo Abe: Tokio, Seul və Vaşinqton Pxenyandan nüvə proqramının ləğvi üçün konkret addımlar gözləyirlər

Yaponiya, ABŞ və Cənubi Koreya Şimali Koreyanın nüvə-raket probleminin həlli üçün əməkdaşlığı davam etdirərək, Pxenyandan bunun ləğvi istiqamətində konkret addımların atılmasını tələb edəcəklər.

Bu barədə Yaponiyanın Baş naziri Şinzo Abe aprelin 26-da parlamentdə çıxışı zamanı bəyan edib.

Ş.Abe deyib: "Sabah koreyalararası sammit, sonra isə ABŞ və Şimali Koreya liderləri arasında yüksək səviyyəli görüş keçiriləcək. ABŞ və Cənubi Koreya ilə sıx əməkdaşlıq edərək biz Şimaldan nüvə-raket proqramları və oğurlanmış yapon vətəndaşları problemlərinin həlli üçün konkret fəaliyyət tələb edəcəyik. Bununla yanaşı, Çin və Rusiya ilə qarşılıqlı şəkildə Pxenyana maksimum təzyiqləri davam etdirəcəyik".

Baş nazir, həmçinin bildirib ki, indi Şimali Koreya ilə "dialoq naminə dialoqun" heç bir mənası yoxdur. Kim Çen In ilə görüşün mümkünlüyünə toxunan Ş.Abe qeyd edib ki, belə bir görüşün baş tutması üçün Şimali Koreya kəşfiyyatı tərəfindən oğurlanmış yapon vətəndaşları problemində ciddi irəliləyiş olmalıdır.

Xatırladaq ki, Cənubi Koreya Prezidenti Mun Ce-in və Şimali Koreya lideri Kim Çen In aprelin 27-də görüşəcəklər. Bundan sonra Şimali Koreya liderinin ABŞ Prezidenti Donald Trampla görüşü planlaşdırılır.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31