Qafqazda daha bir hökumət dəyişikliyi: Prezident baş naziri vəzifəsindən azad etdi

Gürcüstanın tanınmamış Abxaziya Respublikasının prezidenti Raul Xacimba baş nazir Beslan Barsitsanı istefaya göndərib. Prezident R.Xacimba əvvəllər Abxaziya Ticarət Palatasına başçılıq edən Gennadi Qaquliyanı Abxaziya Respublikası hökumətinin yeni rəhbəri vəzifəsinə təyin edib.

Prezidentin fərmanında B.Barsitsanın başqa işə keçməsi ilə əlaqədar olaraq baş nazir vəzifəsindən azad edildiyi qeyd olunur. Raul Xacimba yeni hökumətin formalaşdırılmasına qədər öz səlahiyyətlərini davam etdirməyi köhnə kabinetə tapşırıb. Gennadi Qaquliya isə yeni hökumətin tərkibi üçün təkliflər hazırlayıb təqdim etməlidir.

TASS İA xəbər verir ki, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Oleq Dameniya qeyd edib ki, Abxaziya siyasətçiləri Gennadi Qaquliyanın baş nazir vəzifəsinə təyin olunmasını məmnuniyyətlə qarşılayıblar və ölkədə müsbət dəyişikliklərə ümid edirlər: "Gennadi Qaquliya işgüzar keyfiyyətləri ilə fərqlənib. G. Qaquliya bundan əvvəl Abxaziya baş naziri olub, buna görə respublika sakinləri bu təyinatla bağlı müxtəlif fikir bildirə, başqa cür qiymətləndirə bilərlər. Lakin əslində o təcrübəlidir, işgüzardır və respublika üçün faydalı bir iş görə bilər".

Xatırladaq ki, vəzifədən azad edilən Beslan Bartsitsa avqust 2016-cı ildən baş nazir vəzifəsini icra edirdi. (Bizimyolinfo.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31