“Sarkisyan etiraz dalğasını beşiyində boğa bilmədi, çünki...”
“Sarkisyan etiraz dalğasını beşiyində boğa bilərdi. Amma ona görə edə bilmədi ki, prezident olduğu dönəmdə Avropa Birliyi ilə assosiativ müqavilə imzalamışdı. Bundan irəli gələn bəzi siyasi və hüquqi öhdəliklərə görə Sarkisyan çəkincəli davrandı. O, baş nazir kimi öz müavinini ABŞ-a göndərmişdi və orada yeni maliyyə yastığının yaradılması üçün ABŞ rəhbərliyi ilə danışıqlar aparılırdı. Belə bir vəziyyətdə nümayişçilərə zorakı güc tətbiq olunsaydı, Ermənistan həm ABŞ, həm də AB səviyyəsində ediləcək yardımlardan, dilənçi paylarından məhrum olacaqdı”.
24 Aprel 2018 15:45 Dünya"Sarkisyan etiraz dalğasını beşiyində boğa bilərdi. Amma ona görə edə bilmədi ki, prezident olduğu dönəmdə Avropa Birliyi ilə assosiativ müqavilə imzalamışdı. Bundan irəli gələn bəzi siyasi və hüquqi öhdəliklərə görə Sarkisyan çəkincəli davrandı. O, baş nazir kimi öz müavinini ABŞ-a göndərmişdi və orada yeni maliyyə yastığının yaradılması üçün ABŞ rəhbərliyi ilə danışıqlar aparılırdı. Belə bir vəziyyətdə nümayişçilərə zorakı güc tətbiq olunsaydı, Ermənistan həm ABŞ, həm də AB səviyyəsində ediləcək yardımlardan, dilənçi paylarından məhrum olacaqdı".
Bu sözləri açıqlamasında politoloq Natiq Miri Ermənistanda baş verənlər haqda fikirlərini bölüşərkən deyib. Bildirib ki, yardımlardan məhrum olunmaq Ermənistanın indiki krizis vəziyyətində baş nazir Sarksiyan üçün böyük iqtisadi, sosial problemlər yarada bilərdi. Buna görə də etiraz dalğasına böyük zorakı güc tətbiq olunmadı: "Bu səbəbdən mitinqin miqyası az bir zamanda böyüdü. Bu intensivlik səbəbsiz deyildi. Etirazlar illərlə yığılmış narazılığın təbii nəticəsi kimi ortaya çıxdı. Ona görə də Paşinyan Sarkisyanın zamanında verdiyi vədi əsas götürərək hamını etiraza çağırdı. Yadınızdadırsa, Sarksiyan prezidentlik dönəminin son aylarında vəd vermişdi ki, baş nazir postuna yiyələnmək üçün təşəbbüs göstərməyəcək. Sarkisyan sözünə xilaf çıxdı və saxtakarlıqla baş nazir postuna yiyələndi. Bu, xalqın etirazına səbəb oldu. Paşinyan liderlik xüsusiyyətini ortaya qoyaraq, etiraz dalğasının yüksəlməsinə stimul verdi. Gənclərin xüsusi rolunu da qeyd etməmək olmaz. Etirazlar kütləviləşdi, bütün Ermənistana sirayət etdi".
Politoloqun fikrincə, xalq Sarkisyan hökumətinə nifrət edirdi və o, istefaya getmək məcburiyyətində qaldı: "Hərbçilər də, polis də etirazçılara qoşulmağa başlamışdı. Ona görə Sarkisyanın başqa yolu qalmadı. Rusiya dərhal dövriyyəyə girərək Kremlin adamı olan Karapetyanı Paşinyanla görüşə göndərdi. Karapetyan prokurorluğa da müraciət etdi. Paşinyanla Karapetyan arasında baş tutan görüşdən sonra onlar həbsxanadan azad olundular. Bundan sonra isə Sarkisyan istefa verdi. Bunlar göstərir ki, Rusiya son anda proseslərə müdaxilə edərək Ermənistandakı geosiyasi maraqlarını itirməmək üçün fəaliyyətə keçdi. Sarkisyanın istefaya getməsində Rusiya önəmli rol oynadı. Bu səhnənin aparıcı şəxsi Karapetyan oldu". Azadinform.az