İranda baş verən etirazlar nəyə hesablanıb?
Artıq bir neçə gündür ki, cənub qonşumuzda daxili siyasi sabitlik pozulub. Ölkənin bütün bölgələrini bürüyən etiraz aksiyaları xalq kütlələri ilə hüquq-mühafizə orqanları arasında ciddi şəkildə qarşıdurmaların baş verməsinə yol açıb. Nəticədə son bir neçə gün ərzində 20-dən artıq şəxs qarşıdurmaların qurbanına çevrilərək həyatını itirib. Həlak olanlar arasında həm etirazçılar, həm də hüquq-mühafizə orqanlarının əməkdaşları var.
4 Yanvar 2018 13:26 DünyaArtıq bir neçə gündür ki, cənub qonşumuzda daxili siyasi sabitlik pozulub. Ölkənin bütün bölgələrini bürüyən etiraz aksiyaları xalq kütlələri ilə hüquq-mühafizə orqanları arasında ciddi şəkildə qarşıdurmaların baş verməsinə yol açıb. Nəticədə son bir neçə gün ərzində 20-dən artıq şəxs qarşıdurmaların qurbanına çevrilərək həyatını itirib. Həlak olanlar arasında həm etirazçılar, həm də hüquq-mühafizə orqanlarının əməkdaşları var.
Cənub qonşumuzda baş verən xoşagəlməz olayların Azərbaycana da təsir göstərəcəyi şübhəsizdir və rəsmi Bakının mövqeyi ondan ibarətdir ki, İranda siyasi sabitlik tezliklə bərpa olunmalıdır. Düzdür, bəzi ekspertlər, analitiklər İranda daxili siyasi sabitliyin pozulmasının bu ölkədə yaşayan soydaşlarımız üçün də sərfəli olacağı qənaətindədirlər. İddia olunur ki, proseslərin genişlənməsi İranın parçalanmasına və nəticədə bu ölkədə yaşayan soydaşlarımızın müstəqillik əldə etməsinə gətirib çıxaracaq. Ancaq digər analitiklər indiki mərhələdə İranın parçalanmasının qəti əleyhinədirlər və əsaslandırmaları da kifayət qədər haqlıdır.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev deyib ki, Əbülfəz Elçibəyin İranla bağlı bəzi mübahisə doğuran fikirləri olsa da, hazırkı dövrdə İranın parçalanmasının lehinə olmazdı. Çünki İranda indi başlanan mübarizə milli-azadlıq mübarizəsi deyil, teokratik quruluşa qarşı bir dirənişdir: "Azadlıq şüarları yalnız bir rejimin digəri ilə əvəzlənməsi istəyinə çalışmaq görüntüsü yaradır.
Mən də bu mövqedən çıxış edərək, İran dövlətinin bu şəkildə -özündə milli azadlıqları ehtiva etməyən inqilablarla dağılmasına və yeni bir modern fəlakətin oturuşmasına qarşıyam. Biz ilk növbədə 35 milyonluq Azərbaycan türkünün orada yaşamasını və bu fəlakətlərdən nəsibini alacağını da düşünməliyik". Razi Nurullayev qeyd edib ki,hazırda İran parçalanarsa, nə biz, nə də güneydəki azadlıq hərəkatımız Güney Azərbaycana sahib çıxmaq iqtidarında deyilik: "10 milyonluq Qüzey Azərbaycan sıxıntılar içində boğularkən, Dağlıq-Qarabağ və ölkəmizin 20 faiz torpaqları erməni qəsbkarlarının işğalı altında olarkən Güney Azərbaycana da sahib çıxmaq imkanımız xaricindədir. Biz bilirik ki, İranda milli azadlıq hərəkatı vüsət alacaq. Azərbaycan gec-tez bütövləşəcək. Bizim bu mübarizəmiz bir an da dayanmır və sonda biz bunu yaşayacağıq. Ancaq hələ nə tarixi şərait, nə də zaman, gedişat buna hesablanmır. Ona görə də o gün bu gün deyil. İranı demokratik ölkə hesab edənlər də var. Həmin yanaşmaların qayəsi də insanların iradəsinin seçki ilə müəyyən edilməsi, müstəqil məhkəmənin olması və digər məslələrdir. Amma daxili qatda məsələ başqadır. Bizi məyus edən ən əsas məsələ İran dövlətinin işğalçı Ermənistanla isti münasibətlər qurmasıdır. Güneyli həmvətənlərimizin tələblərindən biri də bu əlaqələrə qarşı çağırış, İran dövlətinin bu siyasətini durdurmaq üçün ciddi siyasi təşkilatlanma olmalıdır və biz bu cür təşkilatlanmalara gücümüz daxilində dəstək verməyə hazırıq. Digər məsələlərə gəldikdə isə, İran xalqının xarici siyasi intervensiya olmadan irəli sürdükləri dəyişikliklərı dəstəkləyirik. Rejim mahiyyətini və idarəetməsini dəyişməlidir, vətəndaşların etiraz etmə hüququ, azadlıq və demokratik tələbləri tanınmalıdır. Din dövlətdən ayrı olmalıdır. Tərəqqi və inkişaf əsridir. Müsəlman ölkələri inkişafdan geri qalarkən, başqa ölkələr texnoloji inkişafın carçısına çevriliblər. Mövcud şəriət idarəçiliyi inkişafa yox, geriliyə aparır. Iranda da dinin dövlət idarəçiliyindən tam ayrılmasının lehinəyik. Güney Azərbaycanlıların siyasi və mədəni hüquqlarının genişlənməsi, Güneydə Azərbaycan türk dilinə dövlət dili statusu veriməsi hər zaman tələbimiz olub və bu gün də gündəmdədir. Amma, Azərbaycan türklərinin İran dövlətinin fəlakətə sürüklənməsində alət kimi istifadə olunmasına qarşıyıq və həmvətənlərimizi çox ehtiyatlı olmağa, proseslərə diqqətli yanaşmağa səsləyirik".
ADP sədri Taliyət Əliyev isə bildirib ki, İranda bu gün baş verənlərdən uzağa gedən nəticələr çıxarmaq hələ tezdir: "Birincisi, ona görə ki, orada baş verənlərdən ətraflı və obyektiv informasiya almaq imkanları çox məhduddur. Kimin nə deməsindən asılı olmayaraq hamıya gün kimi aydındır ki, İran bizimlə istər qonşu, istərsə də din qardaşı olmasına baxmayaraq Azərbaycan Respublikasının müstəqil dövlət olaraq təşəkkül tapmasında və inkişaf etməsində maraqlı deyil. Çünki, müstəqil Azərbaycan faktoru İran ərazisində olan 30 milyonluq Cənubi Azərbaycan üçün qürur mənbəyi, ümid yeri, müstəqil yaşam uğrunda mübarizə üçün stimulverici bir qüvvədir. Bu da İranın ərazi bütövlüyünü sözsüz ki, təhdid edir. Düzdür, əksəriyyət arzu edir ki, tarixi ədalətsizlik ortadan qaldırılsın və Şimali Azərbaycanla Cənubi Azərbaycan arasında olan bu ayrılığa son qoyulsun. Amma, bu gün İranda baş verənlərə yalnız "arzularımızın gözü ilə" baxmağın tərəfdarı deyiləm". ADP rəsmisi deyib ki, son illər ərəb dünyasında baş verənlərin İranda təkrarlanmasının bizim də yerləşdiyimiz coğrafiyada hansı fəsadlara gətirib çıxaracağını heç kim proqnozlaşdıra bilməz: "Nəzərə almaq lazımdır ki, İranda 80 milyondan çox əhali yaşayır və bu 80 milyonluq dövlətlə bizim 800 km-ə qədər də quru sərhədimiz var. Əgər orada hadisələr nəzarətdən çıxarsa onda bizi hansı "sürprizlər" gözləyə bilər, bu barədə soyuq başla fikirləşsək daha yaxşı olar".
İqtisadçı ekspert Pərviz Heydərov isə deyir ki, İran İslam Respublikasında baş verənlərə görə, "torbada pişik axtarmaq" lazım deyil. Onun sözlərinə görə, İranda cərəyan edən proseslər gec-tez baş verməli idi: "Və buna da dəstək verən qüvvələr istər-istəməz tapılacaqdı İkincisi, İranda bu gün baş verənlər, bu ölkənin istənilən halda ziyanına deyil, xeyrinədir. Üçüncüsü, bəli, razıyam ki, hadisələr əgər, dərinə işləyərsə, ölkəmizə qaçqın axını yarana bilər ki, bu da ziyanımızadır. Ancaq, sözügedən ölkədəki mövcud siyasi rejim bizim üçün heç də bundan az ziyanlı deyil. Dördüncüsü isə, bütöv Azərbaycan naminə və sairəyə görə, heç bir ölkənin parçalanmasına razı olmalı deyilik. Bunu da unutmayaq"
Məhəmməd