“Pepper” robotu xəstəxanada işə düzəldi

"SoftBank" şirkəti tərəfindən yaradılmış "Pepper" robotu xəstəxanada işə düzəlib. 

İKT.lent.az-ın "DigitalTrends" nəşrinə istinadən məlumatına görə, "Pepper" Belçikanın Ostende və Lyej şəhərlərində yerləşən iki xəstəxanada ziyarətçilərə kömək edəcək. 

Bu müəssisələrin qəbul şöbəsində "Pepper" yeni iş alıb. O, burada qonaqları salamlayıb, onlara sadə məsələlərdə kömək edəcək və müxtəlif göstərişlər verəcək. Xəstəxanaların birində isə humanoid robot hətta ziyarətçiləri uyğun şöbələrə qədər yola da salacaq. 

Maraqlısı budur ki, "Zora Bots" şirkətinin xüsusi proqram təminatına və onun göstərdiyi xidmətlərə görə robotun qiyməti 1 850 dollardan 34 000 dollara qədər bahalaşıb.

Xatırladaq ki, hazırda "Pepper" robotuna bir sıra mağazalarda, univermaqlarda və vağzallarda rast gəlmək mümkündür. Bundan başqa, bu günlərdə bu robotu "Pizza Hut" restoranına işə qəbul ediblər. Burada o, restoran ziyarətçilərindən sifarişləri qəbul edəcək, onları emal edəcək, həmçinin müştərilərə yemək seçimində də kömək edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00