Donald Tramp: “Seçiləcəyim təqdirdə, ABŞ iqlimlə bağlı Paris razılaşmasından imtina edəcək”
27 May 2016 17:39 DünyaRespublikaçıların prezidentliyinə namizədi Donald Tramp prezident seçkilərində qalib gələcəyi təqdirdə, apreldə Vaşinqton tərəfindən imzalanmış İqlim dəyişikliyinə qarşı mübarizə üzrə beynəlxalq sazişi ləğv edəcəyini bildirib. APA-nın "ng.ru" saytına istinadən verdiyi xəbərə görə, D. Tramp sazişin faktiki olaraq birtərəfli olduğunu və ABŞ-a sərf etmədiyini deyib. Onun sözlərinə görə, atmosferə ən çox istixana qazı buraxan ölkə olan Çin sənədlərdə nəzərdə tutulmuş öhdəliklərini icra etmir. "Biz İqlimlə bağlı Paris razılaşmasından imtina etmək niyyətindəyik" ,-deyə Tramp bildirib. D. Trampın sözlərinə görə, o seçiləcəyi təqdirdə, ətraf mühitə zərər səbəbindən Obama adminstrasiyası tərəfindən dayandırılmış Keyston XL neft borusunun tikintisini dəstəkləyəcək.
Qeyd edək ki, İqlim dəyişikliyinə qarşı mübarizə ilə bağlı razılaşma BMT-nin Nyu Yorkdakı qərargahında imzalanıb. Razılaşmanı ABŞ, Rusiya və Çin də daxil olmaqla, 170 ölkənin nümayəndəsi imzalayıb.