RUSİYADA MİLLİ DİASPORUMUZ: YARANMASI, İNKİŞAFI, MƏTBUATI, ƏDƏBİYYATI, HƏMRƏYLİYİ

                                                            Ramin Məmmədov,

                                                                                          yazıçı-publisist

                                                                  V yazı

Kütləvi informasiya vasitələrinin həqiqətləri kütlələr arasında təbliğ etmək gücü danılmazdır, xüsusilə də, əgər yüz illər irəliyə, gələcəyə baxırıqsa, qəzet və jurnalların, yaşadığımız dövrün hadisələrini, iqtisadiyyatımızın, mədəniyyətimizin inkişafını, indiki proseslərin gedişatını, gələcək nəsillərə çatdırmaq baxımından etibarlı informasiya silahı olmasına, yəqin ki, heç kim şübhə etməz. Təbii ki, bunu bizim Rusiyada fəaliyyət göstərən diaspor nümayəndələrimiz də yaxşı bilirlər. Ona görə də oradakı soydaşlarımızın böyük əksəriyyəti rəhbərlik etdiyi icmanın nəzdində mətbuat vasitələri də təsis etmiş, onun vasitəsilə azərbaycançılığın təbliğini də genişləndirmişlər.

                                     Rusiyada Azərbaycan diaspor mətbuatı

İlk növbədə yaxın-uzaq tarixə nəzər salaq və qeyd edək ki, Bakıda 1960-cı ildən Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqə Cəmiyyətinin orqanı "Odlar yurdu" (1982-ci ilə kimi "Vətən səsi" adlanırdı) qəzeti buraxılırdı. Rusiyada qədim şəhərdə çıxan "Dərbənd" qəzeti 1920-ci ildə nəşrə başlamışdı. Söz yox ki, hər iki nəşr ciddi sosializm ideologiyası çərçivəsində fəaliyyət göstərirdi, amma ideya yayımı kimi, hər iki dərgi o dövr üçün önəmli təbliğat, təşviqat vasitəsi idi.   Moskvada o gərgin, 80-ci illərin sonu, 90-cı illərin əvvəlində müstəqil milli qəzet buraxmaq mümkün olmadığına görə, həmyerlilərimiz Moskvada professor Tofiq Məliklinin rəhbərlik etdiyi "Ocaq" cəmiyyətinin nəzdində "samizdat" "Çıraq" qəzetini təşkil etmişdilər. Bu, müstəqilliyimiz yenidən bərpa olunduğu və erməni separatizminin genişləndiyi, Respublikamız informasiya mühasirəsinə alındığı ağır şəraitə təsadüf edir. Həmin ziddiyyətli dövrdə, 1991-ci ilin yanvarında Azərbaycan SSR-nin Moskvadakı daimi nümayəndəliyinin orqanı "Panorama Azerbaydjana" qəzeti (baş redaktor Fərhad Ağamalıyev), eyni vaxtda Bakıda "Yurddaş" qəzeti (baş redaktor Mais Səfərli, redaktor Şahbaz Şamıoğlu) çıxmağa başladı. Heç zaman unutmaq olmaz ki, bu qəzetlərin hər birinin gələcək diaspor qəzetlərinin yaranmasına aparan yolda xidmətləri əvəzsizdir və Respublikamıza aid olan həqiqətlərin uzaq diyarlara çatdırılmasında əhəmiyyətli iş görürdülər.

1999-cu ilin yanvarında "Çrezvıçaynoye proisşestviye" qəzetinin 6-cı nömrəsinə əlavə kimi, Azərbaycan Milli-Mədəni Muxtariyyətinin mətbu orqanı qismində "Sooteçestvenniki" qəzeti (Ağadadaş Kərimov) işıq üzü gördü. Məhz onun səhifələrindən oxuculara bəyan edildi ki, RF prezidenti B.Yeltsinin imzaladığı "Milli-Mədəni muxtariyyətlər haqqında qanun" 25 iyun 1996-cı ildən qüvvəyə minib. Həmin 1999-cu ildə iyulun 1-də Moskvada "Media Forum" (Valeh Rzayev) adlı beynəlxalq jurnal qeydiyyatdan keçdi, Sankt-Peterburqda "Vmeste" (Heydər İmanov) və "Ulu torpaq" (Tofiq Hacıyev), Nijni Novqorodda "Dostluq-Drujba" (Şahin İsmayılov), Vladivostokda "Azerbaydjan" (Ramiz Zeynalov) qəzetləri oxucu mühakiməsinə verildi. Qəzet çapı baxımından 2000-ci il də düşərli oldu. Həmin ildə Moskvada "Azərbaycan diasporu" (Əliş Əvəz), "Azerros" (Valeriya Yermolayeva), "Azerbaydjan XXI vek" (Andrey İvanov), "Azeri" informasiya və reklam qəzeti (A.Ş.Qurbanov), Sankt-Peterburqda "Azeri" (redaksiya heyəti: V.İ.Məmişev, Ə.P.Vəkilov, A.M.Artemyev,  F.İ.Çələbiyev, A.M.Balaqadaşov, B.R.Əsədov, Y.N.Nəsirzadə), Tümendə "Dostluq-Drujba" (Esmira Şükürova), Saratovda "Vatan" (redaktoru göstərilməyib), Kurqanda "Araz" (redaktoru göstərilməyib) nəşrə başladı. Bu dərgilərin əksəriyyəti Azərbaycan Prezidentinin azərbaycançılıq siyasətini təbliğ etməyə çalışırdı. Amma onlar bir müddət sanki, ehtiyatla hərəkət edir, azərbaycan və rus dillərində, sadəcə milli diasporumuzun keçirdiyi tədbirlərdən, iki ölkədə baş verən hadisələrdən, dövlətlərimiz arasında mövcud dostluq əlaqələrindən, prezidentlərin görüşündən, onların imzaladığı sənədlərdən söhbət açır, milli mədəniyyətimizə, ədəbiyyatımıza, mətbəximizə dair daha çox yazırdılar. 2001 və 2002-ci illərdə milli diaspor mətbuatının inkişafı, ayrı-ayrı bölgələrdə yeni mətbuat nümunələrin təsis edilməsi nöqteyi-nəzərdən uğurlu oldu. Belə ki, Moskvada "Asudə vaxt" (Cahangir Nəbioğlu), "Millətin qəzeti" (Elçin Arifoğlu), "Azerbaydıanskiy Konqress" (Əfrand Daşdəmirov) və "Yeni səs" (Tünzalə Vəliqızı), Ulyanovskda "Qolos Azerbaydjana" (Gülağa Hüseynov), Novqorodda "Strana Oqney" (V.R.İsakov), Yoşqar Olada "Vətən" (Namiq Murad), İvanovoda "Azerbaydjan - media" (Elşad Qasımov) və başqa qəzetlər yaradıldı. Növbəti illərdə Moskvada Leyla Əliyevanın redaktorluğu ilə "Baku", "AMOR" jurnalları, Saratovda "Odlar Yurdu - Strana Oqney" (V.Varqanov, N.Qəniyev), Novosibirskdə "Odlar Yurdu - Strana Oqney" (Mirkazım Seyidov), Barnaulda "Birlik - Yedinstvo" (Murad Zeynalov) və beləliklə, qonşu ölkədə cəmi altmışdan çox adda qəzet və jurnallar yaradılmış, milli maraqlarımıza xidmət edən geniş materialları səhifələrində dərc etmiş, bu publisistik və elmi-publisistik məqalələri geniş kütlələrə çatdıra bilmiş, bununla da bizə qarşı təşkil edilmiş dövrələndiyimiz informasiya təcridolunması probleminin aradan qaldırılmasında xoş sözə layiq rol oynamışlar. Sözsüz ki, Moskvada qısa müddət fəaliiyyətdə olmuş "Azerbaydjanskiy mir" jurnalı, "Şəhriyar" qəzeti, Sankt-Peterburqda "Dialoq sivilizatsiy" jurnalı və başqa nəşrlərin xidmətlərini də heç kim inkar etməz. Belə qəzet və jurnallarda qədim Azərbaycan tarixi, zəngin mədəni irsimiz, müxtəlif tarixi hadisələr, eləcə də ölkəmizə qarşı edilən erməni təcavüzü, Rusiya oxucusu üçün başa düşülən üsulla işıqlandırılıb. Əlbəttə, onu da əksəriyyətimiz yaxşı bilirik ki, haqqında söhbət gedən dərgilər sırasında qarşısına yüksək məqsəd qoyub, ali amallara, ümdə istək və diləklərə xidmət edib böyük iş görənlər, bizi istəməyənlərlə baş-başa durub əzmkarlıq göstərib, mərdi-mərdanə bir-birinin arxasında dağ kimi dayanıb doğru yoldan çəkilməyənlər də var, eyni zamanda yaranmış şəraitdə təklənib və əsl həqiqətləri qəzet səhifəsinə çıxara bilməyənlər də olub. Fəqət, əsrlərin kəsişdiyi ərəfədə və sonraki illərdə bu qəzetlərin sayının sürətlə artmasının səbəbini gərgin, anlaşılmaz 90-cı illərin bizə qarşı sərt, kobud, ikili siyasətinə qarşı müdafiədən hücuma keçmək kimi də qiymətləndirmək olar. Bu missiyanı daha ardıcıllıqla və geniş həyata keçirən, açıq mübarizəyə qalxan, fikrimcə, "samizdat" "Çıraq", rəsmi "Panorama Azerbaydjana", "Azerbaydjanskiy Konqress", "Azerros", "Azərbaycan diasporu" və başqa qəzetlər və "Baku", "AMOR" jurnallarıdır. Bu qədər sayda nəşrlərin baş kitabxanamızda, bir sözlə ölkəmizdə cəmləşdirilməməsinə aid, haqlı hesab etdiyim iradımı bildirmək istəyirəm. Göründüyü kimi, külli sayda çətinliklərə qatlaşıb, hələ alt qatları da nəzərə alsaq, məşəqqətlərlə üzləşib, qiymətli nəşrləri ərsə-araya gətirib, qəzetlərilə dastan yaradan həmyerlilərimiz, işin təşkilatçıları, öz dərgilərini Azərbaycan milli kitabxanasına göndərməyiblər. Əgər müraciət etsəniz, bu elm, mədəniyyət məbədgahında, sualınıza cavab olaraq eşidəcəksiz: "Bizdə ancaq "Azerbaydjanskiy Konqress" qəzetinin bir illik və "Baku" jurnalının nömrələri var". Fikrimcə hər birimizi ağrıdan belə bir problemi qeyd etməmək olmaz. Ən azından ona görə ki, gələcəkdə bu səhvləri təkrar etməyək. Təbii ki, belə çatışmazlıq uğurlarımıza elə bir xələl gətirməyib. Uğurlarınsa əsas ortaya çıxma səbəbi var. Onlar hamısı, ölkə Prezidenti hörmətli İlham Əliyevin Rusiya Federasiyası ilə ölkəmizin mənafeyinə uyğun formada apardığı balanslaşdırılmış siyasətin bəhrəsidir. Belə olmasaydı, Rusiyada, nə bir qəzet nəşr etdirə bilərdik, nə də informasiya yayımlanması və təbliğatı baxımından uğurlar qazana bilərdik. Fikrimcə bunu hər birimiz bilməli və unutmamalıyıq.

Rusiyada Azərbaycan diaspor ədəbiyyatı

Əgər Azərbaycan ədəbiyyatı qədim olmasaydı, əgər VII əsrdən bəri Bərakəveyh Zəncanlı, İsmayıl Yəssaroğlu, Məsud Nəmdar, Fələki Şirvani, Mücirəddin Beyləqani, Xaqani Şirvani, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Füzuli, Vaqif, M.F.Axundov, S.Ə. Şirvani, Sabir, Cəlil Məmmədquluzadə, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Nəriman Nərimanov, Yusif Vəzir Çəmənzəminli, Səməd Vurğun, Mirzə İbrahimov və yüzlərlə başqa dahi və görkəmli ədəbiyyat nümayəndələrimiz olmasaydı, onda heç ciddi dünyəvi ədəbiyyatımız da olmazdı, qürbətdə də Azərbaycan ədəbiyyatı yaranmazdı. Odur ki, ədəbiyyatımızla haqlı olaraq fəxr edir, onu mənəviyyatımız adlandırırıq.

Sovet dövründə ədəbiyyatımızın və onun nümayəndələrinin təbliği üçün başqa mühit yaradılmışdı. Moskvada müxtəlif görüşlər, təqdimatlar, əsərlərin nəşri, ədəbiyyat nümayəndələrinin görüşləri təşkil edilirdi. Sonra bu barədə milyonlarla oxucusu olan qəzetlərdə yazılır, tamaşaçılar üçün teleradio verilişlərində səsləndirilirdi. Yaradıcı adamlarımız fəxrlə yazırdı: "Paytaxtın yaxınlığında, Peredelkinoda yerləşən SSRİ yazıçılarının yaradıcılıq evində neçə-neçə sənətkarla tanış olmuşam: Nikolay Tixonov, Konstantin Simonov, Mirzo Tursunzadə, Aleksey Arbuzov, Valentin Katayev, Marietta Şaginyan, Rəsul Həmzətov..." (Cabir Səfərov. Qələm dostlarımızın ürək sözləri, "Sovet Naxçıvanı" qəzeti, 13.08.1985). Maraqlısı da odur ki, burda geniş təbliğat işi gedirdi. Məsələn, C.Səfərovun məqaləsindən görünür ki, Dağıstanın xalq şairi Fazu Əliyeva Nizamini necə sevə sevə oxuduğundan, sənətşünaslıq doktoru V.Pimenov ölməz şair Səməd Vurğunla dostluğundan, qocaman dramaturq İ.Lebedyev C.Cabbarlı, M.İbrahimov, Mehdi Hüseynlə görüşlərindən, Özbəkistan nasiri Ötkəm Həkiməli H.Cavidin səhnə əsərlərinin özbək teatrında müvəffəqiyyətlə tamaşaya qoyulmasından danışıblar...

Xatırlatmaq istəyirəm ki, "Sovet dövründə Moskvada yaşayan azərbaycanlı ədiblərin bir çox nümayəndələri rus və Azərbaycan dillərində uğurla yazıb-yaratmışlar və sağ-salamat olanların əksəriyyəti bu gün də fəal yaradıcılıqla məşğuldurlar. Moskvadakı Azərbaycan ədəbi mühitinin əsas özəyini təşkil edən şair, yazıçı, ədəbiyyatşünas, kinematoqrafçı və tərcüməçilər bunlardır: "Əziz Şərif (1895-1988), İbrahim Kəbirli (1918-2001), Əjdər İbrahimov (1919-1993), Xalıq Koroğlu (1919-2003), Hüseyn Nəcəfov (1921-1989), Həmzə Fəthi Xoşginabi (1922-1989), Əkbər Babayev (1924- 1979), Faiq Məmməd (Cəmcəmli) (1924-1987), Əbdül Hüseynov (1925-2017), Çingiz Hüseynov (1929), Qəzənfər Əliyev (1930-1984), Alla Axundova (1939), Tofiq Məlikli (1942), İlham Bədəlbəyli (1945), Fərhad Ağamalıyev (1946-2012), Əşrəf Hüseynli (1947), Sultan Mərzili (1948), Tahir Aslanlı (1951-1995), Samid Ağayev (1952), Maya Bədəlbəyli (1952), Sabir Abdulla (1950-2012), Abuzər Bağırov (1954), Nəsib Nəbioğlu (1954), Əliş Əvəz (1955), Abbas Ağdabanlı (1956), Valeh Rzayev (1960-2008), Yavər Həsənov(1960), Afaq Şıxlı (1969), Eduard Bağırov (1971), Valeh Saleh (1976), Yaşar Süleymanlı (1980), Leyla Şəkili (1990), Nilufər Şıxlı (1991) və başqaları" (Abuzər Bağırov. Moskvada Azərbaycan ədəbi-mədəni mühit fenomeni, Bakı, "Elm və təhsil", 2018, s. 9).

Müstəqillik dövründə mühit dəyişib. Qonşu ölkədə rusdilli oxucular müasir ədəbiyyatımızı daha çox, Xalıq Koroğlunun, Əbdül Hüseynovun, Çingiz Hüseynovun, Alla Axundovanın, Rüstəm İbrahimbəyovun, Tofiq Məliklinin, İlham Bədəlbəylinin və Rusiya bölgələrində yaşayan, yazıb-yaradan başqa şair və yazıçılarımızın bədii və elmi əsərləri ilə tanıyırlar. Nə yaxşı ki, yazıçı-alim, ədəbiyyatşünas Abuzər Bağırov Moskva şəhərində yazıb-yaradan milli diasporumuzun işində fəallıq göstərən şair və yazıçılarımıza dair ciddi araşdırmalar aparmışdır. Son zamanlarda Abuzər müəllimin rus dilində "Poetı azerbaydjantsı moskviçi. Antoloqiya" (Moskva, "Xudojestvennaya literatura", 2015), "Moskovskaya azerbaydjanskaya literaturnaya sreda. Monoqrafiya" (Yenə orada. 2017), ana dilimizdə "Moskvadakı Azərbaycan ədəbi-mədəni mühit fenomeni. Monoqrafiya" (Bakı, "Elm və təhsil", 2018) əsərlərini yazıb çap etdirmişdir. Əlbəttə ki, bu nəhəng ölkədə yaradıcı həmvətənlərimiz çoxdur və onları tam əhatə etmək hələlik mümkün olmamışdır. Məsələn, Tümendə yaxşı tanınan, Pıt-Yax şəhərində yaşayan və bu şəhərin fəxri vətəndaşı, şair-publisist Knyaz Qoçağı, İjevskdə məşhurlaşan nasir Tofiq Kərimovu, Novosibirskdə fəaliyyət göstərən şair Mirkazım Seyidovu və başqa diaspor hərəkatında öncüllər sırasında adları çəkilən qələmdaşlarımızı, ölkəmizdə hələlik geniş oxucu kütləsi tanımır. Biz bu boşluğu doldurmaq qərarındayıq. Bu da danılmaz faktdır ki, mühacirət ədəbiyyatı ilə bağlı fikirlər də müxtəlifdir. Amma tam əminliklə demək olar ki, bu gün haqqında söhbət gedən Rusiyadakı Azərbaycan diaspor ədəbiyyatının nümayəndələri qonşu ölkədə Azərbaycan mədəniyyətini və həqiqətlərini, dövlət başçımız İlham Əliyevin apardığı məqsədyönlü, irimiqyaslı siyasəti, ölkələrimiz arasında mövcud isti münasibətləri təbliğ edirlər - yeri gəldikcə sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində, eləcə də rusca yazdıqları əsərlərdə bu barədə ictimaiyyəti məlumatlandırır, bununla da Ana Vətənə - doğma Azərbaycanımıza hüsn-rəğbət göstərirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31