.RUSİYADA MİLLİ DİASPORUMUZ: Yaranması, inkişafı, mətbuatı, ədəbiyyatı, həmrəyliyi

Ramin Məmmədov,                                                                                          yazıçı-publisist

IV yazı

1998-ci ilin şaxtalı noyabrında Moskvada "Kurski" adlı dəmir yolu vağzalında qatardan düşdüm. Bu minvalla, 2019-cu ilə kimi bu şəhərə, eləcə də başqa bölgələrə dəfələrlə gəlməli və milli diasporumuzun fəaliyyətinə dair araşdırmalar aparmalı oldum. 

Azərbaycan milli diasporunun fəaliyyətinə bir nəzər

Taleyin hökmilə yüzillər boyu biz Rusiya ilə birgə yaşamalı olmuşuq. Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdikdən sonra, təxminən üç milyon soydaşımız bu ölkədə mühacir həyatı yaşamalı olmuş və əlbəttə ki, yüzlərlə şəhərdə həmvətənlərimizin milli diaspor icmalarını yaratmışlar. 

Moskvada Məmməd Adil oğlu Bağırovla əl verib salamlaşdıq. O, bildirdi ki, Azərbaycan icmasının hüquqi-sosial problemlərinin həlli, həmyerlilərimizin mədəni, mənəvi irəliləyişi sahəsində öz sözünü rəsmi qaydada demək məsələsi onu daim düşündürürdü. Ona görə də məsləkdaşları Valeh Rzayev, Etibar Mürsəliyev, Mənzər Xanməmmədova, Namiq Qurbanov, İradə Məlikova və başqa həmfikirləri ilə birgə "Moskva - Azərbaycan" ictimai birliyini yaratmağı qərar verdilər və 2000-ci il iyulun 14-də təşkilat rəsmi fəaliyyətə başladı. Həmin ildə Rusiya paytaxtındakı səfirimizin müşaviri Kamal Qurbanovla görüşümüzdə o,Məmməd Bağırovun təsis etdiyi icmanın uğurlarından məmnunluqla danışdı. 

Moskvada "Azərbaycan" adlı milli diaspor cəmiyyətinin sədri, hüquq elmləri namizədi, dosent, 1966-cı ildə Saatlı rayonunun Nərimankənd kəndində dünyaya gəlmiş Oqtay Ramazan oğlu Hüseynovla görüşümüz zamanı o, bildirdi ki, 1991-ci ildən bu cəmiyyətin sədridir. Həmin dövrdən başlayaraq hər il  həmvətənlərimizlə bir yerə yığışıb, Yeni il, 8 Mart, 9 may Qələbə günü, Novruz bayramı, Azərbaycanın müstəqilliyi, Rusiyanın müstəqilliyi kimi bayramları qeyd edirlər, paytaxtda təşkil olunan dövlət və ictimai tədbirlərə qoşulurlar. Söhbətimiz zamanı Oktay müəllimə telefonla bildirdilər ki, kimlərsə paytaxtın bəzi mərkəzi küçələrində divarlara, "Rusiya - ruslar üçün! Qafqazlılar, çamadan-vağzal-evinizə!" sözləri yazılmış vərəqələr yapışdırıblar. Oktay Hüseynov dərhal reaksiya verdi bu problemə və diaspor fəalları ilə birgə tədbir görməyə başladı. 

Bir dəfə Moskvada diaspor nümayəndəsi Ramiz Abutalıbovla görüşümüz zamanı o, danışdı ki, Parisdə Qarabağ və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xeyli iş görə bilib, fransız dilində 4 kitab çap edirib oxucu mühakiməsinə verib. Moskvada yaşadığı 13 il ərzində isə onun Azərbaycan haqqında rus dilində 29 kitabı işıq üzü görüb. 

Azərbaycan Prezidenti Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin dəstəyi ilə 2001-ci il martın 5-də Moskvada Ümumrusiya Azərbaycanlılar Konqresi (ÜAK) yaradıldı (Prezidenti, 1955-ci ildə Bakıda anadan olmuş, Rusiya Tibb Elmləri Akademiyasının akademiki Məmməd Bağır Cavad oğlu Əliyevdir). Həmin ilin oktyabr ayında ÜAK-ın I qurultayı keçirildi, bu məclisdə təşkilatın fəaliyyətinin təşəkkülü, inkişafı, əsas istiqamətləri və vəzifələrinə baxıldı. Diaspor hərəkatında bir möhtəşəm hadisə kimi yadda qalan, Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə 2001-ci ilin noyabr ayında Bakıda keçirilən Dünya Azərbaycanlılarının I qurultayı bütün dünya azərbaycanlılarına unudulmaz töhfə oldu, eləcə də Rusiyada yaşayan soydaşlarımızın işinə bir təkan verdi, stimul kimi, onları ruhlandırdı. 

Qonaq qismində iştirak etdiyim, 19 oktyabr 2004-cü ildə İttifaqlar Evinin Sütunlu Salonunda keçirilən ÜAK-ın II qurultayında, Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin iştirak və çıxış etdilər. Qısa müddət ərzində, "Azerbaydjanskiy Konqres" qəzeti və "Konqres azerbaydjantsev" adlı məlumat bülleteni" təsis edildi, Rusiyanın əksər subyektlərində təşkilatın şöbələri yaradılmışdı. ÜAK-ın fəaliyyəti çoxşaxəli idi, onlardan birini qeyd etmək maraqlı olar. Belə ki, Rusiyada fəaliyyət göstərən skinxedlər - irqçi ekstremistlər olaraq, orada yaşayan milli azlıqlara qarşı ağır cinayətlər törədir, bir çox hallarda isə onların nümayəndələrini qətlə yetirirlər. Bunun tam əksinə olaraq, haqqında danışdığım, nəhəng diaspor cəmiyyəti kimi şöhrət qazanan Konqresin nəzdində hüquq bölməsi təşkil edilmişdi. Bu bölmədə çalışan yüksək təcrübəli peşəkar hüquqşünaslar aktivlik göstərir, Rusiyada yaşayan azərbaycanlılara yüksək səviyyədə, qanunun aliliyi müstəvisində hüquqi xidmət göstərirlər. Ümumiyyətlə bu Konqres  çox böyük iş aparırdı - qurultaylar keçirir, Azərbaycan-Qarabağ həqiqətlərinin təbliğinə dair kitablar nəşr etdirir, orada yaşayan və müvəqqəti məskunlaşmış həmyerlilərimizin problemlərinin həlli istiqamətində bu ölkənin dövlət məmurları ilə görüşlər keçirirdi. Təəssüflər olsun ki, Rusiya Ali Məhkəməsinin qərarı ilə 2017-ci il mayın 15-də ÜAK təşkilatı ləğv edildi. Buna baxmayaraq, qonşu ölkənin bütün bölgələrində Azərbaycan milli-mədəni icmaları fəaliyyətini davam etdirirlər.

Qeyd edim ki, ölkəmizin hüdudlarından kənarda ana dilimizdə verilişlərilə həmyerlilərimizi sevindirən, 1955-ci ildə Ağdam rayonunun Qalayçılar kəndində doğulmuş, Beynəlxalq Tele-radio Akademiyasının akademiki Saleh Xudiyevin rəhbərlik etdiyi "İnter - Azərbaycan" assosiasiyasının eyniadlı teleradiokampaniyası Moskvada 2001-ci ildə fəaliyyətə başladı. Təqdirəlayiq haldır ki, sözügedən assosiasiya özündə 10 qəzet, 3 jurnal, 1 televiziya və bir radio kanalı birləşdirir. 

Rusiyanın şimal paytaxtı Sankt-Peterburq şəhərində Azərbaycan Milli-Mədəni Muxtariyyatı uzun illərdir fəaliyyət göstərir, "Azeri" qəzeti də bu cəmiyyətin mətbu orqanıdır. Sevindirici haldır ki, icmanın fəalları bu şəhərdə geniş azərbaycançılıq təbliğatı aparır, həyat yolu Sankt-Peterburqla bağlı görkəmli adamlarımızı, Böyük Vətən müharibəsi illərində bu şəhər uğrunda savaşlarda igidlik göstərmiş həmvətənlərimizi geniş təbliğ edirlər. Fəallardan biri, ixtisasca müəllim Həsən Məsimovun peşəkarlıqla yerinə yetirdiyi təbliğat işlərini, ölkəmizlə həmrəyliyini yazmaqla bitməz. Şəhərdə elə bir mədəni tədbir olmaz ki, Həsən müəllim orada iştirak və çıxış etməsin. 

Gördüyümüz kimi, diasporumuz  Rusiyada  Azərbaycanımızı tərənnüm etməklə məhdudlaşmır, eyni zamanda, müxtəlif tədbirlərdə, eləcə də nəşr etdirdikləri kitablar, qəzet və jurnallar vasitəsilə Respublikamızın üzləşdiyi problemləri dövlət və qeyri-dövlət qurumlarının rəhbərliyinə məlum edir. Belə öndə gedən icmalardan biri də Xantı-Mansiysk şəhərindədir. Burdakı "Birlik" adlı Milli Mədəni Muxtariyyətə (MMM) 2002-ci ildən, 1963-cü ildə Tərtər şəhərində dünya işığına göz açmış, ali təhsilli mühəndis, Valeh İsgəndər oğlu Adıgözəlbəyov rəhbərlik edir. Onu Xantı-Mansiyskdə tanımayan bir neçə nəfər tapılar. O, öz yaxşı əməlləri, yerli dövlət orqanları və ictimai təşkilatlarla qarşılıqlı müsbət əlaqələr qura bilməsi ilə belə hörmət sahibinə çevrilə bilib. Valeh müəllim Dünya Azərbaycanlıları Konqresinin Rusiyadakı böyük diasp ot təşkilatlarının, Xantı-Mansiysk mahalının başqa şəhərlərindəkiicmalarımızın keçirdiyi mühüm tədbirlərə təşrif buyurur, eyni zamanda, xalqımızı təbliğ etmək duyğularilə, "Birlik" (redaktorEsmira Şükürova) qəzetini də nəşr etdirirdi.

Nijnevartovsk şəhərində 1992-ci ildə yaratdığımız "Azərbaycan" adlı  milli mədəni cəmiyyətə Eldar İmanovu (Şano) sədr seçmişdik. O, həvəslə işləyir, problemlərlə zəngin bu ucqar şəhərdə həmyerlilərimizin hüquqlarını da müdafiə edir, 28 May Cümhuriyyət Gününün, Novruz və Qurban bayramlarının keçirilməsini təşkil edirdi, başqa layiqli işlərə də imza atırdı, xeyriyyəçiliklə də məşğul olurdu, şəhərin rəhbər işçiləri ilə dostluq da edirdi. Təəssüflər olsun ki, indiyə kimi bizə məlum olmayan qüvvələr mənəvi və maddi baxımdan ona qəsd etdilər. Hadisə belə oldu. 2 sentyabr 1998-ci ildə Nijnevartovsk şəhər meri Yuri Timoşkovun həyatına qəsd edildi, o ağır yaralansa da, xoşbəxtlikdən, sağ qaldı. Cinayəti törədənlərin fotorobotlarını operativ surətdə bütün istiqamətlərə, xüsusilə də Nijnevartovskda yaymışdılar. Hansı səbəbdənsə cinnayətkarları yaxalamaq mümkün olmadı. Bu zaman Azərbaycan diasporunun rəhbəri E.İmanovu şübhəli şəxs qismində həbs etdilər. Paqon sahibləri onunla qeyri-qanuni metodlarla davranır, təhqir edirdilər, şəxsiyyətini alçaldırdılar. Onun bütün obyektləri, mağazaları, avtomobilləri satılır, bazası bağlanır. Üç il davam edən ağrılı-acılı dindirmələrdən, nələrdən, nələrdən sonra, 2001-ci ildə Şanoya bəraət verirlər (Lyudmila Sibirtseva. BanditskiyNijnevartovsk, Nijnevartovsk-2009 s. 129-145). Şano əzab-əziyyətlə, zülmlə qazandığı bütün varidatını itirir. 

Yusif Əsgərov (1938-2022) adlı səksən yaşlı həmyerlimiz 1997-ci ildə Meqion şəhərində "Azərbaycan" adlı mədəni-maarif cəmiyyəti, bir il sonra Lanqepas şəhərində "Azəri" adlı diaspor icması təsis etmişdi, həmin ildə Meqion şəhərində Azərbaycan mədəniyyəti muzeyinin istifadəyə verilməsinə nail olmuşdu, 2001-ci ildə Nijjnevartovskda "Azərbaycan Ağsaqqallar Şurası" adlı diaspor təşkilatı yaratmışdı. Yusif Əsgər oğlu, sözükeçən diaspor rəhbəri kimi tanınmışdı, Xantı-Mansiyskdə qubernatorla, əksər şəhərlərin merləri ilə, görüşüb həmvətənlərimizin bir çox problemlərinin həlli yolunu tapa bilirdi. Heyflər olsun ki, 5 iyul 2022-ci il tarixdə, ömrünün 86-cı baharında Yusif Əsgərov dünyasını dəyişdi. Onun Rusiya və Azərbaycan qəzetlərinə, jurnallarına verdiyi müsahibələri, diasporumuza dair dərc etdirdiyi məqalələri bir neçə kitaba yerləşdirmək olar. 

İrkutsk şəhərində yaxşı, fərasətli, o qədər də bacarıqlı bir diaspor rəhbəri var idi. Oradakı həmvətənlərimizin böyük təəssübkeşi idi o - Nəriman Qaraboğaz oğlu Bədəlov. İrkutsk vilayətinin hər yerində onu tanıyır və adını ehtiramla çəkirdilər. Nəşr etdirdiyi, redaktoru olduğu "Azerros v İrkutskoy oblasti" adlı qəzetində erməni yalanlarını bacarıqla ifşa edir, onları təkzib edən sənədli əsərlər çap etdirirdi dərginin səhifələrində. 2006-cı ildə iş otağında mənə danışdı ki, qəzetinin səhifələrinə çıxardığı, mənim "Tarixi kim və necə saxtalaşdırır" ("Azerros v İrkuskoy oblasti, may-iyun, 2006) sərlövhəli, Rusiya ensiklopedik nəşrlərində erməni saxtakarlığından bəhs edən məqaləmə görə və N.Bədəlovun özünün sənədli əsərləri ilə bağlı, onu prokuror çağırıb, qəzetin redaktoru kimi Nəriman Bədəlova qarşı cinayət işi açmaqla hədələyib. Nəriman müəllim prokurora deyib ki, həmin məqalədə və başqa elmi-publisist yazılarda göstərilən bütün faktları yoxlamaq mümkündür, əgər göstərilən faktlar təsdiq olunmasa, o zaman mənə çinayət işi başlaya bilərsiz. Bununla da söhbətə nöqtə qoyulub. Nəriman müəllim çox həvəslə işləyirdi, lakin, sonrasını demək mənə çox çətindir... faciə baş verdi, Nəriman Bədəlovu yaşadığı binanın qarşısında odlu silahdan atəş açaraq qətlə yetirdilər. Heyflər olsun, belə bir vətənpərvər həmyerlimizi vaxtsız itirdik. 

Primorsk Azərbaycan diasporu "Dostluq" ("Drujba") adlı milli cəmiyyətimizin ofisi Vladivostok şəhərində yerləşir. Təşkilata Ramiz Yusif oğlu Zeynalov rəhbərlik edir. Maraqlıdır ki, Bakıdan Vladivostoka avtomobillə 10266 kilometr yol qət etmək lazım gəlir. Rusiyanın Uzaq-Şərqdə son nöqtəsi sayılan həmin o şəhərdə 1999-cu ildən bu günə kimi "Azerbaydjan" adlı qəzet nəşr etdirən Ramiz Zeynalovu hamı tanıyır, ona sayqılarla yanaşır və vətənpərvərliyinə, fəal diaspor rəhbəri olduğuna görə neçə-neçə təltiflərə layiq görülmüşdür, Ramiz müəllim. Ramiz Zeynalov həm də ona görə məşhurlaşıb ki, oradakı azərbaycanlıların birliyinin təmin olunmasına, rəhbərlik etdiyi qəzetin və digər nəşrlərin vasitəsilə qədim tariximizin, zəngin mədəniyyətimizin geniş təbliğ olunmasına nail ola bilmişdir. 

Yaroslavl şəhərində 1998-ci ildə rəsmi qeydiyyata düşən Azərbaycan Milli-Mədəni Muxtariyyətinin prezidenti, 2011-ci ildən bu günə kimi, 1970-ci ildə İsmayıllı rayonunun Kürdmaşı kəndində doğulmuş Asiman İsbəndiyər oğlu Hüseynovdur. O, həmişə ciddi iş planı hazırlayır, fəallarını vacib işlərə səfərbər edir. Bu şəhərdə hansısa bir bədniyyətli məmur həmyerlilərimizə qara yaxmaq fikrinə düşüb. Guya sorğu təşkil edib və sübuta yetirib ki, milli azlıqlar arasında ən çox cinayət törədən məhz azərbaycanlılardır, bu həqiqətdən uzaq məlumatı tədbirlərdən birində səsləndirib də. Asiman müəllim buna etiraz səsini ucaldıb və tələb edib ki, sorğu vicdanlı, müstəqil mütəxəssislərin iştirakilə keçirilsin. Ədalətsevən adamlar ona dəstək olub, onun tələblərinə haqq qazandırıblar. Sorğu yenidən keçirilib və bədnam məmurun hazırlatdığı məlumatın yalan olduğu sübuta yetirilib. Yaroslavlda bir əbədi məşəl yanır. Uzun illərdir ki, diaspor fəallarımız, Asiman Hüseynovun rəhbərliyi altında, 20 Yanvarda və martın 31-də bu məşəlin yanına gəlir, şəhidlərimizi, erməni soyqırımına məruz qalanlarımızı bir dəqiqəlik sükutla yad edir, sonra da etdikləri çıxışların tezislərini yerli mətbuatda yayımlamaqla, faciələrimiz barədə ictimaiyyəti məlumatlandırırlar. Artıq neçə illərdir ki, Yaroslavl Azərbaycan MMM-nin nəzdində "Abşeron" futbol komandası, "Bazar günü" məktəbi, 2000 min nüsxə kitabı olan kitabxana, milli çayxana, məşhur həmvətənlərimizi, tariximizi, mədəniyyətimizi nümayiş etdirən muzey fəaliyyət göstərir. 

Yazımın əvvəlində bildirmişdim ki, Rusiyanın bütün subyektlərində diaspor təşkilatlarımız fəaliyyət göstərir, yəni haqqında sənədlər topladığım cəmiyyətlərin sayı yüzlərlədir. Mənsə, təqdim etdiyim qeydlərimdə bu icmaların bir neçəsi haqqında yığcam məlumat verə bildim. Növbəti materialda isə Rusiyadakı diasporumuzun mətbuatı və ədəbiyyatı haqqında söhbət açmaq istəyirəm. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31