“Diasporamız daxilində ziddiyət, parçalanma yaratmaq istəyən insanlar....”

İsmayıl Ağayev: “Kimliyindən asılı olmayaraq zərərsizləşdirilməlidir”

"Bu məsələyə ciddi yanaşmaq lazımdır"

Beynəlxalq Diaspora Mərkəzinin sədri, Dünya Azərbaycanlıları Konqresinin Azərbaycan nümayəndəliyinin rəhbəri İsmayıl Ağayevin "OLAYLAR"-a müsahibəsi

-İsmayıl müəllim, bu gün Azərbaycan diasporunun mövcud gücünü və fəaliyyətini necə qiymətləndirirsiniz?

- Əvvəlcə onu qeyd etmək lazımdır ki, Azərbaycan diasporu əvvəlki illərə nisbətən uğurlu inkişaf yolu keçib. Cəmi 20 illik bir dövrü əhatə edən müstəqil Azərbaycanın diasporu da gəncdir. Ancaq gənc olmasına baxmayaraq güclü potensialı, bacarığı, insan resursları olan bir diaspordur. Bütün bunlarla yanaşı, onu da etiraf etmək lazımdır ki, hələlik Azərbaycan diasporu olaraq sözün əsl mənasında böyük uğur əldə edə bilməmişik. Düzdür, müxtəlif zamanlarda diasporumuz bu və ya digər nailiyyətlərə imza atıblar. Ancaq bu heç də qaneedici olmayıb. Hesab edirəm ki, daha böyük uğurlara imza atmaq üçün Azərbaycan diasporu sistemli və fəal şəkildə mübarizə aparmalıdır.

-Beynəlxalq Diaspora Mərkəzinin rəhbəri olaraq diasporumuzun daha böyük uğurlara imza atması üçün hansı addımların atılmasını zəruri hesab edərdiniz?

-Hesab edirəm ki, ilk növbədə Diasporla İş üzrə Dövlət Komitəsi öz işini daha da aktivləşdirməli, xarici ölkələrdəki diaspor təşkilatları ilə əlaqələrini genişləndirməlidir. Ayrı-ayrı diaspor qurumları və qeyri hökumət təşkilatları ilə daha sıx işləmək lazımdır. Nə qədər ki, diaspor təşkilatları ilə sıx işləyib onların problemləri ilə maraqlanmayacağıq, bu kimi problemlər qalmaqda davam edəcək.

-Sizcə, bu problem diaspor təşkilatları ilə düzgün işin aparılmamasından irəli gəlmirmi?

-Mən bu fikirlə tamamilə razıyam. Hesab edirəm ki, artıq kabinetlərdən çıxıb real iş görmək, diaspor təşkilatları ilə müxtəlif səviyyəli görüşlər keçirmək zəruridir.  Öz işlərində nöqsanlar olan, pozuculuq fəaliyyətinə üstünılük verən təşkilat və ya şəxslər tənbeh edilməlidir. Əgər Avropa ölkələrində fəaliyyət göstərən bəzi diaspor təşkilatlarının rəhbərləri sözə baxmır, Azərbaycanın milli maraqlarına zidd addımlar atırlarsa, onların dərdini öyrənmək, bu problemi aradan qaldırmaq gərəkdir. Azərbaycandan müxtəlif adlarla qaçıb gedən istənilən soydaşımız hesab edir ki, Vətənini sevir və yaşadığı ölkədə diaspor fəaliyyəti ilə məşğuldur. Ancaq hər kəs diaspor işi ilə ümumi qaydalarla məşğul olmalıdır. Bəzi hallarda diaspor təşkilatlarının sədrləri arasında mübarizə gedir, bir-birilərini amansız şəkildə məhv etməyə belə çalışırlar.

-Son vaxtlar Rusiya və Ukraynada bu cür mənfi tendensiya özünü daha qabarıq şəkildə büruzə verir. Sizcə bu kimi neqativ hallar haradan qaynaqlanır?

-Həqiqətən də son dövrlərdə Rusiya Federasiyası və Ukraynada bu cür mənfi hallar özünü daha çox büruzə verir. Təəssüflər olsun ki, adlarını qeyd etdiyimiz ölkələrdəki diaspor təşkilatları rəhbərləri bir-birinə yadlaşır. Baxmayaraq ki, neçə illərdir eyni ölkədə, şəhərdə fəaliyyət göstərirlər. Bu kimi mənfi hallar Beynəlxalq Diaspor Mərkəzinin sədri kimi məni çox narahat edir. Son illərə qədər Azərbaycanın ən güclü diaspor təşkilatı məhz Ukraynada idi. Ancaq son dövrlər bu ölkədəki diasporumuz bir neçə yerə parçalanıb. Bu gün Ukraynadakı Azərbaycan diasporu çox pis vəziyyətdədir. Axı nə üçün belə olmalıdır və bunun səbəbini kimdən soruşmaq lazımdır? Mən özüm Beynəlxalq Diaspora Mərkəzinin sədri kimi hərdən fikirləşirəm ki, Ukraynadakı Azərbaycan diasporunun bu vəziyyətə düşməsini kimdən soruşum. Bunun cavabını vermək lazımdır. Ayrı-ayrı diaspor təşkilatlarının rəhbərləri arasında baş verən ziddiyətlər həmin təşkilatların sıravi üzvlərinin də arasında məyusluq yaradır və insanlar kimin arxasınca getməli olduqlarını bilmirlər. Axı, onlar kimə inanmalı və hansı addımı atmalıdırlar? Hesab edirəm ki, bu sahəyə məsul olan şəxslər qısa müddətdə Ukraynadakı Azərbaycan diasporunun daxilində baş verən problemi aradan qaldırmalıdırlar. Azərbaycanın, onun bayrağı adından alver etməyə imkan vermək lazım deyil. Kimliyindən asılı olmayaraq diasporamız daxilində ziddiyət, parçalanma yaratmaq istəyən insanlar zərərsizləşdirilməlidir. Bu məsələyə ciddi yanaşmaq lazımdır. Diaspor sahəsinə məsul olan qurum bildirib ki, əgər bir neçə adda fəaliyyət göstərən Ukrayna Azərbaycanlıları Konqresi birləşə bilmirsə, onların ayrı-ayrılıqda fəaliyyət göstərməsi də məqbuldur. Mən qətiyyən bu mövqe ilə razılaşmıram. Çünki 3-4 qurum yarananda da vəziyyət hazırkı durumda olur. Məhz 3-4 konqresin bir-birilə mübarizə aparmasının nəticəsidir ki, bu gün Ukraynada yaşayan soydaşlarımız bir araya gələ bilmirlər. Bunun nəticəsi isə ondan ibarət olur ki, hələ də Xocalı soyqırımını dünyaya çatdıra bilmirik, mütəşəkkilliyimiz yoxdur. Maraqlı və təəssüfedici məqam ondan ibarətdir ki, kim yola getmir və diasporumuz daxilində ziddiyət yaradırsa Azərbaycanda həmin şəxsə daha çox önəm verir, onu irəli çəkirlər. Diaspora ilə bağlı keçirilən qurultay və konfranslarda məhz həmin insanlar öndə əyləşdirilirlər. Həmçinin Azərbaycan televiziyalarında onların fikirləri, çıxışlarına daha çox yer ayrılır.

-Sizcə, Azərbaycan diasporunun bəzi ölkələrin diaspor təcrübəsindən yararlanması məqsədəuyğundurmu? Bəzən ermənilərin təcrübəsindən istifadə etməyi doğru hesab etmirlər?

-Mən bu yanaşma ilə razılaşmıram. Ermənilərin və yəhudilərin diaspor tarixinə nəzər yetirdikdə görürük ki, bəzi məsələləri hətta onlardan belə götürmək mümkündür. Onların təcrübəsindən nəsə öyrənmək olar. Ermənilər düşmənimiz də olsa, onların diaspor sahəsində təşkilatlanmasından bəzi məqamları götürmək mümkündür. 

-Bir müddət əvvəl Dünya Azərbaycanlıları Konqresinin Azərbaycan nümayəndəliyinin rəhbəri təyin edildiniz. Belə demək mümkündürmü ki, bundan sonra Dünya Azərbaycanlıları Konqresi diaspor sahəsində daha aktiv fəaliyyət dövrünə qədəm qoyacaq?

-Dünya Azərbaycanlıları Konqresi xeyli müddət əvvəl yaranmış tarixi bir təşkilatdır. Dünya Azərbaycanlıları Konqresi Azərbaycan diasporunun formalaşması və inkişaf etməsində xidmətləri olan çox böyük bir təşkilatdır. Dünya Azərbaycanlıları Konqresi Cənubi Azərbaycandakı soydaşlarımızın haqq səsinin dünyaya çatdırılması istiqamətində də çox mühüm işlər görür. Hazırda Dünya Azərbaycanlıları Konqresinə həmsədrlik edən millət vəkili Sabir Rüstəmxanlı və Firudin Pərvizniyanın dövründə konqresin daha da güclənməsi və bir qədər də böyüməsi istiqamətində müəyyən işlər görülür. Ancaq təssüflər olsun ki, ayrı-ayrı illərdə Dünya Azərbaycanlıları Konqresindən qopmalar da baş verdi. Eyni zamanda Dünya Azərbaycanlıları Konqresinin adına iddia edən insanlar meydana çıxdı. Bu gün də həmin mənfi hal mövcuddur. Mən özüm 2006-cı ildən etibarən Dünya Azərbaycanlıları Konqresində fəaliyyət göstərirəm. Eyni zamanda cəmiyyətə də məlum olduğu kimi Beynəlxalq Diaspora Mərkəzinin sədriyəm. Biz Beynəlxalq Diaspora Mərkəzi və Dünya Azərbaycanlıları Konqresi olaraq Azərbaycanın haqq səsinin dünyaya çatdırılması işində birgə mübarizə aparırıq. Ancaq düşünürəm ki, hələlik apardığımız mübarizənin nəticəsini görə bilmirik. Uzun illər ərzində apardığımız mübarizənin nəticəsini görməyəndə isə istər-istəməz insanda bir yorğunluq yaranır. Düşünürəm ki, eyni hadisəni təkrarlamaq, eyni tədbirləri keçirməklə məqsədə nail olmaq mümkün deyil. Ona görə də hesab edirəm ki, biz proseslərə yanaşma tərzini, mübarizə istiqamətləri və formasını dəyişməliyik. Bu məqsədlə isə müvafiq institutlar birlikdə işləyib proqram hazırlamalı və həmin proqram diaspor təşkilatları qarşısında qoyulmalıdır ki, hansı istiqamətdə fəaliyyətimizi genişləndirməliyik. Təəssüflər olsun ki, bu gün dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının əksəriyyətinin saytları, internet səhifələri yoxdur. Və yaxud sayt yaradan diaspor təşkilatlarımız da mütəmadi oradakı məlumatları dəyişdirmirlər. Hətta aylarla saytlardakı məlumatlar yenilənmir. Ona görə də, soydaşlarımız diaspor təşkilatlarının gördükləri işlər, həyata keçirdikləri layihələrdən məlumatsızdırlar. Bəzi diaspor təşkilatlarımız ildə bir dəfə fəaliyyət göstərdikləri ölkələrdə Xocalı soyqırımının ildönümünü qeyd etmək və Novruz şənliyi keçirməklə sanki işlərini bitmiş hesab edirlər.

-Çıxış yolunu nədə görürsünüz?

-Hesab edirəm ki, diaspor işi ilə məşğul olan insanlara, ayrı-ayrı qeyri-hökumət təşkilatlarına dövlət tərəfindən ayrılan qrantların miqdarı artırılmalı, onlara maliyyə dəstəyi göstərilməlidir. Bunu etməyə Azərbaycan dövlətinin maddi imkanları çatır. Axı Azərbaycan dövləti Ermənistan kimi iqtisadi cəhətdən böhran dövrünü yaşamır ki, həmin vəsaiti ayırmağa imkanı çatmasın. Bu gün Ermənistan dövlətini məhz erməni diasporu saxlayır. Ancaq bizdə tamamilə fərqlidir. Azərbaycan iqtisadi qüdrətinə görə Ermənistanı dəfələrlə geridə qoyub. Yaxşı olar ki, Azərbaycanın həqiqətlərini dünyaya çatdıran və diaspora sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları üçün xüsusi bir qərar qəbul edilsin və həmin təşkilatlara maliyyə yardımı ayrılsın. Maliyyə yardımı ayrıldıqdan sonra isə həmin təşkilatların fəaliyyəti diqqətdə saxlanılsın. Yalnız belə olan halda biz istədiyimiz nəticəni əldə edə bilərik. Əks halda biz heç nəyə qadir ola bilməyəcəyik. Hər il dediyimiz "Növbəti tədbirlərimizi Qarabağda, Zəngəzurda keçirək" sözləri elə söz olaraq da qalacaq. Əgər birgə mübarizə aparsaq, mütəşəkkilliyi əldə etsək, dövləti, dövlətçiliyi, Azərbaycanı hər şeydən üstün tutsaq, xalqımızı dəyərləndirsək istədiyimiz nəticəni əldə edə bilərik. Kimliyindən asılı olmayaraq hamı bunu birmənalı şəkildə dərk etməlidir ki, Azərbaycan olaraq uğurlar əldə etməyimizin yolu yalnız və yalnız birgə olmaqdan keçir.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31