Baltik ölkələrində Azərbaycan diaspor təşkilatları

Bu gün Azərbaycan diasporunun geniş mənada fəaliyyət göstərdiyi regionlardan biri də Baltikyanı ölkələrdir. Regionun üç ölkəsi-Latviya, Litva və Estoniyaya zaman-zaman  mühacirət edən soydaşlarımız tədricən bu ölkələrin cəmiyyətlərinə inteqrasiya edərək bu regionda Azərbaycan diasporunu formalaşdırıblar. Baltik ölkələrində soydaşlarımızın ən çox məskunlaşdığı dövlət Latviyadır. Təxminən 2 minə yaxın azərbaycanlının məskunlaşdığı Latviyaya soydaşlarımız əsasən Sovetlər Birliyi dövründə köçüblər. Xüsusilə, II dünya müharibəsindən sonra elm, təhsil, sosial-iqtisadi səbəblərlə Latviyaya yüzlərlə azərbaycanlı miqrasiya edib. 1991-ci ildə Sovetlər Birliyinin dağılması Latviyada yaşayan soydaşlarımızın diaspor hərəkatında fəal iştirakına zəmin yaratdı. Latviyada yaşayan soydaşlarımız milli-mədəni tədbirlərdə bir yerə toplaşır, imkanları daxilində Vətənə kömək və dəstək verməyin yollarını müzakirə edirlər. İlk zamanlar Latviya rəsmilərinin Azərbaycan diasporuna biganəliyi müşahidə olunurdusa, son bir neçə ildə bu tendensiya müsbət istiqamətə dəyişməkdədir. Latviya kütləvi informasiya vasitələrində Azərbaycan və azərbaycanlılar barədə məlumatların yayımlanması ənənəvi xarakter almağa başlamışdır. Hazırda Latviyada çoxsaylı Azərbaycan diaspor təşkilatları fəaliyyət göstərir. Bu diaspor təşkilatlarından biri də "Azəri" Latviya Azərbaycanlıları Cəmiyyətidir. "Azəri" Latviya Azərbaycanlıları Cəmiyyəti  1988-ci ildə Riqa şəhərində təsis edilib. ."Azəri" Latviya Azərbaycanlıları Cəmiyyəti bu ölkədə yaşayan soydaşlarımızı öz ətrafında birləşdirir.  Cəmiyyət Azərbaycanın tarixi və mədəniyyəti ilə Latviya ictimaiyyətini  tanış edir, Azərbaycan və Latviyanın bütün  milli və dövlət tarixi günlərini genişmiqyaslı  tədbirlərlə qeyd edir. "Azəri" Latviya Azərbaycanlıları Cəmiyyəti yerli mətbuat, televiziya və radio ilə sıx əlaqələr qurub. Cəmiyyət Azərbaycan və Latviya uşaqlarına azərbaycanlıların doğma dil, tarix və mədəniyyətini öyrədən "Bazar günü" məktəbi təşkil edir. Azərbaycan mədəniyyəti və tarixini Latviyada təbliğ etməklə Cəmiyyət milli və etnik qrupların bu ölkənin mədəni həyatındakı inkişafını, yerli əhali ilə qarşılıqlı münasibətlərin inteqrasiyasını dəstəkləyir."Azəri" Latviya Azərbaycanlıları Cəmiyyətinin sədri Ulduzhan Əhmədovdur.

"Azəri Vəhdət" Azərbaycan Cəmiyyəti- Latviyadakı diaspor təşkilatlarımızdan biri də "Azəri Vəhdət" Azərbaycan Cəmiyyətidir. Cəmiyyət təkcə Azərbaycan  ailələrini birləşdirmir. Bütün dövlət bayramlarında, əlamətdar günlərdə, eləcə də 20 Yanvar, Xocalı faciəsi, azərbaycanlıların soyqırımı  tarixlərində müxtəlif tədbirlər həyata keçirir. "Azəri Vəhdət" Azərbaycan Cəmiyyəti  xalq diplomatiyası kimi məsul missiyanı da üzərinə götürüb. Cəmiyyətin fəaliyyəti nəticəsində ölkələrimiz arasında inkişaf edən mehriban qonşuluq münasibətləri fonunda daha bir tarixi hadisə baş verib. Riqanın özünuidarə orqanı paytaxtda Azərbaycan-Latviya dostluq parkının salınması üçün 3 hektar sahə ayırıb. "Azəri Vəhdət" Azərbaycan Cəmiyyətinin  sədri Əlirza Hüseynovdur.

Latviya-Azərbaycan Mədəniyyət Assosiasiyası-Latviya-Azərbaycan Mədəniyyət Assosiasiyası 1988-ci ildə Riqada yaradılıb. Latviya-Azərbaycan Mədəniyyət Assosiasiyanın ətrafında əsasən ziyalılar toplaşıblar. Assosiasiya nəinki Azərbaycanda, eyni zamanda kecmiş Sovet İttifaqının, Amerikanın, İsveçin, Avstraliyanın və digər ölkələrin azərbaycanlı icmaları ilə əlaqələr yaradıb. Latviya televiziyası və radiosu, bir çox latış yazıçıları, incəsənət ustaları Latviya-Azərbaycan Mədəniyyət Assosiasiya ilə yaxından əməkdaşlıq edirlər. Assosiasiyanın fəaliyyətində Azərbaycanda gedən demokratik proseslər, ictimai-siyasi hadisələr, erməni təcavüzkarlarının Azərbaycan torpağında törətdikləri vəhşiliklər barədə həqiqətin yayılması əsas yer tutur. Assosiasiyanın yaxından iştirakı ilə Latviya Xalq Cəbhəsinin "Baltiyskoye vremya" qəzeti 1992-ci ilin noyabrında bütövlükdə xüsusi buraxılışını  Azərbaycana  həsr edib. Latviya-Azərbaycan Mədəniyyət Assosiasiyası Qarabağ  hadisələrinin əsl mahiyyətini açmaqla Latviya kütləvi informasiya vasitələrində fəal təbliğat işləri aparır. Onun təşəbbüsü ilə indiyə qədər yeddi latış jurnalisti Qarabağın müharibə gedən bölgələrində olub, bu barədə Latviya mətbuatında,  radio və televiziyasında xeyli qiymətli materiallar verilib. Latviya-Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Faiq Səfərovdur.

"Ocaq" Mədəniyyət Mərkəzi-Latviyadakı "Ocaq" Mədəniyyət Mərkəzi 17 yanvar 2007-ci ildən fəaliyyət göstərir. Mərkəz Azərbaycanda demokratiyanın inkişafı sahəsində qazanılmış uğurların, respublikamızın iqtisadi inkişafının təbliğinə yönəlmiş informasiya kampaniyası keçirir. "Ocaq" Mədəniyyət Mərkəzinin əsas məqsədi  Qarabağ  münaqişəsi barədə, Azərbaycanın zəngin tarixi və mədəni irsi haqqında həqiqəti Latviya ictimaiyyətinə çatdırmaqdır. "Ocaq" Mədəniyyət Mərkəzi  hər il Latviya Seyminin deputatlarının və jurnalistlərin iştirakı ilə azərbaycanlıların soyqırımı gününə, 20 Yanvar faciəsinə, Xocalı soyqırımına həsr edilmiş aksiyalar kecirir. Latviyada yaşayan və təhsil alan Azərbaycanlı Gənclər Cəmiyyəti bu təşkilatın uğurlu işində mühüm rol oynayır. Bu cəmiyyət gənclərdə vətənpərvərlik ruhunun güclənməsi, milli-mənəvi dəyərlərin qorunub saxlanması üzrə daim iş aparır. Latviyadakı azərbaycanlı gənclər Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə dahi bəstəkar Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasını tamaşaya qoyublar. "Ocaq" Azərbaycan Mədəniyyəti Mərkəzi yanında yaradılmış "Bazar günü" məktəbində uşaqlara ana dili öyrədilir, onlara Azərbaycan ədəbiyyatı, xalqımızın zəngin tarixi və mədəniyyəti, milli musiqi və rəqslərimiz haqqında geniş məlumat verilir. "Ocaq" Mədəniyyət Mərkəzinin rəhbəri Roman Əliyevdir.

Litva-XX əsr hadisələrinə müraciət etməzdən qabaq vurğulamaq lazımdır ki, əslində dövlətlərarası əlaqələrimizin tarixi on illərlə yox, yüz illərlə hesablanmalıdır. Belə ki, həmin əlaqələrin kökləri XV əsrə gedib çıxır. Ağqoyunlu və Səfəvi dövlətləri XV əsrin ikinci yarısı və XVII əsrin əvvəllərində bir çox Avropa ölkələri ilə, o cümlədən Böyük Litva Knyazlığı ilə geniş əlaqələr yaratmışdılar. Bu əlaqələr hər iki tərəf üçün qarşılıqlı siyasi və iqtisadi əhəmiyyətə malik idi. Ağqoyunlu dövlətinin banisi Uzun Həsənin (1423-1478) Taxtının yanında Osmanlı imperiyası, Venesiya Respublikası, Böyük Moskva Knyazlığı, Qızıl Orda, Roma Papalığı, Avstriya, Macarıstan, Çexiya, Almaniya, Burqundiya, Neapolitan Krallığı, Rodos, Kipr, Misir, Hindistan, Qaraman bəyliyi səfirləri ilə bərabər Böyük Litva Knyazlığının (1236-1569) nümayəndəsi də diplomatik fəaliyyət göstəribdir. Tarix elmləri doktoru, professor Yaqub Mahmudovun (1939) bu sahədə apardığı elmi araşdırmalar və ümumiləşdirmələr müəllifin Bakıda çapdan cıxmış əsərlərində öz yerini tapıbdır. Görkəmli şərqşünas alim, tarix elmləri doktoru Sara xanım Aşurbəyli (1906-2001) isə orta əsrlər Qərb-Şərq iqtisadi və mədəni əlaqələrindən yazarkən, Böyük Litva Knyazlığı torpaqlarında, həmçinin Böyük Litva Knyazlığı ilə Polşa Krallığı arasında 1569- cu ilin iyul ayında imzalanmış Lyublin uniyasına əsasən yaradılmış Rec Pospolita (1569-1795) federativ dövləti ərazilərində təsis edilmiş Yezuitlər ordeninin (İusus cəmiyyəti) (1540) Azərbaycanda fəaliyyətinə toxunmuşdur. Türk xalqları arasında Cizvitlər, İsa Peyğəmbər təriqətçiləri və yaxud "İsanın əsgərləri" adı ilə tanınan Roma-katolik kilsəsinin bu kişi ruhani ordeninin Litva-Polşa müvəkkilliyi XVII əsrin 80-ci illərində Gəncədə özünün ikinci dərəcəli diplomatik nümayəndəliyini açmışdı. Bir çox ölkələrdə nümayəndəliklər təsis etmiş Yezuitlər "Ad majorem Dei gloriam" ("Allahınşərəfinə") devizi altında çalışırdılar. Odur ki, Litva dini nümayəndələri rəsmi əlaqələr çərcivəsində Gəncə ilə yanaşı Şamaxı, Bakı və Naxçıvandada elm, təhsil və missioner fəaliyyəti ilə məşğul olublar.

Bu gün Litvada təxminən 1500 nəfərdən cox azərbaycanlı yaşayır. Soydaşlarımızın bu ölkəyə miqrasiyası II dunya müharibəsindən sonra başlayıb. Litvanın Kaunas, Vilnus başda olmaqla, muxtəlif şəhər və rayonlarında məskunlaşan azərbaycanlılar əsasən ticari sahədə çalışırlar. Buna baxmayaraq, dövlət orqanlarında da azərbaycanlılara rast gəlmək olar. Litva azərbaycanlıları Azərbaycanın təbliği, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı barədə həqiqətlərin bu ölkənin ictimaiyyətinə çatdırılması istiqamətində fəal iş aparmaqdadırlar. Hazırda Litvada da bir neçə Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir. Bu diaspor təşkilatlarından biri də Litva Azərbaycanlıları Cəmiyyətidir. Litva Azərbaycanlıları Cəmiyyəti 1988-ci ildən etibarən paytaxt Vilnüsdə fəaliyyət göstərir. Cəmiyyət Litvada Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin zəngin tarixi-mədəni irsinin təbliğində yaxından iştirak edir.Litva Azərbaycanlıları Cəmiyyətinin sədri  Mahir Həmzəyevdir.

"Günəş" Assosiasiyası-Assosiasiya 2006-cı ildən fəaliyyət göstərir. " Günəş " Assosiasiyasının sədri Sadıq Nurullayevdir. Vilnüs Azərbaycanlıları Cəmiyyəti-Cəmiyyət 2007-ci il, yanvar ayının 10-da təsis edilib. Vilnüs Azərbaycanlıları Cəmiyyəti əsas fəaliyyətini iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi, Litvada Azərbaycanın təbliğinə yönəldib. Vilnüs Azərbaycanlıları Cəmiyyətinin sədri Zəkəriyyə Pirsaatovdur.

Vilnüs dairəsi Azərbaycanlıları Cəmiyyəti-Cəmiyyət 2007-ci ildən fəaliyyət göstərir. Vilnüs dairəsi Azərbaycanlıları Cəmiyyətinin sədri Elşad Salamovdur.

Ardı növbəti sayımızda

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31