Azərbaycan diasporunun daha güclü fəaliyyət göstərməsi üçün…

Bülənt Gürçam : «İlk növbədə birlik olmalıdır »

" Paralel olaraq diaspor təşkilatları, müvafiq qurumlarla normal əlaqə yaradılmalıdır "

Azərbaycanı Avropa məkanında uğurla təmsil edən diaspor təşkilatlarından biri də "Belçika-Azərbaycan Evi"dir. "Belçika-Azərbaycan Evi"nin yaranma tarixi Azərbaycanın tarixində ikinci dəfə müstəqillik əldə etdiyi dövrdən sonrakı illərə təsadüf edir. "Belçika-Azərbaycan Evi" 2000-ci ildə Belçikanın paytaxtı Brüssel şəhərində yaradılıb. Təşkilatın yaradıcısı və rəhbəri əslən Qərbi Azərbaycandan olan Bülənt Gürçamdır.  Ümumiyyətlə, "Belçika-Azərbaycan Evi"nin yarandığı vaxtdan bu günə qədər Azərbaycan həqiqətlərinin Avropaya və eləcə də dünya ictimaiyyətinə çatdırılmasında çox böyük işlər görüb. Sözügedən diaspor qurumu 12 illik fəaliyyəti dövründə Azərbaycanla Belçika arasında diplomatik əlaqələrin yaranması və inkişafında, bu ölkədə dövlətimizin səfirliyinin yaranmasında da fəal iştirak edib. Təşkilatın sədri  Bülənt Gürçam "OLAYLAR"-a verdiyi müsahibədə rəhbərlik etdiyi qurumun ötən müddət ərzindəki fəaliyyəti, eləcə də qarşıda duran vəzifələr barədə danışıb.  

-Bülənt bəy, rəhbərlik etdiyiniz " Belçika-Azərbaycan Evi "nin   2013-cü il üçün fəaliyyət istiqamətlərində əsas nələr özünü ehtiva edir və hansı tədbirlər keçirməyi nəzərdə tutursunuz?

-Bizim təşkilatımız 2000-ci ildən indiyə qədər çox ciddi tədbirlər həyata keçirib, bir sıra işlər görüb. Buna bir sıra örnəklər də göstərmək mümkündür. Belə ki, fransız dilində 3 kitab çap etdirmişik. Həmin kitablar Belçikada, eləcə də fransızca danışan olkələrdə satışa çıxarılıb. Həmin kitablar " Azərbaycan milli xörəkləri ", " Əsir torpaq Qarabağ " və " Azərbaycan folkloru və ənənələri " kitablarıdır. Bununla yanaşı Xocalı soyqırımı haqqında bir CD-də buraxmışıq. Eyni zamanda dəfələrlə Brusselin ən izdihamlı  meydanlarında Xocalı çadırları qurulub. Bundan sonra da " Belçika-Azərbaycan Evi " fəaliyyətləri yuxarıda qeyd etdiyim istiqamətlərdə davam edəcək.

-Diaspora təşkilatının rəhbəri olaraq hazırda Belçikada Azərbaycan diasporunun hazırkı vəziyyətini necə dəyərləndirirsiniz ?

-Belçikadakı Azərbaycan diasporunun hazırkı vəziyyəti heç də yaxşı deyil desək, yanılmarıq. Onu da qeyd edim ki, ancaq bizdə deyil, digər təşkilatlarda da eyni vəziyyət mövcuddur. Bunun səbəbi də, Bakıdan qaynaqlanır. Yəni Bakı öz rolunu yetərincə yerinə yetirə bilmir. Diaspor təşkilatları olaraq bizə informasiya və material lazimdir. Lakin  biz bunu hal- hazırda tapa bilmirik.

-Bəs Belçikadakı diplomatik nümayəndəliklərimiz də sizlərə əyani vəsaitlərlə təmin olunmaq baxımından  heç bir yardım etmir? 

-Səfirliklərə gəlincə onları heç də narahat eləməyə dəyməz. Onlar öz işləri ilə məşğuldurlar.

-Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ problemi, eləcə də ermənilərin Xocalıda törətdikləri vəhşiliklər barədə Belçikanın rəsmi dairələri, cəmiyyətinə yetərli məlumat çatdıra bilmisinizmi?

-Hər kəsə bəllidir ki, illərdən bəri bizim bir istəyimiz var. Biz deyirik ki, diplomatlar, diaspor təşkilatları və cəmiyyətlər birgə əl-ələ verib  işləməlidir. Diplomatik dilin danışılacağı yerdə diplomatlarımız, qeyri hökumət təşkilatlarının danışacagı yerlərdə isə diaspor təşkilatları və cəmiyyətlərimiz danışmalıdır. Hesab edirəm ki, bu iki qurum əl-ələ verməlidir. Amma təəssüflər olsun ki, bu belə deyil. Digər təəssüfedici hal ondan ibarətdir ki, diplomatlar xarici ölkələrdə belə demək mümkünsə gəzmək, yeyib icmək və ya qohum əqrəbalarını gətirib gəzdirmək, bəziləri isə ticarətlə məşğuldurlar. $əxsən  mən " Belçika-Azərbaycan Evi "n sədri olaraq diplomatlarımızın çoxunun üzünü görməmişəm. Məsələn Azərbaycanın Belçikadakı səfiri 6 aydır ki, Brüsselə gəlməsinə baxmayaraq, biz hələ səfiri görməmişik. Baxmayaraq ki, ötən 6 ay müddətində neçə tədbir təşkil olunub, neçə bayram keçirilib. Mən deyərdim ki, onların öz aləmi, öz həyatları var. Onların bizlərlə əlaqələri yoxdur.

-Bəzən Belçikadakı diasporumuza o qədər də ciddi diqqət ayrılmadığı bildirilir. Baxmayaraq ki, Belçika Avropanın siyasi paytaxtı hesab olunur. Sizcə bu səbəbdən Belçikaya daha çox diqqət ayrılmasına böyük ehtiyac varmı ? 

-Hesab edirəm ki, tamamilə düz deyirsiniz. Elə bizim də başlıca   problemimiz budur. Diqqət yetirin, Brüssel dünyada yeganə yerdir ki, burada hər ölkənin ən azı üç səfirliyi, diplomatik nümayəndəliyi  yerləşir.  Bura ikitərəfli əlaqələri inkişaf etdirmək üçün  təyin olunan diplomat, Avropa Birliyi və NATO-dakı nümayəndələri aid etmək olar. Ancaq bizim buraya gələn diplomatlarımız nədənsə nə xarici siyasətdə, nə də ölkələrarasi əlaqalərdə on plana çıxa bilmirlər. Halbuki 27 ölkənin paytaxtında bir iş görməmək  mümkün deyil. Bizim diplomatlarımız isə bunu  bacarmırlar. Bizim xarici diplomatlarımız üçün Brüssel sanki yan gəlib yatma yeridir.

-31 mart Azərbaycanlıların soyqırım günü ilə bağlı təşkilatınıızın hər hansı bir tədbirləri nəzərdə tutulurmu? Eyni zamanda təşkilat olaraq  Brüsseldə Novruz bayramını qeyd etdinizmi ?  

-Bu gunlərdə qeyd etdiyimiz  Novruz bayramı ilə bağlı bəzi tədbirlər keçirdik. Həmçinin Azərbaycanın Belçikadakı səfirliyi də  öz növbəsində Novruz bayramı münasibətilə tədbir keçirdi. Ancaq təəssüflər olsun ki, bir nəfər də olsa  cəmiyyət üzvü həmin tədbirə dəvət olunmadı. Ancaq özlərinin tanıdığı bir-iki nəfər və xarici ölkə səfirliklərnin nümayəndələri həmin tədbirə dəvət edilmişdi. İndi isə qarşıdan 31 mart-Azərbaycanlıların Soyqırım Günü gəlir. Gərək biz bu tədbirə aylar öncə hazırlaşardıq, Ancaq hələlik ortada heç nə yoxdur. Hər kəs öz imkanı daxilində  bir şeylər edir, tədbirlər keçirir. Və ya bəziləri ümumiyyətlə heç bir tədbir  təşkil etmir. Azərbaycanın Belçikadakı səfirliyi isə nə onları koordinasiya edir, nə də onlarla maraqlanır. Bir sözlə hər kəs öz işi ilə məşğul olur.

-Azərbaycan diasporunun daha güclü və başarılı fəaliyyət göstərməsi üçün nələri təklif edərdiniz?

-Azərbaycan diasporunun daha güclü fəaliyyət göstərməsi üçün ilk növbədə birlik olmalıdır. Paralel olaraq diaspor təşkilatları, müvafiq qurumlarla normal əlaqə yaradılmalıdır.Bu işə məsul olan nazirlik və digər dövlət qurumları qeyd etdiyim məsələyə xüsusi diqqət yetirməlidir. Hamıya məlumdur ki, Bakıda bununla bağlı çoxsaylı kitablar çap olunur, tədbirlər görülür, milyonlarla vəsait sərf olunur. Ancaq xarici ölkələrdə bunun  heç bir effekti olmur. Yəni biz işlərimizi xaricilərə və Dünya xalqına göstərməliyik, Bunun üçünsə lazımı işlər görməliyik. Ancaq Belçikada vəziyyət tamamilə fərqlidir. Hər kəs özünün reklamı üçün çalışır. İş isə ikinci planda qalıb.

-Siz həm də bir yazar, mətbuat orqanlarının rəhbərləri kimi tanınırsınız. Bu baxımdan Azərbaycan həqiqətləri və Dağlıq Qarabağ problemi barədə yeni bir kitab üzərində işləyirsinizmi? 

-Yuxarıda qeyd etdiyim kimi mən və rəhbərlik etdiyim " Belçika-Azərbaycan Evi " ötən müddət ərzində  3 kitab çap etdirmişik. Eyni zamanda bir qəzet nəşr etdiririk. İnternet saytımız var. Bütün bunları yalnız öz imkanlarımız hesabına həyata keçiririk. Ancaq buna baxmayaraq bizim çap etdirdiyimiz kitabları bir səlahiyyətli qurum belə dilə gətirməyib. Bunun isə səbəbi bizə açıqca aydındır. Yəni biriləri gərək səndən xeyir görsün ki, onun müqabilində gördüyün işləri təqdir etsin, sənin adını çəksin. Əks halda sənin gördüyün işlərın onlar üçün heç bir faydası yoxdur. Baxmayaraq ki, gördüyün işlər millət, dövlət və Azərbaycan üçündür.

-Bir çoxları hesab edirlər ki, Azərbaycan uğrunda mübarizəni artıq Avropanın küçə və meydanlarindan dəyirmi masalar çərçivəsinə və konfrans salonlarina transfer etmək lazimdir. Siz bu fikirlə razısınızmı?

-Tamamilə düzdür. Biz bunu illərdir ki, deyirik və imkan daxilində biz belə işləməyə üstünlük veririk. Onsuz da bizim problemlərimizin həllinin dəyirmi masalarin arxasında olduğunun fərqindəyik. Biz Qarabağımızı da elə masa arxasında siyasət həyata keçirənlərin günahı üzündən itirmişik, Dünya bu dəqiqə belə işləyir və ona görə lobbiçiliyin gücünə inanırıq. Eyni zamanda xaricdə yaşayan Azərbaycan diasporasının bu işdə rolunun böyük olduğuna inanırıq.  Amma bizim inanmamız kifayət etmir. Gərək ölkə daxilindəkilər də bunu qəbul etsin və xaricdəki diasporaya dəstək olsun.

-Belçikada təxminən nə qədər azərbaycanlı yaşayır və onların Belçika cəmiyyətinə inteqrasiyası, bu ölkənin ictimai-siyasi həyatındakı rolu sizi qane edirmi?

-Belçikadakı azərbaycanlıları əsasən üç mərhələdə hesablamaq olar. Birincisi, İkinci dünya müharibəsindən sonra istər rus ordusundan xaricdə əsir düşmüş, istərsə də İran İslam İnqilabından sonra bu ölkədən qaçıb Avropaya yerləşən Güney azərbaycanlılar. İkincisi, Turkiyənin Iqdır bölgəsindən gələn və sayı xeyli çox olan azəri turkləridir ki,  mən də onlardan biriyəm. Üçüncüsü isə 1990-cı ildən, Azərbaycanın müstəqilliyinin elan edilməsindən sonra Avropaya sığınan və daha çox  Qarabağdan olan insanlardır. Onlar toplu halda əsasən Brüsseldə yaşayırlar və sayları 30 minə yaxındır. Onu da qeyd etmək lazımdır ki, həmin insanlar Büsseldə çox ciddi bir guc təşkil edirlər. Gələcəkdə isə bu daha da güclü bir qüvvə olacaq. Əgər indi bu gücə nəzarət edə bilməsək və koordinasiya olunmasa bu güc bizə gələcəkdə heç bir xeyir verməyəcək.

-Son aylar Azərbaycan diasporu daxilində parçalanma meyillərinin olduğu bildirilir. Rusiya, Ukraynada bu kimi arzuedilməz olaylar müşahidə edilir. Buna münasibətinizi bilmək istərdim və sizcə diasporamız daxilindəki bu mənfi hallar nədən qaynaqlanır ?

-Bunun başlıca səbəbi təəssüf də olsa Diasporla İş üzrə Dövlət Komitəsidir. Sual oluna bilər ki, nə üçün ? Çünki bu qurum yaradılarkən  bir müddət düzgün bir yol seçdi.  Amma sonralar isə tamamilə yönunu dəyişdirdi. Xaricdə illərdir ki,  əziyyət çəkən və bu işləri kifayət qədər bilən insanları bir kənara  atıb bu dövlət qurumu ilə işləyəcək, onların sözlərini deyən bir neçə insanı digər dərnək və təşkilatlardan ayırıb öz maraqlarına cavab verən  təşkilat yaratdılar. Təbii ki, bunlar da davamlı olmadı və hamısı qısa bir müddətdən sonra bağlandı. Bu azmış kimi özlərinə ləkə və söz gəlməsin deyə həmin təşkilatların fəaliyyət göstərməməsinə baxmayaraq onları bacarıqlı dərnək və təşkilatlar kimi qələmə verdilər. Digər iş görüb uğurlu fəaliyyət göstərən təşkilatlar isə  diqqətsizlikdən parçalanmaq məcburiyyətində  qaldılar.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31