“İsveçdə Azərbaycan diasporu qənaətbəxş olmasa da...” - MÜSAHİBƏ

Səttar Sevgin: “Lakin Avropanın digər dövlətləri ilə müqayisədə bu ölkə soydaşlarımızın sayı və fəallığı baxımından ən üstün vəziyyətdədir”

"İsveç xüsusilə, Güney azərbaycanlılarının daha çox yaşadığı və aktiv insanların məskunlaşdığı bir ölkə kimi xarakterizə olunur"

Azərbaycan Federasiyası İsveç"in sədri Səttar Sevginin "OLAYLAR"-a müsahibəsi

-Səttar bəy, Azərbaycana səfərinizin məqsədi nədən ibarət idi?

-Azərbaycana Yaxın Şərq və Güney məsələləri üzrə ekspert Arif Kəskinlə birlikdə gəlmişəm. Bundan əvvəl o, Stokholmda olmuşdu və orada Güneylə bağlı etdiyi çıxış məndə çox böyük təsir bağışladı. Arif Kəskinin Stokholmdakı Güney Azərbaycanla bağlı etdiyi çıxış o zaman İranda ciddi narahatçılıq yaratdı. Konkret olaraq Arif Kəskinlə bilrikdə Azərbaycana gəlişimizin məqsədi buradakı bir sıra təşkilatlarla, Güneylə bağlı fəaliyyət göstərən qurumlarla görüşlər keçirməkdir.  Digər tərəfdən çoxdandır ki, Azərbaycanı, Bakını görmürəm və buralar üçün çox darıxmışdım.

-Bakıda olarkən konkret hansı görüşlər keçirdiniz?

-Arif Kəskinin tanıdığı Güney məsələsi ilə maraqlanan təşkilatlar var ki, həmin təşkilatlarda görüşlər keçirdik, maraqlı söhbətlər etdik.

-Bir müddət əvvəl Ağ Evin rəsmi saytında Güney məsələsi ilə bağlı petisiya yerləşdirildi və nəzərdə tutulan imzalar da toplandı. Sizcə, bunun Güney məsələsinə müsbət bir təsiri olacaqmı?

-Bu gün çox həssas bir zamanda yaşayırıq. Xüsusilə, bu həssaslıq bizim regionumuzda özünü daha çox büruzə verir. İran məsələsinə gəldikdə isə Birləşmiş Ştatlar çoxdandır ki, bu ölkədə dəyişikliklər arzu edir. Bu prosesin indiyə qədər uzanmasının isə bir sıra səbəbləri var. Həmin səbəblərdən biri Suriya ilə bağlıdır. İlkin mərhələdə Birləşmiş Ştatlar İranda qarşılıqlı razılaşdırma əsasında dəyişikliklərə maraqlı olsa da, lakin Vaşinqtonun bu istəyi reallaşmadı. Ona görə də hesab edirəm ki, Birləşmiş Ştatlar İranla bağlı alternativlər axtarır. Onların içərisində Güney məsələsi də  xüsusi yer tutur. Çünki Güney Azərbaycan türkləri hər zaman İranda baş verən inqilablarda önəmli rol oynayıb. Güney Azərbaycan türkləri İran inqilablarında öndə olmayıblarsa, o zaman bu ölkədə heç bir dəyişikliklər baş verməyib. Bu fakt hamıya bəllidir ki, İranda tarix böyu baş verən inilablarda əsas rolu Güney Azərbaycan türkləri oynayıb. Bunu da Birləşmiş Ştatlar və Avropa çox gözəl bilir. Əvvəllər Amerika və Avropa bu gücü nəzərə almaq istəməsə də, artıq bununla razılaşmaq iqtidarındadır. Ona görə də hazırda Güney Azərbaycan məsələsi gündəmdə olan bir məsələdir. Bu prosesin nə qədər uğurlu olacağı Güneydə yaşayan soydaşlarımızın yaranmış fürsətdən necə istifadə edəcəklərindən asılı olacaq. Ümid edirik ki, bizlərin də gücümüzlə bölgədə müsbət dəyişikliklər baş verəcək.

-Zəmanət varmı ki, Birləşmiş Ştatlar və ya Avropa İrana qarşı hər hansı bir addım atacağı təqdirdə Güneydə yaşayan soydaşlarımızın maraqları mütləq nəzərə alınacaq?

-Buna yüz faiz əmin olmasaq da, ancaq belə görünür. Cərəyan edən proseslər onu deməyə əsas verir ki, dünya birliyi Güney Azərbaycan məsələsinin üzərindən keçmək istəmir. Yəni, Güneydəki soydaşlarımızın problemləri diqqət mərkəzindədir. Birləşmiş Ştatlar barədə o qədər də dəqiq bir söz deyə bilmərəm. Ancaq İsveçdə fəaliyyət gsötərən bir mərkəz var ki, onlar Güney məsələsi üzərində işləyirlər. Onların  istədikləri İranda yaşayan bütün millətlərin iştirakı ilə bir idarəçilik yaratmaqdır.

-"Azərbaycan Federasiyası İsveç" təşkilatının rəhbəri olaraq yaşadığınız ölkədə Azərbaycan diasporunun vəziyyətini necə dəyərləndirirsiniz?

-İsveçdə Azərbaycan diasporu qənaətbəxş olmasa da, lakin Avropanın digər dövlətləri ilə müqayisədə bu ölkə soydaşlarımızın sayı və fəallığı baxımından ən üstün vəziyyətdədir. İsveç xüsusilə, Güney azərbaycanlılarının daha çox yaşadığı və aktiv insanların məskunlaşdığı bir ölkə kimi xarakterizə olunur.  Burada Güney Azərbaycanla bağlı çoxsaylı siyasi partiyalar da fəaliyyət göstərir. Azərbaycan  Federasiyası İsveç olaraq Güney və ya Kuzey demədən fəaliyyət göstəririk. "Azərbaycan Federasiyası İsveç" təşkilatı olaraq Azərbaycan Respublikasının tarixində yer alan əlamətdar günlər, eləcə də hüznlü tarixləri hər il öz maddi imkanlarımız hesabına qeyd  edirik. İstər 20 Yanvar, faciəsi, istər Xocalı soyqırımı, istərsə də 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Ana dili günlərini geniş şəkildə keçiririk. Bu il Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar olaraq İsveçin paytaxtı Stokholmda etiraz aksiyası keçirildi. Paralel olaraq həm İsveç, həm də digər Avropa ölkələrinin parlamentlərinə istər Güney Azərbaycan məsələsi, istərsə də Xocalı soyqırımı ilə bağlı müraciətlər ünvanlayırıq. Bir sözlə, əlimizdən gələn qədər  həm Azərbaycan Respublikası, həm də Güney Azərbaycanla bağlı fəaliyyət göstərir, çalışırıq. Düzdür, arzu edərdik ki, daha da aktiv güc nümayiş etdirək, fəal olaq. Ancaq bunun üçün də heç şübhəsiz ki, maliyyə imkanlarına ciddi ehtiyac duyulur. Xüsusilə, İsveçdə Azərbaycan Mərkəzi açmaqla daha güclü fəaliyyət göstərmək olar. Dünya Azərbaycanlılarının üçüncü qurultayı zamanı prezident İlham Əliyev də öz çıxışında hər bir ölkədə Azərbaycan Evi, Azərbaycan Mərkəzinin açılmasının zəruriliyini vurğulamışdı. Hesab edirəm ki, müvafiq qurumlar bu məsələyə diqqət ayıracaq və yaxın vaxtlarda qeyd etdiyimiz məsələ də reallaşacaq. Hələlik isə biz könüllü şəkildə, öz cibimizdən maddi vəsait sərf edərək Kuzeyli-Güneyli Azərbaycanımız üçün fəaliyyət göstəririk. Təbii ki, bu da gördüyümüz işlərin keyfiyyətinə öz təsirini göstərir. Yəni, maddi imkansızlıq səbəbindən ortada istənilən nəticə, bizi qane edə bilən fəaliyyət olmur.

-Bəs Diasporla İş üzrə Dövlət Komitəsindən sizə hansısa yardım, əyani vəsaitlərlə təmin olunmaq üçün köməklik göstərilmir?

-Təəssüflər olsun ki, bizə bu günə qədər Diasporla İş üzrə Dövlət Komitəsindən heç bir yardım edilməyib. Ancaq ümid edirik ki, bundan sonra Diasporla İş üzrə Dövlət Komitəsindən bizə də yardım edilər. Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlılar üçün yaradılmış bir dövlət qurumu olsa da, lakin "Azərbaycan Federasiyası İsveç"  bu təşkilatdan hələ yardım ala bilməyib. Yalnız 2011-ci ildə müstəqilliyin 20 illiyi ilə bağlı tədbirin keçirilməsi məqsədilə bizə yardım ayrılıb. Həmin yardımla da yubiley tədbirləri keçirmişik. Ümidvarıq ki, bundan sonra bizə də yardım ayrılar. Çünki "Azərbaycan Federasiyası İsveç" bu ölkədə 35 Azərbaycan dərnəyini koordinasiya, təmsil edən önəmli bir təşkilatdır. İsveç dövləti də bu təşkilata önəm verir. "Azərbaycan Federasiyası İsveç"in bu ölkədə fəaliyyət göstərən digər Azərbaycan cəmiyyət və təşkilatları ilə də münasibətləri çox yaxşıdır. Ona görə də bu cür təşkilatları qoruyub saxlamaq, onların fəaliyyətini gücləndirmək lazımdır.

-O halda federasiya olaraq lazımı əyani vəsaitləri necə əldə edirsiniz?

-Yalnız öz imkanlarımız hesabına. Məlumat üçün qeyd edim ki, Bakıda olarkən mənə zəng etdilər ki, İsveçə qayıdarkən oradakı azərbaycanlı uşaqlar üçün kitablar aparım. Mən də imkanım daxilində İsveçdəki azərbaycanlı uşaqlar üçün kitabları aldım ki, özümlə aparım.

-"Azərbaycan Federasiyası İsveç" yaxın vaxtlarda Azərbaycanla bağlı hansısa tədbirlər və ya layihələr həyata keçirməyi nəzərdə tutubmu?

-"Azərbaycan Federasiyası İsveç"in hər il olduğu kimi 2013-cü il üçün də tədbirlər planı müəyyən edilib və həmin tədbirlər planına uyğun olaraq da fəaliyyətimizi davam etdiririk. Ümumiyyətlə, bizim istəyib-istəməməyimizdən asılı olmayaraq həmin tədbirlər "Azərbaycan Federasiyası İsveç"in üzvü olan digər təşkilat və qurumlar tərəfindən ənənəvi qaydada keçirilir. Bundan başqa ilin son çərşənbəsini qeyd edəcəyik. Hər il olduğu kimi bu il də İsveçdə Novruz bayramı münasibətilə tədbir təşkil edəcəyik. Paralel olaraq 31 mart-Azərbaycanlıların Soyqırım Gününə hazırlıqlar davam edir. Həmin tarixdə də "Azərbaycan Federasiyası İsveç" olaraq bu ölkədə ermənilərin azərbaycanlılara qarşı soyqırımı barədə toplantı keçirməyi nəzərdə tuturuq. Bir sözlə bütün istiqamətlərdə tədbirlər keçirir, Azərbaycanın haqlı davası uğrunda, həmçinin zəngin tarixi-mədəni irsimizin təbliği sahəsində lazımı işlər görürük. Siyasi məsələlərə gəldikdə isə daha çox Güney Azərbaycan məsələsini qabartmaq istəyirik. Xüsusilə, fars rejimi tərəfindən Güneydə həbs edilən soydaşlarımızla bağlı dünyada fəaliyyət göstərən insan hüquq təşkilatları, Birləşmiş Millətlər Təşkilatına müraciət etməyi düşünürük.

-"Azərbaycan Federasiyası İsveç"in bu ölkədə fəaliyyət göstərən digər ölkələrin diaspor təşkilatları, xüsusilə türk diasporu ilə əlaqələri hansı səviyyədədir? Həmin təşkilatlarla birgə tədbirlər təşkil edirsinizmi?

-İsveçdəki türk diaspor təşkilatları ilə çox sıx əlaqələrimiz var, onlarla yaxından əməkdaşlıq edirik. Xüsusilə, İsveçdəki Türk Gənc Federasiyası ilə münasibətlərimiz, əməkdaşlığımız yüksək səviyyədədir. Türk Gənc Federasiyasının təşkil etdiyi tədbirlərdə Azərbaycan Federasiyası İsveç olaraq biz, bizim keçirdiyimiz tədbirlərdə isə onlar yaxından iştirak edirlər. Bir məqamı da qeyd edim ki, Türk Gənc Federasiyası tərəfindən hər il İsveçdə keçirilən 23 aprel uşaq bayramı tədbirlərinə bizi də dəvət ediblər. Paytaxt Stokholmdakı geniş bağlardan birində keçiriləcək bayram tədbiri zamanı çadırlar qurulacaq, uşaqların əl işləri və digər qabiliyyətlər nümayiş ediləcək. Türk Gənc Federasiyası orada Azərbaycan çadırının da qurulmasını təklif edib. Bizə də həmin təklifi böyük məmuniyyətlə qəbul etmişik. Stokholmda qurulacaq Azərbaycan çadırında Azərbaycan dilində olan uşaq nağılları, həmçinin azərbaycanlı uşaqların rəsm əsərləri, digər bacarıqları sərgilənəcək. Bakıdan apardığım həmin kitabları da Azərbaycan çadırını ziyarət edəcək insanlara pulsuz olaraq paylayacağıq.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31