Azərbaycan diasporu güclənir və koordinasiya edilmiş şəkildə fəaliyyət göstərir - MÜSAHİBƏ

Əlövsət Allahverdiyev: “İnanıram ki, Azərbaycan diasporasının fəaliyyəti istədiyimiz səviyyədə olacaq”

Müsahibimiz "Uğur" Gənclərin Maarifləndirilməsi ictimai birliyinin sədri, hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyevdir

- Əlövsət müəllim, hazırda Azərbaycan diasporasının inkişaf səviyyəsini necə qiymətləndirirsiniz? Necə hesab edirsiniz, Azərbaycan diasporasının "hücum taktikası" arzuolunan nəticəni əldə edə bilib?

-İlk növbədə qeyd etmək istəyirəm ki, diaspora müstəqil dövlətin inkişafı və nüfuzu üçün mühüm rol oynayır. Əgər diaspor fəaliyyəti güclü və zəif ölkələri müqayisə etsək bunun əhəmiyyətini daha aydın görmüş olarıq. Xüsusilə münaqişə tərəfi olan hər hansı bir dövlətin diasporası olmalı və inkişaf etməlidir. Etiraf etməliyik ki, belə bir fəaliyyət növü hər zaman ölkəmiz üçün əhəmiyyətli olub, lakin buna ehtiyac hiss olunmayıb. 1949-cu ilin fevralında Türkiyənin Ankara şəhərində yaradılmış Azərbaycan Kültür Dərnəyi dünyada Azərbaycan diasporunun təşkilatlanması sahəsində ilk addım olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli təhlükəsizlik naziri işləmiş Nağı bəy Şeyxzamanlının oğlu Saleh bəy Şeyxzamanlı 1958-cı ildə ABŞ-da Amerikanın Azərbaycan Cəmiyyətini təsis etmişdir. Hazırda bu cəmiyyətə Nağı bəy Keykurunun (Şeyxzamanlı) nəvəsi, xanım davamçısı Tomris Azəri rəhbərlik edir. Bu hadisələr əsasən Azərbaycan diasporunun tarixində təşkilatlanma mərhələsinin məhz ötən əsrin ortalarından başladığını söyləməyə əsas verir. Bütün bunlara baxmayaraq, o zamanlar ölkəmizin diaspor fəaliyyətinin davamlılığı və sistemli olmasına diqqət yetirilməmişdir. Bu problemi biz müstəqilliyimizi bərpa edəndən sonra hiss etdik. Belə ki, düşmənlərimiz bizim yeni-yeni başladığımız lobbi fəaliyyətini uzun illər idi ki, aparırdılar. Onlar diaspor fəaliyyətini məhz bizə qarşı yönəltmişdilər. Bu baxımdan biz hələ ki, müdafiə səviyyəsindəyik. Biz indi müdafiə səviyyəsindən çıxmalı və hücuma keçməyi planlaşdırmalıyıq. Çünki bu gün silahların həll edə bilmədiyini söz, ideya həll edir. Bu gün düşmənlə bizim aramızda ideoloji müharibə daha da sürətlənib. Hələ ki, "hücum taktikası" arzuolunan nəticəni vermir. Buna çox ciddi çalışmaq gərəkdir və bu zamanla həll olur. Məlumdur ki, dövlətimiz bu sahəyə xüsusi diqqət yetirir. Xarici ölkələrdə keçirilən tədbirlər, aksiyalar bunun nümunəsidir. Azərbaycan diasporu güclənir və koordinasiya edilmiş şəkildə fəaliyyət göstərir. Bu gün Azərbaycan diasporu xarici ölkələrdə təkcə dərnəklər şəklində deyil, dövlətin xarici siyasət orqanları səviyyəsində fəaliyyət göstərməyə çalışır. İnanıram ki, yaxın gələcəkdə Azərbaycan diasporasının fəaliyyəti istədiyimiz səviyyədə olacaq.

- Azərbaycan diasporasının daha da inkişafı üçün hansı işlərin görülməsinə ehtiyac var?

-Cəmiyyətdə belə bir fikir formalaşıb: səmiyyət üçün hər şeyi dövlət etməlidir. Doğrudur, bu sahədə dövlətin üzərində böyük məsuliyyət var. Amma bununla vətəndaşların da məsuliyyəti var. Hər kəs öz fəaliyyəti ilə Azərbaycan diasporasının inkişafına təkan verməlidir. Məlumdur ki, fəaliyyət dairəsindən, məşğuliyyətindən və dini etiqadından asılı olmayaraq hər hansı bir etnosa aid adamların müəyyən zaman kəsiyində öz tarixi vətənlərindən kənarda məskunlaşmaları və ictimai fəaliyyəti bilavasitə diasporanın formalaşması ilə nəticələnir. Əsas ağırlıq da bu şəxslərin üzərinə düşür. Amma baxaq xaricdə məskunlaşan soydaşlarımızdan bu niyyətdə olanlar çoxluq təşkil edirmi? Məhz təəssüf doğuran da bu məqamdır. Bütün hallarda insanları bədbəxt hadisələr, qorxu hissi birləşdirir. Adi halda bu birləşmə, birgə fəaliyyət istənilən səviyyədə olmur. Arzu edərdim ki, xaricdə yaşayan soydaşlarımızın hər biri Azərbaycanımızın inkişafı üçün bir qisim hüquqlarını məhdudlaşdırsınlar. Avropanın çətin zamanlarında avropalıların belə bir devizi var idi. Deyirdilər ki, avropalılar Avropanın inkişafını istəyirsə, o zaman bir qisim hüquqlarını məhdudlaşdırmalıdır. Yəni istirahətinə, gəzintisinə, asudəliyinə daha çox zaman ayırmamalı, onu bir qədər məhdudlaşdırıb Avropanın inkişafına sərf etməlidir. Düşünürəm ki, bu bizim indiki durumumuza da aiddir.

- Sizcə, Azərbaycan diasporu soydaşlarımızın mümkün potensialından niyə yetərincə istifadə edə bilmir?

-Mən də düşünürəm ki, diaspor təşkilatlarımız soydaşlarımızın mümkün potensialındsan yetərincə istifadə edə bilmir. Bəlkə də soydaşlarımız da buna ciddi meyl göstərmir. Bunun üçün soydaşlarımızda ciddi maraq və inam oyatmaq lazımdır. İlk növbədə onlar inanmalıdır ki, dövlətin inkişafına onların fəaliyyəti təkan verə bilər, inanmalıdılar ki, onlar xarici ölkədə yaşamalarına baxmayaraq öz ölkələri üçün çox əhəmiyyətlidirlər. Bax bu inam yaradılarsa, diaspor təşkilatları ilə soydaşlar arasında hər hansı məsafə olmayacaq və onların potensialından yetərincə istifadə olunacaq.

- Azərbaycan diasporasının digər xalqların diasporası ilə əməkdaşlıq səviyyəsini məqbul hesab etmək olarmı?

-Bu gün Azərbaycan diasporası dünyanın əksər ölkələrində fəaliyyət göstərir. Sadəcə onları mobil komanda şəklində fəaliyyətini gücləndirmək lazımdır. Onların başqa xalqların diasporasının əməkdaşlıq səviyyəsi haqqında birmənalı fikir söyləyə bilmərəm. Onu deyə bilərəm ki, bu istiqaməti də inkişaf etdirmək faydalı olar. Yaxın zamanlarda ermənilərin törətdiyi Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində Türkiyə və Türkiyə diasporası bizə yaxından dəstək oldu. Eyni zamanda bu fəaliyyətə Türkiyə tərəfində virtual aləmdə də geniş yer ayrıldı. Bunun nəticəsidir ki, haqlı olduğumuzu qismən də olsa dünya ictimaiyyətinə çatdıra bildik.

- Erməni diasporası ilə söz, diplomatiya savaşında nailiyyətlər əldə etmək üçün hansı taktikanın seçilməsini uğurlu hesab edirsiniz?

- Fikir verirsinizmi, erməni diasporası bir an belə dayanmır, çamur atma, böhtan kampaniyasını davam etdirir. Ermənilər əsrlərlə, illərə Azərbaycan xalqına, türklərə qarşı qəddar, qeyri-insani mövqeyi ilə seçilmişdir. Dünyanın neçə ölkəsində erməni terror təşkilatları fəaliyyət göstərir. Bunlar 1 ildə və ya 10 ildə yaradılıb inkişaf etdirilə bilməz. Bu onu göstərir ki, ermənilər illərdi ki, bu istiqamətdə fəaliyyət göstərib və təbii ki, bu sahədə böyük dövlətlərin nüfuzundan istifadə edib. Bunun üçün biz ilk növbədə bu böhtan təbliğatına qarşı fəaliyyət göstərməliyik, ikinci növbədə isə "hücum taktikası" üzərində çalışmalıyıq. Bu gün həmin taktika həm ölkə daxilində, həm də ölkə xaricində təşkil olunmalıdır. Əvvəl qeyd etdim ki, bu gün Ermənistan Azərbaycan arasında gedən müharibə artıq ideoloji müstəviyə yönəlmişdir. İdeoloji mübarizəni gücləndirməli və məhz "hücum taktikası" formasında həyata keçirməliyik. Bunun üçün, elm xadimlərimiz, incəsənət nümayəndələri, xüsusilə gənclər bu səhədə ciddi çalışmalıdır. Nümunə üçün yaxın günlərdə Fransada azərbaycanlı tələblərin üzləşdiyi problemi misal göstərmək olar. Onlar bir vətəndaş olaraq baş verənlərə etirazlarını bildirdikləri üçün qeyri-insani münasibətlə, erməni vəhşiliyi ilə üzləşdilər. Bu gənclər bəlkə hər hansı problemlə üzləcəyini bildikləri halda belə milli maraqların üstünlüyü, dövlətə, xalqa olan sevgiləri onlara güc verdi. Demokratik bir ölkə kimi tanınan, "qanunun aliliyi", "insan hüquqları" ideyalarının müəllifi kimi mütəfəkkirlər yetişdirən Fransada belə cinayətkar əməlin baş verməsi və buna laqeyid münasibət ölkəmizdə fəaliyyət göstərən QHT-lərin, Azərbaycan diasporalarının fəaliyyəti nəticəsində dünya ictimaiyyətinə çatdırıldı.

- Sizcə, Azərbaycan və Türk diasporalarının mütləq şəkildə birliyən nail olmağa nə mane olur?

-Düşünmürəm ki, buna nəsə mane olur. Azərbaycan və Türkiyə, eləcə də iki ölkənin diaspora təşkilatları arasında əlaqələr yaxşı səviyyədədir. Lakin bu əməkdaşlıq, münasibətlər daha da yaxşı, bzim düşündüyümüz səviyyədə ola bilər. Bunun üçün də təbii ki, ciddi çalışmalıyıq.
Dünya Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin Forumunda Azərbaycan Prezidenti və Türkiyə Cümhuriyyətinin Baş nazirinin iştirakı və söylədikləri nitq bir daha göstərir ki, münasibətlər daha yüksək səviyyədə qurulmalı diaspor təşkilatları inkişaf etdirilməlidir.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31