“Diaspor işində gənclərin imkanlarından geniş şəkildə yararlanmaq lazımdır” - MÜSAHİBƏ
Əkbər Qoşalı: “Dövlətin dəstəyi, tarixi zərurət, istək var”
6 Mart 2013 16:06 Diaspora"O zaman iş görməmək üçün bəhanəyə yer yoxdur"
Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalının "OLAYLAR"a müsahibəsi
-Əkbər müəllim, Azərbaycan diasporunun türkdilli respublikaların diaspor təşkilatları ilə əlaqələrini necə dəyərləndirirsiniz?
-İlk öncə, gəlin "türkdilli" yox, "türksoylu" respublikalar ifadəsini seçək. Sualınızın özünə gəldikdə, sizə deyim ki, Azərbaycan və Türkiyədən başqa digər müstəqil türk respublikalarının, təəssüf ki, elə də güclü diaspor təşkilatları yoxdur. Hətta uyğurların, tatarların, İraq türkmanlarının diaspor təşkilatları bəzən onlardan daha güclü təsir bağışlayır desək, yanılmarıq. Beləliklə, diaspor təşkilatları arasında əlaqələrdən söhbət düşəndə, bu daha çox güclü diaspor təşkilatları arasındakı işi ehtiva edir deyə düşünürəm. Mübaliğəsiz demək mümkündür ki, ən güclü əlaqə qardaş Türkiyə və bizim malik olduğumuz diaspor təşkilatları arasında mövcuddur. Bildiyiniz kimi bu sahədə əlaqələri daha da gücləndirmək üçün müvafiq görüşlər, o cümlədən dövlət və hökumət başçılarının iştirakı ilə önəmli toplantılar keçirilib, müzakirələr aparılıb və qərarlar qəbul edilib. Ümid edirəm və inanıram ki, indiyə qədər görülmüş işlər daha da inkişaf etdiriləcək. Çünki dövlətin dəstəyi, tarixi zərurət və istək var! - O zaman isə iş görməmək üçün bəhanəyə yer yoxdur.
-Sizcə bu əlaqələr yetərlidirmi və münasibətləri daha yüksək səviyyəyə qaldırmaq üçün nələrdən istifadə etmək lazımdır?
-Məncə, bu suala müəyyən qədər cavab verdik, Ancaq sizinlə razıyam ki, əlaqələrimizi daha yüksək səviyyə qaldırmaq məsələsi vacibdir.
-Bəs bu hansı forma və üsullarla mümkün ola bilər?
-Məncə, olaylara ümumtürk çıxarları prizmasından baxaraq, Türk Dünyasının ən önəmli problemlərini sıralayaraq, xırda hissləri, məişət səviyyəli söhbətlərin fövqünə qalxaraq, üfüqü geniş yanaşmalarla dəyərləndirmələr apararaq bunu həyata keçirmək mümkündür. Eyni zamanda vətənpərvərliklə peşəkarlığın "qızıl orta"sını taparaq və məhz ən uyğun kadrlara meydan tanıyaraq, gənc nəslin enerjisi ilə yaşlı nəslin təcrübəsini birləşdirərək, maliyyə vəsaitlərini ən innovativ layihələrə öncüllük verərək xərcləməklə; xaricdə yaşayan soydaşlarımız arasında maarifləndirmə, təbliğat, təşviqat işini gücləndirməklə əlaqələri inkişaf etdirmək olar. Hesab edirəm, ayrı-ayrı diaspor təşkilatlarımız həm bizim, həm də digər türksoylu respublikaların, topluluqların diaspor təşkilatları məhz bu dediyimiz məqamlara diqqət yetirincə daha başarılı olurlar.
-Bir müddət öncə Bakıda keçirilən Türkdilli Ölkələrin Əməkdaşlıq Təşkilatına üzv ölkələrin diaspor qurumlarının rəhbərlərinin görüşü bu prosesə hansı müsbət təsir göstərə bilər?
-Əlbəttə hər bir görüş öz-özlüyündə həm səbəb, həm də bir nəticə kimi çıxış edir. Görüş var - nəyəsə səbəb olur, görüş var artıq özü bir nəticədir. Dediyiniz görüş, heç şübhəsiz önəmli görüş idi. Ümid edirəm ki, bu yeni strukturlaşmalara təsirsiz qalmaz.
- Diasporanın inkişafına gənclərin təsiri hansı səviyyədədir?
-Mən neçə illərdir gənclərlə işləyirəm. Gənclər təşkilatında, Gənclər İdman Nazirliyində, Silahlı Qüvvələrdə və digər platformalarda. Demək istəyirəm ki, gənclərin fəallığının, təsir imkanlarının gücü mənə məlumdur. Mən "Azərbaycan Gənclər Hərəkatı" adlı kitab yazmışam. Xatırlayıram, Milli Qeyri Hökumət Təşkilatları Forumu o zaman əsasən Gənclər Təşkilatları Milli Şurasının (belə deyək) bazasında yarandı. Hesab edirəm ki, diaspor işində də gənclərin, xüsusilə ictimai fəal, təşkilatlanmış gənclərin imkanlarından, təcrübəsindən geniş şəkildə yararlanmaq lazımdır. Məsələn Azərbaycan vətəndaşlarının başçılıq etdiyi, beynəlxalq miqyasda fəaliyyət təcrübəsi və mandatı olan qeyri-hökumət təşkilatlarının (Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi Cəmiyyəti, Dünya Gənc Türk Yazarlar Birliyi, Dünya Türk Gəncləri Birliyi, eləcə də Gənclər Təşkilatları Milli Şurasının diaspor işinə bilavasitə cəlb olunması işin xeyrinə olardı. Eyni zamanda, ötən il təsis olunmuş Dünya Azərbaycanlı Gənclər Birliyi öz fəaliyyətini genişləndirməlidir. Əsas rol, təbii ki, Diasporla İş üzrə Dövlət Komitəsinin üzərinə düşür. Komitə sədri yanında ictimai şuranın, yaxud məşvərət şurasının yaradılması və ya artıq mövcud olan qurumun QHT-lərin və başqa hüquqi şəxslərin timsalında genişləndirilməsi mümkün variantlardan biri ola bilər. Eyni zamanda xarici ölkələrdə yaşayan, təhsil alan gənclərimiz Rusiya Azərbaycanlı Gənclər Təşkilatı örnək alaraq təşkilatlanmalı, fəallaşmalıdırlar.
-Türksoylu respublikalarda Azərbaycanın üzləşdiyi problemlər, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı barədə kifayət qədər məlumat varmı?
-Təbii ki, məlumat var. Ancaq bu məlumatlar hər yerdə və hamıda ölkəmizin ehtiyacı olan keyfiyyət və miqyasda deyil. Dövlətimiz, Heydər Əliyev Fondu uğurlu layihələrlə çıxış edir, nəticələr var, Gərək qeyri-hökumət təşkilatları, nüfuzlu aydınlar, elm adamları, ictimai-siyasi xadimlər, sənətçilər də bu işə öz töhfələrini artırsınlar. Biz Dünya Gənc Türk Yazarlar Birliyi olaraq ötən il "Gəldik, gördük, yazdıq" adlı layihə ilə çıxış edərkən, Ankarada "Bir kış günü vahşeti: HOCALI" kitabını nəşr etdirərkən və həmin kitabın İstanbulda təqdimatını keçirərkən də bir daha buna şahid olduq. Xüsusilə, Orta Asiyadakı qardaş respublikalarımızda, türk topluluqlarına məlumat axınını artırmalıyıq. Qardaşlarımızı Xocalı soyqırımı haqqında, Azərbaycan torpaqlarının işğalı, bu işğalın acı nəticələri haqqında doğru informasiyalarla təmin etməliyik. Xocalı soyqımını artıq neçə ölkənin qanunverici orqanı, bələdiyyəsi, beynəlxalq təşkilat tanıyıb, münasibət bilidirb. Ancaq qardaşlarımızdan hələ də qardaşca qanun, qərar çıxmayıb. Bax, bu düşündürücü deyilmi? Hər nə qədər təkraredici söz olsa da, deməliyəm: Hələ görüləcək çox işimiz var.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir