Azərbaycan diasporu dünyada söz sahibinə çevrilir

Xristian təəssübkeşliyi diasporamızın fəaliyyətinə mane ola bilmir

Artıq bir sıra ölkələrdə Xocalı faciəsinin soyqırım kimi tanınması faktı reallaşıb. Bu ölkələr sırasında ABŞ-ın 7 ştatı və Avropanın bir neçə ölkəsi var ki, artıq həmin ölkələr Xocalı faciəsinə ədalətli münasibət sərgiləyiblər. Hələ qarşıda bir neçə ölkələrin parlamentinin anoloji qətnamələr qəbul edəcəyinin şahidi olacağıq. Artıq İndoneziya ilə bu istiqamətdə aparılan danışıqlarda müsbət nəticə əldə edilib. 

Xarici ölkələrin parlamentləri tərəfindən belə  qətnamələrin qəbul edilməsi deməyə əsas verir ki, bir çox ölkələrin 40-50 ildə keçdiyi yolu biz qısa zamanda keçirik. Etiraf edilməlidir ki, bu uğurların sırasında Azərbaycan dövlətinin  çevik xarici siyasəti ilə yanaşı, diaspora təşkilatlarımızın da əməyi danılmazdır.

Bu gün dünyanın dörd bir tərəfinə səpələnmiş, qürbətdə vətən həsrətini köksündə daşıyan 50 milyondan artıq soydaşımızı birləşdirən ən böyük amal müstəqil Azərbaycanın işğal altındakı torpaqlarının azadlığına, həqiqətlərimizin dünyaya çatdırılmasına, erməni yalanlarının ifşasına nail olmaqdır. Aparılan işlərin təhlili göstərir ki, Azərbaycan diasporu qısa müddət ərzində bu sahədə uzun bir yol qət edib. Arxada qalan bu şərəfli dövr ərzində Azərbaycan diasporu ən müxtəlif məsələlərlə bağlı ölkəmizin xeyrinə olan çoxsaylı qətnamələrin çıxarılmasına nail olub. Xüsusilə,  Ermənistanın Azərbaycana qarşı təcavüzündən, habelə bu təcavüz zamanı ermənilərin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər, eləcə də Xocalı soyqırımı ilə əlaqədar xeyli işlər görülüb. Hələ 2009-cu il 31 martda Nevada ştatında martın 31-i qubernator tərəfindən "Azərbaycanlıların Soyqırımı Günü"nün anılması tarixi kimi elan edilib; 2010-cu il fevralın 25-də Massaçusets ştatının Nümayəndələr Palatası Xocalı soyqırımının 18-ci ildönümü ilə əlaqədar olaraq, Xocalıda qırğın törədilməsi faktının tanınması haqqında qətnamə qəbul edib; 2011-ci ilin 26 fevralında  Texas ştatının  Nümayəndələr Palatası da Ermənistan tərəfindən Xocalıda çox ağır cinayət törədilməsi faktını tanıyıb. Həmçinin Nyu-Cersi, Texas, Corciya ştatlarında da Xocalı soyqırımını tanıyan qətnamələr qəbul olunub və indinin özündə də bu proses davam etməkdədir.

Ötən dövr ərzində dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız arasında milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, adət-ənənələrimizin yaşadılması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində də xeyli işlər görülüb. Sirr deyil ki, bütün bunlar  diasporumuzun təşkilatlanması və getdikcə daha da güclənməsi sayəsində baş verib. İndi dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan icmaları, mədəniyyət mərkəzləri məhz bu missiyanı üzərlərinə götürərək real işlərlə məşğul olurlar.

Bu gün Azərbaycan diasporu dövlət başçısının çağırışına dəstək olaraq müdafiə diplomatiyasından hücum diplomatiyasına keçib. Təbii ki, qarşıya qoyulan hədəflərə nail olmaq üşün diaspora təşkilatlarının "çəkici bir zindana vurması" zəruri şərtlərdəndir. Təəssüf ki, hələ də diaspora təşkilatları arasında koordinasiya məsələsi arzuolunan səviyyədə deyil. Elə ölkələr var ki, orada fəaliyyət göstərən onlarla icmalar bir-birini tanımır, əlaqəli şəkildə fəaliyyət qura bilmir. Üstəlik mövcud təşkilatların parçalanması müşahidə olunur ki, bu da diasporamızın gücünə mənfi təsir edən amillərdəndir. Lakin ekspertlər belə parçalanmanı təbii hesab edir və hətta onun üstün cəhətlərinin olduğu qənaətindədirlər. Onların sözlərinə görə, belə hallara heç də qeyri-adi proses kimi yanaşma düzgün deyil. Heç bir halda diaspora təşkilatlarının parçalanmasından çəkinməyə dəyməz. Çünki onlar ayrılıqda fəaliyyət göstərsələr də ümumu məqsədləri diaspora ilə bağlıdır. Yəni, ən azından hər bir təşkilat öz ətrafında azərbaycanlıları birləşdirir ki, bu da nəticə etibarilə ümumu məqsəd uğrunda çalışmaq deməkdir. Belə təşkilatlar bütün hallarda çalışırlar ki, soydaşlarımızla  vətən arasında körpü rolunu oynasınlar, vətən üçün nə isə etsinlər. Məlumat üçün qeyd edək ki, ermənilərin Amerikada minlərlə diaspora təşkiları var, lakin ermənilər bunu heç də diasporanın tənəzzülü kimi qəbul etmirlər. Əksinə, bunu bir uğur, formalaşmış təşkilat kimi qələmə verirlər. Belə halda qarşıda duran əsas məsələ diaspora təşkilatlarının koordinasiyasıdır ki, yalnız bu halda güclü, dünyada sözünü deyə bilən təşkilatlar formalaşa bilər. Bu məsələdə dövlətin də çiyninə müəyyən yük düşmüş olur. Yəni, dövlət çalışmalıdır ki, xaricdəki bütün diaspora təşkilatları ilə eyni cəviyyədə münasibət yaratsın, eyni səviyyədə əlaqələr qursun, onların özlərinin problemlərinin həllində dəstək olsun.   

Bütün hallarda qətiyyətlə demək olar ki, bu gün  diaspora təşkilatlarımız  erməni yalanlarının ifşası istiqamətində daha əzmlə çalışmaqda israrlıdır və bu istiqamətdə fəaliyyətdən usanmırlar. Məhz bu məsələdə diaspora təşkilatlarımız birgə çalışır, üstəlik digər xalqların diaspora təşkilatları ilə də əməkdaşlıq edir. Nəzərə almaq lazımdır ki, diaspora o zaman güclü olur ki, qeyri-millətlər də təbliğat işinə cəlb edilir.  Artıq bu fəaliyyətin konkret nəticələri göz qabağındadır. Məhz görülən gerçək fəaliyyət nəticəsində bir müddət öncə Almaniya vətəndaşı, yazıçı Rols Kumş Xocalı soyqırımının 20 illiyinə həsr olunmuş kitab yazıb almanca nəşr etdirdi. O da nəzərə alınmalıdır ki, Azərbaycan diasporu hələ gəncdir, bir sıra xalqların yüz  illərdən bəri formalaşmış diaspora təşkilatları səviyyəsinə yetmək üçün xeyli işlər görülməlidir. Elə bunun nəticəsidir ki, erməni diasporu bir qayda olaraq Ermənistana, hətta Dağlıq Qarabağda kök salmış separatçılara yardım göstərdiyi halda  Azərbaycan diasporu  Bakıdan dəstək gözləyir. Çünki, erməni diaspora təşkilatlarının həm maddi, həm də təşkilati cəhətdən imkanları həddən artıq böyükdür. Dünyanın ayrı-ayrı xristian dairələrində erməni təəssübkeşliyi güclüdür və bu təəssübkeşlik də onlara əlavə güc verir. Elə bu səbəbdən erməni lobbisi dünyanın müxtəlif ölkələrində ayrı-ayrı media orqanlarını, ictimai-siyasi xadimləri öz təsirləri altına sala bilirlər. Azərbaycan diasporunun təşəkkülü, formalaşması və inkişaf tarixi isə bilavasitə xalqın mühacirət tarixi ilə bağlıdır. Azərbaycanlıların xarici ölkələrə mühacirəti tarixən qədim köklərə malik olsa da, sistemli şəkildə bu proses XIX əsrin birinci yarısındakı siyasi-hərbi münaqişələr, İran-Rusiya müharibələri, Qafqaz regionundakı məcburi miqrasiya prosesləri ilə bağlıdır. 1828-ci il Türkmənçay müqaviləsindən sonra tarixi Azərbaycan ərazilərinin Araz çayı boyunca iki yerə parçalanması, Şimali Azərbaycan xanlıqlarının Çar Rusiyası təbəəliyini qəbul edərək vahid inzibati-ərazi bölgüsü halında birləşməsi bir tərəfdən xalqın təmərküzləşməsi prosesinə təkan vermişdisə, digər tərəfdən çarizmin siyasətindən narazı qalanların xarici ölkələrə kütləvi mühacirəti ilə nəticələnmişdir. Azərbaycan Respublikası da daxil olmaqla dünyanın 70-dək ölkəsində təqribən 50 milyona yaxın azərbaycanlı yaşayır. Tarixi ərazilərində yaşayan, hər hansı mühacirət faktı baş vermədən, yalnız müəyyən ictimai-siyasi hadisələrin gedişində yaranan sərhəd dəyişmələri nəticəsində xarici ölkə vətəndaşlarına çevrilmiş həmvətənlər - İranda, Gürcüstan və Rusiya Federasiyasının Azərbaycanla həmsərhəd rayonlarında yaşayan etnik azərbaycanlılar diaspor hesab olunmur.  2004-cü il aprel ayının 17-də Almaniyanın paytaxtı Berlində "Avropa Azərbaycanlıları Konqresi"nin (AAK) təsis edilməsi müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması istiqamətində əhəmiyyətli hadisə oldu. Dünyanın 28 ölkəsində 50-dən artıq diaspor təşkilatı - Rusiya, Ukrayna, Belarus, Moldova, İsveç, İsveçrə, Norveç, Danimarka, Fransa, Hollandiya, Avstriya, Bolqarıstan, Rumıniya, Macarıstan, Belçika, Finlandiya və Almaniyadakı Azərbaycan icmaları AAK-ın kollektiv üzvləridir. Regionda azərbaycanlıların milli-mədəni xüsusiyyətlərini qorumaq, sosial və siyasi-hüquqi maraqlarmı təmin etmək konqresin əsas vəzifələrindəndir. AAK-ın fəaliyyət sahələrindən biri də Azərbaycan, Qafqaz və Xəzər bölgələri ilə əlaqəli elmi-tədqiqat işlərini dəstəkləmək, fondlar, tədqiqat institutları, kitabxanalar və arxivlər təsis etməkdir. Təşkilat Avropada, MDB-də və digər regionlarda fəaliyyət göstərən diaspor qurumları ilə əməkdaşlıq edir.

Ekspertlər hesab edir ki, Azərbaycan diasporunun mütəşəkkil şəkildə formalaşması üçün indiki mərhələdə ona yardım göstərmək zəruridir.  Bu işdə iş adamları, imkanlı şəxslər diaspora quruculuğu işinə cəlb olunmalıdır ki, prespektivdə  diasporumuz dövlətin maddi köməyinə ehtiyac duymasın.  Onu da qeyd edək ki, Azərbaycan diasporunun bir əsr tarixi olan erməni lobbisi qədər söz sahibi olmasa da onlar qarşısında dirəniş göstərir.  Ancaq hesab olunur ki, Azərbaycan diasporu yeni yarandığı, ilk addımlarını atdığı, gənc olduğu üçün hələlik ona dəstək lazımdır. Lakin qətiyyətlə demək olar ki, vaxt gələcək Azərbaycan diasporu o qədər güclü olacaq ki, min illərlə tarixi olan diaspora təşkilatları onunla hesablaşmalı olacaq. Necə ki, vaxtilə bizə çox çətin görünən  diaspora fəaliyyəti indi gündəlik həyat tərzimizə çevrilib. Xaricdə yaşayan soydaşlarımız artıq özlərini yaşadıqları ölkənin ictimai-siyasi mühitinin bir parçası hesab edir və o ölkənin vətəndaşı olduqlarını hiss edirlər. Həmin ölkələrdə Azərbaycan diasporu artıq təşkilatlanıb və bu gün daha yaxşı təşkilatlanmadan söhbət gedir. Son illər fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi və mədəni həyatında Azərbaycan cəmiyyətlərinin fəal iştirak etmələri diaspor quruculuğu işinin ən mühüm istiqamətlərindən biridir. Bir sıra ölkələrin qanunvericilik, icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarında təmsil olunmaları, kompakt yaşadıqları ərazilərdə Bazar günü məktəblərinin açılması, müxtəlif icma və birliklərin nəzdində 27 qəzet, 10 jurnal, 3 radio və 1 televiziyanın fəaliyyət göstərməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə müxtəlif tədbirlərin təşkil edilməsi Azərbaycan diasporu nümayəndələrinin ictimai-siyasi fəallığının artmasının göstəricisidir.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31