Erməni diasporu dalana dirənib - MÜSAHİBƏ

Mais Səfərli: “Diaspora təşkilatlarımız daim hücum taktikasını seçməli və hücum mövqeyində olmalıdır”

Müsahibimiz Yurddaş Partiyasının sədri Mais Səfərlidir

 
- Mais müəllim, Fransada erməni diasporasının üzvləri iki soydaşımızı vəhşicəsinə döyüblər. Bu fakt deməyə əsas verirmi ki, ermənilər diplomatiya savaşında məğlub olduqlarını dərk edərək fiziki gücə əl atırlar?

- Əvvala onu qeyd etmək istəyirəm ki, Yurddaş Partiyası Azərbaycanda ilk dəfə olaraq diaspora hərəkatının çığırını açıb. Hələ ondan da əvvəl Yurddaş cəmiyyəti ötən əsrin 90-cı illərində yaranmışdı. Biz o cəmiyyəti yaradarkən bilirdik ki, Azərbaycan müstəqillik əldə edəcək və ölkə sərhədlərindən kənarda yaşayan çoxlu sayda yurddaşımızın hüquq və azadlıqlarının qorunmasına böyük ehtiyac yaranacaq. Qarşılıqlı olaraq onlar da Azərbaycan dövlətinin möhkəmlənməsi və milli birliyin təmin olunmasında böyük rol oynayacaqlar. Buna nail omaq üçün biz ümummilli lider Heydər Əliyevə müraciət etdik və o, ilk Azərbaycan prezidenti olaraq diaspora işinin çox mühüm olduğunu gözəl bilirdi. Ona görə də o, diaspora işi ilə məşğul olan bir dövlət qurumu yaratdı. Baxmayaraq ki, ondan əvvəlki rəhbərlərə çoxlu sayda müraciətlər edirdik ki, yubanmadan Azərbaycanda diaspora işi ilə əlaqədar dövlət strukturu yaradılmalıdır. Heydər Əliyev bir çox sahələrdə olduğu kimi bu işin də memarı oldu, dövlət səviyyəsində diaspora siyasətinin formalaşmasının əsasını qoydu. Məlumdur ki, ermənilərin bu işdə səriştəsi, təcrübəsi yüz illərlə ölçülür. Yüz ildən çoxdur ki, ermənilər diaspora hərəkatı yaradıblar və bizim tarixi torpaqlarımızda Ermənistan dövlətinin yaradılması və təşəkkül tapmasında erməni diasporunun böyük rolu olub. Buna baxmayaraq, Azərbaycanda da dövlət səviyyəsində bu işin qurulması ermənu diasporunu çox çıxılmaz vəziyyətə salıb. Təbii ki, 5-10 il əvvəl Avropada bizim belə kəsərli, sözünü deyə bilən diaspora təşkilatlarımız yox idi. İndi belə təşkilatların hamısı Azərbaycan dövləti tərəfindən koordinasiya olunur, onlar da fəaliyyətində Azərbaycan dövlətinin dəstəyini hiss edirlər. Ona görə də ürəkli, kəsərli fəaliyyətləri ilə seçilirlər. Bu yaxınlarda Fransada baş verən hadisə bir daha göstərdi ki, azərbaycanlı tələbələr nə qədər hünərlidir ki, ermənilərin tədbirlərinə gəlib öz sözlərini demək istəyiblər. Bu, doğrudan da bizim diaspora təşkilatlarının çox güclü olmasından xəbər verir. Artıq birmənalı şəkildə deyə bilərik ki, diaspora məsələsində erməniləri dalana dirəmişik. İnanıram ki, yaxın zamanlarda erməni diaspori bizin diaspora təşkilatları qarşısında heç nə edə bilməyəcək. Təbii ki, bu fakt erməniləri qıcıqlandırır və onlar yumruğa, təpiyə əl atmaqla iç üzlərini göstərirlər. Bu baxımdan düşünürəm ki, Diaspora Komitəmizin qarşısında daha mühüm işlər, daha nühüm vəzifələr durur. Onlar diaspora işini daha da güclü qura bilərlər. Baxmayaraq ki, bu qurum bizim üçün, dövlət üçün yeni bir qurumdur, ancaq fəaliyyəti müddətində xeyli işlər görüb. Bununla yanaşı, dünya, Türkiyə təcrübəsi var ki, onları daha yaxşı öyrənib əxz etmək lazımdır. Bu halda daha güclü bir fəaliyyət ortaya qoymaq mümkün olar. O da bir faktdır ki, bizim diaspora hərəkatımız erməniləri üstələyib və Azərbaycanın milli birliyi, dövlətin və millətin haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında diaspora hərəkatımızın töhvələri danılmazdır.
- Fransa hadisələrinə rəğmən digər ölkələrdəki diaspora təşkilatlarımızın adekvat addımlarını yetərli hesab etmək olarmı?
- Fransadakı tələbələrin atdıqları addımlar bir başlanğıc idi. Təbii ki, bu, digər dövlətlərdəki diaspora təşkilatlarımız üçün bir örnək olmalıdır. Fransa ermənilərin ən çox yaşadığı və ən güclü diasporun fəaliyyət göstərdiyi bir ölkədir. Bununla yanaşı, Rusiya və ABŞ-da güclü erməni diasporu fəaliyyət göstərir. Belə halda həmin ölkələrdəki Azərbaycan diaspora təşkilatları Fransadakı addımları təkrarlasalar doğrudan da erməni diaspor təşkilatlarına çox ciddi zərbə vurmuş olarıq. Əlbəttə, müxtəlif ölkələrdəki diaspora təşkilatlarının atdıqları addımları elə də adekvat hesab etmirəm. Buna baxmayaraq, bütün hallarda onlar da Fransada baş verən hadisələrə münasibətlərini bildirdilər. Ancaq düşünürəm ki, diaspora fəaliyyətini sadəcə sözlə, bəyənatla məhdudlaşdırmaq olmaz. Diaspora təşkilatlarımız daim hücum taktikasını seçməli və hücum mövqeyində olmalıdır. Çünki biz haqq mövqeyindəyik, biz beynəlxalq hüququn dəstəklədiyi tərəfdəyik. Beynəlxalq hüquq da imkan verir ki, xalqımızın haqq səsini dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara çatdıraq.
- Ümumilikdə Azərbaycan diaspora təşkilatlarının inkişaf səviyyəsini necə dəyərləndirmək olar. Diaspora təşkilatlarımız qarşıya qoyulan məqsədlərə nail ola bilirlərmi?
- Nəzərə almaq lazımdır ki, Azərbaycan diaspora hərəkatı hələ təşəkkültapma mərhələsindədir. Yəni, diaspora təşkilatlarımız hələ tam formalaşmayıb, tam gücü ilə fəaliyyətə başlamayıb. Buna baxmayaraq bizim diaspora potensialımız ermənilərdən qat-qat güclüdür. Biz həm kəmiyyət, həm də keyfiyyət baxımından ermənilərdən dəfələrlə yüksəkdə dururuq. İstər Rusiya, istər Amerika, istərsə də Fransada bizim potensialımız keyfiyyət baxımından xeyli irəlidədir. Savad, ziyalıların çoxluğu baxımından bizim diaspora təşkilatlarımız ermənilərlə müqayisədə daha güclü və çevik ola bilər. Məsələn, bu gün ermənilərin dünyanın bütün sakinləri tərəfindən tanınan və qəbul edilən Lütvü Zadə kimi yüksək səviyyəli alimləri varmı? Belə tanınmış elm adamlarımız təbii ki, Rusiya, Fransa və Amerikada kifayət qədərdir. Bu baxımdan hesab edirəm ki, bizin diaspora strukturların görə biləcəyi işlər daha çoxdur. Təbii ki, bu işin koordinasiyası Azərbaycandan olmalıdır. Diaspora komitəmiz bununla əlaqədər daha parlaq fəaliyyət ortaya qoymalıdır.
- Deyirsiniz ki, diaspora təşkilatlarımızı inkişaf etdirmək üçün kifayət qədər potensialımız var. Bəs bu potensialdan səmərəli istifadəyə nə mane olur?
- Burada bir sıra qurumların qarşılıqlı fəaliyyətinə ehtiyac var. Xüsusən, diaspora ilə əlaqədar təcrübənin bir az da artırılmasına diqqət yetirilməlidir. Diaspora işində dünya təcrübəsindən kifayət qədər yararlanmalıyıq. Dünyanın bir çox xalqları var ki, onlar artıq çoxdan belə strukturlar yaradıblar və xaricdə yaşayan həmvətənləri ilə çox gözəl iş qura biliblər. Düşünürəm ki, digər ölkələrin təcrübəsindən öyrənib, həmən təcrübədən öz işimizdə istifadə etməyi bacarmalıyıq.
- Yurddaş Partiyası olaraq diaspora işinin təşkili istiqamətində hansı sahədə fəaliyyət qurmusunuz?
- Adından göründüyü kimi bizim partiyamızın fəaliyyətinin ana xəttindən biri yurddaşçılıqdır. Yəni, harada yaşamasından asılı olmayaraq yer üzündə yaşayan azərbaycanlıların hüquq və azadlıqlarını qorumaqdır. Biz xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması üçün əlimizdən gələni edirik. Harada azərbaycanlıların hüquqları pozulursa, dərhal həmən dövlətlərin hökumət və parlamentlərinə müraciətlər edirik, onların hüquq və azadlıqlarının beynəlxalq hüquq çərçivəsində qorunmadığı üçün onlara iradlar tuturuq. Həmin ölkələrdən tələb edirik ki, həmvətənlərimizin hüquq və azadlıqları qorunsun. Azərbaycanlıların dilimizə, dinimizə, mədəniyyətimizə yadırğamamaları üçün MDB məkanında cəmiyyətləri ilk dəfə biz yaratmışıq. Həmin cəmiyyətlərin nəzdində kurslar açılmışı, kitabxanalar yaradılmışdı ki, onların övladları Azərbaycan dilini unutmasınlar, Azərbaycan xalqının övladı olmalarını unutmasınlar. Nəzərə alırdıq ki, yeni nəsil özündən asılı olmayan səbəblərdən yadlaşmağa başlayır ki, buna da imkan vermək olmaz. İndinin özündə də bu işi elə qurmaq lazımdır ki, harada yaşamasından, hansı dövlətdə olmasından asılı olmayaraq hər bir Azərbaycan övladı bilməlidir ki, onun doğma vətəni haradır, atası-babası kimdir, bizim tariximiz nədən ibarətdir. Ona görə də biz bir siyasi təşkilat olaraq bu sahədə əlimizdən gələni edirik. Çalışırıq ki, harada yaşamalarından asılı olmayaraq azərbaycanlılar öz etnik mənsubiyyətlərini unutmasınlar və Azərbaycanın elçilərinə çevrilsinlər. Azərbaycanı dəstəkləsinlər, yaşadıqları ölkələrdə Azərbaycanın sözünü desinlər, Azərbaycanın müstəqil dövlət olaraq daha da inkişaf etməsinə öz töhfələrini versinlər. Təbii ki, qarşıya qoyduğumuz hədəflərə nail omaq məqsədilə tez-tez xarici ölkələrə səfərlər edirik, diaspora təşkilatları ilə görüşürük, icmalarımızın qonağı oluruq. Səfərlərə isə əliboş getmirik, ən azından kitablar, bayraqlar, milli suvenerlər aparırıq. Söhbətlər zamanı Azərbaycanın üzləşdiyi problemlər haqqında daha dolğun məlumatlar veririk ki, onlar da yaşadıqları ölkələrdə Azərbaycanda baş verənlər, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat çatdıra bilsinlər. Buna nail olmaq məqsədilə soydaşlarımızı kifayət qədər kitablar, tarixi mənbələrlə təmin edirik.
- Diaspora fəaliyyəti ilə məşğul olan bir siyasətçi kimi diaspor təşkilatlarımızın daha da inkişaf etməsi üçün hansı təklifləri irəli sürərdiniz?
- Hesab edirəm ki, dövlət səviyyəsində diaspora komitəsinin fəaliyyətinin gücləndirilməsi istiqamətində ciddi addımlar atılmalıdır. İlk növbədə dövlət diaspora komitəsinə ayrılan vəsaitin həcmi daha da artırılmalıdır. Həmin vəsait isə birbaşa xaricdəki diaspor təşkilatlarının maliyyələşməsinə yönəlməlidir. Konkret olaraq bu vəsait onların təhsil problemlərinə, milli-mədəniyyətimizin inkişafına hesablanmış proqramların icrasına ayrılmalıdır. Milli-qürurumuzu, milli varlığımızı qoruyub saxlamaq üçün vəsait xərcləməkdən çəkinməyə dəyməz. Buna yalnız soydaşlarımıza tariximizi, mədəniyyətimizi öyrədib, yaşadıb inkişaf etdirməklə nail olmaq mümkündür. Elə etmək lazımdır ki, xaricdə yaşayan soydaşlarımız bu işlərdə bir dəstək hiss etsinlər, maddi və mənəvi dəstək görsünlər. Məlumdur ki, xaricdə azərbaycanlılar üçün ədəbiyyatların alınması, kitabxanaların yaradılması, kursların təşkil edilməsi xeyli vəsait tələb efir. Bəzən bizim xarici ölkələrdəki diaspor təşkilatlarımızın, icmaların maddi imkanları bunun üçün kifayət etmir. Ona görə dövlət bu məsələləri diqqətdə saxlamalıdır. Müxtəlif proqramların hazırlanması, onların həyata keçirilməsində Azərbaycan dövləti birbaşa iştirak etməlidir. Təbii ki, xaricdə fəaliyyət göstərən Azərbaycan cəmiyyətləri, milli-mədəniyyət mərkəzləri, icmaları arasında da əlaqələrin qurulması son dərəcədə vacibdir. Onların fəaliyətini koordinasiya edən regional mərkəzlərin sayı artırılmalıdır. Məsələn, ABŞ-da onlarla Azərbaycan cəmiyyətləri var, lakin bəzən o cəmiyyətlər bir-birlərini tanımırlar. Onların bir-biri ilə əlaqəsini yaratmaq məqsədilə səfirliklərimizdə diaspora işi ilə məşğul olan ştatlar açılmalıdır ki, koordinasiya işini həyata keçirsinlər.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31