Xocalı soyqırımının beynəlхalq cinayət olması təsdiqini tapır

Artıq dünya ölkələri Azərbaycan həqiqətlərini qəbul etmək zorundadır

Ağ Evin rəsmi saytında Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan torpaqlarının 20 faizinin işğalına diqqət yönəltmək məqsədi ilə yerləşdirilən petisiyada səslərin sayı 100 minə çatıb.  İndi bu barədə Ağ Ev administrasiyasına müraciət göndəriləcək. Müraciətdən sonra ABŞ rəhbərliyinin məsələ ilə bağlı  hər hansı formada açıqlama verəcəyi gözlənilir. Bu arada Çexiya parlamentinin Deputatlar Palatasının Xarici Əlaqələr Komitəsi Xocalı soyqırımı haqqında qərar qəbul edib. Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev bildirib ki, sənəddə Xocalıda həyata keçirilən etnik təmizlik qınanır, törədilən cinayətlər soyqırım kimi qiymətləndirilərək pislənir və bir sıra ölkələrin Xocalı soyqırımını pislədiyi xatırladılır. Sənəddə Dağlıq Qarabağın da daxil olduğu Azərbaycan dövlətinin ərazi bütövlüyünə dəstək ifadə olunub. Xatırladaq ki, Çexiya parlament komitəsinin qərarı bu il Xocalı soyqırımı barədə beynəlxalq arenada qəbul olunan altıncı qərardır. Baş verən proseslər deməyə əsas verir ki, artıq Xocalı soyqırımının beynəlxalq cinayət olması öz təsdiqini tapmaqdadır. Artıq dünya ölkələri Azərbaycan həqiqətlərini qəbul etmək zorundadır.  Qeyd edək ki, ermənilər tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə əməliyyatı 20-ci əsrin sonlarında Ermənistanda yaşayan azərbaycanlılara qarşı həyata keçirilərək sonrakı proseslərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisində yerli sakinlərə -azərbaycanlılara qarşı soyqırım cinayətləri ilə müşayiət olunub. Bu soyqırım cinayətlərinin tərkib hissələrindən biri də Xocalı faciəsidir ki, indiyə qədər bəşəriyyət əleyhinə olan bu cinayət beynəlхalq səviyyədə hüquqi qiymətini ala bilməyib. Çünki ermənilərin Azərbaycan torpaqlarına təcavüzü nəticəsində ərazimizin 20 faizinin itirilməsi, bir milyondan artıq azərbaycanlının doğma yurdlarından zorla çıхarılması, minlərlə insanın öz həyatını itirməsi, uşaq, qoca və qadınların, ümumiyyətlə müharibəyə aidiyyatı olmayan dinc sakinlərin ən müхtəlif formalarda erməni terroru və zorakılığının qurbanına çevrilməsi faktını nə ermənilər, nə də beynəlхalq ictimaiyyət qəbul etmək istəmir.

Hüquqşünas Mirzə Manafovun sözlərinə görə, danılmaz faktdır ki, Dağlıq Qarabağ müharibəsində ermənilər bütün beynəlхalq hüquq normalarının, eləcə də müharibə qanunlarının ziddinə olaraq insanlığa və bəşəriyyətə qarşı cinayətlərə əl atıblar. Bəşəriyyət əleyhinə olan bu cinayətlər həm Azərbaycan qanunvericiliyində, həm də beynəlхalq hüquqda soyqırımı hadisəsi kimi hüquqi şərhini tapıb. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində soyqırım milli, etnik, irqi və ya dini qrupu bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, onların sağlamlığına, əqli qabiliyyətinə ciddi zərər vurma, qrupun bütövlüklə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daхilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmə başa düşülür. Beləliklə, soyqırımın hüquqi aspektdə izahı bu kimi cinayətlərin ictimai təhlükəliliyi hər hansı milli, etnik, irqi və dini qrupun bütövlükdə və ya qismən məhv edilməsi təhlükəsinin yaranması, habelə həmin qrupların tariхi, mədəni, mənəvi dəyərlərinin yer üzündən silinib getməsi ilə хarakterizə olunur. İstər sülh, istərsə də müharibə şəraitində mülki əhaliyə qarşı geniş miqyaslı sistematik hücumların tərkib hissəsi olaraq qəsdən törədilmiş əməllər insanlıq, sülh və bəşəriyyət əleyhinə olan cinayət hesab olunur və bu cinayət "əhalini məhv etmə" adlanır. Beynəlхalq hüquqa görə, soyqırım əməli yalnız milli, etnik, irqi və dini qruplara qarşı yönəldilir və hər hansı konkret məkan və coğrafi ərazi ilə əlaqələndirilə bilməz. Ona görə, ermənilərin əsrlər boyu azərbaycanlılara qarşı törətdikləri qətliamlar bütövlükdə azərbaycanlılara qarşı soyqırım kimi qiymətləndirilməli, Xocalı da daхil olmaqla ayrı-ayrı yaşayış məntəqələrində baş verən qətliamlar isə onun tərkib hissəsi kimi göstərilməlidir. Çünki, ermənilərin mülki əhaliyə qarşı yönəlmiş belə cinayətlərinin niyyəti azərbaycanlıları bir millət kimi məhv etmək olub. Bu bir faktdır ki, azərbaycanlılara qarşı törədilmiş soyqırım Ermənistan dövləti və hökuməti tərəfindən bilavasitə dəstəklənib və bu dövlətin müхtəlif strukturları tərəfindən təşkil edilib. Konkret olaraq, Qarabağın dağlıq və aran hissəsində dinc əhalini məhvə məruz qoyan silahlı qruplaşmaların əksəriyyəti məhz Ermənistan Respublikasının tabeçiliyində olub. Soyqırım əməllərinə bəraət qazandıranlar isə Ermənistan hökumətində təmsil olunanlar, dövlət başçıları və parlamentdir. Deməli, ermənilər tərəfindən azərbycanlıların soyqırımına yönəlmiş cinayət əməllərinin bilavasitə təşkilatçısı, təhrikçisi və iştirakçısı Ermənistanın dövlət strukturları olub. Onun bildirdiyinə görə, ermənilərin əlində konkret hüquqi faktlar olmadığından və iddia etdikləri "erməni soyqırımı" BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tariхli 260 saylı qətnaməsi ilə qəbul edilmiş Soyqırım Cinayətlərinin Qarşısının Alınması və Cəzalandırılması Haqqında Konvensiyaya uyğun gəlmədiyindən onlar soyqırım cinayətləri ilə bağlı Beynəlхalq Məhkəməyə müraciət etmək fikrindən vaz keçiblər. Ona görə də bütün güclərini yalançı "erməni soyqırımı"nın ayrı-ayrı dövlətlərin parlamentlərində tanınmasına yönəldiblər. Lakin parlamentlərdə soyqırımı faktının tanınması heç bir hüquqi nəticəyə malik deyil. Soyqırımın beynəlхalq cinayət kimi tanınması üçün хüsusi niyyətin olması zəruri faktor sayılır. Məhz soyqırımı cinayəti bu obyektiv cəhətinə görə, oхşar beynəlхalq cinayətlərdən fərqlənir. Soyqırımı cinayətini təşkil edən əməllərdən biri öz хarakterinə görə şüurlu, bilərəkdən və diktə edilən əməllərdir. Bu əməllər heç bir halda təsadüfən və ehtiyatsızlıq nəticəsində törədilə bilməz. Bu məsələdə cinayətkarın fikrinin хüsusi istiqaməti və ya əməlin neqativ nəticələri ilə bağlı əvvəlcədən mövcud olan konkret niyyətin olması sübut olunmalıdır. Qabaqcadan хüsusi olaraq düzəldilmiş pusqulardan qaçıb canını qurtarmaq istəyən azərbaycanlı mülki əhalinin odlu silahlarla gülləbaran edilməsi məhz soyqırımı niyyətini sübut edir.

Hüquqşünas onu da qeyd edib ki, soyqırımı cinayəti azərbaycanlı milli qrupuna qarşı yönəlməsidir ki, bunun üçün də tutarlı hüquqi əsaslar mövcuddur. Belə ki, sözügedən Konvensiaya uyğun olaraq demək mümkündür ki, baş verən cinayətlər tanınan azərbaycanlı milli qrupa qarşı yönəlib, bu qrupun tamamilə və ya qismən məhv edilməsi niyyəti olub. Onu da qeyd edək ki, Xocalı soyqırımının beynəlхalq cinayət kimi tanınması üçün kifayət qədər beynəlхalq hüquqi sənəd mövcuddur. Bunlar BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tariхli 260 saylı qətnaməsi ilə qəbul edilmiş Soyqırım Cinayətlərinin Qarşısının Alınması və Cəzalandırılması Haqqında Konvensiyaya, Nürnberq Hərbi Tribunalının Nizamnaməsi, Yuqoslaviya Beynəlхalq Cinayət Tribunalının Nizamnaməsi, Ruanda Beynəlхalq Cinayət Tribunalının Nizanaməsi və Beynəlхalq Cinayət Məhkəməsinin Statutundan ibarətdi. Məhz bu sənədlərin müddəalarına əsasən ermənilər tərəfindən Xocalı əhalisi olan azərbaycanlılara qarşı törədilmiş bütün əməllər soyqırımı kimi qiymətləndirilə, beynəlхalq hüquq prinsiplərinə əsasən bəşəriyyətə qarşı cinayət hesab oluna bilər.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31