“Xaricdəki Azərbaycan cəmiyyətlərinə diqqət artırılmalıdır” - MÜSAHİBƏ
İsmayıl Ağayev: “Onlara nəzarət edilməlidir”
14 Fevral 2013 16:15 DiasporaBeynəlxalq Diaspora Mərkəzinin sədri, Dünya Azərbaycanlıları Konqresinin Azərbaycan nümayəndəliyinin rəhbəri İsmayıl Ağayevin "OLAYLAR"-a müsahibəsi
-İsmayıl müəllim, Beynəlxalq Diaspora Mərkəzinin 2013-cü illə bağlı fəaliyyət istiqamətləri artıq müəyyən edilibmi və bu il hansı tədbirlər keçirməyi nəzərdə tutursunuz?
-İlk növbədə "OLAYLAR" qəzeti və eyniadlı informasiya agentliyinə Azərbaycanın ictimai-siyasi həyatında baş verən hadisələrə, xüsusilə diaspora fəaliyyəti və azərbaycançılıq məfkurəsinə hər zaman diqqət yetirdiyinə görə təşəkkürümü bildirirəm. Azərbaycandan kənarda, Avropada ölkəmizdə işıq üzü görən qəzet və saytların fəaliyyət istiqamətləriini izləyərkən "OLAYLAR" qəzeti və saytının xüsusi yeri olduğunu görürəm. Beynəlxalq Diaspora Mərkəzi 2013-cü il üçün fəaliyyət istiqamətlərini artıq müəyyən edib. 2012-ci ilin son ayında mərkəzimiz konfransını keçirdi, ötən ilə qiymət verdi. Konfransda Beynəlxalq Diaspora Mərkəzinin İdarə Heyətinin yeni tərkibi seçildi. Əvvəlki heyətdən fərqli olaraq bu dəfə daha güclü və çalışqan, diaspora, QHT sektoru sahəsində çalışan insanlar İdarə Heyətində yer aldı. Həmçinin Avropa institutları ilə əməkdaşlıq istiqamətləri müəyyənləşdi. Beynəlxalq Diaspora Mərkəzi olaraq fəaliyyət istiqamətlərimz içərisində deportasiya, soyqırım, Dağlıq Qarabağ problemi, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması işlərini başlıca vəzifə hesab edirik. Keçən il də bunlar Beynəlxalq Diaspora Mərkəzinin əsas prioritetləri sırasında idi. Nə qədər ki, torpaqlarımız erməni işğalı altındadır bu məsələləri başlıca prioritetlər sırasından çıxarmamalıyıq. Bununla paralel olaraq Cənubi Azərbaycandakı soydaşlarımıza qarşı həyata keçirilən təqib və təzyiqlər, onların haqq və hüquqlarının qorunması Beynəlxalq Diaspora Mərkəzinin diqqət yetirəcəyi məsələlər sırasında yer alacaq. Bu il Beynəlxalq Diaspora Mərkəzinin əsas diqqət yetirdiyi məsələlərdən biri də Avropadakı nümayəndəliklərimizin sayının artırılması və onların qeydiyyat məsələsinin həll edilməsi olacaq. Avropada fəaliyyət göstərən çoxsaylı Azərbaycan diaspor təşkilatları ilə birgə əməkdaşlıq müqavilələrinin imzalanması, birgə mübarizənin təşkili də nəzərdə tutulur. Ən başlıcası odur ki, fəaliyyətimizi Dünya Azərbaycanlılarının üçüncü qurultayında qəbul edilmiş Dünya Azərbaycanlılarının Xartiyasına uyğun şəkildə quracağıq. Biz düşünürük ki, artıq küçələrdə, şəhərlərdə yürüş, mitinqlər keçirməkdən daha çox ayrı-ayrı ölkələrin parlamentləri, strateji mərkəzləri, ali təhsil ocaqlarında Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində iş aparmaq lazımdır. Bu istiqamətdə də mərkəz olaraq öz işlərimizi qururuq.
-Qarşıdan Xocalı soyqırımının 21-ci ildönümü gəlir. Bu münasibətlə Beynəlxalq Diaspora Mərkəzi hansı tədbirlər keçirməyi düşünür?
-Beynəlxalq Diaspora Mərkəzi olaraq Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı müvafiq tədbirlər planı üzərində işləmişik və müəyyən qərarlar qəbul etmişik. Soyqırımın ildönümü ərəfəsində Çexiyanın Praqa və Brno şəhərlərində fəaliyyət göstərən Avropanın tanınmış universitetlərindən olan G.T.Massarik adına Universitet və Brno Texniki Universitetində Xocalı dinləmələri keçiriləcək. Məqsəd 1992-ci il fevralın 26-da Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırım faktının dünya ictimaiyyətinə çatdırılması, erməni vəhşiliyinin nəticələri haqqında beynəlxalq aləmin məlumatlandırılması və azərbaycanlılara qarşı törədilmiş soyqırım faktlarının xarici KİV-lərdə işıqlandırılmasıdır. Məlumat üçün qeyd edim ki, keçən il də eyniadlı universitetdə Diasporla İş üzrə Dövlət Komitəsi ilə birlikdə faciənin 20-ci ildönümü ilə bağlı tədbir keçirmişdik. Bu il də "Xocalıya ədalət" kampaniyasına dəstək olaraq Massarik Universitetində çexiyalı alimlər və tələbələrin iştirakı ilə Xocalı soyqırımı ilə əlaqədar dinləmə keçirəcəyik. Tədbirdə Xocalı soyqırımı ilə bağlı film nümayiş olunacaq ki, həmin filmi də çex və ingilis dilinə tərcümə etmişik. Eyni zamanda tədbir zamanı iştirakçılara paylamaq üçün bukletlər hazırlanıb. Beynəlxalq Diaspora Mərkəzinin Avropa nümayəndəliyinin rəhbəri Azər Kərimovun təşkilatçılığı ilə keçiriləcək həmin tədbirdə Avropada tanınmış bir neçə elm adamı, alim və professorlar iştirak edəcək. Həmçinin tədbirə Avstriya, İsveçrə Krallığından nümayəndələr, Azərbaycan diasporunun təmsilçiləri, Çexiyada təhsil alan azərbaycanlı gənclər də qatılacaq.
-Tədbirin vaxtı dəqiqləşibmi?
-Bəli artıq tədbirimizin vaxtı müəyyənləşib. Fevralın 22-dən 26-dək Çexiyanın Brno şəhərindəki Massarik Universiteti, eləcə cə Çexiya Texniki Universitetində Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirəcəyik.
-Bu günlərdə Ağ Evin veb səhifəsində Xocalı soyqırımı ilə bağlı petisiya yerləşdirildi. Maraqlısı odur ki, nəzərdə tutulan 100 min imzanı toplamaq üçün bir xeyli vaxt lazım gəldi. Hətta cəmiyyəti hərəkətə gətirmək üçün müxtəlif təbliğat vasitələrindən istifadə edildi. Sizə elə gəlmirmi ki, cəmiyyət tədricən öz probleminə qarşı biganələşir?
-Biz ümumiyyətlə kollektiv oyunlar, yarışlar, münasibətlərdə həmişə düşmənlərimizdən geridə qalmışıq. Biz nə qədər özümüzü tərifləsək də reallıq göz qabağındadır. Erməni diasporu bir gün içərisində 20 milyon dollara yaxın ianə toplayır, ancaq biz 100 min imzanı zorla yığa bildik. Və ya bu gün Birləşmiş Ştatlarda, Avropada Xocalı soyqırımı ilə bağlı bir kampaniya keçirsək ora 200 manatdan artıq pul yığılmayacaq. Hər kəs fikirləşir ki, kimlər Azərbaycan Respublikasından gəlir əldə edir, qazanc götürür, onlar daha çox pul xərcləsinlər Ancaq nə qədər ki, ermənilər torpaqlarımızı işğal altında saxlayır, namusumuzu, şərəfimizi ləkələyirlərsə biz dayanmamalı, mübarizə aparmalıyıq. Hər bir azərbaycanlı bunu öz problemi kimi düşünməldir. Xocalıda məhv edilmiş, güllələnmiş insanları yaxınlarımız, ailə üzvlərimiz hesab etməliyik. Beynəlxalq Diaspora Mərkəzinin sədri, Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü olaraq hesab edirəm ki, Xocalıda şərəfi, ləyaqəti tapdalanmış ailənin bir üzvü də mənim ailəm olub. Ona görə də bir anda olsa mübarizədən yayınmıram, həm maddi, həm də fiziki imkanlarımı bu yola qoymuşam. Nə qədər ki, ermənilərdən qisas alınmayıb, torpağımız işğaldan azad edilməyib mən bu yoldan geri çəkilə bilmərəm. Son damla qanıma və nəfəsimə qədər mən bu yolda olacam. Əks halda biz heç nəyə nail ola bilməyəcəyik. Hesab edirəm ki, bu kimi məsələlərdə insanların milli məfkurəsinin artırılması, bu istiqamətdə çox ciddi işlərin aparılmasına böyük ehtiyac var. Bir aya yaxın müddət ərzində 100 minlik imzanı zorla toplaya bilmişiksə, bu özü dəhşətli bir bəladır. Ciddi düşünmək lazımdır. Xüsusilə, bununla bağlı müvafiq qurumlar düşünməlidir. Xarici ölkələrdə fəaliyət göstərən diaspor təşkilatlarımız, fövqəladə və səlahiyyətli səfirliklərimiz, Azərbaycan icmaları bundan sonra ciddi şəkildə düşünməli və növbəti mərhələlərdə bu cür problemlərlə qarşılaşmamağımız üçün müəyyən tədbirlər görülməlidir. Televiziya kanallarında iş aparılmalı, müzakirələr keçirilməli, insanlarda torpağa, vətənə qarşı məhəbbət hissi artırılmalıdır. Eyni zamanda bu istiqamətlərdə fəal olan insanlar, ayrı-ayrı təşkilatlar qiymətləndirilməlidir. Bu o demək deyil ki, millətin haqq işi ilə məşğul olduğuna görə kimsə nəyisə gözləməlidir. Sadəcə məsələ ondadır ki, işləyənlə işləməyən, batillə zahirin qiyməti verilməlidir. Əgər bu gün Azərbaycanı qanından, canından, həyatından, hər şeydən çox sevən bir insanı, Beynəlxalq Əsilsiz Erməni İddialarına Qarşı Mübarizə Dərnəyinin rəhbəri Göksəl Gülbəyi ləkələyir, ona şər atır, nahaqdan böhtan atıb onu ermənilərlə işbirliyində günahlandırırlarsa buna nə ad vermək olar? Maraqlı odur ki, onu kimlər günahlandırır, özünü millətçi hesab edənlər. Əgər Göksəl Gülbəy əlində Azərbaycan bayrağı, Xocalıda qətlə yetirilən azərbaycanlıların şəkilləri olmaqla bütün dünyanı gəzir, Azərbaycanın haqq səsini dünyaya çatdırır, Ermənistan prezidentini insan qatili kimi ittiham edirsə biz bundan qürur duymalı, ona dəstək verməliyik. Ancaq biz nə edirik? Bütün bunların qarşılığında Göksəl Gülbəyə şər-böhtan atırıq. Onu mükafatlandırmaq əvəzinə ermənilərlə işbirliyində günahlandırırqsa, Azərbaycan üçün iş görmək, dövlətimizi təbliğ etmək istəyən digər insanlar da bundan yayınırlar. Əgər yaxşı ilə pisə düzgün qiymət verilmirsə, o halda insanlarda olan işləmək, çalışmaq həvəsi də itir. Bir məqama da diqqət çəkmək istəyirəm. Bir müddət əvvəl İsveçin Malmo şəhərində keçiriılən Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin toplantısında iştirak etdim. İdarə Heyətinin yığıncağından sonra bu şəhərdəki Azərbaycan diaspor təşkilatları, soydaşlarımızın oradakı durumu ilə maraqlandım. Məlum oldu ki, 400-500 minlik bir şəhərdə Azərbaycanıla bağlı 10-a yaxın təşkilat fəaliyyət göstərir. Ancaq təssüfedici məqam ondan ibarətdir ki, həmin təşkilatların əksəriyyəti bir-birini qəbul etmir, danışmırlar. Yalnız bir-birilərini aşağılamaq üçün mübarizə aparırlar. Nəticə etibarilə Azərbaycan üçün görülən işlərin həcmi azalır, millətimiz, xalqımız barədə mənfi rəy formalaşır. Düşməni özümüzə güldürməmək üçün hər şeyin yaxşı olduğunu deyirik. Ancaq etiraf etmək lazımdır ki, bəzi çatışmamazlıqlarımız, problemlərimiz var. Əgər kimsə Azərbaycan bayrağını əlinə alıb ölkəmiz uğrunda çalışdığını bəyan edirsə, o halda ümumi bir istiqamətdə danışmalıdır. Hər kəsin öz istədiyi kimi oyun oynaması, siyasət aparmasına son qoyulmalıldır. Vətən, torpaq, millət uğurunda çalışmağın da ümumi qaydaları olmalıdır. Hesab edirəm ki, xaricdəki Azərbaycanicma və cəmiyyətlərinə diqqət artırılmalı, onlara Xarici İşlər Nazirliyi və ya səfirliklər çərçivəsində nəzarət edilməlidir. Eyni zamanda Diasporla İş üzrə Dövlət Komitəsi bu istiqamətdəki işini daha da aktivləşdirməlidir. Diasporla İş üzrə Dövlət Komitəsi diaspor fəaliyəti ilə məşğul olan qeyri hökumət təşkilatları ilə iş aparmalıdır. Artıq kabinetlərdən çıxıb diaspor təşkilatları ilə müntəzəm görüşlər keçirmək lazımdır. Hətta bu sahədə ermənilərin və yəhudilərin təcrübəsinə də nəzər yetirmək, onların diaspora işini öyrənmək zəruridir. Ermənilər düşməndə olsa, biz onların təcrübəsinə diqqət yetirməliyik.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
rə təşəkk