Azərbaycanlıların Amerikaya mühacirəti

Soydaşlarımızın okeanın o tayına mühacirəti 4 mərhələni əhatə edir

Azərbaycanlıların Birləşmiş Ştatlara mühacirəti barədə dəqiq tarixi məlumat yoxdur. Bəzi mənbələrdə XVII əsrdə Amerikaya Rusiyadan, Osmanlı Türkiyəsindən və Azərbaycandan mühacirlərin getməsi barədə fikir söylənilir. Lakin bu fikirlər rəsmən təsdiqlənmir. Bu səbəblə Birləşmiş Ştatlara azərbaycanlıların mühacirət tarixi XIX əsrin sonu-XX əsrin əvvəlindən götürülür ki, okeanın o tayına miqrasiya etmiş həmvətənlərimiz azərbaycanlı kimi qeydiyyata məhz bu tarixdən etibarən düşməyə başlayıblar. Birləşmiş Ştatlara köçən ilk soydaşlarımız əsasən tacirlər və ziyalı təbəqəsi idi. Şərti olaraq Birləşmiş Ştatlara Azərbaycan mühacirətini 4 dövrə bölmək olar. Ümumiyyətlə isə Birləşmiş Ştatlarda yaşayan azərbaycanlıların sayının 400 min nəfərdən artıq olduğu təxmin edilir. Son illərdə istər Şimali Azərbaycan, istərsə də Cənubi Azərbaycandan Birləşmiş Ştatlara köç edən soydaşlarımızın sayının artması Amerikadakı azərbaycanlıların say tərkibinə də öz təsirini göstərib.

Birinci dövr-XIX əsrin sonu-XX əsrin 20-ci illəri-Bu dövrdə Azərbaycandan Birləşmiş Ştatlara köçən mühacirlərin tərkibi yəhudilər, ermənilər və Azərbaycan türklərindən ibarət idi. İran təbəəsi, rus təbəəsi kimi qeydiyyata düşən azərbaycanlıların milli mənsubiyyəti rus və iranlı olaraq göstərilirdi.

İkinci dövr-1920-1940-cı illər-Bu illər arası Birləşmiş Ştatlara axını güclənən azərbaycanlıların burada məskunlaşma səbəbi siyasi mühacirət idi. 1920-ci ildə bolşeviklərin Azərbaycan Demokratik Respublikasını süquta uğratmasından sonra Avropa və Asiya ölkələri ilə yanaşı, Amerikaya da köçən azərbaycanlıların siyasi fəaliyyəti bir qədər artmışdı. Lakin onların burada nə sosial, nə də formalaşmış icması yox idi. Azərbaycanlılar pərakəndə halda bir neçə ştatda məskunlaşmışdılar. Zamanla Azərbaycan icması formalaşmağa başladı ki, bunun da təşkilatçısı ziyalı təbəqəsi idi.

Üçüncü dövr-1945-ci ildən 1990-cı illərə qədər olan dövr-Bu illər arası Birləşmiş Ştatlara köçən azərbaycanlıların əksər hissəsini II Dünya müharibəsində əsir düşmüş azərbaycanlı əsgərlər və Cənubi Azərbaycandan miqrasiya edən soydaşlarımız təşkil edirdi. İkinci dünya müharibəsindən sonra Birləşmiş Ştatıarda Azərbaycan diasporunun təşkilatlanma işi güclənməklə siyasi fəallıq dövrü başlandı. Türkiyədən, Cənubdan və Şimaldan köçən azəbaycanlılar pərakəndə halda olsalar da, siyasi fəaliyyətə maraq göstərirdilər. İlk dəfə olaraq 1947-ci ildə Türkiyədən Birləşmiş Ştatlara köçən soydaşlarımızın "Azərbaycan" cəmiyyətini yaratması mühüm tarixi hadisə idi. Saleh bəy Şeyxzamanovun rəhbərliyi ilə fəaliyyətə başlayan "Azərbaycan" cəmiyyəti Nyu-York şəhərində yerləşirdi. "Zəbt olunmuş millətlər" adlı keçmiş milli respublikaların təşkilatlarının birləşdiyi birliyin üzvü olan "Azərbaycan" cəmiyyəti Amerika hökumətinin yardımı ilə fəaliyyət göstərirdi.

İkinci dünya müharibəsindən sonra soydaşlarımızın əsas problemi Amerikada yaşamaq hüququ əldə etmək üçün sənəd verərkən milliyətin rus və ya iranlı yazılması idi. 1940-cı ildə yaradılan "Amerika Komitəsi" azərbaycanlıların da hüquqlarını qoruyurdu. Soydaşlarımızın öz haqq səslərini dünya birliyinə çatdırmaqla yanaşı, sovetlərdə işğal altında olan Azərbaycanın müstəqilliyinin bərpası istiqamətində işlərini fəallaşdılar. İlk dəfə olaraq 1954-cü ildə Azərbaycan mühacirətinin tanınmış nümayəndəsi Zahid xan Xoyski 1984-cü ildə Amerikanın ali qanunverici orqanında çıxış etdi. Zahid xan Xoyski Konqresə Sovetlər Birliyinə daxil olan respublikalar haqqında məsələnin müzakirəsi ilə əlaqədar Azərbaycan təmsilçisi kimi dəvət olunmuşdu. Zahid xan Xoyski Azərbaycan müstəqilliyinin bərpası barədə çıxış etmiş və vətənimiz barədə ətraflı məlumat vermişdi.

1942-ci ildə açılan "Amerikanın səsi" radiostansiyası vasitəsilə Azərbaycan və azərbaycanlılar barədə informasiyalar verilir, milli kimliyimizin, musiqimizin, ədəbiyyatımızın, dilimizin, mətbəximiz və digər ənənələrimizin qoruyub saxlanılması və təbliğinə xidmət edən proqramlar fəaliyyət göstərirdi. Avropada yaşayan soydaşlarımızın bir qisminin 1990-cı ilə qədər olan dövr ərzində Birləşmiş Ştatlara köçməsi diasporumuzun daha da güclənməsinə və say tərkibinin genişlənməsinə səbəb oldu. Bu miqrasiyanın məntiqi nəticəsi olaraq Azərbaycan diaspor təşkilatlarının da sayı artırdı. İlk zamanlar yaşlı nəsil bir-birilərilə müxtəlif klub və cəmiyyətlər vasitəsilə əlaqə qururdusa, zaman öz işini görürdü və insanlar yaşa dolduqca əlaqələr zəifləyirdi.

Birləşmiş Şltatların ali məktəblərində hüquq, iqtisadiyyat, texniki elmlər üzrə ixtisaslaşıb öz sahələri üzrə məşhurlaşan soydaşlarımız da az olmayıb və onların çoxu bu gün də Birləşmiş Ştatlarda yaşayır. Amerikanın neft, texnika, iqtisadiyyat, kosmik tədqiqatlar, hüquq sahələrində nüfuz əldə edən soydaşlarımız haqqında danışarkən NASA-da tanınmış mütəxəssis Cavad Herti, dünyaşöhrətli alim Əli Əsgər Lütfizadə, qaz lazerini kəşf edərək 1993-cü ildə Albert Eynşteyn mükafatına layiq görülən Əli Cavan, neft sənayesi üzrə məşhur alim Bican Fəzullahi, neft biznesmeni və neft sənayesi üzrə mütəxəssis Firudin Əminzadə və digər şəxslərin adlarını çəkmək mümkündür.

Dördüncü dövr-1990-cı illərdən sonrakı dövr-Azərbaycan Respublikası 1991-ci il, oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdikdən sonra azərbaycanlıların Qərb ölkələrinə, xüsusilə Birləşmiş Ştatlara miqrasiyası başladı. Bu prosesin iştirakçıları ziyalılar, elm və mədəniyyət xadimləri, eyni zamanda iş tapmaq ümidi ilə Amerikaya üz tutanlar idi. Azərbaycanlıların mqirasiyası Birləşmiş Ştatlardakı diasporun fəaliyyətinə də öz təsirini göstərdi. Diasporumuz ilk növbədə Bakıda 1990-cı ildə ruslar tərəfindən həyata keçirilən Qanlı yanvar hadisəsinə etiraz səsini ucaltdı. Bunun ardınca 1997-ci ildə qəbul edilən ədalətsiz 907-ci düzəlişə qarşı Amerika azərbaycanlılarının çıxışı başladı. Dağlıq Qarabağ ətrafında Ermənistanın təcavüzkarlıq siyasəti və Birləşmiş Millətlər Təşkilatının 1992-ci ildə qəbul etdiyi qətnamələrə əməl edilməməsi və 1992-ci il, fevralın 26-da əsrin faciəsi-Xocalı soyqırımının  baş verməsi Birləşmiş Ştatlarda Azərbaycan diasporu tərəfindən ciddi etirazla qarşılandı.

Azərbaycanlılar kompakt halda Nyu-York, Los-Anceles, Batton-Rus, Miçiqan, Nyu-Cersi, Vaşinqton və digər şəhərlərdə məskunlaşıblar. Azərbaycanlılar ən çox biznes və xidmət sferalarında fəaldırlar. Birləşmiş Ştatlarda özünü Azərbaycan diasporunun nümayəndələri hesab edən bakılı yəhudilərin də fəaliyyəti xüsusi qeyd edilməlidir. Azərbaycan naminə gördüyü işləri müsbət qiymətləndirən Azərbaycan yəhudiləri "Evreyskiy mir", "Veçnıy Nyu-York", "Ruskaya reklama", "Nevstay" kimi mətbu orqanlarında Azərbaycanı dəstəkləyirlər. Bu gün Los-Anceles, Pitt Kalambus, Vest-Delfiya şəhərlərində formalaşmış "Tehranseles", "Bakl-Kalambus", "Təbrizfiya" məhəllələrində xeyli sayda azərbaycanlı yaşayır. Pitt Kambusda ingilis və ispan dillərilə yanaşı, Azərbaycan dilində reklam və elanlara da rast gəlmək olur. 2001-ci ildə azərbaycanlı Mehmet Azəri Vest-Delfiyada mer vəzifəsinə seçilib. San-Fransisko, Los-Anceles, Vaşinqtonda Azərbaycan dilini radiodalğalarda eşitmək olur. Azərbaycanlıların və türklərin yaxınlaşması prosesi sürətlənməkdədir və türkdilli mediada Azərbaycan müəlliflərinin yazıları və çıxışlarına çox yer verilir.

Birləşmiş Ştatlarda Türkiyə və Azərbaycana qarşı erməni, yunan diasporlarının fəaliyyətinə layiqli cavablar verilməsi faktı ilə də qarşılaşmaq olar. Uydurma "erməni soyqırımı", "907-ci düzəliş", Kipr, "kürd" məsələləri gündəmə gələndə, Azərbaycan diasporu da türk diasporu ilə yanaşı mübarizəyə qoşulur, müraciətlər qəbul edir, etiraz səslərini ucaldır. Azərbaycanı təbliğ edən sərgilər, konfranslar və digər tədbirlər Birləşmiş Ştatlarda son zamanlar daha çox keçirilməkdədir. Birləşmiş Ştatıarda işıq üzü görən populyar kütləvi informasiya vasitələri və çoxtirajlı qəzetlərin səhifələrində də Azərbaycan və Azərbaycan diasporu barədə müsbət yazılara rast gəlmək mümkündür.

Amerika azərbaycanlıları Birləşmiş Ştatlar hökumətinə zaman-zaman "907-ci düzəliş",  Dağlıq Qarabağ problemi, Cənubi Azərbaycanda insan hüquqları və s. mövzularla bağlı bəyanatlar göndərirlər. Amerikanın ali məktəblərindəm diaspor təşkilatlarında vətənlə əlaqələr qurulması istiqamətində canlanma hiss olunur. 20 Yanvar, Xocalı soyqırımı kimi faciəli günlərimizi anma tədbirləri ilə yanaşı, Novruz bayramı, 28 may-İstiqlal Günü, 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və digər milli bayramlarımız böyük və təntənəli şəkildə keçirilir. 2001-ci ilin 11 sentyabr hadisələri zamanı azərbaycanlıların amerikalılarla birgə olması Birləşmiş Ştatlardakı Azərbaycan diasporunun mövqeyini gücləndirdi. Bu proses indinin özündə də müsbət istiqamətdə davam edir və konqresmenlər arasında Azərbaycanpərəst şəxslərin sayı artmağa başladı. Artıq Birləşmiş Ştatların siyasi və rəsmi dairələrində Azərbaycan diasporunun dəstəklənməsi müşahidə olunur. Azərbaycanın haqlı olması.barədə müsbət çıxışlar edilir, fikirlər səslənir. Birləşmiş Ştatlara hər səfərində ümummilli lider Heydər Əliyevin azərbaycanlılarla tez-tez görüşməsi birləşməyə və həmrəyliyə təkan verirdi. Bu kimi görüşlər zamanı ümummilli lider Dağlıq Qarabağ məsələsini önə çəkərək azərbaycanlıların bu istiqamətdə işlərini və qüvvələrini səfərbər etmələrini tövsiyyə etmişdir. Ümumiyyətlə, dövlət səviyyəsində diaspora sahəsinə diqqət artdıqca Birləşmiş Ştatlardakı Azərbaycan diasporunun fəaliyyəti də güclənir. Bu gün Birləşmiş Ştatlarda yaşayan soydaşlarımız kütləvi informasiya vasitələri ilə əlaqə sahəsində və diasporun təşkilatlanması sahəsində bir sıra uğurlar əldə ediblər.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31