Dağıstan azərbaycanlıları

Dağıstanda azərbaycanlıları diaspor hesab etmək olmaz. Çünki onlar bu respublikanın Konstitusiyasında qeyd olunmuş  14 köklü, titullu xalqlardan biridir. Soydaşlarımız Dağıstanın ali orqanı olan Dövlət Şurası və Xalq Məclisi də daxil olmaqla bütün dövlət strukturlarında təmsil olunurlar. Respublikanın seçki qanununa görə,  seçki dairələri milli prinsiplərə əsasən müəyyənləşdirilib. Ona görə də azərbaycanlıların milli hüquqlarının qorunması ilə bağlı vəziyyət digər respublikalardan yaxşıdır.

Ötən əsrin əvvəllərinin rəsmi məlumatlarına görə, Dağıstanda azərbaycanlıların sayı 90 min 423 nəfər təşkil edir. Bu isə respublika  əhalisinin 4,3 faizi deməkdir. Onların təqribən yarısı iqlim şəraiti ən əlverişli olan rayonlarda-Dərbənd, Tabasaran, həmçinin Rutul,  və Hizlər ərazilərində kompakt şəkildə məskunlaşıblar. Şəhərli azərbaycanlılar əsasən Dərbənd, Dağıstan işıqları, həmçinin Məmmədqala və Belidcaşəhər tipli qəsəbələrində yaşayırlar. Dağıstanda yaşayan azərbaycanlılar miqrasiya proseslərinə məruz qalmayıblar. Soydaşlarımızın illik miqrasiya saldosu bu respublikada cəmi 4 nəfər təşkil edir.

Dağıstan xalqlarının digər nümayəndələri kimi azərbaycanlıların milli dillərini, adət və ənənələrini, həyat quruluşlarını qorumaq və inkişaf etdirmək imkanları var. Soydaşlarımızın kompakt yaşadığı ərazilərdə 79 məktəb və milli dilin tədris edildiyi 11 məktəbəqədər təsisat fəaliyyət göstərir. Azərbaycan Milli Məclisinin latın qrafikasına keçidlə əlaqədar qərarı müəyyən zaman kəsimində tədrisdə bəzi çətinliklər yaradırdı. Lazım olan tədris-metodiki ədəbiyyat Azərbaycandan daxil olurdu. Bununla da müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizin vahid mədəni-təhsil sahəsi saxlanılırdı. Azərbaycan dilini tədris edən pedoqoji kadrların hazırlanması və ixtisaslarının artırılması Dərbənd ali pedoqoji kollecində, həmçinin Azərbaycanın ali təhsil müəssisələrində həyata keçirilirdi.

Dağıstanda ənənəvi mədəniyyət kənd mədəniyyət evlərində inkişaf etdirilir. Dağıstanda azərbaycanlıların xalq çalğı alətləri ansamblları, "Gülüstan" ədəbi birliyi, 2 xalq və 1 dövlət teatrı, müxtəlif milli-mədəni hərakatları fəaliyyət göstərir. Həmçinin Dövlət Teleradio Komitəsinin "Dağıstan" radiosunda Azərbaycan dilində proqramlar yayımlanır. "Dərbənd" və "Vətən" qəzetləri doğma dildə nəşr olunur. Ən əsası isə odur ki, azərbaycanlıların daha çox cəmləşdiyi Cənubi Dağıstanda təqribən 10 ildir ki, ildə 6 min 340 saat Azərbaycan milli televiziyasının verilişləri translyasiya olunur. Bu azərbaycanlıların milli mədəniyyətləri ilə təmasda yaranan boşluğu aradan qaldırır. Digər xalqlardan fərqli olaraq burada yaşayan azərbaycanlıların əksər hissəsi İslamın şiə qanadına mənsub olduğundan, 1992-ci ildə əvvəllər Dağıstanın şiə icmasına məxsus olan respublika uşaq idman məktəbinin binası yenidən sahiblərinə qaytarılıb. Bundan başqa Qafqaz Müsəlmanları İdarəsinin Dərbənd və Mahaçqalada nümayəndəliyi fəaliyyət göstərir. Sərhədlər müəyyən olunandan sonra Dağıstanın kitabxana fondunda problemlər yaranıb. Əvvəllər Azərbaycan dilində  ədəbiyyat buraya Bakıdan göndərilirdi. İndi isə bu sferada kitab mübadiləsinin yeni formasının axtarılıb tapılması istiqamətində işlər görülür.

Yerli idarəetmə orqanlarınınr rəhbərləri olan azərbaycanlılar kadr məsələlərinin həllindən narazılıqlarını ifadə edirlər. Belə ki, azərbaycanlıların cımi 2 faizi respublika dərəcəli idarəetmə orqanlarında təmsil olunurlar. Rəsmi Mahaçqala problemləri etiraf edir və  bildirir ki, vəziyyəti qaydaya salmaq məqsədilə zaman-zaman müvafiq tədbirlər həyata keçirilir. Lakin Dağıstanda yaşayan azərbaycanlıların problemləri yalnız bununla bitmir. Dağğıstan hökumətində qeyd edirlər ki, parçalanmış xalqların Rusiya-Azərbaycan sərhəddi vasitəsilə maneəsiz təmas qurmaları üçün şərait yaratmaq lazımdır.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31