Məcburi miqrasiya və köçürülmə siyasətinin diasporun formalaşmasına təsiri
1 Fevral 2013 16:29 DiasporaXX əsrin 30-cu illərində azərbaycanlılara qarşı yeni represiya dalğası başladı. Keçmiş SSRİ Nazirlər Sovetinin 9 yanvar, 1937-ci il tarixli qərarı ilə Cənubi Azərbaycandan olan 2500 azərbaycanlı İran dövləti ərazisinə deportasiya olundu. 700 azərbaycanlı ailəsi isə qondarma əks-inqilabi fəaliyyətdə ittiham edilərək repressiyaya məruz qaldı. Təkcə 1937-38-ci illərdə əməkdaşları əsasən rus, yəhudi və ermənilərdən ibarət olan Azərbaycan SSR XDİK-in hazırladığı qondarma ittiham işləri əsasında 1700 nəfər uydurma "cinayət" işinə görə məsuliyyətə cəlb olunmuşdu. "Azneft işi" üzrə isə 300-dən artıq adam repressiyaya məruz qalmışdı. Qeyd etmək lazımdır ki, bu dövrdə Azərbaycan SSR vətəndaşlarından 40 min nəfər cinayət məsuliyyətinə cəlb edilmişdi. Bütövlükdə isə bu illərdə Azərbaycan SSR-nin 70 min nəfər vətəndaşı repressiyaya məruz qalmışdı ki, onların 29 min nəfərini ziyalı təbəqənin nümayəndələri təşkil edirdi. Onlardan Hüseyn Cavid, Salman Mümtaz, Əhməd Cavad, Mikayıl Müşfiq, Yusif Vəzir Çəmənzəminli və başqalarının adlarını çəkmək olar. Bütövlükdə isə 1937-1938-ci illərdə Orta Asiya respublikaları və Qazaxıstan SSR ərazisinə Azərbaycan və Ermənistan SSR-nin sərhədyanı ərazilərindən, eləcə də Cənubi Azərbaycandan olan 2000 azərbaycanlı ailəsi deportasiya olunmuşdu. Bu ailələrin deportasiya olunması Xalq Komissarları Sovetinin 19 yanvar, 1938-ci il tarixli qərarı ilə 8 oktyabr 1938-ci ildə qəbul etdiyi 1014-256 saylı qətnaməsi əsasında həyata keçirilmişdi. Beləliklə, 1938-1940-cı illərdə Cənubi Azərbaycandan olan həmvətənlərimiz məcburi surətdə SSRİ rəhbərliyinin deportasiya siyasətinin qurbanı olmuşdular. Həmin dövrdə deportasiyaya məruz qalmış azərbaycanlılar sonrakı illərdə bu respublikalarda Azərbaycan icmasının təmsilçilərinə çevrilmiş, cəmiyyət və təşkilatlar yaradaraq diasporumuzun formalaşdırılması prosesinə təkan vermişdilər. Burada bir məqamı da qeyd etmək lazımdır ki, Cənubi Azərbaycandan olan həmvətənlərimizin tarixi taleyində XX əsrin 30-40-cı illəri xüsusi mərhələ təşkil edir. Belə ki, 1941-1945-ci illər müharibəsi ərəfəsində RSFSR, Qazaxıstan SSR və Orta Asiya respublikaları ərazilərinə 6 min nəfər Cənubi Azərbaycandan olan həmvətənlərimiz deportasiya olunublar. Beləliklə, 1920-1991-ci illər ərzində Azərbaycan xalqı onun milli mənafeyinə zərbə vuran siyasi qərarların qurbanı olub və bunun nəticəsi olaraq onun əhəmiyyətli hissəsi məcburi miqrasiya prosesinə məruz qalıb. Doğrudur, Cənubi Azərbaycandan olan azərbaycanlılara 1928 və 1936-cı illərdə sovet vətəndaşlığını qəbul etmək təklifi edilən zaman onlar tərəfindən bunun qəbul edilməməsi, onların Azərbaycan SSR-dən deportasiyası ilə nəticələndi. Bu proses bir növ "daxili miqrasiya" xarakteri daşıyırdı. Lakin onu da qeyd etmək lazımdır ki, bu "daxili" miqrasiyaya məcbur edilənlərin əksəriyyəti İran şah hakimiyyətinin repressiyasının qurbanı oldu. Hazırda Cənubi Azərbaycandan olan 8 milyon azərbaycanlı mühacir xarici ölkələrdə yaşayır. Onlardan 1 milyon nəfəri siyasi mühacir kimi Qərbi Avropa ölkələri və Birləşmiş Ştatlarda məskunlaşıb. Müasir İran İslam Respublikasında isə 20-22 milyon azərbaycanlı yaşayır. Onlar da öz növbəsində İranda Azərbaycan diasporunu təmsil edirlər.
Sovet hakimiyyəti dövründə azərbaycanlıların məcburi miqrasiyası XX əsrin 30-40-cı illərinə təsadüf edir. Belə ki, göstərilən dövrdə Azərbaycan SSR-dən Qazaxıstan SSR və Sibir ərazilərinə on minlərlə azərbaycanlı sürgün olundu. Ölkəmizin Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfirliyinin verdiyi rəsmi məlumata görə, təkcə repressiya illərində həlak olan azərbaycanlıların sayı 150 min nəfər təşkil edirdi ki, onların da 28 min məhkəmə qərarı olmadan belə güllələnmişdi.
1944-cü ilin yazında SSRİ dövlətinin qərarı ilə Gürcüstan SSR-nin paytaxtı Tiflis şəhərindən ümumi 3240 nəfər olan 608 azərbaycanlı və kürd ailəsi respublikanın Axalsıx, Borçalı və Qarayazı bölgələrinə zorla köçürüldü. 1949-cu ilin may ayında isə respublikadan köçürülən azərbaycanlı xüsusi köçkünlərin sayı 24304 nəfər idi ki, onlar artıq 1945-56-cı illərdə xüsusi köçkünlər sıyahısından silinmişdilər. 1947-ci il, dekabrın 23-də keçmiş SSRİ Nazirlər Soveti "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında" 4083 saylı qərarı verdi. Bu qərarın davamı olan 1948-ci il, 10 mart tarixli "Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında" adlı yeni bir qərar qəbul olundu. Bu iki qərara görə 100 min nəfər azərbaycanlı əhali öz tarixi-etnik torpaqlarından deportasiyaya məruz qaldı. Qeyd etmək lazımdır ki, o zaman Ermənistan SSR adlı ərazidə 400 mindən artıq azərbaycanlı yaşayırdı. 1948-1950-ci illər ərzində Ermənistan SSR ərazisindən 58185 nəfər deportasiyaya məruz qalmışdı. Ümumiyyətlə isə, üç mərhələdə həyata keçirilən bu tədbirlər nəticəsində keçmiş Ermənistan SSR ərazisindən göstərilən illərdə yüz min nəfər azərbaycanlı köçməyə məcbur edilmişdi. Həmin soydaşlarımız da sonrakı illərdə Azərbaycan diasporunun nümayəındələri olaraq ölkəmizin təbliği istiqamətində fəaliyyət göstərdilər, Azərbaycanı təmsil etdilər.
1941-1945-ci illərdə Azərbaycan SSR əhalisinin 700 min nəfəri cəbhəyə səfərbər olmuşdu. Onlardan döyüş cəbhələrində həlak olan, əsir düşən və geri qayıtmayanların sayı ən az; 300 min nəfər təşkil edirdi. Hərbi əməliyyatlar nəticəsində əsir düşən azərbaycanlıların bir qismini Türkiyə, İran, Birləşmiş Ştatlar, Fransa, Polşa və digər Qərbi Avropa ölkələrində qalmağa məcbur etmişdilər. Belə bir faktı da qeyd etmək lazımdır ki, müharibəyə qədərki dövrdə keçmiş SSRİ dövlətinin ərazisində miqrasiya prosesləri nəticəsində azərbaycanlıların da bir qismi keçmiş sovet respublikalarında məskunlaşmışdılar. 1941-ci ilin sentyabr;nda keçmiş SSRİ dövləti 1920-ci ildə SSRİ-İran arasında imzalanmış müqavilənin 6-cı maddəsinə əsasən SSRİ-nin cənub sərhədlərində təhlük' yarandığı üçün öz qoşunlarını İranın C'nubi Azərbaycan ərazisinə yeritdi və bu ərazilər 1946-cı ilin dekabr ayına qədər SSRİ qoşunlarının nəzarəti altında qaldı. 1945-ci ilin noyabr-dekabr aylarında Cənubi Azərbaycanda Seyid Cəfər Pişəvərinin başçılığı altında Milli Hökumət yaradılaraq fəaliyyətə başladı. Bu zaman Azərbaycan SSR-yə rəbərlik edən Mircəfər Bağırovun əsas məqsədi Cənubi Azərbaycanın birləşdirilməsinə nail olmaq idi. Lakin həyata keçirilən bütün tədbirlərə baxmayaraq, keçmiş SSRİ rəhbərliyinimn, Birləşmiş Ştatlar və İngiltərənin Azərbaycan xalqına qarşı tutduqları düşmən mövqe nəticəsində bu tarixi missiyanın gerçəkləşməsinə imkan verilmədi. SSRİ hökumətinin qərarı ilə Sovet qoşun hissələri Cənubi Azərbaycandan çıxarıldı və İran hökuməti Birləşmiş Ştatlar və İngiltərə dövlətlərinin hərbi-siyasi yardımına arxalanaraq Cənubi Azərbaycan Milli Hökuməti üzvlərinə və sadə vətəndaşlara divan tutdu. Nəticədə 30 min azərbaycanlı öldürüldü və sürgün edildi, 15 minə qədər azərbaycanlı isə Azərbaycan SSR-nin ərazisinə qaçmağa məcbur oldu.
1941-ci ilin sonunda faşist Almaniyası əsir düşmüş bir çox millətlərin, o cümlədən azərbaycanlıların nümayəndələrindən milli legion adlanan hərbi hissələr təşkil etməyə başladı. Alman faşistlər Türkistan, gürcü, erməni və Qafqaz müsəlman legionlarını yaratdılar. O zaman Sovet-Alman cəbhəsində könüllü olaraq əsir düşənlərin sayı 2 milyon nəfərə çatırdı. Onlardan 25-35 min nəfəri azərbaycanlı idi. Müxtəlif mənbələrin verdikləri məlumata görə, müharibənin ilk 6 ayı ərzində əsri düşmüş keçmiş SSRİ vətəndaşlarının sayı 5 milyon nəfər təşkil edirdi ki, onlardan 150 min nəfərinin azərbaycanlı olduğu bildirilir. Müharibə zamanı əsir düşən azərbaycanlıların böyük əksəriyyəti fürsət düşdükcə əsirlikdən qaçır, işğal olumuş keçmiş SSRİ, Şərqi, Qərbi və Cənubi Avropa ölkələrində faşist Almaniyasına qarşı başlanan partizan və milli müqavimət hərəkatına qoşulurdular. Doğrudur, onların bir qismi iştirak etdikləri partizan və müqavimət hərəkatında cəsarətlə vuruşmuş və həlak olmuşdular. Lakin bir çoxları müharibədən sonra "xalq düşməni" kimi mühakimə olunaraq güllələnmiş və ya Sibirə sürgün edilmişdilər. Kəskin soyuqlar və qeyri-normal hava şəraiti azərbaycanlıların bir qisminin həyatını itirmıəsi ilə nəticələnsə də, lakin çətin məhrumiyyətlərə dözərək sağ qalmış soydaşlarımız sonrakı illərdə orada Azərbaycanı təmsil etməyə başladılar.
XX əsrin 70-80-ci illərində Azərbaycan SSR əhalisinin bir qisminin RSFSR ərazisinə mühacirət etməsi prosesi gedirdi. Belə ki, bu illərdə Sovet Rusiyasının iri elm və ali təhsil müəssisələrində təhsil almağa göndərilən tələbələr, yaradıcı insanlar və ticarətlə məşğul olan insanlar çoxluq təşkil edirdi. Elə buna görə də artıq 1991-ci ildə Sovet İmperiyası süqut etdikdən sonra Rusiya Federasiyası ərazisində Azərbaycan diasporunun yaranması və formalaşması sürətləndi. XX əsrin sonu, XXI əsrin əvvəlini azərbaycanlıların miqrasiya tarixinin yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirmək olar. Hazırda müasir Azərbaycan diasporu Birləşmiş Ştatılar, Kanada, Rusiya Federasiyası, Fransa, Almaniya, Böyük Britaniya, Skandinaviya ölkələri, Türkiyə və digər ölkələrdə mövcuddur. Beləliklə, ən qədim zamanlardan bu günə qədər müxtəlif sivilizasiyaların toqquşduğu ərazidə yerləşən Azərbaycan müxtəlif dövrlərdə müharibələr meydanına çevrilmiş və baş vermiş hərbi-siyasi proseslər nəticəsində əhalisinin bir hissəsini itirmişdir. Eyni zamanda bu proseslər daha bir qrup soydaşımızın ölkəni tərk etməsinə gətirib çıxarmışdı. Tarixən baş vermiş bu proseslər nəticəsində isə Azərbaycan qonşu olan və ya ondan uzaqda yerləşən ayrı-ayrı dövlətlərdə Axərbaycan icmaları yaranaraq fomalaşmağa başlamışdı.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir