Azərbaycan diasporunun formalaşmasına uzun illərin tarixi proseslərinin təsiri

Tarixi mənbələr təsdiq edir ki, miqrasiya prosesləri hələ ən qədim zamanlardan bütün tarixi cəmiyyətlərə xas olub. Qədim yazılı mənbələrin meydana gəlməsi isə miqrasiya prosesləri haqqında məlumatların daha da konkretləşməsinə və qarşılıqlı etnik əlaqələrin meydana çıxmasına şərait yaradıb. Sivil, hərbi siyasi və o cümlədən irimiqyaslı etnodemoqrafik axınlar, mədəniyyətlərin və dillərin qarşılıqlı təsiri, həyat tərzi, demoqrafiya, etiqad, mənəvi özünühiss qarşılıqlı olaraq bir-birini qəbul etmək baxımından regiondakı çoxsaylı etnik qrupların və birliklərin həyatında öz izini buraxıb.
Azərbaycan əhalisinin etnik tərkibi uzun illər ərzində müxtəlif tayfaların basqınlarının təsiri ilə formalaşıb. Azərbaycanlıların etnogenezinə yerli tayfalarla bərabər (kadusilər, kutilər, lulubilər, mannalılar, midiyalılar, albanlar və başqaları) Ön Asiya və türkdilli tayfaların (kimmerlər, skiflər, hunlar, xəzərlər, oğuzlar, bulqarlar) eramızdan əvvəl I minilliyində və bizim eranın əvvəlində Azərbaycan ərazisinə müdaxilələri nəticəsində bir-birinə qarışması təsir göstərmişdir. Azərbaycan diasporu uzun illər ərzində gedən tarixi proseslər nəticəsində yaranaraq formalaşıb. Avropa və Asiyanın kəsişdiyi ərazidə yerləşən Azərbaycan çox əlverişli coğrafi mövqeyə malik olduğundan  artıq qədim dövrdən başlayaraq müxtəlif tayfaların və dövlətlərin diqqətini özünə cəlb edib. Azərbaycanlılar diqqəti cəlb edəcək sayda yalnız öz tarixi etnik ərazilərindən kənarda müxtəlif daxili və xarici proseslər, o cümlədən hərbi-siyasi, sosial iqtisadi və etnokonfesional proseslər nəicəsində erkən orta əsrlərdə bir etnik varlıq olaraq tarixin səhnəsində görünməyə başlayırlar.
Erkən orta əsrlərdə Azərbaycana başqa ərazilərdən köçmə ilə bsğlı məlumatlara ilk dəfə ərəb müəllifi Əl-Bəlazurinin əsərlərində rast gəlinir. O, yazırdı: "Ərəblər Azərbaycanı tutduqdan sonra onların tayfaları iki dairədən (Kufə və Bəsrə) və Suriyadan buraya axışmağa başladılar. Onların hər biri  torpağı zəbt etdilər və bəziləri isə qeyri-ərəbələrdən torpaq almağa başladılar" Orta əsrlər dövrünün müasir tədqiqatları bu dövrə yeni baxımdan yanaşmağa imkan yaradır. Belə ki, bu dövrdə güclü miqrasiya prosesləri-böyük sayda tayfaların yerdəyişmələri prosesi nəticəsində Cəınubi Qafqaz regionunun etnik mənzərəsi formalaşdı. Burada ilk növbədə IV-VII əsrlərdə baş vermiş "xalqların böyük köçünü" nəzərdə tuturuq. 5 min illik dövlətçilik tarixinə malik olan azərbaycanlılar, tarixin müxtəlif mərhələlərində kutilərdən, lulubilərdən başlayaraq öz tarixi ərazilərində müxtəlif dövlətlər yaratmışdılar.
Azərbaycana qarşı xarici təcavüzlər nəticəsində ölkə qədim və antik dövrdə fars-Əhəməni, Parfiya, makedoniyalı İsgəndərin hərbi yürüşləri nəticəsində təcavüzə məruz qalmış, erkən orta əsrlərin müxtəlif mənbələrində Sasani, Ərəb Xilafəti və Xəzər xaqanlığı, Səlcuq, Monqol, Osmanlı və 1813-cü ildən isə Rusiya imperiyalarının tərkibində olub. Müxtəlif dövrlərdə baş vermiş xarici dağıdıcı təcavüzkar hücumlar ölkə ərazisində intensiv miqrasiya  proseslərinə səbəb oldu. Yerli əhalinin bir hissəsi öz doğna etnosundan ayrılmaq məcburiyyətində qalaraq rahatlıq və sülh şəraiti əldə etmək arzusu ilə Qərb ölkələrinə mühacirət etmişdilər. Bu isə həmin ölkələrdə ilk Azərbaycan icmalarının yaranmasına səbəb olub.
Azərbaycanlılar erkən orta əsrlərdən başlayaraq fasiləsiz olaraq xarici işğalçılara qarşı mübarizə aparmışdılar. 224-cü ildə yaranan Sasanilər dövləti 226-cı ildə  Atropatenanı (Cənubi Azərbaycan) işğal etdi. Sasanilər VI əsrin əvvəllərində isə Albaniyanı (Şimali Azərbaycan) tamamilə özlərinə tabe etdilər. Bu dövrdə Albaniya özünün nisbi dövlət müstəqilliyini saxlayaraq Sasani və Bizans imperiyalarına qarşı mübarizə aparırdı. VI əsrdə Albaniya müxtəlif Şimali Qafqaz tayfalarının dağıdıcı təcavüzlərinə məruz qaldı. V-VI əsrlərdə bu əraziyə hunların yürüşləri intensivləşdi. VI əsrdə Xəzərlər Dərbənd keçidindən keçərək buraya bir neçə dəfə müdaxilə etdilər. Məhz V-VI əsrlərdən Cəınubi Qafqaz ərazisinə türk mənşəli tayfaların axını güclənir. Həmin dövrdə baş verən miqrasiya və köçürmə siyasəti nəticəsində bu gün Cənubi Qafqazda farsdilli etnoslar, talışlar, lahıclar, tatlar, kürdlər, dağlılar və digər etniklər yaşayırdılar.
VII əsrin ortalarında ərəb işğalçılarının zərbələri altında nə vaxtsa çox güclü olan Sasanilər imperiyası süqut etdi. Onun əraziləri də daxil olmaqla sərhədləri  qərbdə Atlantik okeanından, cənubda Hind okeanına qədər , şərqdə Orta Asiyaya, şimalda isə Qafqaza qədər uzanan ilk müsəlman dövləti olan Ərəb xilafəti yarandı. Ərəblərin işğal etdiyi ölkələrdə yerli əhali İslam dinini qəbul etdikdən sonra VIII əsrin sonunda bu din Azərbaycan ərazisində hökmran dinə çevrildi. Yerli əhali müsəlman sivilizasiyası və mədəniyyətinin yaranması və inkişafı prosesində fəal iştirak etməyə başladı. Azərbaycanlılar yüksək təhsil almaq üçün Bağdad, Kufə, Bəsrə, Dəməşq, Mədinə,. Qahirə və İsgəndəriyyə şəhərlərinə getməyə başladılar. IX əsrin əvvəllərində yaşamış ərəb müəllifi yazırdı ki, Mədinə şəhərində elə bir şair yoxdur ki, Azərbaycandan olmasın. Bu dövrə aid yazılı mənbələrdə  ərəb dilində təkcə öz vətənlərində deyil, həm də əslən Azərbaycandan olan alimlər və mütəfəkkirlər haqqında böyük sayda məlumat saxlanılmaqdadır. Onlar öz vətənlərindən kənarda müsəlman dünyasının elm və mədəniyyət mərkəzlərində geniş elmi, mədəni və pedoqoji fəaliyyətlə məşğul olmuşlar. Beləliklə, artıq orta əsrlərdə Azərbaycan icmalarının intelektual  təbəqələrinin formalaşması prosesi özünü geniş şəkildə büruzə verməyə başlayır.
VII əsrin ortalarından etibarən VIII əsrin sonuna qədər Azərbaycan həm də Xəzər xaqanlığının hücumlarına məruz qalmışdı. Məlumdur ki, xəzərlər 627-628-ci illərdə bütün Cənubi Qafqazı, o cümlədən Şimali Azərbaycanı özlərinə tabe etmişdilər. Dövrün salnaməçisi Əs-Suyuti xəzərlərin Cənubi Qafqaz ərazilərinə etdikləri yürüşlərin birindən sonra yazırdı: "Qələbə çalanlar özləri ilə Azərbaycandan Şimali Qafqaza 100 min nəfər əsir apardılar. Bu elə bir dəhşət idi ki, əhali əvvəllər heç zaman belə fəlakətlə üzləşməmişdi". Akademik Ə.S.Sumbatzadə isə yazır ki, burada söhbət bu ərazidə baş verən müharibələrin xarakterindən getmir. Ən əsası odur ki, bu müharibələr Azərbaycanın etnuk mənzərəsinə necə təsir göstərib və həmin müharibələr nəticəsində əhalinin kütləvi surətdə əsir aparılması, eləcə də yerli azərbaycanlı əhalinin geniş miqyasda məhvi ilə nəticələnib. Beləliklə, Azərbaycan III Sasanilər İmperiyası tərəfindən işğal olunub. VII əsrdə isə Ərəb Xilafətinin işğalına məruz qalıb. Buna görə də işğalçılar kütləvi surətdə İranın və Ərəbistanın daxili ərazilərindən fars və ərəb mənşəli əhalini Azərbaycan ərazilərinə köçürməyə başlayıblar. Köçürülən əhalini Azərbaycanın mühüm hərbi-strateji əhəmiyyət kəsb edən torpaqlarında yerləşdiriblər.
IX-X əsrlərdə rusların Şimali Azərbaycan ərazilərinə etdikləri yürüşlər diqqəti cəlb edir. Bununla bağlı qeyd etmək lazımdır ki, XI əsrin birinci yarısında bu ərazi dəfələrlə müxtəlif tayfaların, alan, rus, sərir və sabirlərin, o cümlədən Bizans imperiyasının yürüşlərinə məruz qalıb. Onların ardınca bu ərazilərə artıq Mərkəzi Asiyada oğuz türklərinin yaratdığı Səlcuq İmperiyasının Qərb istiqamətindən yürüşləri başlayır. Səlcuq türklərinin hərəkət etdiyi istiqamətdə hərbi əməliyyatlardan zərər çəkən ərazilərdən biri Azərbaycan ərazisi idi. Buna görə də XI əsrin 40-70-ci illərində bu regionda cərəyan edən hərbi-siyasi hadisələr ölkə iqtisadiyyatına ağır zərbə vurmaqla bərabər, həm də əhalinin müəyyən hissəsinin öz vətənindən məcburən miqrasiya etməsinə səbəb oldu.
XII əsr Azərbaycanın mədəni həyatında renessans dövrü kimi xarakterizə olunur. Bu dövrdə Azərbaycan Şirvanşahlar və Atabəylər-Eldənizlər dövlətlərinin saraylarında tanınmış alimlər, tarixçilər, riyaziyyatçılar, həkimlər, kimyaçılar, astronomlar, ərəb və fars ədəbiyyatının biliciləri yaşayırdılar. Onların böyük əksəriyyəti dünyanın tanınmış elm mərkəzlərində olmuş və bir çoxları öz fəaliyyətlərini bu mərkəzlərdə davam etdirmişdilər. Onlardan birini Əbu-Əli İbn Sinanın tələbəsi və davamçısı,  orta əsr Şərqinin fəlsəfi fikir tarixində mühüm rolu olan Bəhmənyarı göstərmək olar. Eyni zamanda həmin dövrdə Suriya, Misir, İran və digər ölkələrin elm və təhsil mərkəzlərində keçirilən elmi diskussiyaların iştirakçısı, məşhur Nizami Əl-Mülk tərəfindən Bağdadda təsis edilən "Nizamiyyə" mədrəsəsinin müəllimi Xətib Təbrizini bu sıraya aid etmək olar.  İstər Ərəb xilafətinin  ictimai-siyasi həyatında fəal iştirak edən görkəmli mütəfəkkir və sufi Şaihab əd-Din Suhraverdi, istər Bəhmənyar, istərsə də Xətib Təbrizi və başqaları bu ölkədə yaranmış azərbaycanlı icmaların intellektual gücünün artırılmasında mühüm rol oynayıb.
1220-cim ildə monqol ordusu ilk dəfə Azərbaycana yürüş etdi və 1231-ci ildə başlanan ikinci yürüş 1239-cu ildə ölkənin işğalı və onun Monqol İmperiyasının tərkibinə daxil edilməsi ilə başa çatdı. XIII-XVI əsrlər ərzində, xüsusilə də 1220-1222, 1231-1239,  1258-1357, 1358-1360, 1385-1408-ci illər ərzində Azərbaycan ərazisində cərəyan edən  hərbi-siyasi proseslər nəticəsində ölkə iqtisadiyyatının dağıdılması intibah dövrünü ümumAzərbaycan mədəniyyətini tənəzzülə uğratdı.  Bu isə öz növbəsində azərbaycanlıların bir qisminin yaxın və uzaq ölkələrə miqrasiya etməsi ilə nəticələndi.  Hətta XIV əsrin 80-90-cı illərində Azərbaycanın çoxsaylı elm, incəsənət və mədəniyyət xadimləri Mərkəzi Asiya ölkələrinə sürgün edildi. Baş vermiş hərbi yürüşlər nəticəsində əhalinin məhv edilməsi ilə bərabər, həm də onun bir qisminin qonşu ölkələrə köçməsinə səbəb oldu. Ölkənin monqollar tərəfindən işğal edilməsi prosesi, həm də Azərbaycan ərazisinə Orta Asiya ölkələrindən çoxsaylı qeyri-azərbaycanlı əhalinin köçürülmısi ilə müşayət olunurdu. 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31