Diasporlararası münasibətlər
İqtisadi, sosial və siyasi münasibətlərin diasporun inkişafına mümkün təsiri
30 Yanvar 2013 17:03 DiasporaHər bir dövlət yarandığı gündən təkcə öz vətəndaşlarının deyil, ümumiyyətlə vətəndan kənarda məskunlaşan xalqın milli varlıq simvolu, etibarlı himayədarı və milli siyasi mövcudluğun vasitəçisi kimi çıxış edir. Dövlətlərin öz diasporları ilə rəsmi iş aparan hökumət və qeyri-hökumət qurumları mövuddur ki, belə münasibətdən hər iki tərəf udmuş olur. Xaricdə müəyyən saya malik vətəndaşı olan hər bir dövlət onlarla qarşılıqlı və faydalı əməkdaşlıq qurmaqda maraqlıdır. Bu istiqamətdə isə diasporun xatirində ana vətən və tarixi torpaqlar barədə ortaq təsəvvürlərin olması amili başlıca rola malik olur. Necə inkişaf etməsindən asılı olmayaraq hər bir dövlətin öz daxili problemləri var və həmin problemlərin həll olunmasında diasporun rolu danılmazdır. Hər bir dövlət digər inkişaf etmiş dövlətlərdən problemlərin həlli üçün humanitar, texniki, siyasi və iqtisadi yardım; məhz xarici ölkələrdəki diasporları vasitəsilə əldə edir. Diasporlar məskunlaşdıqları ölkələr ilə tarixi vətənləri arasında ikitərəfli əlaqələrin qurulmasında əhəmiyyətli rol oynayırlar. Diasporlar tarixi vətənləri uğrunda təbliğatçılıq və siyasi iş apararaq lobbi yaradılmasında "qızıl açar" rolunu üzərilərinə götürürlər.
Dövlət-diaspor əlaqələrinin mövcudluğu diasporların güclənməsinə, təşkilatlanmasına monolitləşməsinə və milliləşməsinə böyük təkan verir. Ümumilikdə götürəndə diaspor anlayışını izah edərkən bu mövzunun görkəmli tədqiqatçılarından sayılan Robin Kohen, Vilyam Sofran, Konstantin Zatulin, Tatyana Poloskova, S.Vişnevski, Kevin Korley, Ceyms Klifford, Martin Kliduff və digərləri millət və xalq anlayışına ciddi fikir verilməsini xüsusilə qeyd edirlər. Rus tədqiqatçısı Tatyana Poloskova etnos və millət anlayışları arasında sərhədlərin müəyyənləşdirilməsi fikrini irəli sürür. Burda düzgün olaraq göstərilən problemlə bizlər tez-tez rastlaşırıq. Qanunvericilikdə, elmi ədəbiyyatda, siyasətdə, etnik kateqoriya millət anlayışı ilə eyniləşdirilir və hətta sinonim sözlər kimi istifadə edilir. Politologiya elmində isə millət anlayışının izahı bir neçə təsnifatla təqdim edilir.
Diasporların formalaşması və fəaliyyətində milli şüur və millətçilik anlayışlarının rolu əhəmiyyətli olmaqla yanaşı, həmrəyliyin, dövlətlə əlaqənin saxlanılmasında və milli maraqların təmin edilməsində onların zəruri olduğunu qeyd etmək olar. Diasporların millətçilik təsəvvürləri isə iki istiqamətdə inkişaf edir ki, tarix bu prosesləri özündə hiss etməli olub.
1-Milli kimliyin təbliğ olunaraq həmrəyliyə nail olmaq və assimilyasiyaya məruz qalmamaq üçün istifadə edilən millətçilik.
2-Milli şovinizm və millətçilik.
Birinci halda hər bir dövlət fəaliyyət üçün geniş imkanlar yaradıb ki, tarixdə yunanlar, irlandlar, çinlilər, hindlilər, türklər meksikalılar və digərləri bundan bəhrələniblər. Lakin ikinci halda millətçiliklə Yapon, Çin, Koreya, Meksika, Ərəb və bəzi etnik diasporlar üzləşiblər ki, bu onların tarixində yaddaqalan iz qoyub. Bir müddət Birləşmiş Ştatlarda millətçiliyin ifrat forması sayəsində yaponlar düşərgələrdə qalmalı olublar. Çinlilər, irlandlar isə ictimai yerlərdə görünə bilməyiblər. Koreyalılar və meksikalılar kütləvi təzyiqlərə məruz qalıblar. Qaradərili əhali isə tamamilə kölə vəziyyətində yaşamağa məcbur qalıb.
Son zamanlar isə milli şüur və millətçilik anlayışlarının daha neqativ formada diasporlarda yayılması politoloqlar tərəfindən birmənalı qarşılanmır. Şovinist millətçilik təcrübəsinin bir daha təkrarlanmaması üçün onlar adekvat tədbirlər görərək sivilizasiyalar, xalqlar və millətlər arasında bərabərlik, qardaşlıq və dostluq ideologiyasının geniş təbliğ olunmasını zəruri və qaçılmaz addım hesab edirlər. Sadaladığımız cəhətlər diasporda əsas xüsusiyyətlər olmaqla bir sıra cəhətləri də özündə birləşdirir. Ümumilikdə götürsək, diaspor konsepsiyası məsələsinə toxunsaq, bəzi qaranlıq məqamların aşkar edilməsinə nail ola bilərik. Rus tədqiqatçısı Tatyana Poloskova diaspor konsepsiyası məsələsinə aşağıdakı əlamətləri diasporlar üçün səciyyəvi hal hesab edir.
Etnik identilik,
Mədəni dəyərlər
Sosial-mədəni antitezanın etnik və mədəni kimliyin qorunmasında əks olunması.
Bu əlamətlərin hər biri öz-özlüyündə geniş tədqiqat obyekti ola bilər ki, bunun nəticəsində diaspor nəzəriyyəsi məsələsində yeni konsepsiyanın işlənib hazırlanması daha asan ola bilər. Diaspor konsepsiyası üçün zəruri olanlardan biri də diasporların genezisi faktorlarının təhlil edilməsidir. Buradan isə belə nəticə əldə etmək olar: "Diaspor mədəni fenomen kimi şəxsiyyət və sosioloji mövqedən yaranır". Bu nəticədən irəli gələrək isə diaspor probleminə iki istiqamətdən baxa bilərik.
Birincisi, xüsusi tarixi fenomen kimi,
İkincisi, düşünülmüş həyat tərzinin seçimi kimi.
Lakin burada fərqləri unutmaq lazım deyil. Təcrübəyə nəzər salsaq görərik ki, endo diaspor və ekzo diaspor anlayışları mövcuddur. Bu iki anlayışları təhlil edərək bildirmək olar ki, endo diaspor ölkədən köç etmiş insanları bildirir. Ekzo diaspor isə bir zaman vətənində yaşamayan insanlar anlayışı deməkdir. Endo diaspor ilk vaxtlar mühacirət edən və ölkəsilə əlaqəni itirməyən insanların nəvə-nəticələridir. Bu fərqlər isə hər iki endo və ekzo diasporlar arasında olan qurumlar və təşkilatlar arasında da özünü büruzə verir. Diasporlar arasında olan münasibətlər isə aşağıdakı kateqoriyalara bölünür.
Birinci-İqtisadi münasibətlər-istehsal, maddi və mənəvi nemətlərin bölgüsü və mübadiləsi prosesində yaranan münasibətlər. Bu halda istehsal vasitələri üzərində mülkiyyətə dair münasibətlər əsasdır.
İkinci-Sosial münasibətlər- İnsanlar və insan birlikləri arasında onların cəmiyyətdə əsl mövqelərinə, əsasən onların başqaları ilə bərabərliyinə və ya qeyri-bərabərliyinə əsaslanan münasibətlər
Üçüncü-Siyasi münasibətlər- insanlar, millətlər və sosial qruplar arasında hakimiyyətlə əlaqədar, yəni dövlət hakimiyyətini ələ keçirmək, əldə saxlamaq və ondan istifadə etməyə dair münasibətlər.
Bu gün dünyada sayına görə diasporları tədqiqatçılar aşağıdakı ardıcıllıqla qruplaşdırırlar:
1-Çin diasporu-Dünya ölkələrində Çin diasporunu təmsil edən insanların sayının 35 milyondan artıq olduğu qeyd edilir. Say baxımından Çin diasporu dünyada çoxluq təşkil etsə də, lakin təsir dairəsi baxımından Çin diasporu digər diasporlardan geri qalır.
2-Rus diasporu-Dünyada sayca ikinci yerdə dayanır. Rus diasporunda təmsil olunanların sayı 25 milyondan artıq göstərilir.
3-Ukrayna diasporu-Təzminən 12 milyon insanı öz ətrafında birləşdirir.
4- Erməni diasporu- Erməni diasporunun ətrafında 10 milyon insan cəmlənib. Erməni diasporunun daha güclü olduğu ölkə Fransadır. Hətta ermənilər Fransanı ikinci vətən hesab edirlər. Öz növbəsində Birləşmiş Ştatların bir neçə ştatında da erməni diasporu olduqca fəaldır. Hətta erməni diasporu Birləşmiş Ştatlar Konqresi və digər dövlət strukturlarına belə təsir göstərmək iqtidarındadır. Eyni zamanda erməni diasporu Rusiya və Livanda da aktivdir.
5-Adıqskaya diasporu-9 milyondan artıq insan Adıqskaya diasporu adı altında dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərirlər.
6-Hind diasporu-9 milyondan çox insan dünya ölkələrində hind diasporunu təmsil edir.
7-Yəhudi diasporu- Təxminən 8 milyon insanı əhatə edən yəhudi diasporu dünyada ən güclü diaspor və lobbiçilik qabiliyyətinə malikdir.
8-Qaraçı diasporu-8 milyon insanı əhatə edir
9-Yunan diasporu-8 milyon insanı əhatə edən yunan diasporunun da aktiv olduğu söylənilir.
10-Türk diasporu- Azərbaycan diasporu kimi o qədər də dərin tarixə malik olmayan türk diasporunun say tərkibi və məskunlaşma coğrafiyası da bir qədər fərqlidir. Türkiyənin Xarici İşlər Nazirliyinin son illərdə açıqladığı məlumata görə, dünya ölkələrində türklərin sayı 5-7 milyon nəfər arasında dəyişir. Onlar dünyanın 70-dən artıq ölkəsində məskunlaşıblar. Türklərin say baxımından ən sıx məskunlaşdığı region isə Avropa qitəsidir. Xüsusilə, bu qitənin ən dəqiq dövlətlərindən biri kimi tanınan Almaniyada türklərin sayı digər Avropa ölkələrindəki türklərin sayından dəfələrlə çoxdur. Statistik məlumatlara görə, təkcə Almaniyada türklərin sayı 3 milyon nəfərə çatır.
11-Vyetnam diasporu- 3,5 milyon insan Vyetnam diasporunu təmsil edir
12-Alman diasporu-Say baxımından Vyetnam diasporundan heç də geri qalmır. Dünya ölkələrndə fəaliyyət göstərən alman diasporunun sayının 3,5 milyon nəfər olduğu söylənilir. Yuxarıda tərtib edilən statistikada Azərbaycan diasporunun sayı göstərilməsə də, son məlumatlara əsasən dünyanın 30-dan artıq ölkəsində məskunlaşan azərbaycanlıların sayı 10 milyondan çoxdur. Bu gün Azərbaycan diasporu Avropadan tutmuş Birləşmiş Ştatlara, Avstraliyadan tutmuş Afrikaya qədər olan geniş bir ərazini əhatə edir. Adı çəkilən və çəkilməyən hər bir ölkədə Azərbaycan diasporu fəaliyyət göstərir. Xüsusilə Azərbaycan diasporunun daha çox qardaş Türkiyə Cümhuriyyəti, Rusiya Federasiyasında fəal olduğu bildirilir. Rusiya Federasiyasında 2 milyona yaxın soydaşımız yaşayır ki, son illər həmin soydaşlarımızın diaspor həyatında aktiv rol oynadığı söylənilir. Sıx əməkdaşlıq baxımından isə Azərbaycan diasporu daha çox türk diasporu ilə yaxından əməkdaşlıq edir. Azərbaycan və türk diasporunun birgə səmərəli əməkdaşlığı Almaniya, Birləşmiş Ştatlarda özünü daha açıq şəkildə büruzə verir. Eyni zamanda Azərbaycan diasporunun yəhudi lobbisi ilə də sıx münasibətləri mövcuddur. Azərbaycandan İsrailə köç etmiş minlərlə yəhudi bu ölkədə Azərbaycan diasporunu təmsil etməklə yanaşı, iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsinə də dəstək verir. Xüsusilə, bu prosesdə İsrail-Azərbaycan Assosiasiyasının fəaliyyətini qənaətbəxş hesab etmək olar.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir