“Çalışırıq ki, Borçalı adına qurumların Gürcüstanda əməkdaşlıq mərkəzi yaradılsın”
Zəlimxan Məmmədli: “Borçalı türk dünyasının toplanma meydanına çevrilir”
28 Yanvar 2013 16:55 DiasporaMüsahibimiz "Borçalı" İctimai Cəmiyyətinin sədri, politoloq Zəlimxan Məmmədlidir.
- Zəlimxan bəy, Gürcüstan azərbaycanlılarının ictimai-siyasi vəziyyəti nə yerdədir, insanların yaşayış səviyyəsində müsbətə doğru irəliləyişlər hiss edilirmi, ölkədəki hakimiyyət dəyişikliyinin azərbaycanlılara hansı təsiri oldu?
- Gürcüstanda baş verən proseslər insanlar üçün gözlənilməz və müəyyən mənada da anormal görünə bilər. Görəsən hakimiyyəti dinc yollarla verəcəklərmi, prezident hakimiyyəti seçkilər yolu ilə təhvil veriləcəkmi? Gürcüstan bu mənada həm Qafqazı, həm də post-sovet məkanını yaxşı mənada təəccübləndirə bildi. Gürcüstanda baş verən proseslər demokratiyanın təntənəsidir. Prezident Administrasiyası bütün resurslardan istifadə edərək parlamentdə çoxluq qazana bilərdi, Mixail Saakaşvili hakimiyyətdə ola-ola o imkanlardan bəhrələnməyərək xalqın iradəsinə arxalanaraq bu seçkinin demokratik keçirilmə missiyasını yerinə yetirdi və Qafqazda yeni tarix yazdı. Hər-halda bu tarixi yazmaq Saakaşviliyə nəsib oldu. Bidzina İvanişvilinin də gözlənilmədən hakimiyyətə gəlməsi Gürcüstanda demokratiyanın təzahürüdür. Hər halda cəmiyyət müxtəlif təbəqələrdən ibarətdir, onların əksəriyyətinin olmasa da, müsbət çoxluğun maraqlarının ifadə olunduğu hakimiyyət demokratik yollarla diskussiyalarla, alternativlərlə, fərqli düşüncələrlə, böyük debatlarla mümkün olan məfhumdur. Bunu da Gürcüstan xalqı nümayiş etdirə bildi. Mixail Saakaşvli bataqlıq içərisində olan gürcü cəmiyyətindən rüşvətdən imtina edən, məmur dərəbəyliyindən imtina edən, millətinə xidmət edən bir millət, bir komanda formalaşdıra bildi. Bu heç də rahat olmadı, öz dostundan imtina etməli oldu. İvanişvili isə tamam başqa bir siyasi komandanın lideridir, başqa düşüncə sahibidir. Amma, mahiyyət baxımından o da demokratiyanın tərəfdarıdır, Avroatlantik məkanına inteqrasiyanı istəyir, region dövlətləri və super güclərlə normal münasibətlər qurmaq istəyir. Rusiya ilə Gürcüstan arasında olan gərginlik səbəbsiz deyildi. Qafqazdakı münaqişələrin mənbəyini Mixail Saakaşvili açıq şəkildə bəyan elədi və Gürcüstan Rusiya tərəfindən buna görə vuruldu. Saakaşvili Rusiyanın separatçı siyasətini qəti şəkildə pislədi, Abxaziya, Osetiya, Acarıstan və erməni separatçılarının arxasında Rusiyanın dayandığını dedi, Rusiyanın demokratiyadan qorxduğunu bildirdi. Bu gün də Rusiya buna görə Gürcüstanı cəzalandırır. Hər halda Saakaşvilini bu addımı çox cəsarətlidir. Bunun əvəzində isə Gürcüstan Qərb tərəfdən özünə çoxlu sayda müttəfiq qazana bildi. İvanişvili də rus meyilli siyasətçi deyil. Sadəcə olaraq bu komanda hakimiyyətin bütün qollarına nəzarət etmək istəyir. Prezident administrasiyasını ələ götürmək İvanişvilinini növbəti hədəflərindən biridir. Bu da çox normal siyasi mübarizədir. Gürcü siyasi elitasının milli məsələrdə birləşmək ənənəsi var. Gürcüstana üçüncü qüvvənin müdaxiləsinə görə İvanişvili və Saakaşvili eyni düşərgədə, eyni platformada mübarizə aparacaq. Bu gün Gürcüstanda baş verən proseslərdə Gürcüstan azərbaycanlılarının da xüsusi əməyi var. Düzdür, onların müəyyən sosial problemləri mövcuddur. Amma sosial problemləri siyasiləşdirmək siyasi naşılıq əlamətidir. Sosial problemləri Gürcüstan və Azərbaycanın münasibətlərini pozacaq səviyyəyə qədər şişirdib təqdim etmək regionu istəməyən qüvvələrin hazırladığı təbliğat maşınıdır. Azərbaycanlılar Gürcüstanın ayrılmaz bir hissəsidir. Gürcüstan azərbaycanlıların milli dövlətidir. Milli dövləti birləşməsini xüsusi vurğulayıram ki, Gürcüstanın və onun paytaxtı Tiflisin qurulmasında və orada dövlətçiliyin qorunmasında babalarımız həmişə gürcülərlə çiyin-çiyinə mübarizə aparıblar. Ona görə də bu gün soydaşlarımızın Gürcüstana "milli dövlətimiz" deməyə haqqları var. Amma, soydaşlarımızın siyasi proseslərdəki fəaliyyətləri aşağı görünə bilər, lakin son proseslər Borçalıda da insanlarımızın ayrı-ayrı qütblərdə artıq siyasi meydanda söz deməyinin əsasını qoydu. Fərqli düşüncələr, fərqli platformalar, daşıyıcılardan ibarətdirlər və azərbaycanlılar hakimiyyətin yedəyi olmadıqlarını sübut elədilər. Sevindirici haldır ki, həm müxalifət, həm də iqtidar düşərgəsində Borçalı türkləri təmsil olunurlar. Bu da soydaşlarımız üçün bir yenilikdir. Bu hadisə Borçalıda siyasi institusional quruluşumuzun təkmilləşməsi və siyasi proseslərə qorxu mənbəyi kimi yanaşma ənənəsinin sonu oldu.
- Gürcüstanda azərbaycanlıların yaratmış olduqları hansı diaspor təşkilatlar var, onların fəaliyyətlərini necə qiymətləndirərdiniz, həmin birliklər milli maraqlarımızı qorumaq istiqamətində konkret addımlar atırlarmı?
- Azərbaycanın eyni coğrafiyada, sərhəddə yaşayan dövlətə, dövlətin içərisindəki soydaşlarımıza diaspor kimi baxmaq mənfi tendensiyadır. Bu əsasən rəsmilərin dilindən səslənir. Azərbaycanlılra diaspor demək Borçalı türklərinin aborigenliyini şübhə altına almaqdan başqa bir şey deyil. Gürcüstan azərbaycanlıları bir toplumdur, özünün kültürəl, folklor özəllikləri, müəyyən mənada yaşam tərzləri var. Onlar Azərbaycan türkləridir və onlara diaspor, yaxud hər hansı bir mərkəz yaratmaq yanlışdır. Biz iki dövlət arasında daha şəffaf, razılaşdırılmış rəsmi protokollarla, sazişlərlə tənzimlənən münasibətlər sisteminin qurulmasına, soydaşlarımızın Gürcüstan cəmiyyətinə inteqrasiyasına yardımçı olmaq, onların siyasi proseslərdə fəallığının artmasına kömək olmağı gürcülərə inandırmalıyıq ki, bu Gürcüstan dövlətçiliyinə ziyan deyil. Gürcüstanda müəyyən humanitar layihələrin həyata keçirilməyini stimullaşdırmalıyıq. Bəzi qüvvələr isə azərbaycanlılara müxtəlif istiqamətlərdə yardımçı olmaq əvəzinə siyasi orientasiyalı, müəyyən müxalif düşüncəli adamları maliyyələşdirib Saakaşviliyə qarşı müxalifətdə qoyurlar, layihələr hazırlayırlar. Bu qərarlar Borçalıya təqdim olunan layihələr humanitar və mədəniyyət sahələrdən o tərəfə keçməməlidir. Həmçinin diaspor sözünü Borçalı türkləri üçün işlətmək çox yalnışdır və düşmənin əlinə rəvac verməkdir, aidiyyatı qurumlar və insanlar bu səhvləri aradan qalırmalıdır.
- "Gürcüstanda yaşayan azərbaycanlılar diaspora deyil" deyirsiniz. Bəs Borçalı adına yaradılmış təşkilatların gürcü hakimiyyəti ilə sıx əlaqələri varmı?
- Həmin QHT-lərdən ümidvericisi "Gənclər ordusu" təşkilatıdır. Köhnə steorotiplərlə çağdaş dünyadakı siyasi proseslərə yanaşmanı anormallıq eyni zamanda yerində saymaq hesab edirəm. Populist şüarçılıq, ifrat düşüncələr, ifrat sağçı və ifrat solçu çağırışlar heç zaman problemlərin həll edilməsinə yardımçı olmayıb. Bundan sonra da olmaq imkanları yoxdur. Daha konstruktiv, daha rasional, daha çox siyasi, daha çox kültürəl düşüncə tərzi soydaşlarımızın Gürcüstanın ictimai-siyasi həyatına inteqrasiyasında yardımçı olacaq. Borçalıda olan gənclərdən ibarət olan QHT-lə kifayət qədər fəal işləyirlər, lakin onların arasında az sayda ara qarışdıran, destruktiv qüvvələr, böyük adların altına sığınanlar da var. Azərbaycan cəmiyyətində çaşqınlıq yaratmaq, Azərbaycanın inkişafının əleyhinə yönəltmək istəyənlər, iki dövlətin münasibətlərini pozmaq missiyasını yerinə yetirən qüvvələr də mövcuddur. Böyük əksəriyyət isə öz mədəniyyətini qoruyub saxlamaqla Gürcüstanın ictimai-siyasi həyatına inteqrasiya etmək istəyənlərdir. Mübariz, intellektual səviyyədə özünü təqdim etməyə meylli gənclərimizdə çoxdur. Bu gün Gürcüstanın ali məktəblərində orta hesabla 1000 nəfər azərbaycanlı tələbə təhsil alır, bu Gürcüstanda Azərbaycan türkünün başını qaldıracaq böyük qüvvədir, nəhəng ordudur. Artıq Gürcüstanda siyasi prosesləri lazımi məcraya yönəltməyi bacaran aktiv gənclik formalaşır. Bu bizim, Gürcüstan dövlətçiliyinin inkişafına təkan verəcək. Təşkilat bu taktika ilə gedirsə, bunu özünün tarixi ənənəsi var. 1988-ci ildə Gürcüstanın ən ağır dövründə bu təşkilatın əsası qoyulub. Uzun müddət təşkilatın fəaliyyət və fəaliyyətsiz dövrü olub. Təşkilatımızın əsas məqsədi Gürcüstan-Azərbaycan müttəfiqliyinin möhkəmlənməsi, Cənubi Qafqazda olan münaqişələrin həlli proseslərinə əlimizdən gəldiyi qədər köməklik etmək, mədəniyyətmizin təbliği və Azərbaycan sivilizasiyasını Gürcüstan cəmiyyətinə olduğu kimi təqdim etməkdir. Hər il iyunun 26-da Borçalıda "Elat mədəniyyət günləri" keçirilir, artıq Borçalı türk dünyasının toplanma meydanına çevrilir.
- Zəlimxan bəy, Gürcüstan zərbaycanlılarının siyasi həyatındakı fəaliyyətini necə qiymətləndirərdiniz, belə bir fikir var ki, soydaşlarımız heç də siyasi proseslərə qatılmaqda maraqlı deyillər?
- Bu sahədə bir yüksəliş, bir qalxınma, təşəbbüslər var. Ümumi götürəndə toplum çəkisi ilə oynadıqları rol arasında təzadlar müşahidə edilir. Ləng olsa da, siyasi proseslərə inteqrasiya gedir. Biz çalışırıq ki, Borçalı adına olan qurumların Gürcüstanda bir qaynaq, əməkdaşlıq mərkəzi yaradılsın. Orada həm soydaşlarımızın, həm də gürcülərin QHT-ləri ikitərəfli əlaqələrdə olsunlar. Siyasi proseslərdəki fəaliyyətlər ümidvericidir, qabağa inkişaf edirik, geriyə getmirik.
- Çağdaş dünyanın qanunlarına görə bir millət özünü sivilizasiyaların ən yüksək pilləsində görmək istəyirsə ilk öncə öz təhsilini inkişaf etdirməlidir, bu gün isə Borçalının təhsil sistemində kifayət qədər əskikliklər mövcuddur
- Gürcüstanda təhsil islahatları gedir. Təhsil sisteminin yüksəldilməsi üçün ilk öncə pedaqoqlar yüksək məvaciblə təmin edilməlidirlər və Gürcüstanda bununla bağlı problem olmadığı üçün təhsilin keyfiyyəti də kifayət qədər yüksəkdir. Amma, Borçalıda təhsillə bağlı müəyyən problemlər var və biz bununla bağlı Azərbaycanın Təhsil Nazirliyinə layihələr təqdim etmişik. Artıq Gürcüstanda Qərb təhsil sistemi tətbiq olunur. Gürcüstan Təhsil Nazirliyi etnik azlıqlara "1+4" sistemi ilə həkim, pedoqoq və digər ixtisaslar üzrə təhsil almasına şərait yaradıb. Lakin, Borçalıdakı milli məktəblərdə texniki və dərslik təchizatı ilə bağlı əskikliklər var. Problem həll edilmir, həm Azərbaycan, həm Gürcüstan tərəfə müraciətlər baxmayaraq məsələlər öz həllini tapmır.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir