Diasporun formalaşmasında vacib şərtlər
29 Yanvar 2013 14:31 DiasporaDiaspora termini ilk dəfə İncilin (Bibliya) yunan dilinə tərcümə olunan variantı "Septuhainte"- (insanların və etnik qrupların başqa ərazilərə səpələnməsi) mənasında işlədilib. Yəhudilərin büdpərəstlər içərisinə səpələnməsi mənasını ifadə edən diaspor termini sonradan Plutarx, Filon İskəndəriyyəli və başqa müəlliflərin əsərlərində etnik qrupların səpələnməsi və yayılması kimi istifadə edilməyə başlanıb. Xalqın və ya etnik birliyin müəyyən hissələrinin mənsub olduğu ölkənin hüdudlarından kənarda yaşaması tədricən diaspor anlayışının meydana gəlməsinə gətirib çıxarıb. Ümumilikdə diaspor anlayışı özündə 9 xüsusi özəlliyi birləşdirir.
1-Tarixi Ana Vətəndən könüllü və ya zorla bir və ya daha çox əcnəbi ölkəyə mühacirət.
2- Bir sıra səbəblərlə ana vətələrindən kənara səpələnmək, dağılmaq.
3-Şüurları, tarixi müasir durumu, tarixi vətənləri ilə əlaqəli mifik və ya kollektiv xatirənin və ya hafizənin qalması.
4-Mövcud tarixi vətənlərinin siyasi, iqtisadi, sosial inkişafı üçün birgə fəaliyyət.
5-Məskunlaşdığı ölkədə kollektivlə fəaliyyət və əməkdaşlıq.
6-Birgə görüləcək işlər, ümumi fikir prinsiplərinə söykənən əməkdaşlıq.
7-Məskunlaşdıqları ölkələrin ictimai və siyasi-iqtisadi həyatına adaptasiya.
8-Başqa ölkələrdə yaşayan həmvətənlərlə qarşılıqlı əməkdaşlıq və bağlılıq.
9-Yaşadıqları ölkələrdə milli kimliyin qorunub saxlanılması və təbliği ilə paralel olaraq inkişaf.
Güclü diaspora xas olan isə iki xüsusisyyət var.
Birincisi, milli kökünə bələd olub, milli varlığına və milli sərvətlərinə sahib olmaq,
İkincisi, tarixi vətənlərini başqalarına tanıtmaqla onu xarici ölkələrdə təbliğ etmək.
Elmi ədəbiyyatlarda diasporla bağlı müxtəlif fikirlər olmasını nəzərə alaraq onları sistematik olaraq aşağıdakı ardıcıllıqla sıralamaq mümkündür:
1-Diasporların məkanları və əraziləri
2-Diaspor konsepsiyası
Coğrafi və politoloji yanaşma
3-Səpələnmə: qəbul edən ölkələrdə diasporların əraziləri
-İcma bağlılığı
-Ərazi cizgiləri
4-Ana ərazi və yaddaş
-Diaspor və tarixi vətən arasında iqtisadi və siyasi münasibətlər
5-Məkan, şəbəkələrdə münasibətlər sistemi və diasporların çoxqütblüyü
-Diasporların mənşəyi
6-Diasporla dünyada
-Böyük dünya dövlətləri,
-Güclü demoqrafik təzyiq və nisbi kasıblıq zonaları,
-Diasporların əsas yerləşmə məkanı, Avrasiya qitəsi və onun ikili dəniz və quru kommunikasiya oxları.
7-Diasporların tipologiyası
-Müssisə qütbü-iqtisadi,
-Dini və linqivistik qütb-dini,
-Siyasi qütb-siyasi və lobbiçilik,
-Qütbün olmaması-müxtəliflik və rəngarənglik, mobillik.
Son zamanlar poli-etnik cəmiyyətdə yaşayan milli azlıqlar arasında öz etnik mənsubiyyətinə, mədəniyyətinə maraq artmış, qrup daxili inteqrasiya prosesləri güclənmişdir. Bu proseslərin nəticəsi kimi bir çox hallarda müxtəlif etnik qruplar diasporlarda birləşiblər. Diaspor ilə əlaqədar elmi ədəbiyyatda iki mövqe vardır. Bir qrup tədqiqatçı bu anlayışı yunanlarla əlaqələndirsə də, başqa bir qrup isə bunu yəhudilərlə əlaqələndirir. Məsələyə linqvistik yöndən yanaşsaq görərik ki, diaspor yunan sözü olub səpələnmə deməkdir. Elmi ictimaiyyət arasında bu anlayışın leksik mənası ilə əlaqədar fikir ayrılığı olmasa da, bu terminin hansı şəraitdə, kimlər üçün işlədilməsi barədə ortaq fikir yoxdur. Mənbələrdən məlum olur ki, eramızdan əvvəl VIII əsrdə Assuriya çarı II Sarqon İsrail çarlığının paytaxtı Samariyanı işğal etdikdən sonra yəhudi xalqı zorla və könüllü olaraq doğma torpaqlarından köçərək qonşu ərazilərə səpələnməyə məcbur olurlar. Başqa ərazilərdə məskunlaşdıqdan sonra özlərini assimilyasiyadam qorumaq məqsədilə yəhudilər həmin ərazilərdə öz icmalarını formalaşdırmağa başlayırlar. Yəhudi xalqının diaspor halında birləşməsinə əsas səbəb isə eramızdan əvvəl 576-cı ildə Babilistan çarı II Navudanhonsor tərəfindən İudeya çarlığının paytaxtı Qüdsün işğal edilməsi olur. Babilistan və digər ərazilərə köçürülən və könüllü mühacirət edən yəhudilər diaspor yaratmağa məcbur olaraq öz milli kimliklərini qoruyub saxlamağa çalışırlar.
Son dövrlərdə diaspor anlayışı müxtəlif proseslərlə əlaqələndirilib ki, nəticədə bu sözün kəsb etdiyi mənanın sərhədləri genişlənib. O, Şeffere görə diaspor etnik qrupların bir yerdən başqa bir yerə getməsi və ya məcburi miqrasiya prosesləri nəticəsində ortaya çıxır. Onlar mühacirət etdikləri ölkələrdə milli azlıq statusunda yaşayırlar, etnik və etno-dini mənsubiyyətlərini, qrup daxili həmrəyliklərini mühafizə edirlər. J.T.Toşenka və T.İ.Çapitkovun da diaspora verdiyi tərif Şifferin tərifinə yaxındır. Onlara görə, diaspor, öz tarixi vətənlərindən kənarda yaşayan, mövcud cəmiyyətdə fəaliyyət göstərmək və inkişaf etmək üçün müvafiq sosial institutlara sahib, eyni etnik qrupa aid olan insanlardan ibarətdir. Bundan başqa diaspor anlayışı "miqrasiya" və ya "milli azlıqlar" sözləri ilə sinonimlik təşkil edir. Son dövrlərdə isə rus dilində diaspor kəlməsi istənilən etnik qrupu ifadə etmək üçün işlədilir. 1945-ci ilə qədər diaspor fenomeni tamamilə yəhudilər ilə əlaqələndirilsə də, bu dövrdən sonra dünyada baş verən proseslər nəticəsində şimali afrikalılar, hindlilər, türklər öz tarixi torpaqlarını tərk edərək yeni diasporlar formalaşdırdılar. Məhz həmin hadisələrin axarında diaspor anlayışı yeni mənalar kəsb etməyə başladı. Bütün deyilən fikirləri analiz edib və müxtəlif mövqeləri də nəzərə alaraq diaspor terminini aşağıdakı kimi izah etmək olar.
1-Bu anlayışın yaranmasında yunan termini olan diaspor-səpələnmə, dağılma, parçalanma, yayılma sözü mühüm rol oynayır.
2-Semaitik baxımdan bənzər anlayış kimi diaspor termininə diaspersiya (yayılma, səpələnmə) anlayışını sinonim olaraq göstərmək olar.
Lakin tədqiqatçılar hesab edirlər "Diaspersiya" (hər hansı bir səbəbdən yurd-yuvasından qovulmuş və ya sürgün edilmiş insanlar) anlayışı ilə diaspor terminini elmi nöqteyi-nəzərcə təyin etdikdə onlar arasında fərqləri görmək olar.
Göstərilən oxşar anlayışları diaspor termininə sinonim olaraq götürmək mümkündür. Lakin bu anlayışlarla diaspor arasında sərhədlər tam olaraq müəyyənləşdirilməlidir. Diasporun koloniya nəticəsində də yaranmasını qeyd etmək mümkündür. Ancaq siyasi anlamda bu uzunmüddətli proses olaraq göstərilir. Bu proses zamanı digər gözlənilməz nəticələrlə də üzləşmək olar. Koloniya sahibləri özləri zamanla yerli xalqa qaynayıb-qarışa bilər ki, artıq burada diasporadan danışmaq düzgün olmazdı. Buna misal da göstərmək olar. Əlcəzair fransızlarının bugünkü durumlarına nəzər saldıqda belə nəticəyə gəlmək mümkündür. Baş verən proseslər səbəbilə onlar millət olaraq öz adlarını saxlamalarına baxmayaraq, artıq öz milli kimliklərini, mentalitetlərini, mədəniyyətlərini, dinlərini, ənənələrini, mətbəxlərini itirmək təhlükəsilə üzləşiblər. Bu cür hal isə diasporun formalaşması prosesində ən əsas tələb olunan şərtlərdən biridir ki, onların itirilməsi ilə diasporun formalaşdırılması qeyri-mümkündür.
İcma isə bütün oxşarlıqlarına baxmayaraq diaspor demək deyil. Diasporun yaranması və formalaşması üçün mütləq etnik qrupun və xalqın tarixi vətənləri olması vacib şərtlərdəndir. Əgər hər hansı bir xalqın və ya etnik qrupun tarixi vətənləri yoxdursa və bununla əlaqəli mifik-siyasi dünyagörüşləri formalaşmayıbsa, onda burada diasporadan söhbət gedə bilməz. Bu halda mövcud etnik qrup və ya xalq məskunlaşdığı ərazini və ölkəni özlərinə vətən hesab hesab edə bilərlər ki, bu da diaspor anlayışına zidd olan bir prosesdir. Bunun kimi qarşılarına dövlət yaratmaq məqsədi qoymayan kateqoriyanı təhlil etsək, eyni fikri buna aid etmək olar. Diasporun formalaşması prosesinin əsas tələblərindən biri vətən və dövlət anlayışlarının mütləq üst-üstə düşməsidir. Digər bir kateqoriya olan dövlət sərhədləri ilə iki hissəyə bölünən xalq və ya etnik qrupu diaspor hesab etmək tamamilə yalnışdır. Bu anlayışları diaspor termininə sinonim kimi götürməklə, belə proseslə üz-üzə qalan xalqın və ya etnik qrupun tarixinin ən spesifik cəhətlərini nəzərə almamaq kimi qəbul edilir. Buna bənzər halları Azəbaycan xalqının timsalında görmək mümkündür. Bu gün Cənubi Azərbaycan, Dağıstan və Gürcüstanın Borçalı mahalında yaşayan soydaşlarımızı diaspor hesab etmək doğru olmazdır və istər Cənubi Azəbaycan, istər Dağıstan, istərsə də Gürcüstanda yaşayan soydaşlarımızı diaspor nümayəndələri kimi qələmə vermək qətiyən qəbuledilməzdir. Dövlət sərhədləri ilə iki və ya daha çox hissəyə bölünən xalq və ya ya etnik qrup öz tarixi dədə-baba torpaqlarında yaşayırlar və onları diaspor kateqoriyasına aid etmək ən azı tarixi faktları qəbul etməməkdir. Diasporun formalaşmasında və yaranmasında iki əsas amilə diqqət yetirilir. Birinisi, hər hansı bir xalqın nümayəndələrinin öz ölkəsinin etnik torpaqlarından kənara, xaricə mühacirət etməsi, ikincisi, xalqın xaricdə olan hissəsinin təbii-bioloji yolla artıb çoxalması. Ümumiyyətlə, diasporun formlaşması tarixi öz başlanğıcını mühacirət prosesinin baş verməsindən götürür. Bir sıra tədqiqatçılar hesab edirlər ki, diasporu formalaşdıra biləcək səviyyədə mhacirət prosesi baş verməsə, burada diaspordan söhbət gedə bilməz. Mühacirət hallarının kütləvi xarakter alması isə öz növbəsində diasporun istər-istəməz yaranıb ortaya çıxmasını zəruri və qaçılmaz edir. Bütün tərəfləri ilə oxşar və sinonim olmalarına baxmayaraq mühacirət prosesi diaspor demək deyil. Ana vətənlə mifik, ortaq baxış və fikirlərin olması diasporların birləşməsi, həmrəyliyi məsələsində müstəsna rol oynayır. Tarixi vətənləri olan diasporlar fəaliyyət və yaşamlarında məskunlaşdıqları ölkələrdə onu layiqincə təmsil etməyə çalışırlar. Ümumiyyətlə qüdrətli diaspora xas olan iki əsas cəhət var. Bunlardan biri milli kökünə bələd olub, milli varlığına, milli sərvətlərə sahib çıxmaq, digəri isə tarixi vətənlərini başqalarına tanıtmaqla onu xarici ölkələrdə təbliğ etməkdir.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir