Yeni müstəqil teatr - “Human”



 Azərbaycanda yenicə yaranmış müstəqil  "Human" teatrı müasir dünyamızda zorakılığın artması, insanın şəxsiyyətinin təhqir olunması, onun fiziki və mənəvi zorakılığa məruz qalması, insanlar arasında dini, cinsi ayrı - seçkiliyin qoyulmasına qarşı yaradılmış ilk teatrdır. "Human" teatrının repertuarında humanizm ideyalarından, gender problemlərindən, insan hüquqlarından və hüquq bərabərliyindən bəhs edən tamaşalar yer tutacaq.


"Human" teatrının ilk tamaşası  "Üçüncü" tragikomediyası insanın öz xoşbəxtliyini başqalarının bədbəxtliyinin üzərində qurmağından, öz canını qurtarmaq üçün vicdan əzabı çəkmədən başqalarının həyatını qurban verməsindən bəhs edir.
Tamaşa polşalı dramaturq Slovomir Mrojekin "Karol" tragikomediyası əsasında hazırlanıb.

"Üçüncü" tamaşasını aktyorlar Elgün Həmidov, Ziya Ağa və Şamil İbrahimov ifa edəcək. Tamaşa əməkdar artist Pərviz Məmmədrzayev tərəfindən hazırlanıb.

Qeyd edək ki, premyera 29 mart 19:00-da Xəzər Universitetinin ikinci kampusunda yerləşən teatr zalında olacaq.

Teatrın bədii rəhbəri Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcılarından biri, keçmiş "Simsar" teatr-studiyasının yaradıcısı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univeristetinin baş müəllimi, teatr və kinoaktyoru, əməkdar artist Pərviz Məmmədrzayev, direktoru isə Akademik Milli dram teatrında fəaliyyət göstərmiş teatr və kino aktyoru Şamil İbrahimovdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31