Məktəb ilkə imza atdı

Məktəb ilkə imza atdı

Bəlkə də hər bir insanın tapındığı, ruhən dincəldiyi, qəlbən rahatlıq tapdığı, daim can atdığı ünvan və ya ünvanlar vardır. Və bu ünvanlarda onu nəyin - sevincinmi, kədərinmi gözləməyindən asılı olmayaraq bütün varlığıyla, şüuru, düşüncəsi, ürəyilə ora can atır. Çünki orada özünü tapır, aid olduğu yerdə hiss edir özünü - uşaqlaşır, qayğısızlaşır, şıltaqlaşır, fantaziyalarının burulğanına düşür. Bax, mənim üçün belə ünvanlardan ikisi daha önəmlidi: Məktəb və hərbi hissə. Və buradakı kontingent təbii ki. Gələcəyimizin yüksək təhsilli, intellektli gənclərlə, torpaqlarımızın isə cəsur və vətənpərvər əsgər və zabitlərlə nə dərəcədə əlaqəli və güvənli olmasını sübut etməyə heç bir lüzum yoxdu zənnimcə.

Bax, elə bu günlərdə bir qrup Qarabağ müharibəsi qazisi ilə belə bir ünvanda olduq. Sabunçu rayonundakı 67 nömrəli tam orta məktəbdə keçirilən "Ümumtəhsil məktəblərində nümunəvi siniflərin bu və ya digər qəhrəmanın adı ilə adlandırılması təcrübəsinin tətbiqi" mövzusuna həsr olunmuş tədbirdə sözün əsl mənasında bir ilkə imza atıldığının şahidi olduq.

Ən əvvəl məktəb haqqında qısa arayış: Üç əsrin şahidi olan bu təhsil ocağı 1897-ci ildə 73 şagirddən ibarət iki sinifli məktəb kimi iki müəllimlə fəaliyyət göstərmişdir. 2017-ci ildə 120 illiyini təntənə ilə qeyd edən bu qocaman təhsil ocağında indi artıq 155 nəfər müəllim, 3102 şagird elmin sirlərinə yiyələnir və cəmiyyət üçün faydalı insanlar kimi yetişirlər. Məktəbə 1984-cü ildə burada coğrafiya müəllimi kimi pedaqoji fəaliyyətə başlayan, 1989-cu ildə direktor müavini, 1990-cı ildən isə direktor vəzifəsində çalışan respublikanın "Əməkdar müəllim"i İradə Sahib qızı Bayramova rəhbərlik edir. Zəngin pedaqoji təcrübəyə malik olan, istedadlı və cəfakeş müəllim İradə xanımın rəhbərliyi ilə məktəbin müəllim və şagird kollektivi 108 sinfə Qarabağ döyüşlərində şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanlarının adlarını vermişlər və bu gözəl təşəbbüsün resbublikamızın digər məktəblərində də yayılmasını istəyirlər.
Məktəbin direktor müavini Gülnarə Bağırovanın təşkilatçılığı ilə VIII "ə" sinfində Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Nofəl Zahid oğlu Quliyevin xatirəsinə həsr olunmuş tədbir də bu qəbildən idi. Ən əvvəl Himnimiz oxundu və şəhidlərin xatirəsinə sayğı duruşu nümayiş etdirildi.

Qısa arayış: Nofəl Zahid oğlu Quliyev 1963-cü il oktyabrın 4-də Əli-Bayramlı (indiki Şabran) şəhərində anadan olmuşdur. Rus imperiyasının 1990-cı ilin yanvarında Bakıda törətdiyi qətliamdan sonra Tümen Vilayətindəki vəzifəsini və evini ataraq respublikamıza gəlmiş və könüllü Xüsusi Təyinatlı Polis dəstəsinə üzv yazılmışdır. Qarabağın ən qaynar nöqtələrində döyüş şücaətləri və qəhrəmanlıqlar göstərən Nofəl Quliyev Goranboyun Todan kəndi istiqamətində 2 saatdan artıq erməni quldurlarının müqavimətini qırmış, təkbaşına döyüşdə 40-dan artıq erməni terrorçusunu məhv etmiş və 1991-ci il dekabrın 10-da qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə Nofəl Zahid oğlu Quliyevə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Vaxtı ilə təhsil aldığı Əli Bayramlı (Şirvan) şəhər 9 saylı orta məktəbə onun adı verilmişdir və məktəbin həyətində büstü qoyulmuşdur.

Şəhidin həyat yoldaşı Furadan Xəlilova, oğlu İlkin Quliyev, AVMVİB-nin Nəsimi Rayon Şöbəsinin sədr müavini Elmar Hüseynov, Nofəl Quliyevin döyüş yoldaşları, təqaüddə olan keçmiş xüsusi təyinatlı polislərdən Etibar Allahverdiyev ( Milli Qəhrəmanın son anlarında yanında olan komandiri), Saleh İsmayılov, Salman Xudaverdiyev, İlqar İbrahimov, Almas Xəlilov, Aydın İsayev, Eldar Qurbanov, əməkdar jurnalist və müharibə veteranı Əntiqə Qonaq, Milli Qəhrəman Samir Xasıyevin anası Gözəl Xasıyeva tədbirdə qonaq oldular. Döyüş yoldaşları Nofəlin dastanlara sığmayacaq şücaətlərindən qürurla, fəxrlə, ürək dolusu və göz yaşları içində xatirələrini danışdılar. Məktəb kollektivindən direktor İradə Bayramova, direktor müavinləri Məleykə Muradova və Ceyran Məmmədova, müəllimlərdən Sevil Ağamalıyeva, Zülfiyyə Ələsgərova və bir qrup valideyn qəhrəmanlıq, vətənpərvərlik, vətən təəssübü və yurd sevgisindən söz açdılar. 8-ci sinif şagirdlərinin mübariz ruhda, vətənpərvər çıxışları, oxuduqları əsgər marşı və yurda məhəbbət mövzulu şeirlərinı tədbir iştirakşıları maraqla dinlədilər, şagirdlər tərəfindən hazırlanmış videoçarxı maraqla izlədilər.
Tədbirdən bir müddət öncə sinif şagirdləri Gülnarə Bağırova ilə birlikdə Azərbaycanın Milli Qəhrəmanı Nofəl Quliyevin ailəsinin qonağı olmuş, qəhrəmanla bağlı xatirələri dinləmiş, ona aid olan şəkillərlə tanış olmuşlar. Qərara alınmışdır ki, hər il şəhidin doğum və anım günündə onun məzarını ailə üzvləri ilə birlikdə ziyarət etsinlər. Qəhrəmanın şücaətləri barədə inşa yazıları yazılacaq və fərqlənənlər mükafatlandırılacaqdır.
Tədbirin sonunda şəhidin döyüş yoldaşları və digər qonaqlar məktəbin müəllim və şagird kollektivinə bu gərəkli təşəbbüs və yüksək səviyyəli tədbir üçün minnətdarlıqlarını bildirmiş və ürək sözlərini iştirakçılarla bölüşmüşlər.

Əntiqə QONAQ,

əməkdar jurnalist

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31