“İrəli” İstanbulda tədbir keçirdi

"İrəli" İctimai Birliyi və İnsan Kapitalının İnkişaf Mərkəzinin (İNDEX) birgə təşkilatçılığı ilə İstanbulda "Xaricdən milli baxış" mövzusunda forum keçirilir. İctimai Birlikdən "OLAYLAR"-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə keçirilən Forumda 19 ölkədən 20 gənclər təşkilatının nümayəndələri iştirak edir. Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Türkiyənin Sənaye və İş Adamları Dərnəyinin (MÜSİAD) rəhbəri Yavuz Fəttahoğlu, Azərbaycan Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı, İNDEX-in baş katibi Əli Məmmədov, "İrəli" İctimai Birliyinin sədri, "Xaricdən milli baxış" layihəsinin ideya müəllifi Mirhəsən Seyidovun çıxışları dinlənilib. Vüsal Quliyev Azərbaycanda həyata keçirilən gənclər siyasətinin uğurlu nəticələri barədə məlumat verərək deyib ki, gənclər hər bir cəmiyyətdə aparıcı qüvvədir. Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Fondun fəaliyyətə başladığı dövrdən bəri gördüyü işlərdən, həyata keçirilmiş layihələrin əhəmiyyətindən danışıb. Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı qeyd edib ki, Azərbaycan gəncləri xaricdə ölkəmizi uğurla təmsil edirlər. Xaricdəki gənclərimiz media sahəsində də imkanlarını səfərbər etməli, təmsil olunduqları ölkələrdə yerli KİV-lə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məsələsinə diqqət verməlidirlər. "İrəli" İctimai
Birliyinin sədri, "Xaricdən milli baxış" layihəsinin ideya müəllifi Mirhəsən Seyidov rəhbərlik etdiyi təşkilatın ötən dövrdə əldə etdiyi uğurlardan və qarşıda duran vəzifələrdən bəhs edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31