İnklüziv turizmin perspektivləri müzakirə edilib
16 Oktyabr 2015 14:00 SosialMİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Arxeoloji abidələrin inklüziv turizm perspektivləri və əlillərin reabilitasiyasına dəstək" layihəsinin Nəticələr, Təkliflər, Tövsiyələr adlı kitabının, layihə çərçivəsində təklif olunan inkluziv turların və layihə nəticələrinə dair yekun hesabatın təqdimatını keçirib. "OLAYLAR"-ın xəbərinə görə, layihə 2015-ci ilin aprel-sentyabr aylarında MİRAS İB tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə baş tutub. Tədbirdə Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Saday Abdullayev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi İlqar Qurbanov, Mədəniyyət və Turizm Nazirliyi Qeyri-Hökümət Təşkilatları ilə iş sektorunun əməkdaşı İsa Məmmədov və s. iştirak edib. MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli bəhs edilən layihə və Azərbaycanda yeni sahə olan inklüziv turizm haqqında geniş məlumat verib. O bildirib ki, bu layihənin icrası zamanı aşkar olunub ki, bu sahədə məlumatsızlıq və çatışmazlıqlar mövcuddur, cəmiyyətin bununla bağlı maarifləndirilməsinə ehtiyac vardır. Layihədə iştirak edən bütün iştirakçılara və MİRAS könüllülərinə sertifikatlar təqdim olunub.