“Ailə quruluşunda qadın - binanın təməl daşıdır”
21 May 2015 12:40 SosialAzərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "SAF Həyat Naminə" Gənclər İctimai Birliyinin hazırda həyata keçirdiyi "Ailə quruluşunda qadın - binanın təməl daşıdır" adlı layihə günün aktual mövzularından olan qadının ailədəki rolundan və eyni zamanda onun ailə və məişətdəki səlahiyyətlərinin araşdırılaraq ictimaiyyətə təqdim olunmasından bəhs edir. Qurumdan "Olaylar"a verilən məlumata görə, layihənin mahiyyətinin əsasını da məhz ailə münasibətləri təşkil etdiyindən, bəhs etdiyimiz mövzu birbaşa qadınların ailədəki rolunun və onlara qarşı ailədəki sosial-psixoloji mühitin araşdırılmasına və təhlil olunmasına, eyni zamanda onların səlahiyyətlərinin mənəvi və hüquqi tənzimlənməsi sahəsində maarifləndirmə işini təşkil etməyə imkan verəcək. Layihə "Ailə - kiçik dövlətdir" prinsipi ilə həyata keçirilir və hazırda layihə çərçivəsində bu prinsipə əsaslanan hazırlıq işləri davam edir ki, bunlardan da əsası sosial çarxın hazırlanmasıdır. Quba, Qusar, Xaçmaz, Şabran rayonlarını əhatə edən pilot layihənin gələcəkdə ölkənin digər regionlarında da həyata keçirilməsi nəzərdə tutulur. Layihə rəhbəri Səbinə Abbasova bildirib ki, model olaraq düşündüyümüz ideal ailə, ailə münasibətləri, ideal qadın məhz bizim görmək istədiklərimizdir ki, onu da layihə çərçivəsində ictimaiyyətə çatdırmağa çalışırıq. ("OLAYLAR" İA)