Türkiyə parlamenti niyə Xocalı soyqırımını tanımır? - AÇIQLAMA

Əkbər Qoşalı: “Türkiyə Böyük Millət Məclisi səviyyəsində qiymət verilməməsi ölkənin qondarma “erməni soyqırımı” ittihamı ilə üz-üz qalması ilə bağlıdır”

"Xocalı soyqırımının artıq bir neçə dövlətdə parlament və bələdiyyə səviyyəsində, eləcə də İslam Konfransı Parlament Assambleyası tərəfindən tanınmasına baxmayaraq qardaş Türkiyə tərəfindən tanınmaması barədə səslənən fikirlərə birmənalı rəy vermək mümkün olsa da, birxətli rəy vermək düzgün deyil". Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı Türkiyə parlamentinin Xocalı soyqırımını tanımaması məsələsinə münasibət bildirərkən belə deyib. Əkbər Qoşalının sözlərinə görə Türkiyə dövləti, birinci sırada, türk xalqı, türk ictimai-siyası fikri Xocalı soyqırımını tanıyır, bilir və bu qardaşlarının yaşadığı bu bəşəri faciəyə münasibətsiz deyil, hər il Türkiyədə möhtəşəm anım tədbirləri keçirilir, qardaş ölkədə Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb, çoxsaylı nəşrlər işıq üzü görüb. Ə.Qoşalının sözlərinə görə Xocalı soyqırımına Türkiyə Böyük Millət Məclisi səviyyəsində qiymət verilməməsi Türkiyənin qondarma "erməni soyqırımı" ittihamı ilə üz-üz qalması ilə bağlıdır: "Türkiyənin dövlət və hökumət başçıları uzun illərdir, tarixi parlamentlər, parlamentarilər deyil, tarixçilər yazmalıdır, deyə bir sabitqədəm tezislə çıxış edirlər. Belə olan təqdirdə güclü əlaqələrə, maliyyə və təbliğat resurslarına malik olan dünya erməniləri, beynəlxalq dayaqları möhkəm olan erməni diasporu, erməni yalanlarını müdafiə edən lobbi qurumları, eləcə də Türkiyənin güclənməsini istəməyən dövlətlər Türkiyəyə qarşı gizli-açıq beynəlxalq basqıları şiddətləndirəcəklər. Ermənilər qondarma "erməni soyqırımı" iddialarından geri addım atmayıblar və üstəlik qondarma "yüzilliy"ə hazırlaşırlar. Bu mənada biz qardaş Türkiyənin vəziyyətini başa düşürük. Lakin bu belə qalmayacaq. Türkiyə günü-gündən çiçəklənir, qüdrətlənir, düşmən dövlət isə geriləməkdədir. Heç şübhə etmirəm, çox da uzaq olmayan gələcəkdə Xocalı soyqırımı ilə qondarma "erməni soyqrımı"nı qar­şılaşdırmaq, müqayisə etməyin ədalətsiz olduğunu dünya qəbul edəcək, Tür­kiyə də qardaşının həqiqəti ilə düşməninin yalanı arasında qalma­yacaq, Türkiyəni həqiqəti istədiyi kimi müdafiə etmək, həmin həqiqətə istənilən səviyyədə qiymət vermək üçün heç bir güc, heç bir situasiya "fakt"  qarşısında qoya bilməyəcək. Hərçənd biz ermənilər kimi ölülər üzərindən siyasət yapmaq əxlaqına sahib deyilik, lakin unutmaq olmaz ki, biz həqiqətin, onlar qondarmaçılığın peşindədirlər, biz yaxın tarixdə baş vermiş - dəlil-sübutlu, soyqırımı törədənlərin özlərinin etiraf etdiyi soyqırımdan danışırıq, onlar bəlgəsiz-sübutsuz hay-küy qaldırır, "Böyük Ermənistan" xəyalının gerçək­ləşməsi üçün öz ağıllarınca "yol xəritəsi" çəkirlər". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31