"Daima Azərbaycanın yanında olacağıq" - İsmayıl Safi

Türkiyə ilə Azərbaycan düşmənləri qıcıqlandıracaq, dostları isə heyran edəcək birliyə, əməkdaşlığa sahibdir"

Türkiyə Böyük Millət Məclisinin AKP-dən olan üzvü, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında türk nümayəndə heyətinin sədri İsmayıl Safinin  "OLAYLAR"-a eksklüziv müsahibəsi

-İsmayıl bəy, Azərbaycanla Türkiyə arasındakı parlamentlərarası əməkdaşlığı necə dəyərləndirərdiniz?

-Bütün sahələrdə olduğu kimi siyasi sahədə, parlamentlərarası əlaqələrdə də Türkiyə ilə Azərbaycan düşmənləri qıcıqlandıracaq, dostları isə heyran edəcək birliyə, əməkdaşlığa sahibdir. Buna bir neçə örnək də göstərmək mümkündür. İkitərəfli əlaqlər istiqamətində Azərbaycanla Türkiyə arasında heç bir problem yoxdur. Parlamentlərarası əməkdaşlıqda da bir-birimizə qarşı qardaş ölkə kimi davranırıq. Bundan başqa iki əməkdaşlıq təşkilatı çərçivəsində önəmli əlaqələrimiz mövcuddur. Bunlardan biri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasıdır ki, Azərbaycana səfərimiz də məhz bununla bağlıdır. Azərbaycan və Türkiyə Qara Dəniz İiqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının iki önəmli ölkəsidir. Bu əməkdaşlıq çərçivəsində əlaqələrimizi genişləndiririk. Eyni zamanda Türkdilli Ölkələrin Parlament Assambleyası fəaliyyət göstərir. Həmin qurumun da yaradıcı ölkələri Azərbaycan və Türkiyədir. Eyni zamanda Qazaxıstan və Qırğızıstan da Türk PA çərçivəsində bizimlə əməkdaşlıq edir. Hazırda Türkdilli ölkələrin Parlament Assambleyasında dörd ölkə təmsil olunsa da, ümid edirəm ki, qarşıdakı zamanlarda üzv ölkələrin sayı daha da artacaq. Türkdilli ölkələrin Parlament Assambleyasının mərkəzinin Azərbaycanda olması da bütün türk dünyası üçün önəmlidir.

-Azərbaycanla Türkiyənin gerçəkləşdirdiyi bir sıra layihələr var. Xüsusilə son TANAP layihəsi iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsinə nə dərəcədə təsir göstərəcək?

-TANAP layihəsindən əvvəl Bakı-Tbilisi-Ceyhan neft boru kəməri layihəsi vardı. Bakı-Tbilisi-Ceyhan haqlı olaraq Əsrin layihəsi deyə adlandırıldı və bu çox önəmli bir layihə idi. TANAP isə ola bilsin ki, Bakı-Tbilisi-Ceyhandan da daha önəmli bir layihədir. Bütün bunların nəticəsində Türkiyə ilə Azərbaycan arasında olan iqtisadi əlaqələri iki qat inkişaf etdiririk. Avropa ölkələrinin layihəsi kimi tanınan NABUKKO məsələsi müzakirə edilərkən Azərbaycan və Türkiyə əlini masaya vuraraq TANAP layihəsini gerçəkləşdirdi. Artıq Azərbaycan Respublikasının Milli Məclisi bunu təsdiq etdi. Yaxın zamanlarda isə məsələ Türkiyə Böyük Millət Məclisi səviyyəsində də öz həllini tapacaq. Bütün bu işlərin davamı olaraq İzmirdə "Yıldız Transfer" layihəsi də həyata keçiriləcək. Bu da çox böyük bir layihədir. Əgər son 5-10 il əvvəl bunlar barədə danışılmırdısa, bu gün sözügedən layihə barədə də söhbətlər gedir. Bu Türkiyə Cümhuriyyəti tarixində qoyulan ən böyük sərmayədir. Bu sərmayəni də Azərbaycan Türkiyəyə yatırır. İlkin mərhələdə 8-10 milyard dollar məbləğində hesablanan layihə sonradan 20 milyard dollara çatacaq.

-Türkiyənin Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyi bəllidir. 2015-ci il seçkilərindən sonra bu mövqedə hansısa dəyişikliklər baş verə bilərmi?

-Türkiyədə hakimiyyətdə hansı iqtidar olursa olsun türk milləti və dövlətinin Azərbaycana baxışı dəyişməyəcək. Biz Ədalət və İnkişaf Partiyası olaraq öz mövqeyimiz bildirmişik. Hakimiyyətdə CHP və ya MHP olsa da mövqe eyni qalacaq. Bizim Dağlıq Qarabağ probleminə də baxışımız eynidir. Dağlıq Qarabağ problemi Azərbaycanla yanaşı Türkiyənin də milli məsləsidir.  Baş nazir Rəcəb Tayyib Ərdoğan bu məsələ ilə bağlı nöqtəni çoxdan qoyub. Bildirib ki,. Bu Türkiyənin qəti mövqeyidir. Bundan başqa deyiləcək bir şey yoxdur. Ancaq bəzən Azərbaycanla Türkiyə arasında nifaq yaratmağa çalışan insanlar olur. Onlar Türkiyənin Ermənistanla sərhəddi açacaqlarını iddia edirlər. Bu insanlar unudurlar ki, Rəcəb Tayyib Ərdoğan sözü bir dəfə deyər. Türk milləti də bu məslədə öz sözünü deyib. Ona görə də bu məsələdə biz daima Azərbaycanın yanında olacağıq.

-Baş nazirin Türkiyə Böyük Millət Məclisinin bəzi deputatlarının toxunulmazlığının ləğvi ilə bağlı açıqlamasından sonra bir neçə BDP-li millət vəkilinin deputat toxunulmazlığının ləğv ediləcəyi söylənildi. Sizcə, bu PKK terror təşkilatının Türkiyə dövlətinə qarşı daha sərt addımlar atmasına gətirib çıxarmayacaq?

-Onsuz da proses sürətlənib.. Terror can almaqda davam edir, məsum insanlar, uşaqlar qətlə yetirilir. Əgər millət vəkili seçilibsinizsə  birlik, barış istiqamətində addımlar atmalısınız. Ancaq əksinə millətə silah çevirən, onu qətlə yetirən terroristlərlə qucaqlaşıb onları dəstəkləyirsinizsə, o halda Türkiyə dövlətində bir hüquq, ədalət var və Türkiyə dövləti də lazım olan addımı atar.  Kimliyindən asılı olmayaraq bu hər kəsə şamil edilir. Məndə olan məlumata görə, 10 nəfər millət vəkilinin toxunulmazlığının ləğvi ilə əlaqədar hökumət tərəfindən siyahı hazırlanıb və Türkiyə Böyük Millət Məclisinə göndərilib. Buna uyğun olaraq da Məclis üzərinə düşən vəzifəni yerinə yetirəcək.

-Yaxın zamanlarda Türkiyədən Azərbaycan və ya Azərbaycandan Türkiyəyə yüksək səviyyəli səfərlər gözlənilirmi?

-Baş nazir Rəcəb Tayyib Ərdoğan bir ay əvvəl Azərbaycanda səfərdə idi. Həmçinin cənab prezident İlham Əliyev iyun ayında İstanbulda bir toplantıda iştirak etdi. Ümumiyyətlə, ən yüksək səviyyədə görüşlər, toplantılar, səfərlər davam edir. Hazırda böyük bir nümayəndə heyəti ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının toplantısında iştirak etmək üçün Aazərbaycandayıq. Bu kimi toplantılar təşkilatın üzvü olan digər ölkələrdə də keçirilir. Ancaq Azərbaycandan fərqli olaraq həmin ölkələrə biz cəmi 3-5 nəfərlə gedirik. Azərbaycanda keçirilən toplantıda isə tam tərkibdə iştirak edirik.  Bir sözlə mövzu Azəbaycan olunca bizim baxışımız dəyişir və tam tərkibdə bu cür tədbirlərdə iştirak edirik. Azərbaycana səfərimiz çərçivəsində gözəl bir günə, Şimali Kipr Türk Respunlikasının 29-cu ildönümü tədbirlərinə qatılırıq. Bunun Bakıda qeyd edilməsi çox önəmlidir. Yavru vətənimizə Azərbaycanın da sahib çıxması bizi sevindirir. İnşallah yaxın gələcəkdə Azərbaycan və Türkiyə, eləcə də digər türk respublikalarının dəstəyi Şimali Kipr Türk Respublikası da öz haqlarını qazanmış olacaq.

Süleyman İsmayılbəyli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR