Ekspert: “Rusiyanı dizel böhranı və soyuq qış sınağı gözləyir” – ÖZƏL

Rusiyanın daxili tələbatı ödəmək üçün dizel ixracını dayandırıb idxala keçməsi qlobal bazarda ciddi gərginlik yaradıb. Nəticədə ABŞ-də dizelin qiyməti 5 dolları keçib, Avropada marjalar rekord vurub. Əvvəllər Rusiya yanacağı alan Türkiyə və Braziliya kimi ölkələrin alternativ mənbələrə üz tutması tədarük zəncirini pozub. Ekspertlər zərbələrin davam edəcəyi təqdirdə qlobal qiymət artımının uzunmüddətli olacağı ilə bağlı xəbərdarlıq edirlər.

"Rusiyanın dizel ixracı ilə bağlı məhdudiyyətlərin yaranması dünya iqtisadiyyatının müəyyən sahələrində bahalaşmaya səbəb olacaq. Xüsusilə də yük daşımaları, gəmiçilik və logistika şirkətləri daha baha qiymətə dizel almağa məcbur olacaqlar. Bu isə malların daşınma xərclərini artıracaq və nəticədə məhsulların qiymətində bahalaşma baş verəcək".

Bu sözləri Olaylar.az-a açıqlamasında iqtisadçı ekspert Razi Abbasbəyli deyib. İqtisadçı bildirib ki, xüsusilə Avropa, Afrika və Latın Amerikası ölkələrində dizel idxalından asılılıq yüksək olduğuna görə təchizat problemləri yaşana bilər. Prosesin Rusiya iqtisadiyyatına təsiri isə daha ciddi olacaq. Dizel ixracından əldə olunan valyuta gəlirləri azalacaq. Neft emalı zavodları tam gücü ilə fəaliyyət göstərə bilmədikdə, təbii olaraq dövlət büdcəsinə daxilolmalar da azalacaq. Ukraynanın hücumlarının intensivləşməsi və texniki problemlər səbəbindən Rusiyanın neft emalı gücünün mühüm hissəsi sıradan çıxıb. Belə olan halda, yaxın dövrdə Rusiyanın dizel ixracının əhəmiyyətli dərəcədə azalacağı, hətta müəyyən müddətə dayanacağı ehtimalı artır. Dünya bazarında dizel qiymətlərinin bahalaşması inflyasiya riskini yüksəldəcək, logistika və kənd təsərrüfatı sahələrində xərclərin artmasına səbəb olacaq. Ən vacib məqamlardan biri Rusiyanın ixrac gəlirlərinin azalması və daxili bazarda dizel yanacağı ilə təminatda çətinliklərin yaranmasıdır. 

İqtisadçının sözlərinə görə, daha ciddi məqam isə ondan ibarətdir ki, bir neçə aydan sonra Rusiyada soyuq hava şəraiti başlayacaq. Soyuq iqlim şəraitində dizel çatışmazlığı Rusiyanın şimal bölgələrində yerləşən bir sıra həyati əhəmiyyətli və strateji obyektlərin fəaliyyətində ciddi problemlər yarada bilər. Eyni zamanda bu vəziyyət insanların gündəlik yaşayışına da mənfi təsir göstərə bilər. Əgər qış aylarına qədər mövcud problemlər aradan qaldırılmasa, Rusiyanı həm maddi, həm də texniki baxımdan ciddi itkilər gözləyə bilər.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31