“Mənim işim həm də diaspor fəaliyyətidir”

Adilə Əliyeva: “Xaricdə musiqi ifaçılığı həm də diaspor işidir ”

Bu gün dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ölkəmizin həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması ilə yanaşı zəngin tarixi-mədəni irsimizin təbliği, Azərbaycan musiqisinin tanıdılması istiqamətində də aktivlik nümayiş etdirir.  Azərbaycan musiqisinin təbliğini müxtəlif ölkələrdə yaşayan soydaşlarımız fərdi qaydada da həyata keçirirlər. Belə dəyərli insanlardan biri də dünya şöhrətli pianoçu Adilə Əliyevadır. Dünya musiqi aləmində özünü təsdiqləyən Adilə Əliyeva 25 ilə yaxındır ki, Fransada yaşayır. O, 50-dən çox ölkənin konsert salonlarında çıxış edib. Dünyanın məşhur səsyazma studiyalarında  30-dan artıq kompakt-diski yazılıb, eləcə də 200-dən çox müxtəlif radio və televiziyalarda haqqında mütəmadi xəbərlər, xüsusi verilişlər çəkilib.

-Adilə xanım, musiqi, incəsənətə gəlişiniz necə olub?

- Hələ 6 yaşım olanda radioda ilk dəfə ifam yazılıb. Simfonik orkestrlə isə ilk çıxışım 7 yaşımda Leo Qinzburqun dirijorluğu altında keçib. Həmin ərəfələrdə "Dostluq melodiyaları" adlı sənədli kinofilmdə D. Şostakoviçin İkinci konsertini ifa etmişəm. Bül-Bül adına orta ixtisas musiqi məktəbini bitirəndən sonra  P.İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasına daxil oldum, oranı qırmızı diplomla bitirdim və aspiranturaya da qəbul oldum. Konservatoriyadan sonra sayını itirdiyim ölkələrdə unudulmaz konsertlər, müsabiqələr başlandı. Hətta 1980-86-cı illərdə Bakının o zamankı Oktyabr, indiki Yasamal rayonunun deputatı da olmuşam.

- Bəs nə vaxtdan Fransada yaşayırsız?

- Həyat yoldaşım Sergey Bespali ilə İsveçrəyə qastrola getmişdik. Yeri gəlmişkən, o da musiqiçidir- vokalçı və dirijordur. Səfərimiz elə vaxta təsadüf etmişdi ki, hər tərəfdə gərginlik hökm sürürdü. 1990-cı il idi. Çıxışımız yüksək qarşılandığından bizə orda qalıb işləmək təklifi etdilər. Beləliklə, əvvəlcə İsveçrəyə, sonra isə Fransaya köçdük.

-Azərbaycanın məşhur bəstəkarlarından hansılarının əsərlərini ifa edirsiz və xaricilər bunu necə qarşılayır?

- Qürbətdə yaşasaq da bir an olsa belə özümüzü Azərbaycandan kənarda hiss etmirik. Demək olar, hər konsertimdə Azərbaycan bəstəkarlarının əsərlərini ifa edirəm. Azərbaycanlı bəstəkarlardan Qara Qarayev, Cövdət Hacıyev, Tofiq Quliyev, Oqtay Rəcəbov, Vaqif Mustafazadə, Arif Məlikov və başqalarının əsərlərini ifa edirəm. Mənim Vaqif Mustafazadə ilə dost münasibətim var idi. Biz onunla qonşu idik. Bir çox bəstələrinin ilk dinləyicisi olmuşam...

-Səhv etmirəmsə siz eyni zamanda musiqi tədris edirsiniz?

-Əlbəttə. Mən Fransa Beynəlxalq  Musiqi Akademiyasının direktoruyam. Eyni zamanda orada pianinodan dərs deyirəm. Burada 100-ə yaxın tələbə dərs alır.  Bizə Fransada, ümumiyyətlə, Avropada böyük hörmət var. 1996-cı ildən Fransada hər iki ildən bir mənim adıma beynəlxalq müsabiqə keçirilir. Müsabiqə belə adlanır: "Adilə Əliyeva adına pianoçuların beynəlxalq müsabiqəsi". Hər dəfə 255 nəfərə yaxın musiqiçi bu müsabiqədə iştirak edir. Qaliblərin ümumi mükafat fondu 26 min avrodur. Bunun bütün xərcini Fransa dövləti ödəyir.

-Azərbaycan musiqisinin dünyada tanınması istiqamətində hansı işlər görürsüz?

- Bütün Avropa və Amerika ölkələrində konsertlərim olur. Hətta mən Vatikanda konsert vermişəm. Orada Luçano Pavarottinin də konsert olmuşdu. Çox böyük konsert idi. Azərbaycanın İtaliyadakı səfiri də konsertdə iştirak edirdi. Konsertdə kardinalla yanaşı, eyni zamanda 40 yepiskop var idi.

- Fransadakı diasporumuzla əlaqələriniz necədir?

- Mənim işim həm də diaspor fəaliyyətidir. Xaricdə musiqi ifaçılığı həm də diaspor işidir.  Mən özümü diaspor nümayəndəsi hesab edirəm. BMT-nin Cenevrədəki ofisində mənim konsertim olub. Orada 300-dən çox diplomat var idi. Hamısı məni ayaq üstə alqışlayırdı. Bu çox böyük bir uğur idi. Mənim diasporla çox gözəl əlaqələrim var. Diaspor təşkilatlarının hər bir tədbirlərinə dəvət alıram.

-Sizcə, məşhur musiqiçi olmaq üçün insandan əsas nə tələb olunur?

- Tanınmış musiqiçi olmaq üçün insandan istedad və bacarıq tələb olunur. Budan başqa isə çalışmaq lazımdır. Bir də güclü məktəb keçmək lazımdır. Amma şans, qismət də olmalıdır...

- Azərbaycan üçün darıxırsınızmı?

-Əlbəttə.

-Belə vaxtlarda ürəyinizdən hansı musiqini ifa etmək keçir?

- Belə zamanlarda Fikrət Əmirovun "Gözəlim sənsən" musiqisini ifa edirəm. Bundan sonra da ağlayıb sakitləşirəm.

-Perspektivdə hansı layihələriniz var?

- Azərbaycan, Fransa və İsveçrə musiqiçilərindən ibarət bir müsabiqə keçirmək istəyirəm. Mənim haqqımda "Musiqidə yaşamaq" adlı bir sənədli film çəkilib. Bu film dünyanın 3 min telekanalında göstəriləcək. Çalışırıq ki, bunun üçün sponsor tapaq.   

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31