Mirzə Cəlilin dil baxışları və Türkoloji Qurultaydakı dil müzakirələri: tarixi və ədəbi paralellər

ZÜLFİYYƏ İSMAYIL

AMEA Naxçıvan Bölməsi

filologiya üzrə fəlsəfə doktoru, dosent

Ümummilli lider Heydər Əliyev 1926-cı ildə Bakıda Birinci Beynəlxalq Türkoloji Qurultay çağırılmasını "Türk dünyası üçün böyük tarixi əhəmiyyətli hadisə" kimi dəyərləndirmişdir. XXI əsrdə müstəqil Azərbaycan Respublikası hüquqi, demokratik, dünyəvi milli-mənəvi dəyərlərini çağdaş beynəlxalq aləmə inteqrasiya etmək yolunda inamlı addımlar atmaqdadır. Azərbaycan xalqının milli dövlətçilik prinsipləri içərisində prioritet təşkil edən milli-mənəvi dəyərlərin qorunub saxlanılması, gələcək nəsillərə ötürülməsi və ümumbəşəri dəyərlərə inteqrasiya olunması yolunda mühüm tarixi-siyası addım sayılan Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 22 oktyabr 2025-ci il Sərəncamı müstəsna əhəmiyyət kəsb edir.

Birinci Türkoloji Qurultayda Azərbaycan ədəbi dilinin əsasən 3 məsələsi müzakirəyə çıxarılmışdı: əlifba, orfoqrafiya və terminologiya məsələləri. Professor R.Məhərrəmova bu məqsədlə yazırdı ki, Sovet hakimiyyəti qurulduqdan sonra ədəbi dilin yazısında əsaslı dəyişiklik etmək, ədəbi dilin yeni əlifbasını düzəltmək, yazıdan ərəb əlifbasını çıxarmaq Azərbaycan ictimai fikri qarşısında çox mühüm bir məsələ kimi durdu. 1920-1929-cu illərdə ədəbi dilin digər məsələlərinə nisbətən əlifba məsələsi çox müzakirə edilmişdir. Bu da təbiidir, çünki əlifba məsələsi həll olunmayınca, ədəbi dilin digər məsələlərini düzgün həll etmək, ana dilinin tədrisini qaydaya salmaq mümkün olmurdu. Professor T.Hacıyev isə belə qeyd edir: "Ümumiyyətlə, heç bir xalqda və heç bir zamanda dil məsələsi XX əsrin əvvəllərində Azərbaycan bədii və bədii-publisist ədəbiyyatında olduğu qədər bədii fikri məşğul etməmişdir". Xüsusilə, XX əsrin və Yaxın Şərqin ən böyük simalarından olan C.Məmmədquluzadənin ümumi yaradıcılığında Ana dili məsələsi əsas xətt kimi keçir.

Azərbaycan xalqının görkəmli ictimai xadimi, maarifçi, pedaqoq, görkəmli publisist, naşir, tənqidi rеalist ədəbi cərəyanının bayraqdarı, ilk mənzum və allеqоrik dram əsərinin müəllifi, dramaturgiyanın nəhəng simalarından biri, yenitipli ictimai satiranın yaradıcısı, bütün dünyada məşhur olan yeni üslublu "Molla Nəsrəddin" jurnalının naşiri və mollanəsrəddinçilərin ağsaqqalı, milli mücadilə ədəbiyyatımızın sərkərdəsi böyük ədib Cəlil Məmmədquluzadənin [1869-1932] irsində və fəaliyyətində mənsub olduğu xalqının ana dilinin qorunması, onun savadlanması və yeni tipli əlifbanın yaradılması məsələsi başlıca yer tutur. Təsadüfi deyil ki, böyük azərbaycançı ədib Mirzə Cəlil Azərbaycan ədəbiyyatında həm də ana dilinin təəssübkeşi kimi tanınır.

Qeyd olunduğu kimi Azərbaycan xalqının mədəni tərəqqisində, milli oyanışında, maariflənməsində əvəzsiz xidmətləri olan Cəlil Məmmədquluzadəni Birinci Türkoloji Qurultayda da geniş müzakirə obyekti olan Azərbaycan ədəbi dilinin əsasən əlifba, orfoqrafiya, terminologiya və digər məsələləri daha çox narahat edirdi. Məlumdur ki, həmin dövrdə yeni əlifba yaratmaq və ya ərəb əlifbasını Azərbaycan [və digər türk xalqlarının] dilinin səs sisteminə uyğunlaşdırmaq ictimai fikir qarşısında çox mühüm bir məsələ kimi dururdu. Bu baxımdan, Azərbaycan xalqının görkəmli oğlu, ana dilinin böyük təəssübkeşi və mücahidi, yeni əlifba mücadiləçisi və islahatçısı Cəlil Məmmədquluzadənin "Ana dili", "Dil", "Lisan bəlası" və digər əsərləri milli-mənəvi dəyərlərimizin əsas atributu olan ana dilinin saflığının qorunması uğurundakı mübarizəsinin və onun ictimai mahiyyətinin dərk olunması nəticəsində qələmə alınmışdır. Onun ədəbi yaradıcıllığında bu problem xüsusi mahiyyət qazanır, daha doğrusu, 1920-ci ildə yazılan "Anamın kitabı" əsərində azərbaycanşünaslıq donuna girir və onun mahiyyətinə çevrilir. Cəlil Məmmədquluzadə bu dövrdə Azərbaycan ictimai reallığında müşahidə etdiklərini obrazlar üzrə paylamış, bu barədəki mövqeyini obrazların dili ilə demişdir. "Anamın kitabı" əsərində Ana dilimizə zərərli təsir mənbələri çox ustalıqla, bədii yolla ifadə edilmişdir. Prof. T.Hacıyev bu xüsusda yazır: "Ədəbi dilin saflığını korlayanlar vahid mənbə üzərində dayanmır, üç ada ayrılırlar, bir qrup ərəb-fars mənbəyinə, ikinci qrup-türk osmanlı, üçüncü qrup isə rus-Avropa dillərinə meyl edirdilər".

Ədibin yaradıcılığında ədəbi dilin digər məsələlərinə nisbətən əlifba məsələsi daha çox yer almışdır. Bu da təbiidir, çünki əlifba məsələsi həll olunmayınca, ədəbi dilin digər məsələlərini düzgün həll etmək, ana dilinin tədrisini qaydaya salmaq mümkün olmazdı. Ədibin böyük arzusu olan xalqın kütləvi savadlanması və milli oyanışı məsələsi məhz hamı üçün yazılması asan olan yeni əlifbanın yaradılması zərurətinə dayanırdı. Elə yazıçının "Kürk", "Nöqtələr", "Molla Nəsrəddin", "Ərəb əlifbası", "Behişt əlifbası" əsərindəki əsas qayəsi də odur ki, bu əlifba ədəbi dilimizin sözlərinin, xüsusilə ərəb-fars sözlərinin yazılışının ərəb və fars dilləri orfoqrafiyasında olduğu kimi saxlanılmasına səbəb olmuş, beləliklə də, sözlərin yazılışı və deyilişi arasında böyük fərq doğurmuş, Azərbaycan dilində düzgün yazmaq və oxmaq işini çətinləşdirmiş, kütləvi ünsiyyət və ictimai əlaqə işini həll etməyə müvəffəq ola bilməmişdir.

Cəlil Məmmədquluzadə 1926-cı ilin mart ayında "Molla Nəsrəddin" jurnalının №9 seriyasında  "Ölmək ölməkdir, xırıldamağa nə var" epiqrafı ilə başlayan "X" hərfi"  adlı məqaləsini "Mozalan" imzası ilə yazır. Bu məqalə həmin ildə Bakıda keçiriləcək I Türkoloji Qurultaya həsr olunmuşdur. Bu məqalənin məğzi onsuz da məqalənin adında öz əksinin tapmışdır. "X" hərfini əlifbada saxlanıb, saxlanmayacağı məsələsindən irəli gələn  narahatlığının qocaman müəllim dostunun dialoqu ilə mübahisə məxrəcinə gətirir. Həmin Türkoloji qurultayda da bu məsələnin gündəmə gələcəyini və nigarnçılığını belə dilə gətirir: "Ola bilər ki, həmin qurultay "X" hərfini türk hərfinin içindən bilmərrə çıxardıb tullaya". Klassik ədəbiyyatı dərindən bilən qocaman müəllim "X" hərfinin əlifbadan uzaqlaşması fikrindən bərk məyyus olur. Və bütün "x" hərfi olan sözlərdə "q" hərfini işlətmək ağılalmazdır. Sadəcə, ərəb və fars mənşəli sözlərdə "x" hərfi işlənir dilimizdə ümumişləkli hüququ qazanmış xoruz, xiyar, xəbər və qeyri sözlərimiz var ki, bu sözlərdə "x" hərfinin əvəzinə  "q" hərfin işlətmək olmaz.

Xarekteri bir az da baməzə olan müəllim hər hansı yolla olursa olsun qurultaya getmək üçün yol axtaracağını və həmin qurultayda "x" hərfini əlifbadan çıxartmaq fikrinə düşənləri ələ salaraq inandıracağına and içir və  "... elə ki, gördüm bəli, söhbət o yerə gəlib çıxdı ki, guya türk dilində "x" səsi yoxdur, onda mən özümü yatmışa oxşadıb, başlayacağam xoruldamağa. Məclisə səs düşəcək ki, ədə, o xoruldayan kimdir? Yanımdakı adamlar deyəcək ki, burda qocaman bir müəllimi yuxu tutub, yatıbdı. Onda mən birdən gözümü açıb, qurultay üzvlərinə deyəcəyəm: Hey, nə deyirdiniz? Türk danışığında "x" səsi yoxdur. Bəs bu saat mənim xoruldamağımı eşidib, özünüz soruşdunuz ki, burda xoruldayan kimdir?", əgər bu fəndi tutdura bilməsə xırıldayacağını deyir və "indi hünəriniz varsa mənim xırıldamağıma "qırıldamaq" deyiniz görüm".

C.Məmmədquluzadə "X" hərfi", "Yeni əlifba nə istəyir", "Yeni əlifba komitəsinin görmüş və görəcəyi işlər", "Xala xətrin qalmasın" və digər məqalələrində yazıda və danışıqda vahid bir qaydanın olmamasının  yazıçıların çaş-baş saldığını vurğulayır. Ədib yazı zamanı yaranmış qaydasıslığı aradan qaldırmaq üçün müxtəlif prinsiplər müəyyənləşdirirdi.  "Belə ki, bu əlifba ədəbi dilimizin sözlərinin, xüsusilə ərəb-fars sözlərinin yazılışının ərəb və fars dilləri orfoqrafiyasında olduğu kimi saxlanılmasına səbəb olmuş, beləliklə də, sözlərin yazılışı və deyilişi arasında böyük fərq doğurmuş, Azərbaycan dilində düzgün yazmaq və oxumaq işini çətinləşdirmişdir". Azərbaycan dili imlası 20-ci illərdə daha da pərakəndə şəklə düşür; ikiəlifbalılıq şəraitində bu, təbii idi. Bir tərəfdən, ərəb qrafikalı yazımız inqilabdan əvvəlki qarışıq nizamını davam etdirir, o biri tərəfdən, latın qrafikalı əlifbada yazı özünü qaydaya sala bilmir. Bu qaydasızlıq bir sıra ağızlara aid canlı nitqin eynilə yazıda əks olunması, ərəb qrafikalı yazının üzünün köçürülməsi və s. ilə əlaqədar bir müddət davam etmişdir. 1920-ci illərin imlası və fonetikası o dövrün tarixi imlası və tarixi fonetikası idi. Bu baxımdan Azərbaycan dilinin orfoqrafiya tarixində 1920-1930-cu illər xüsusi bir yer tutur.

Cəlil Məmmədquluzadənin C. imzası ilə "Yeni yol" qəzetində çap etdirdiyi "Yeni əlifba nə istəyir" məqaləsində yazıda və danışıqda vahid bir qaydanın olmamasının  yazıçıların çaş-baş saldığını vurğulayır. Sabit dilçilik nizam-intizamına, riyazi qayda-qanuna tabe olmayan dil qayda və qanununlarının olmamasını, açıq məntiqlə qaydasızlığı və "özbaşınalığı" ifşa edərək "Neçə yazıçımız varsa bir o qədər də yazı qaydamız var" - deyirdi. Yazı zamanı yaranmış qaydasıslığı aradan qaldırmaq üçün 4 prinsip müəyyənləşdirir.

Ədib bir kəlməsinin dəyişilməsi nəticəsində yazıda baş verən fəsadlara nümunə olaraq göstərir ki, oluram, alıram, aluram, almıram, olmuram, olmayıram, almayıram, almadım, olmadım, ölmədim, almacağam, ölməyəcəyəm, almayacağam, ölməgəm, alınmışdır, alunmuşdur, alınarsa, almar sə, alunur sə, alunurse. Müəllif fikirlərini əsaslandırmaq üçün "odun" kəlməsini də dəyişdirdik də yenə o halların baş verdiyini nümunələrlə sübut edərək qeyd edir ki, "yeni əlifba hökm edir ki, yazıda bu qarışıqlıqlara axır verilsin, çünki bu əlifbada dilimizdə olan səslərin hamısı vardır".

Bəllidir ki, heç bir dil sabit qalmır. Zaman irəliyə gedir. Elm və texnika inkişaf edir və digər dillərdən hər bir dil yeni söz alır. Maarifpərvər və uzaqgörən yazıçı qələm dostlarının həmin "özgə millətlərdən aldığı kəlmələri türkləşdirə bilmirlər, çünki ərəb əlifbası bu işə mane olur" fikrini ikinci hal kimi müəyyənləşdirir. Məsələn: nəmaz, kol, koloft, kələft, bolbol və yüzlərcə  belə kəlmələri türkün  tələffüz etdiyi namaz, qul, külfət, bol-bol kimi yaza bilmirdi. "Çünki belə yazanlara "savadsız" deyirdilər". Onun fikrinə görə yeni əlifba bu kimi kəlmələri həm türkləşdirməyə imkan verir, həm də məcbur edir.

Çaşqınlıq yaradan üçüncü hal kimi tələffüz məsələsini də gündəmə gətirir. Dilçilik elminin ədəbi dilinin tələffüz normalarından və qayda-qanunlarından bəhs edən bir bölməsi olan orfoepiya da Cəlil Məmmədquluzadəni narahat edən və düşündürən ən aktual məsələrdən biri idi. Məlum olduğu kimi o dövrdə orfoqrafiya qaydalarındakı qaydasızlıq özünü orfoepiyada da göstərirdi. Dilimizin lüğət tərkibinə daxil olan sözlərin müəyyən qrupu yazıldığı kimi tələffüz edilmədiyi kimi, əksinə, deyildiyi kimi də yazılmır prinsipi həmin məqalənin "ücüncü hal"ında müəyyən qaydaya riayət olunmaması "böyük pozğunluq salırdı". Məsələn: məhəbbət kəlməsi  məhəbbət, mühəbbət, mühibbət, möhübbət kimi tələffüz olunurdu. "Yeni əlifba bu kimi kəlmələrin doğru tələffüzünü tapıb bir cür yazılmasını və bir cür söylənməsini bərk-bərk-istəyir".

Məqalədə "dördüncü hal" ərəb və fars dillərindən olduğu kimi dilimizdə işlənən izafət tərkiblərinə həsr olunur. Müəllif yazıçılarımızın "cesmani tərbiyə", "əzabi şədiq",  "vəzifeyi mədəniyye", "odabeye əsar" və digər bu qəbildən olan tərkiblərin əvəzinə cisim tərbiyəsi, şiddətli əzab, mədəniyyət vəzifəsi, əsr-ərbək ədibləri və s. birinci və ikinci növ ismi birləşmələrin işlənməsinə tərəfdar olaraq "biz ərəb və fars kəlmələrinə, şivələrinə, tərkiblərinə elə alışmışıq ki, öz dilimizin gözəl qanunlarını və qaydalarını o tərkiblərə tabe edib öldürürük". Ədib yeni əlifbanın xalqın düşünən beyinlərindən nə istədiyini qısaca bu dörd halla müəyyənləşdirir və "əcnəbi qaydalar dilimizdən büsbütün atılsın, dilimiz azad olub təmizlənsin və dirilsin" şüarı ilə bütün yazıçı və şairləri, bütövlükdə qələm əhlini bu şüar ətrafında birləşməyə çağırı və dilimizin saflığı uğrundakı mübarizəsində silahdaşlarından kömək istəyir.

Yazıçını düşündürən digər mühüm məsələlərdən biri də imla məsələsi idi. Həm əlifba, həm də imla məsələsi bir-birilə sıx şəkildə əlaqədardır. Ərəb əlifbasından istifadə edildiyi dövrdə Azərbaycan ədəbi dilinin imla qaydaları qeyri-sabitliyi, prinsipsizliyi ilə nəzəri cəlb edirdi. Bu sahədə düzgün qaydalar, prinsiplər hazırlanmaması, ana dilinin qrammatikasının hələ lazımınca işlənməməsi məsələsini yazıçı "Sirkə" adlı hekayəsində dörd ədibin mübahisəsi zəminində gündəmə gətirərək  belə yazır: "Əhməd Fitrət bir qədər ucadan dedi: - Balıx nədi? Balıx, bax bu yediyimiz heyvanın adıdır ... Ay mənim əziz qardaşlarım, axır bir mənə deyin görüm, axır hər bir dilin bir qanunu var, axır bizim türk dilinin də bir qanunu var, ya yox? Məlumdur ki, biz türk milləti necə ki, hər bir işdə geri qalmışıq, dil barəsində də habelə, nə bir qanun tanıyırıq, nə də bir ahəngə tabe oluruq, elə başımızı aşağı salıb Kabla Məhəmməd Cəfər və Fatma xalalar kimi deyirik, elə ata-babalarımız deyən kimi biz də gərək balığa, balıx deyək". Mirzə Cəlil ana dili qrammatikasının işlənməsini, onun elmi əsaslar üzrə qurulmasına çalışırdı. O, nəzərə çatdırıdı ki, ana dilinin qrammatikası hələ lazımınca işlənməmişdir. Buna görə də hər kəs istədiyi kimi danışır, hər kəs istədiyi kimi yazır.

Molla Nəsrəddin imzası ilə  "Molla Nəsrəddin" jurnalı  40-cı  sayında "Dərs kitablarımız" adlı məqalədə  Maarif Komissarlığında fəaliyyət göstərən nəşriyyat şöbəsinin icazəsi il çap oluna "Üçüncü il" adlı dərs kitabı haqqında tənqid və iradlarını yazır. Müəllif  bu məqalədə həmin kitabın yetişməkdə olan gənc nəslin təlim-tərbiyəsində heç bir müstəsna xidmətə layiq olmadığını qeyd edir və dilinin bizim dil ilə heç bir əlaqəsinin olmadığını nümunələrlə göstərir. Kitabda verilmiş mətnlərin, şeir parçalarının "çürük, məzmunu çürük, dili çürük, məsləki çürük. Əgər bu kitabı yazan mərhum müəllimimiz kitabını bu şəkildə meydana qoyubsa, bu iş onun öz şəxsi işidir, onun ağlı belə kəsib" - deyir.  "Amma təəccüb burasındadaır ki, indiki əsrimizdə açıq bir ana dilinə möhtac olduğumuz yerdə bir nəfər də mənim kimi bir namərd insafa gəlib dillənmir və demir ki, a balam, bu ərəb dili behiştə gedənlər üçün lazımdır; çünki, ağayi-məcilisi əleyhirrəmə buyururlar ki, behiş əhli ərəb dili, cəhənnəm əhli məcus dili danışır. Aman gönüdür, nə dili olur olsun, - qoy məcus dili olsun, - ancaq oxuyub qanmalı olsun". Müəllif bəzi dərs vəsitlərinin, ələlxüsus da ana dili dərsliklərinin milli ruhda, anlaşıqlı, sadə, təmiz ana dilində yazlmasını təkidlə gündəmə gətirir. Köhnə fikirli, məqsədi-məramı anlaşılmayan, heç bir milli mənsubluğa xidmət etməyən kitabların istifadədən qaldırılmasını və yeni məzmunlu, milli mənafeə xidmət edən, azərbaycançılıq ideologiyası hər kəlməsində bəlli olan, bütün ruhu ilə bizə xas olan dərs kitablarının yazılmasının tərəfdarıdır. Burdan belə nəticə çıxarmaq olur ki, coxcəhətli fəaliyyət dairəsinə malik olan C.Məmmədquluzadə ana dilində aparılan təlimin ictimai-pedaqoji əhəmiyyətini yüksək dəyərləndirmiş, Azərbaycan məktəblərinin ana dilində olmasını, ana dilində tədrisin yaxşılaşdırılmasını dövlətdən qəti tələb etmişdir. dilin saflığı, zəngiliyin, ədəbi dilin yaradılması uğrunda mübarizə aparmış, nəzəri fikirlərin həyata keçirilməsi üçün bütün fəaliyyəti boyu inamla, dönmədən əməli iş görmüşdür.

Cəlil Məmmədquluzadənin bu silsilədən olan məqalələrindən biri də "Yeni yol" qəzetində "İmzasız" imzası ilə çap etdirdiyi "Yeni əlifba komitəsinin görmüş və görəcəyi işlər" məqaləsidir. Bu məqalə "Yeni Türk Əlifba Komitəsi"nin  beş aylıq fəaliyyətinin hesabatına həsr olunub ki, bunlar da 8 bənddə öz əksini tapır. Məqalədən də aydın təsəvvür yaranır ki, bu komitə öz dövründə mühüm işlər görməsinə, sıralarını günü-gündən möhkəmlətməsinə baxmayaraq, cürbəcür maneələrlə də qarşılaşır "fəqət nə olursa-olsun, komitəmiz getdiyi yoldan dönməyəcək və məqsədinə yetişincə daha böyük bir əzm ilə irəliləyəcək" - deyib daha da əzimkarlıqla çalışır. 

"Molla Nəsrəddin" jurnalının  №11 sayında "Cırcırama" imzası ilə 1926-cı ilin mart ayında nəşr olunan "Ərəb əlifbası" adlı məqalə ərəb əlifbası tərəfdarlarına cavabən yazılmışdır. Hərtərəfli dünyagörüşə, hərtərəfli bilik və məlumata sahib olan Cəlil Məmmədquluzadə XI əsrdən bu yana ərəblərinin özlərinin belə öz əlifbalarında islahat aparmaq haqqdakı fikirlərinin qısa xülasəsini kiçik həcmli bu məqalədə tutarlı faktlarla verə bilmişdir. Həmçinin həmin ərəfədə ərəb əlifbasının tərəfdarlarına  "biz türklər burda əyləşib ərəb əlifbasını tənqid edənlərin qabağına çıxıb, bu tənqidçiləri pisləyirik və başlayırıq ərəb əlifbasının yaxşı tərəflərini üzə çıxarmağa və pis tərəflərini də inkar etməyə. Amma olmazdı ki, bu barədə sahibkarların özlərindən də baxəbər olaq və ərəblərin özlərinin əlifbaları barəsində rəylərini bilək" - deyə tövsiyə verir. Məşhur əlifbaçı Mirzə Məhəmmədəlinin Üveysi, Mirzə Rzaxan Səfir və Mirzə Fətəli Axundovun əlifba inqilabı yolunda çalışmaqlarına və onların bu uğurdakı mübarizələrinə mane olanlara isə cavabı "ləzzət burasındadır ki, ərəblər də bir vaxt bu cızma-qaranı bilmərrə buraxıb, adam əlifbasını qəbul edələr. ...o vaxt pislik hamısı bizə qalacaq".

Sonda ümumiləşdirilmiş nəticə olaraq qeyd edək ki, C.Məmmədquluzadənin əsərlərinin sadə ana dilində yazılmasından tutmuş ana dilinin müxtəlif problemlərinə həsr olunan çoxsaylı məqalələri böyük ədibin ana dilinə qoyduğu ən böyük mənəvi abidələrdən hesab olunur. Ədibin "Molla Nəsrəddin" jurnalının baş məqaləsi olan "Sizi deyib gəlmişəm" məqaləsindən başlamış "Lisan bəlası", "Bizim obrazovannılar", "Abirin və kilab", "Şirin rusi danışan", "Ana dili", "Dil", "Bismilla xiragima nirragim", "Əlifba", "Rus məxrəci", "İlan-qurbağa", "Təzə əlifba", "Latın hürufatı və ingilislər", "Yeni əlifba nə istəyir?", "Nöqtələr", "Behişt əlifbası", "X" hərfi", "Ərəb əlifbası" kimi məqalə və felyetonlarında, eləcə də "Anamın kitabı", "Saqqallı uşaq", "Sirkə" kimi bədii əsərlərində ana dili və əlifba məsələlərinə aid müxtəlif problemləri öz təbirincə qaldırmış, konkret münasibət və fikir ifadə etmişdir.

C.Məmmədquluzadənin yuxarıda adı çəkilən və ya bu səpkili əsərlərində orfqrafiyanın əsas prinsipləri, orfoqrafiya və onu qaydalarını təyinetmə imkanları nəzərdən keçirilir. Məqalə və felyetonlarında ayrı-ayrı sözlərin yazılış qaydalarının parametrləri, nitq vahidlərinin mənalı morfoloji hissələrinin verilməsi, qrafik işarələrdən düzgün istifadə, həmin işarələrin seçilməsi, dilin mənalı vahidlərinin düzgün yazılışı, söz birləşməsi və cümlələrin düzgün tərtibi, qanuni şəklə salınması, qrafik transkripsiya sistemində səsin və ya sözün yazılışı, həmçinin qrammatik işarələr sisteminin qaydaları və s. məsələlər öz əksini tapmışdır.

Beləliklə, I Türkoloji Qurultaydan sonra ustad Cəlil Məmmədquluzadəni düşündürən dil məsələlərinin, Azərbaycan ədəbi dilinin mənzərəsi göstərir ki, bu şəraitdə dil siyasəti və dil quruculuğu əvvəlki dövrlərlə müqayisədə intensivləşir, genişlənir. Kəskin mübahisələrlə müşahidə olunan ana dilinin əlifba, imla və termin məsələləri zaman keçidikcə şəffaflaşmağa başlayır, qeyd edilən sahələrdə ana dilinin xeyri üçün xeyli işlər görülür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31