Hər kəs Azərbaycan dilini öyrənməyə məcbur olacaq-məktəb, kimlik və gələcək
9 Yanvar 20:50 SosialDil insanın yalnız ünsiyyət vasitəsi deyil, yaddaşı, kimliyi, düşüncə tərzi və dünyaya baxışıdır. Biz danışdığımız dildə düşünür, sevinir, küsür, inciyirik. Uşaq ilk dəfə "ana" sözünü dediyi andan etibarən həmin dil yaddaşın dərin qatlarına hopur, xatirələrə çevrilir, insanla birgə böyüyür. Düşünürəm ki, bir xalqın dili itəndə, əslində onun mədəni yaddaşının mühüm hissəsi də itir. Dil qorunanda isə kimlik güclənir, nəsillər arasında görünməz körpü çəkilir.
Bununla yanaşı, müasir dövr bizdən yalnız bir dildə yox, bir neçə dildə düşünməyi, öyrənməyi, ünsiyyət qurmağı tələb edir. Qloballaşan dünyada ingilis dili elm və texnologiyanın, rus dili beynəlxalq əlaqələrin, digər xarici dillər isə yeni mədəniyyətlərin qapısını açır. Məncə xarici dil bilmək imkanları genişləndirir, insanın dünyagörüşünü zənginləşdirir, təhsildə və karyerada əlavə üstünlüklər yaradır. Bu gün dünyanın istənilən nöqtəsində bilik əldə etmək, distant təhsilə qoşulmaq, beynəlxalq layihələrdə iştirak etmək məhz müxtəlif dilləri bilmək bacarığı ilə birbaşa bağlıdır. Lakin burada unudulmaması vacib olan bir məsələ var: xarici dil biliyi ana dilini əvəz etməməlidir. Çünki hər bir dil insanın düşüncə strukturuna təsir edir və ana dilindən uzaqlaşdıqca, insan təkcə dildən deyil, mənəvi köklərindən də uzaqlaşır.
Təhsil mühiti dilə münasibətin formalaşdığı ən əsas məkanlardan biridir. Uşaq ailədə nitqin ilkin modelini qazanırsa, məktəbdə onu sistemləşdirir, şüurlu danışıq vərdişlərinə çevirir. Müxtəlif dillərdə tədris olunan məktəblərdə balansın qorunması böyük əhəmiyyət kəsb edir: xarici dilin üstünlüyü naminə ana dilindən uzaqlaşmaq nə pedaqoji, nə də sosial baxımdan doğru deyil. Əksinə, sağlam model odur ki, şagird həm ana dilində yüksək səviyyədə düşünməyi və yazmağı bacarsın, həm də xarici dilləri əlavə bilik kimi mənimsəsin. Son illər müşahidələr göstərir ki, bəzi valideynlər və şagirdlər xarici dillərdə təhsili prioritet sayaraq ana dilinə ikinci planda yanaşırlar. Rus və ingilis bölməsi şagirdləri arasında Azərbaycan dilində danışmaqdan çəkinən, yazılı və şifahi nitqdə çətinlik yaşayan, hətta gündəlik məişət ünsiyyətində belə dil baryeri ilə qarşılaşan hallar az deyil.
Məhz bu kontekstdə müzakirəyə çıxarılan yeni yanaşma- rus bə ingilis bölməsində təhsil alan şagirdlərin Azərbaycan dilini daha sistemli şəkildə öyrənməsi məsələsi aktuallaşır. Təhsil mütəxəssisləri hesab edirlər ki, bu addım yalnız formal bir tələb deyil, dilə münasibətin dəyişməsi, ana dilinin həm təhsildə, həm də gündəlik həyatdakı rolunun gücləndirilməsi baxımından vacibdir. Çünki şagird istənilən dildə təhsil ala bilər, lakin yaşadığı ölkənin dilində sərbəst düşünməyi və danışmağı mütləq bacarmalıdır- bu həm hüquqi, həm sosial, həm də mənəvi məsuliyyətdir.

Mövzu ilə bağlı "Elm" İctimai Birliyinin sədri, elm və təhsil üzrə ekspert Səbuhi Abdullayev Olaylar.az-a açıqlama verib:
"Azərbaycan dilinin öyrənilməsi ilə bağlı məsələlər uzun müddətdir ki, ictimaiyyətdə gündəmdədir. Məsələn, uzun illərdir Azərbaycanda yaşayan rusdilli insanlar bəzən özlərini ifadə etmək üçün Azərbaycan dilini bilmirlər və bildikləri halda da bəzən Azərbaycan dilində danışmırlar. Bu isə ictimai qınağa səbəb olurdu: necə ola bilər ki, Azərbaycanda yaşayırsan, amma Azərbaycan dilində danışmırsan və yaxud da sənə Azərbaycan dilində sual veriləndə rusca cavab verirsən? Bu, həmişə cəmiyyətimizdə birmənalı qarşılanmayıb. Elə ölkə başçısı cənab Prezident də ötən günlərdə yerli mediaya açıqlamasında bu məsələyə xüsusi diqqət yetirdi. Şübhəsiz ki, cənab Prezidentin qarşıya qoyduğu vəzifələr və müəyyənləşdirdiyi siyasət Azərbaycanda yaşayan hər kəsin Azərbaycan dilini bilməsini və bu dildə danışmasını zəruri edir.
Hətta demək olar ki, məmurlar arasında da Azərbaycan dilində danışmayan, xüsusilə rus dilində danışmağa üstünlük verənlərin sayı kifayət qədərdir. Düşünürəm ki, bu mesaj həm də onlar üçün bir siqnaldır və Azərbaycan dilinin təbliği üçün çalışmalıdırlar. Bu iş, ilk növbədə, ailədən başlayır. Ailədə Azərbaycan dilinin varlığı və uşaqlara ana dilində danışığın aşılanması olduqca önəmlidir. Digər dilləri bilmək üstünlükdür, lakin Azərbaycanda Azərbaycan dilini bilmək birinci və vacib şərt kimi qəbul edilməlidir. Bu, Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda da öz əksini tapır- Azərbaycan dili dövlət dili kimi xüsusi imtahan fənni kimi təqdim olunur. Eyni zamanda, dərsliklərdə Azərbaycan tarixinin və digər bölmələrin Azərbaycan dilində tədrisi də vacib məsələlərdən biri kimi göstərilir.
Son günlər mediada yayılan materialda da, məktəbdə rus bölməsində oxuyan şagirdlərin Azərbaycan dilindəki materialları oxuya bilməməsi ciddi müzakirələrə səbəb olub. Düşünürəm ki, bu məsələnin həlli üçün ailə və məktəb eyni zamanda və birgə şəkildə çalışmalıdır. Belə olduqda, problem tədricən aradan qalxacaq və hər kəsin Azərbaycan dilini bilməsi həm vacib olacaqdır".

Təhsilin idarə olunması üzrə mütəxəssis, fəlsəfə doktoru Qoşqar Məhərrəmov Olaylar.az-a açıqlamasında bildirib ki, xarici sektorlarda Azərbaycan dilinin tədrisi müasir, interaktiv metodlarla aparılmalı və dilin öyrənilməsi hər kəs üçün rahat olmalıdır:
" Birinci növbədə biz bunu qeyd etməliyik ki, ailələrdə insanlar xüsusən də valideynlər-övladları ilə Azərbaycan dilində danışmırlar. Azərbaycanda yaşasalar belə, azərbaycanlı olsalar belə, Azərbaycan dilində danışmırlar. Bu isə onların ana dilində danışmasına mane olur. Dil, ümumiyyətlə, sosial mühitdə öyrənilir. Onlar üçün Azərbaycan dili sanki xarici bir dil kimi öyrənilir. Xarici bir dilin öyrənilməsi isə, əlbəttə, müəyyən zaman alır və burada müəyyən çətinliklər var. Hər kəs xarici dili eyni sürətlə öyrənmir. Əgər Azərbaycanda yaşayan bir insan üçün bu, ikinci və ya üçüncü dil sayılırsa, o zaman, əlbəttə, onun öyrənilməsi çətin bir proses olacaq.
Bununla yanaşı, biz rus sektorlarında Azərbaycan dilinin tədrisinin keyfiyyəti məsələsinə də toxunmalıyıq. Burada təhsilin keyfiyyəti, ana dilinin müasir metodlarla öyrədilməsi önəmlidir. Rus və ingilis dili sektorlarında təhsil alan şagirdlər ana dilini interaktiv, müxtəlif və müasir dil öyrənmə üsulları ilə öyrənsələr, düşünürəm ki, bu problem aradan qalxacaq. Azərbaycan dilinin öyrənilməsi zəruridir. Mütləq hər bir azərbaycanlı, Azərbaycan vətəndaşı, hansı sektorda oxumağından asılı olmayaraq, Azərbaycan dilini öyrənməlidir. Mən düşünürəm ki, "hər kəs Azərbaycan dilini öyrənməyə məcbur olmalıdır" yanaşması xarici sektorlarda Azərbaycan dilinin tədrisinin keyfiyyətinin artıracaq. Bunun üçün isə məktəblərdə müəllimlərin peşəkar hazırlığı və Azərbaycan dilinin tədrisi üçün infrastrukturun inkişafı vacibdir. Məsələn, ingilis dili müəllimləri ingilis dilini hansı üsullarla öyrədirdisə xarici məktəblərdə eyni Azərbaycan dili də həmin üsullarla öyrədilməlidir. Bu zaman düşünürəm ki, problem qismən aradan qalxar.
"Rus və ingilis sektoru üçün Azərbaycan dilinin tədrisi üçün ayrı-ayrı və fərqli modellər tətbiq olunmalıdırmı?"- xeyr, düşünürəm ki, Azərbaycan dili bir metodla, vahid yanaşma ilə tədris olunmalıdır. Bu yanaşma isə ingilis dilinin beynəlxalq səviyyədə necə öyrədilirsə, həmin istiqamət üzrə qurulmalıdır. Biz bunu bacarsaq, düşünürəm ki, artıq ana dilimiz sevilən, bəyənilən bir dərs halına gələcək. Proqram zənginləşməlidir, dilin tədrisi tapşırıqları dəyişməli, yenilənməlidir. Bu addımın uzunmüddətli nəticələri isə yalnız müsbət olacaq: Azərbaycan dilinin tədrisi genişlənəcək, daha çox insan ana dilində səriştəli danışacaq və insanlar artıq ana dilində tələsmədən, çətinlik çəkmədən danışa biləcəklər. Hansı sektoru bitirməsindən asılı olmayaraq, hər kəs ana dilində özünü rahat ifadə edə biləcək. Bu isə ana dilimizin üzərində dolaşan "qara buludları" dağıdacaq, çünki ana dilimiz hazırda təhlükə altındadır. Ana dili sadəcə ictimai dil olmaqdan çıxmalı, elmi sferada istifadə olunan bir dil olmalıdır. İncəsənətin, elmin dili olmalıdır. İngilis və rus dilləri ilə yanaşı, Azərbaycanda elmi müzakirələrdə, elmi sahələrdə ana dilindən rahatlıqla istifadə olunmalıdır".
Ana dilimiz təkcə məktəb dərsliklərində öyrədilən qaydalar deyil, hər birimizin həyatında nəfəs alır, duyğularımızda, düşüncələrimizdə yaşamağa davam edir. Xarici dilləri bilmək üstünlükdür, dünyagörüşünü genişləndirir, amma heç bir xarici dil ana dilimizin yerini tutmamalıdır. Hər bir şagird yaşadığı ölkənin dilində sərbəst danışa bilməli, özünü ifadə etməyi bacarmalıdır. Məktəblərdə və ailədə bu bacarığın inkişaf etdirilməsi isə bizim hər birimizin məsuliyyətidir. Ana dilimiz üzərində qurulan hər bir addım, hər bir dərs, hər bir sözdəki diqqət yalnız dili deyil, həm də kimliyimizi, tariximizi, mədəniyyətimizi qoruyur. Dilimizi bilən və sevən nəsillər həm fərd olaraq, həm də cəmiyyət olaraq daha güclü olacaq.
Zeynəb Mustafazadə