Bədənin sosiologiyası- ÖZƏL

"Mən evdə asqıranda, evdə hər kəs bundan xəbər tutur. Əgər diqqət etməsəm, hətta qonşuların da asqırmağımdan xəbərdar olmasından şübhəm yoxdur. Ümumiyyətlə, kişilərin səsli asqırması geniş müşahidə olunur. Neynəyək, "təbiətimiz" belədir... Amma həyat yoldaşım, asqıranda, əgər onunla vizual təmasım olmasa, bir masa ətrafında otursaq belə, bundan xəbərim olmur". "Olaylar" xəbər verir ki, bunu Azərbaycan İlahiyyat İnstitutunun dekan müavini, Sosiologiya üzrə fəlsəfə doktoru, Dosent. Asəf Qənbərov deyib: "Avtobusda gedirdim, yan oturacaqda oturan qadının asqırmağı diqqətimi çəkdi: başını biraz silkələdi, ağzını sıxdı, səsi çıxmadı. Bu mənzərə ilə fərqli ictimai mühitlərdə, işdə, konfranslarda və başqa yerlərdə şahidi olmuşam. Eyni şəkildə, qadınların yemək, gülmək, oturub-qalxmaq vərdişləri kişilərdən kateqorik şəkildə fərqlənir. Bu, qadın-kişi təbiətinin fərqliyindən irəli gəlir, yoxsa bunlar öyrənilən hərəkətlərdir?
Məsələn, asqırmaq formasını kişi və qadının bioloji xüsusiyyətləri ilə əlaqələndirmək çox absurd görünmürmü? Bir qadın güləndə ağzını çox açanda və ya səsini çox yüksəldəndə, dərhal ona "qıza-qadına bu yaraşmaz" xatırlatması gecikmədən gəlmirmi? Amma bunu qadın təbiəti ilə əlaqələndirmək çox da ağlabatan görünmür. Bunlar, sosializasiya prosesində qadının və kişinin necə olmasını ona öyrətməklə formalaşan, sonra onun bədəninə hopan vərdişlərdir. Fransız sosioloqu Pierre Bourdieu buna "habitus" deyirdi. Onun fikrincə, habitus - bədənləşdirilmiş sosiallaqdır. Burdan da bədənin bir çox durumda verdiyi reaksiyaların təbiətdən deyil, sosial öyrənmədən qaynaqlandığı nəticəsinə gəlirik: asqırma praktikasında olduğu kimi.
Qadın kişi münasibətlərində yaranmış fərqliliklərin, yəni genderin də sosial bir inşa olduğunu deyir, sosioloqlar. Dinlərə görə isə bunlar ilahi nizam, filosoflara görə isə insan təbiətidir. Cəmiyyətdə kişi-qadın, hakim sinif-tabe sinif, işəgötürən-işçi və s. oturuşmuş iyerarxik münasibətlərin ilahi nizam, kasta, insan təbiəti vasitəsilə haqq qazandırılması (legitimləşdirilməsi), əslində, gizli bir şəkildə (şüurlu və ya şüursuz) mövcud olan bərabərsizliklərin, ədalətsizliklərin müdafiə edilməsinə xidmət edir.
Əlbəttə ki, bütün bərabərsizlikləri aradan qaldırmaq mümkün deyildir: iyerarxiya hər zaman olacaq. Amma bunların həmişə təbii, dəyişməz, müqəddəs olmadığını unutmamaq lazımdır. Tarixin müəyyən bir dövründə yaranmış (əsasən də əzmək və əzilmək hesabına) münasibətlər sisteminin tarixüstü, təbii və universal həqiqət saymaq bir illüziyadan ibarətdir. Ona görə də, mənim fikrimcə, qadın-kişi münasibətlərinin fəlsəfəsi olmur, sosiologiyası olur. Qadın təbiəti deyilən şey, əslində öyrənilmiş vərdişlər, meyillər, davranışlar nümunəsidir. Və bu inançlar və davranış normaları tarixin hər dövründə dəyişikliklər keçirmişdir, indi də bu dəyişiklik prosesi davam edir".
 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31