Qida təhlükəsizliyi və saxta məhsullar: Sağlamlığımıza görünməz təhlükə
14 Fevral 17:05 SosialMüasir dünyada qida təhlükəsizliyi yalnız istehlakçılar üçün deyil, həm də dövlət qurumları, istehsalçılar və tədarük zəncirinin bütün iştirakçıları üçün ciddi bir məsələdir. Hər gün süfrəmizə qoyduğumuz qidalar sağlamlığımıza birbaşa təsir göstərir. Lakin bu gün bazarda saxta və keyfiyyətsiz qidaların sürətlə yayılması istehlakçıların təhlükəsizliyini ciddi şəkildə təhdid edir.
Qida təhlükəsizliyi qidaların istehsalı, saxlanması, daşınması və istehlakı zamanı insan sağlamlığına zərər verə biləcək hər hansı bir riskin qarşısının alınması üçün həyata keçirilən tədbirləri əhatə edir. Bununla belə, bəzi istehsalçılar ucuz və qeyri-sağlam maddələrdən istifadə etməklə, saxta məhsullar bazara buraxaraq istehlakçıları aldadır. Saxta məhsullar təkcə qida keyfiyyətini aşağı salmır, həm də insan orqanizminə ciddi fəsadlar verə bilər.
Saxta qida məhsulları müxtəlif formalarda qarşımıza çıxır: tərkibində zərərli kimyəvi maddələr olan süni qidalar, standartlara cavab verməyən süd və ət məhsulları, qeyri-təbii rəngləndiricilərdən istifadə olunmuş içkilər və saxta yağlar. Məsələn, təmiz bal adı altında satılan bəzi məhsullar əslində şəkər siropundan hazırlanır, təbii süd və pendirin yerini isə bitki yağları və süni əlavələr alır. Bu cür halların artması, istehlakçıların nəyi aldığını diqqətlə yoxlamasını və qida təhlükəsizliyinə daha ciddi yanaşmasını tələb edir.
Saxta qidalar yalnız fərdi sağlamlıq üçün deyil, həm də ölkənin iqtisadiyyatı və ərzaq sənayesi üçün böyük təhlükə yaradır. Keyfiyyətsiz məhsullar bazara daxil olduqda, həqiqi və etibarlı istehsalçılar zərərə uğrayır, istehlakçıların inamı azalır və sonda bütün qida sektoruna mənfi təsir edir. Dövlət qurumları və nəzarət orqanları bu sahədə ciddi tədbirlər görsə də, saxta məhsulların aşkarlanması və qarşısının alınması üçün cəmiyyətin də maariflənməsi olduqca vacibdir.
Bəs istehlakçılar özlərini bu təhlükədən necə qoruya bilərlər?
İlk növbədə, məhsulların üzərindəki etiketləri diqqətlə oxumaq, tərkibində sağlamlığa zərərli maddələrin olub-olmadığını yoxlamaq lazımdır. Bundan əlavə, sertifikatlaşdırılmış və etibarlı brendlərdən məhsul almaq, tanınmış mağaza və marketlərə üstünlük vermək önəmlidir. Həmçinin, sosial mediada və mətbuatda saxta qidalarla bağlı yayılan xəbərdarlıqlara diqqət yetirmək, mütəxəssislərin tövsiyələrinə əməl etmək bu təhlükədən qorunmaq üçün vacib addımlardır.
Mövzu ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdir müavini, İctimaiyyətlə əlaqələr sektorunun müdiri İlkin Kərimov suallarımızı cavablandırıb:
Bazarda saxta qida məhsullarını orijinaldan ayırmaq üçün istehlakçılar hansı əsas əlamətlərə diqqət yetirməlidirlər?
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən istər yerli istehsal, istərsə də idxal olunan qida məhsullarına riskəsaslı yanaşma tətbiq etməklə ciddi nəzarət olunur. Məhsulların tərkibi həm keyfiyyət, həm də təhlükəsizlik göstəriciləri üzrə laboratoriyada müayinələrə cəlb olunur. Yalnız tələblərə cavab verən məhsulların satışına icazə verilir.
Bununla yanaşı, satış şəbəkələrində, o cümlədən bazarlarda, iaşə müəssisələrində vətəndaşların istehlakına təqdim olunan qida məhsullarının mövcud normativ tələblərə uyğunluğunun müəyyən edilməsi, həmçinin saxtalaşdırma hallarının qarşısının alınması ilə bağlı illik plan əsasında yoxlamalar aparılır. Həmçinin vətəndaşlardan daxil olan müraciətlər və mediada yayımlanan məlumatlar əsasında da plandankənar yoxlamalar keçirilir.
Monitorinq, o cümlədən yoxlamalar zamanı uyğunsuzluq aşkar edilmiş həmin məhsulların dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı məhdudlaşdırıcı qərarlar qəbul edilir. Həmçinin, sahibkarlar barəsində inzibati tədbir görülür və müəssisə rəhbərlərinə aşkar edilmiş nöqsanların müəyyən müddət ərzində aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilir.
Azərbaycanda saxta qida məhsullarının yayılmasının qarşısını almaq üçün hansı hüquqi və inzibati tədbirlər görülür?
Agentlik bir daha istehlakçıları bu cür qida məhsullarını alarkən, məhsulların etiket məlumatlarına, qablaşdırmasının tamlığına və görünüşünə, eyni zamanda məhsulların onlara xas orqanoleptik göstəricilərə (xarici görünüşü, rəngi, qoxusu və s.) malik olmasına diqqət yetirməyə çağırır.
İstehlakçılar şübhəli məhsul aşkarladıqda bunu aidiyyəti qurumlara necə və harada bildirə bilərlər?
Əgər hər hansı şübhələri yaranarsa, ümumiyyətlə qida məhsullarının keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə istehlakçıların hər hansı sualları olarsa, bu barədə konkret faktlarla Agentliyin 1003 qaynar xəttinə zəng vuraraq, həmçinin "E-Qidam" mobil tətbiqi ilə daha asan şəkildə müraciət edə bilərlər.
Qida təhlükəsizliyi məsələsi hər birimizin həyatına təsir edən bir məsələdir. Bu mövzuda daha çox məlumatlanmaq və maariflənmək, həm sağlamlığımızı qorumağa, həm də gələcək nəsillərə daha etibarlı qida mühiti yaratmağa kömək edəcəkdir.
Marketlərdə qiymət oyunu: rəf və kassa arasındakı fərq
Hər gün marketlərə gedib ehtiyacımız olan məhsulları alırıq, büdcəmizi planlaşdırır və üzərində yazılan qiymətə əsasən seçim edirik. Lakin kassada gözlənilməz bir sürprizlə qarşılaşmaq ehtimalımız var: məhsulun rəfdə göstərilən qiyməti ilə kassada hesablanan məbləğ arasında fərq olur. Bu, istehlakçılar üçün təkcə maliyyə baxımından deyil, həm də inam baxımından ciddi bir problem yaradır. Xüsusilə iri supermarketlərdə bu halın mütəmadi olaraq baş verməsi insanları haqlı narazılığa sürükləyir.
Bəzən bu fərqlər kiçik olur və istehlakçılar ona əhəmiyyət vermədən alış-verişə davam edirlər. Lakin belə hallar davamlı təkrarlandıqda və böyük məbləğlər təşkil etdikdə, insanlar haqlı olaraq marketlərə qarşı şübhəli yanaşmağa başlayırlar. Çünki bu, təsadüfi və texniki bir xəta kimi görünə bilər, amma geniş miqyasda baş verdikdə istehlakçı hüquqlarının pozulmasına çevrilir.
Xüsusilə endirim kampaniyaları zamanı bu problem daha qabarıq şəkildə üzə çıxır. İnsanlar məhsulu müəyyən bir endirimlə aldığını düşündüyü halda, kassada həmin endirim tətbiq olunmur və ya tam fərqli bir qiymət göstərilir. Nəticədə, istehlakçı ya bu məbləği ödəyir, ya da əlavə vaxt sərf edərək məsələni araşdırmağa çalışır. Bir çox hallarda müştərilər tələskənlik, diqqətsizlik və ya kassadakı növbənin uzun olması səbəbindən fərqi dərhal görmür və artıq marketi tərk etdikdən sonra çekə baxanda yanıldığını anlayır.
Bu cür halların mütəmadi baş verməsi istehlakçılar arasında bir sual doğurur: marketlər həqiqətən bu səhvləri təsadüfən edirlər, yoxsa bu, planlaşdırılmış bir strategiyadır? Bu sualın cavabı birmənalı olmasa da, ortada ciddi bir həqiqət var - bu cür qiymət fərqləri istehlakçının cibinə təsir edir və nəticədə onların marketlərə olan güvəni sarsılır.
Məsələ təkcə maliyyə itkisindən ibarət deyil, eyni zamanda prinsiplərlə bağlıdır. İstehlakçı aldığı məhsulun real dəyərini bilməli və aldadılmamalıdır. Əgər marketlər bu cür hallara qarşı effektiv nəzarət mexanizmləri yaratmasa, zamanla insanlar həmin mağazalara olan inamını itirəcək və alternativ yerlərə yönələcəklər. Bu isə, nəticədə, həmin marketlərin öz imicinə və müştəri bazasına mənfi təsir göstərə bilər.
Mövzu ilə bağlı Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov fikirlərini bildirib:
"Marketlərdə rəflərdə malların qiymətinin bir qayda olaraq aşağı olması, son nəticədə isə məhsulu alanda skaner oxunan zaman qiymətlərin yuxarı çıxması barədə hər gün Azad İstehlakçılar Birliyinə telefon zəngləri gəlir. Bu ölkədə yayılmış çox geniş bir süni qiymət artımıdır və bəzən də istehlakçıya almadıqları malı yazırlar. Belə halda istehlakçılar mütləq vətəndaş mövqeyi göstərməlidir və istehlakçının hərəkət alqoritmi belə olmalıdır. Yüksəldilmiş qiymətlə, yəni son qiymətlə ödəsin, kassa çeki götürsün, qayıtsın marketin içərisinə həmin malın qiyməti ilə birlikdə şəklini çəksin faktı əlində saxlasın. Bundan sonra istərsə marketin müdiriyyətini çağırıb qiyməti dəyişdirməklə az olan qiyməti ödəyə bilər. Mən məsləhət görürəm ki, belə hallarda faktları əlində saxlayıb İqtisadiyyat Nazirliyinin Antiinhisar və Bazara Nəzarət Dövlət Xidmətinə məlumat versinlər ki, orada yoxlama getsin. Bu çox geniş yayılmış bir problemdir".
Eyyub Hüseynov qeyd edib ki, sadəcə qiymət artımı deyil, marketlərdə bəzən alıcı almadığı məhsulun ödənişini də bilmədən ödəmək məcburiyyətində qalır.
"Qeyd etdiyim kimi, almadıqları malları da bəzən çekə yazırlar. Ona görə vətəndaşlar xüsusən kartla ödəyəndə, mütləq kassa çekinə,telefonların sms-nə baxsınlar. Tələsmədən elə dükandaca bu məsələlərə fikir versinlər. Azad İstehlakçılardan Birliyinə gələn şikayətləri ümumiləşdirsək, Azərbaycan vətəndaşları almadıqları məhsul üçün bir ildə 500 milyon manat pul ödəyirlər. 500 milyon manat çox böyük bir rəqəmdir. Burada vətəndaşların fəallığı lazımdır. Vətəndaşlar dövlət qurumu ilə sıx əlaqələr saxlamalıdır. Çox təəssüflər olsun ki, adını çəkdiyim dövlət qurumunun vətəndaşlarla kommunikasiya imkanları çox zəifdir. Gərək elektron poçta daxil olsunlar və s. Düşünürəm ki, bu vəziyyət dəyişməlidir. Mütləq buna qarşı vətəndaşlar müəyyən işlər aparmalıdır. Bu istehlakçı hüquqlarının pozulmasıdır. Süni qiymət artımıdır və istehlakçı aldadılması kimi adlandırıla bilər".
Müsahibimiz marketdə öz yaşadığı hadisəni də nümunə göstərərək bildirib ki, qiymətlərin kassada və rəflərdə fərqli olması bilərəkdən edilən bir prosesdir.
"Əlbəttə, bu bilərəkdən olur. Belə bir qayda olaraq soruşanda deyirlər yadımızdan çıxıb. Hələ də şikayətlər arasında bir dəfə olmayıb ki, taxçada qiymət yuxarı olub, çıxışda isə aşağı olsun. Həmişə tərsinə olur, yəni istehlakçıları aldadıb cəlb eləmək üçündür. Tək mənim özümü almadığım. məhsul üçün Nizami küçəsində yerləşən Grandmart supermarketdə bir ildə 100 manata qədər aldatma cəhdi olub. Hələ bu bildiyim qədəridir. Yəni almadığım məhsulun ödənişi yazılıb. Məsələn sonuncu şikayət də elə həmin Grandmartdan olub. Vətəndaş 86 qəpiyə badımcan alıb, tərəvəz satan şöbə ekzotik meyvənin - manqonun qiymətini hesablayıb və 26 manat ödəniş gəlib. Vətəndaş əgər çekə baxmasaydı badımcan üçün mangonun qiymətini yəni 26 manat ödənişi ödəyəcəkdi. Daha sonra vətəndaş müəyyən mübahisələrdən sonra məhsulu geri qaytarıb və həmin çek hələ də bizdədir".
Bu problemə qarşı effektiv tədbirlər görülmədiyi müddətcə istehlakçılar hər zaman alış-veriş zamanı daha diqqətli olmağa və haqqını tələb etməyə məcbur olacaqlar. Marketlər isə şəffaflıq və müştəri məmnuniyyəti prinsiplərinə daha çox önəm vermədikcə, bu narazılıq artmaqda davam edəcək.
Səidə Ramazanova