Heydər Əliyev siyasəti uğurla davam etdirilir- ÖZƏL
10:49 Siyasət"Düz 32 il əvvəl bu gün Azərbaycanda keçirilən səsvermə sıradan seçki deyildi. Əksəriyyət seçki məntəqəsinə sanki poçt imiş kimi gedir, səsvermə bülletenlərini məktub yazacaqları konvert gözündə görürdülər. Yəni bu, səsvermədən çox Heydər Əliyevə ismarıc göndərmək idi ki, xalqı və ölkəni düşdüyümüz bu vəziyyətdən Səndən başqa heç kimin qurtara bilməyəcəyini bilirik və yanınızdayıq. Onun adının önünə qoyulan həmən o təsdiq işarəsinin içərisində əslində düşdüyümüz vəziyyət, bunun səbəbkarları və gözləntilərimizlə bağlı bəlkə minlərlə sətir gizlənirdi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Ancaq həmən vaxt heç kimin ağlına belə gəlmirdi ki, nəinki torpaqlarımız işğaldan qurtarılacaq, Xankəndi məkr yuvasından üçrəngli bayrağımızı müqəddəs bilən minlərlə azərbaycanlı tələbənin oxuduğu cənab Prezidentin təbirincə desək, gənclər şəhərinə çevriləcək!
Ulu Öndər isə məncə, bu günü görürdü. Əgər göməsə idi, reallaşdıra bilmədiklərini cənab İlham Əliyevin edəcəyini deməzdi. Heydər Əliyevi az-çox tanıyanlar yaxşı bilirdilər ki, o, heç vaxt Ermənistandakı qədim yurd yerlərimizin boş qalması və bizim oradan deportasiyamızı unutmayacaq, bunun bədəlini elə, ya belə ödətdirəcəkdi.
Ancaq bu qədər irəli gedəcəyimizi, bir vaxtlar bizdən qat-qat güclü olan dövlətlərin başçılarının gəlib Azərbaycan Prezidentindən yardım umacaqlarını və yaxud Fransanınkı sayaq dünən Kopenhagendəki mənzərədən də göründüyü kimi köplərinin yatırdılacağını bəlkə, heç o da görmürdü. Bu gün isə görür və ruhu şaddır. Ruhu şaddır ki, Heydər Əliyev yolu, Heydər Əliyev siyasəti Heydər Əliyevcəsinə böyük uğurla davam etdirilir!"