Erkən nikahlar: itirilmiş dünyanın başlanğıcı

Əli hələ oyuncaqları üçün uzanan, gələcəyi haqqında düşünmək üçün kifayət qədər böyüməmiş bir qız uşağının həyatında birdən-birə böyük bir dəyişiklik baş verir. O, artıq uşaq deyil, yeni bir rola - evdar qadına və ya ana olmağa məcbur edilir. O, nə həyatın çətinliklərinə, nə də bu yeni məsuliyyətlərə hazırdır. Ancaq ailənin və cəmiyyətin təzyiqi, ya da sadəcə maliyyə çətinlikləri onu bu erkən həyat mərhələsinə itələyir. Bu, dünyanın bir çox yerində hər gün baş verən bir reallıqdır - 18 yaşından aşağı olan qızlar, yaşıdları məktəb partasında oturarkən, həyat yoldaşı və bəzən də ana olmaq məcburiyyətində qalırlar.

Bu reallıq milyonlarla qız uşağının həyatını dəyişdirən qlobal bir böhrandır. UNICEF-in məlumatlarına görə, hazırda dünyada təxminən 12 milyon qız hər il 18 yaşından aşağı erkən nikaha məcbur edilir. Bəzən bu qərar ailə tərəfindən sosial və iqtisadi səbəblərlə verilsə də, nəticələri çox zaman bu qızlar üçün ciddi mənfi təsirlərlə doludur. Erkən nikahlar qız uşaqlarının təhsil hüquqlarından məhrum edilməsi, uşaq hüquqlarının pozulması, psixoloji və fiziki zorakılıq halları kimi bir çox problemi özündə cəmləyir. Bu yazıda, erkən nikahların qlobal miqyasda yayılması, onun sosial, iqtisadi və sağlamlıq üzərindəki təsirləri, həmçinin bu problemi həll etmək üçün atılan addımlar haqqında araşdırma təqdim olunacaq.

Qlobal miqyasda erkən nikah statistikası

Erkən nikahlar dünyanın müxtəlif bölgələrində fərqli miqyasda olsa da, qlobal olaraq bu problem böyük bir əhatə dairəsinə malikdir. BMT Uşaq Fondu (UNICEF) və BMT Əhali Fondu (UNFPA) tərəfindən toplanmış statistik məlumatlara əsasən:

- Dünyada təxminən 650 milyon qadın həyatlarının bir mərhələsində uşaq yaşda evlənmişdir. Bu qadınlar arasında əksəriyyəti 18 yaşından aşağı nikaha məcbur edilmişdir.
- Hər gün təxminən 33 min qız uşağı 18 yaşından əvvəl evləndirilməkdədir.
- Qlobal olaraq, hər üç qızdan biri, 18 yaşına çatmamış nikaha daxil olur.

Regional fərqlər

Erkən nikahların ən geniş yayıldığı regionlar arasında Sub-Sahara Afrikası, Cənub Asiya və Latın Amerikası ön planda gəlir. Hər bölgədə fərqli səbəblər olsa da, erkən nikahın iqtisadi, sosial və mədəni təsirləri qlobal miqyasda oxşardır.

- Sub-Sahara Afrikası: Bu region dünyada ən yüksək erkən nikah nisbətlərinə sahibdir. Burada hər dörd qızdan biri 15 yaşına çatmamış evlənir. Niger, Mərkəzi Afrika Respublikası və Çad kimi ölkələrdə bu rəqəmlər daha da yüksəlir.
- Cənub Asiya: Bu regionda da erkən nikah geniş yayılmışdır. Məsələn, Banqladeş kimi ölkələrdə qızların təxminən 52%-i 18 yaşına çatmadan evlənir. Hindistan, Nepal və Pakistan kimi ölkələr də yüksək erkən nikah nisbətləri ilə tanınır.
- Yaxın Şərq və Şimali Afrika: Bu bölgədə də erkən nikah ciddi bir problemdir. Xüsusilə münaqişə bölgələrində, yoxsulluq və qeyri-sabitlik erkən nikahların artmasına səbəb olur. Yəmən və Suriya kimi ölkələrdə müharibə şəraiti qızların daha erkən yaşlarda evlənməsinə gətirib çıxarır.

Erkən nikahın səbəbləri

Erkən nikahlar yalnız bir sosial problem deyil; o, kompleks səbəblər toplusundan qaynaqlanan bir fenomendir. Qeyd edəcəyim əsas səbəblər erkən nikahların geniş yayılmasının əsasını təşkil edir:

Bir çox ailə, yoxsulluq səbəbilə erkən nikaha qərar verir. Maddi çətinliklər yaşayan ailələr qızlarını erkən evləndirməklə onların "məsuliyyətini" üzərlərindən atmağa çalışır və ya bəzən bu evliliklər ailəyə iqtisadi dəstək kimi görülür.
 Təhsil hüquqlarından məhrum edilən qızlar daha tez evləndirilməyə meylli olurlar. Qızların məktəbdən uzaqlaşdırılması onların erkən yaşda evlənməsi üçün böyük risk faktorlarından biridir.
 Bəzi icmalar üçün erkən nikahlar sosial və ya dini qaydalarla möhkəmləndirilmiş bir normadır. Erkən yaşda evlənmək, bir çox cəmiyyətlərdə qızların ailə qurmasına və gələcəkdə "ailə şərəfinin" qorunmasına yardımçı olur kimi təqdim edilir.
 Münaqişə bölgələrində və ya qeyri-sabit ölkələrdə erkən nikahlar daha çox yayılmışdır. Müharibə və ya iqtisadi qeyri-sabitlik şəraitində ailələr qızlarını erkən yaşda evləndirərək onların təhlükəsizliyini təmin etməyə çalışırlar.

Erkən nikahın mənfi təsirləri

Erkən nikahlar qız uşaqlarının həyatında ciddi mənfi təsirlərə səbəb olur, bu təsirlər onların həm fiziki, həm də psixoloji inkişafına ciddi zərər verə bilər. 
 Erkən nikahlar qızların təhsil almaq imkanlarını məhdudlaşdırır. Təhsil almadıqları üçün gələcəkdə karyera imkanlarından məhrum olurlar. Bununla yanaşı, erkən yaşda hamiləlik qızların sağlamlığı üçün ciddi təhlükə yaradır. Yeniyetmə analar həm özləri, həm də körpələri üçün yüksək sağlamlıq riski daşıyırlar. Dünya Səhiyyə Təşkilatı( WHO) erkən yaşda hamiləliyin həm ana, həm də körpə üçün ölüm riskinin yüksək olduğunu qeyd edir.  
   Həmçinin, yetkinlik yaşına çatmadan həyatın ağır məsuliyyətləri ilə qarşı-qarşıya qalmaq, onlarda travma, depressiya və narahatlıq kimi problemlərə səbəb ola bilər. Erkən nikahlar çox vaxt məişət zorakılığı ilə nəticələnir. Gənc yaşda olan qızlar bəzən daha yaşlı kişilərlə evləndirilir və bu münasibətlərdə asılılıq, hüquqların pozulması və zorakılıq halları artar. 

Bu problemin həlli üçün beynəlxalq təşkilatlar, dövlətlər və vətəndaş cəmiyyəti birlikdə hərəkət etməlidir. Son illərdə bir çox qlobal təşəbbüslər erkən nikahların azalmasına yönəlib:

- UNICEF və UNFPA tərəfindən həyata keçirilən "Erkən Nikahların Qarşısının Alınması" proqramları çoxsaylı ölkələrdə bu problemi həll etməyə yönəlik işlər görür.
- Təhsil layihələri və qızların təhsilə çıxışını təmin edən təşəbbüslər erkən nikahın qarşısının alınması üçün ən effektiv yollardan biridir.
- Qanunvericilik dəyişiklikləri: Bir çox ölkələr erkən nikahların qanunsuz sayılmasına dair qanunlar qəbul etmişdir. Lakin bu qanunların  
icrası hər zaman kifayət qədər təsirli olmur. Bir çox ölkədə erkən nikah qanunla qadağan olunsa da, yerli icmalarda və ailələrdə bu ənənə davam edir. Buna səbəb olan əsas amillər arasında zəif hüquqi nəzarət mexanizmləri, ictimai təzyiqlər, mədəniyyət və ənənələr üstünlük təşkil edir. Nəticədə, qanunlar olsa da, icrası zəifdir və qızların erkən yaşda evləndirilməsi halları hələ də geniş yayılmışdır.
 Qanunvericilik dəyişiklikləri yalnız kağız üzərində qalarsa, erkən nikah problemini tam şəkildə həll etmək mümkün olmayacaq. İcmalarda mövcud olan dərin köklü mədəniyyət və ənənələr dəyişdirilməlidir. Bu məqsədlə UNICEF və UNFPA kimi təşkilatlar yalnız qanunlar qəbul etməklə kifayətlənmir, eyni zamanda cəmiyyətlərdə mədəniyyət və sosial dəyişikliklərə təkan verən maarifləndirici kampaniyalar həyata keçirir. 

Bu kampaniyalar valideynləri, yerli liderləri və müəllimləri maarifləndirməklə, qız uşaqlarının təhsilinin vacibliyini vurğulamaqla və onların erkən yaşda evləndirilməsinin fəsadları haqqında məlumatlandırmaqla həyata keçirilir. Məsələn, bəzi cəmiyyətlərdə qızların daha erkən yaşda evlənməsinin "şərəfi qorumaq" üçün vacib olduğu düşünülür, lakin bu inanc dəyişdirilməli və qızların hüquqlarının qorunmasının daha dəyərli olduğu çatdırılmalıdır.

UNICEF və UNFPA erkən nikahların qarşısını almaq üçün beynəlxalq əməkdaşlıq və maliyyə dəstəyi ilə daha təsirli layihələr həyata keçirir. Bu təşəbbüslər aşağıdakılara yönəlmişdir:

- Hüquqi müdaxilələr: Yerli qanunvericiliyin gücləndirilməsi və hüquq-mühafizə orqanlarının maarifləndirilməsi.
- Təhsil dəstəyi: Qız uşaqlarının məktəbə getməsi və təhsillərini davam etdirməsi üçün maliyyə dəstəyi və təqaüdlərin təmin olunması.
- İctimai maarifləndirmə: Erkən nikahların mənfi təsirləri haqqında kütləvi maarifləndirmə kampaniyaları, valideynlər və icma liderləri ilə dialoqlar təşkil edilməsi.

Bu cür qlobal proqramlar yalnız qızların təhsil almasına və erkən nikahların qarşısının alınmasına deyil, həm də onların həyat keyfiyyətinin yüksəldilməsinə yönəlmişdir. Cəmiyyətin bütün təbəqələrinin bu problemin həlli üçün birgə əməkdaşlığı vacibdir.
 Bu problemi həll etmək təkcə qanunlarla deyil, həm də insanların ürəklərində və düşüncələrində dəyişiklik yaratmaqla mümkündür. Dünyanın hər yerində ailələr, icmalar və cəmiyyətlər bu dəyişikliyi qəbul etdikdə, erkən nikahların qarşısını almaq mümkün olacaq. Çünki hər bir qız uşağı azad və dəyərli bir gələcəyə layiqdir. Onların yaşamaq haqqı yalnız mövcud olmaq deyil, həm də tam şəkildə öz həyatlarını yaşamaqdır. Erkən nikahın qurbanı olan hər qız uşağı, dəyişməyən cəmiyyətlərin nəticəsidir. Ancaq dəyişən hər bir qızın həyatı, daha parlaq və ümid dolu gələcəyin simvolu olacaq.
Çünki hər bir qız uşağı dünyaya öz xəyallarını reallaşdırmaq üçün gəlir, onların gələcəyini əlindən almaq isə yalnız itirilmiş bir nəslin deyil, itirilmiş bir dünyanın da başlanğıcıdır.

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31