Məişət zorakılığı - günahkar yox, xilaskar axtaraq
19 Avqust 2024 13:23 Sosial"Hüquqşünas Qadınlar Assosiasiyası" İctimai Birliyinin sədri Xanım Əhmədzadə həyata keçirdikləri "Məişət zorakılığına məruz qalmış ailələrə hüquqi xidmət" adlı layihə haqqında məlumat verərək bildirmişdir ki, Azərbaycan Respublikasının ali hüquqi sənədi olan Konstitusiyaya əsasən cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilir. Konstitusiyamız qadın və kişilərin bərabər hüquqlarının, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək, ailə qurmaq, təhsil almaq və s. hüquqlarını təmin edir. Bu da demokratik cəmiyyət quruculuğunda vətəndaşların iştirakının hüquqi bazasının əsasını təşkil edir. Vətəndaşların bu kimi haqlarının və azadlıqlarının pozulması, iradələri əleyhinə məcburiyyətə məruz qalmaları zorakılıqdır. Bu istiqamətdə beynəlxalq və milli qanunvericilik kifayət qədər təkmilləşərək effektiv mexanizmlər yaradılıb, zorakılıq əleyhinə xeyli işlər görülüb, müxtəlif layihələr həyata keçirilir. Təəssüf ki, qadınlar və qızlara qarşı hüquq pozuntusu bütün dünyanın üzləşdiyi ən ciddi problemlərdəndir. Bunun qarşısını almaq üçün təhsili, hüquqi təfəkkürü daha da təkmilləşdirmyə ehtiyac var. İnsan hüquqlarının təmin olunması ilə bağlı məsələlər içərisində məişət zorakılığının qarşısının alınması problemi getdikcə daha da aktuallaşır.
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarina Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyimiz bu layihə 1 iyun tarixindən start götürüb, icra müddəti 3 aydır. Layihənin həyata keçirdiyi çoğrafi ərazi Neftçala, Lənkəran, Masallı, Cəlilabad və Lerik rayonlarıdır. Məişət zorakılığı çətin həll oluna bilən və ciddi, bəzən də faciəli nəticələrə səbəb olan kifayət qədər geniş yayılmış zərərli həyati situasiyadır. Belə zorakılığa qarşı mübarizə bütün cəmiyyətlərdə olduqca mürəkkəb bir problemdir. Məişət zorakılığına qarşı mübarizə hərtərəfli yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsini tələb edir. Təəssüf ki, belə bir problem bizim ölkəmizdən də yan keçməyib. Məişət zorakılığı hallarının qarşısının alınması üçün maarifləndirmə işinin gücləndirilməsi, məişət zorakılığına məruz qalmış ailələrə hüquqi və psixoloji xidmət göstərilməsi ən mühüm prioritet məsələlərdən biridir. Çünki məişət zorakılığı halları yanlız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir.
İllərin təcrübəsi belə qənaətə gəlməyə zəmin yaradır ki, ailələrlə birbaşa individual yanaşma və ünsiyyət olmadan, hər bir ailə üzvünü ayrı-ayrılıqda dinləyib, problemlərin və münaqişənin səbəblərini araşdırmadan, imkan daxilində ailənin özəl problemlərini bilmədən məişət zorakılığının qarşısını almaq mümkün deyil. Ən xoşagəlməz tendensiya isə hər iki tərəfin günahkar axtarışına çıxmasıdır. Heç bir tərəf özünün təqsirini, günahını, səhv cəhətlərini etiraf etmək istəmir. Halbuki, əksər hallarda hər iki tərəfin müəyyən görünməyən, gizlədilən mənfi cəhətləri ola bilir. O səbəbdən məişət zorakılığı ilə əlaqəli problemləri həll etmək üçün günahkar deyil, xilaskar tapmaq lazımdır. Biz layihə çərçivəsində məişət zorakılığına məruz qalmış ailələrə hüquqi-psixoloji dəstək olmaq məqsədi ilə həm maarifləndirmə tədbirlərinin, həm də münaqişəli ailələrlə individual, fərdi görüşlərin keçirilməsinə nail olduq. Məqsədimiz 25-30 benefisiar üçün təlim keçmək deyildi, biz onların problemlərini özlərindən öyrənmək, tədbirlərdən bir canlı mikrafon kimi istifadə edib onları eşitmək, dərdlərinə kömək olmaq üçün icazələri ilə fərdi görüşlər keçirdik. Belə qənaətə gəldik ki, ailələrə ayaq açmadan, ailədə təsir gücünə malik olanlarla ünsiyyət qurmadan məişət zorakılığının və ailədaxili münaqişələrin qaqrşısını almaq mümkün deyil. Layihənin qeyd olunan regionlarda keçirdiyi tədbirlərdə cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən, məişət zorakılığına məruz qalmış, hüquqi-psixoloji yardıma ehtiyacı olan 200 nəfərdən çox vətəndaş iştirak edib. Çox təəssf ki, uzaq regionlarımızda, əlçatmaz kəndlərimizdə hələ də məişət zorakılığına məruz qalmış ailələrimiz, göz yaşları içində boğulan, dərdlərini deməyə, ürəklərini boşaltmağa imkanı olmayan qadınlarımız var. Problemlərini bizimlə bölüşən, kömək istəyən hüquqi və psixoloji yardıma ehtiyacı olan insanlara dəstək olmaqla, məsləhət verməklə ümidlərini doğrultmağa çalışırıq.