Vətənimizin gözəlliyini zəhərləyən laqeydlik- ÖZƏL
17 Avqust 2024 12:09 Sosial"Telegram" kanallarında Şuşa-Laçın yolundakı vəziyyətlə bağlı bir video paylaşılıb. Videonu izlədikdə Laçın yolundakı ərazinin tam bir zibil qəbiristanlığına çevrildiyini şok içində görəcəksiniz. Torpaqlarımızı azad etmək uğrunda minlərlə şəhid canını fəda etdi, Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımız bu torpaqlara yeni həyat gətirdi. Amma bəzi qəddar insanlar, əraziləri təmizləmək əvəzinə, onları zibillə dolduraraq, milli sərvətlərimizi alçaldırlar. Siz, bu torpaqları azad etmək üçün 30 il "həsrət" çəkənlər, indi nə üçün bu gözəlliyi zəhərləyirsiniz? Şəhidlərimizin qanı ilə sulanmış bu müqəddəs torpaqları necə belə aşağılayırsınız? Neçə ana, ata göz yaşları ilə "Vətən sağ olsun!" dedi? İndi qoyduğunuz hörmət budurmu? Bu davranışlarınız şəhidlərimizin ruhuna, millətimizin əxlaqına açıq-aşkar təhqirdir.
Şəhidlərimizin qanı ilə suvarılmış bu müqəddəs torpaqların və təbiətimizin gözəlliyini qorumaq hər birimizin borcudur. Prezidentimizin əzmi ilə bu torpaqlar cənnətə çevrilir, amma bəzi alçalmış və laqeyd şəxslərin davranışları bu gözəlliyi kölgələyir. Xəzər sahillərindəki çimərliklərdən, dağlarımıza, meşələrimizə qədər hər yerdə eyni mənzərəni görürük: zibillə dolmuş, natəmiz hala gəlmiş ərazilər.
Bu mənzərə nə qədər davam edəcək? Bu torpaqların hər qarışı bizimdir, bizə doğmadır. Bir xalq olaraq, belə vəfasızlıq və laqeydliyə qarşı sərt və amansız mübarizə aparmalı, təmizliyi qorumaq və milli dəyərlərimizi yaşatmaq üçün birlikdə hərəkət etməliyik. Şəhidlərimizin bizə yadigar qoyduğu bu torpaqları layiqincə qorumaq, gələcək nəsillərə sağlam şəkildə təqdim etmək hər birimizin vətəndaşlıq borcudur. Bu yalnız ətraf mühitin qorunması deyil, eyni zamanda milli şəxsiyyətimizin, mədəniyyətimizin və tarixi irsimizin qorunması deməkdir.
Bu səviyyəsiz və laqeyd davranışlara qarşı dərhal sərt tədbirlər görməliyik. Hər bir fərdi təbiətə qayğı göstərməyə məcbur etməli və əhalimizi maarifləndirməliyik. Hər birimizin məsuliyyəti ilə təmiz, gözəl və hörmətli bir mühit yaratmaq, şəhidlərimizin ruhuna ən yüksək şəkildə hörmət etmək bizim borcumuzdur. Bu məsuliyyəti üzərimizə götürərək, gələcək nəsillərə örnək olmalı və torpaqlarımızı yaşatmaq üçün əlimizdən gələni etməliyik.
*Vətənimizə qarşı bu vəhşi laqeydliyə dərhal son qoyulmalıdır!*



Qiymət Mahir
Olaylar.az