İşləyən ana olmaq o deməkdir ki...

 İş həyatınız heç vaxt əvvəlki kimi olmayacaq

Bugünkü müasir cəmiyyətlərdə insan hüquqlarına verilən əhəmiyyətin artması ilə sosial gender rolları daha bərabərlikçi bir quruluşa çevrilmişdir. Bu vəziyyət inkişaf etdikcə kişilərin dominant olduğu cəmiyyətlərdə qadınların iş həyatında fəal iştirakı ilə kişi və qadının iş həyatındakı rolları üst-üstə düşmüş, qadınların özlərini inkişaf etdirmələri, işləmələri və iqtisadi proseslərə töhfə vermələri nizamı formalaşmışdır. Məhz buna görə də müasir və qlobal iqtisadiyyatların rəqabətli iş həyatında təkcə cins kimi ənənəvi dəyişənlərin deyil, həm də istedad, bilik, bacarıq və irəliləyiş səviyyəsi kimi insan resursları atributlarının getdikcə daha çox əhəmiyyət kəsb etdiyi görünür. Ona görə də demək olar ki, bu gün iş həyatında sosial gender rolları yerinə işləyən kişi və qadınların istedadlarına, bilik və bacarıqlarına önəm verilən sosial bərabərlikçi bir yanaşma mövcuddur.
İşləyən insanlar həyatlarının çox hissəsini işlə bağlı vəzifə və tapşırıqları yerinə yetirməklə keçirirlər ki, bu da əslindən onların şəxsi, ailə həyatına öz təsirini göstərir. Artıq məlumdur ki, kişilər kimi qadınlar da iş həyatında önəmli bir yerə sahibdirlər. Bu qadınların da əksəriyyəti evli və uşaq sahibidr.
Təbii ki, həm çalışan, həm də ailəsinə, övladına baxmalı olan qadının üzərinə böyük məsuliyyət düşür. Bütün valideynlər kimi işləyən anaların da valideynlik təcrübələri ilə bağlı müsbət və mənfi hissləri ola bilər. Bir çox analar üçün işləyərkən özlərinə, uşaqlarına, həyat yoldaşlarına, evlərinə və öz sosial həyatlarına vaxt tapmağı tarazlaşdırmaq çətin olur. Bu isə əksər hallarda qadın psixologiyasına mənfi təsir edir. İşlə bağlı günahkarlıq hissi və ana olmaq qərarına görə peşmanlıq hissi iş və ailə məsuliyyətlərinin çətin olduğu zaman bir çox analarda baş verə bilər.
Psixoloq Günay İskəndərli bildirir ki, analıq bir çox mədəniyyətlərdə qadının bioloji taleyi kimi qəbul edilir:
""Hər bir qadın anadır və ona görə də ona hörmət edilməlidir". Bu fikir qadınların fərd olmaqdan irəli gələn dəyərlərinə zərər verə bilər. Belə olduğu halda, ana olmaq və ya olmamaq qərarı bir çox qadına fərqli baxışın yolunu aça bilər. Hesab olunur ki, ana olmağı seçən qadınlar həmişə müsbət emosiyalar yaşamalıdırlar və çox vaxt belə olur ki, qadınlara ana olmaq haqqında düşünmək, hiss etmək və mənfi fikir bildirmək, yer vermək bir yana, icazə verilmir. Mədəni norma və qaydalar analığa keçidin çox dəyərli olduğunu iddia etsə də, qadınların mənfi emosiyaları haqqında məlumat əldə edə biləcəyimiz çox təcrübəmiz yoxdur.
İşləyən ana olmaq o deməkdir ki, iş həyatınız heç vaxt əvvəlki kimi olmayacaq. Çünki işləyən analar eyni vaxtda bir çox duyğuları yaşamaqla üzləşirlər. İşləyən qadınların ev və iş həyatını tarazlaşdırmağa çalışarkən yaşadıqları narahatlıq və streslə mübarizə aparması onların şəxsiyyət xüsusiyyətləri ilə yaxından əlaqəlidir. Bu bizi insanın özünü tanımasının vacibliyinə gətirir.
Ana olmaq qərarının arxasında duran səbəblər, stresslə mübarizə yolları və sosial dəstək sahələri işləyən analara kömək edə biləcək qaynaqlar arasındadır. Şəxsiyyət xüsusiyyətləri və psixoloji dayanıqlılıq bacarıqları işləyən anaların mənfi emosiyalarının azaldılmasında və onların rifahının artırılmasında mühüm əhəmiyyət kəsb edir. Bu qadınların yaşadığı mənfi emosiyalar onların şəxsiyyət xüsusiyyətləri ilə bağlıdır. Hər bir insanın stresli bir hadisəyə gətirdiyi şəxsiyyət xüsusiyyətləri həmin hadisə ilə necə mübarizə aparacağına təsir göstərir. Psixoloji möhkəmlik bu münasibətdə vasitəçi kimi işləyən analara yaşadıqları mənfi emosiyaların öhdəsindən gəlməyə kömək edəcəkdir.
Hazırda işləyən anaların sayı getdikcə artır. Günün çox hissəsini işdə keçirən analar övladlarının qayğısına qalmağa çalışmaq üçün müxtəlif üsullara əl atırlar. Uşağa sevgi, diqqət və qayğı lazımdır. Sevgi və məhəbbət ilk növbədə anadan duyulur. Ana işləyir olsa belə, qalan vaxtlarında övladlarına mümkün qədər çox vaxt ayırmalı və onlara vaxt ayırmağa diqqət etməlidir. Əgər ana işləməyəndə övladına kifayət qədər vaxt ayırırsa, bu, uşağın ananın işdə olduğu vaxtın öhdəsindən daha asan gəlməsini təmin edər. Yetərincə sevgi və diqqət hiss edən uşaqda inam hissi yaranır. Uşağın özünü təhlükəsiz hiss etməsi özünə inamın inkişafına əhəmiyyətli dərəcədə töhfə verir. İşdən qalan müddətdə uşağa qulluq etmək o demək deyil ki, ana yalnız onun fiziki ehtiyaclarını ödəyir. Uşaqla emosional əlaqəni inkişaf etdirmək üçün onunla münasibət qurmaq və onu dinləmək lazımdır. Əhəmiyyətli olan uşaqla keçirdiyi vaxtın keyfiyyətidir. Uşağın ana ilə keçirdiyi müəyyən müddət ərzində aldığı məmnunluq, qurduğu yaxınlıq, ehtiyaclarının qarşılanması uşağın özünü daha yaxşı hiss etməsinə səbəb olacaq. Bəzi işləyən analar uşaqlarının onlarla kifayət qədər vaxt keçirə bilməyəcəklərini düşündükləri üçün istədikləri hər şeyi etməyə və əldə etməyə çalışırlar. Ancaq bu vəziyyət bir müddət sonra uşaqda narazılıq yarada bilər. Ana və uşağın məhdud bir müddət olsa belə, birlikdə keçirdikləri xüsusi vaxt, uşaq üçün hər şeydən daha önəmlidir.
Ana  işləyən ailələrdə ata dəstəyi də çox vacibdir. Ata həm ev işlərini, həm də uşaq baxımını öz üzərinə götürərsə, bu, ananın üzərinə düşən yükü azaldacaq və bu, uşağa da, anaya da müsbət təsir edəcək".

Bəs işləyən ana övladının psixologiyasına mənfi təsir edirmi?

"Bu barədə qəti bir söz demək mümkün deyil, çünki bu hal uşağın xarakter quruluşuna və anası ilə nə qədər keyfiyyətli vaxt keçirməsinə görə dəyişə bilər. Bu, anaların uşaqları ilə keçirdiyi keyfiyyətli vaxtla əlaqəli bir vəziyyətdir. Əgər bütün günü evdə olursunuzsa və uşağınızla bir neçə dəqiqə belə keyfiyyətli vaxt keçirmirsinizsə, onların sual və problemlərinə məhəl qoymursunuzsa, evdə uşağınızla birlikdə olmağın heç bir mənası olmayacaq və uşağınızın bəzi psixoloji problemləri yarana bilər. Çalışan bir ana olaraq, uşağınızla keçirdiyiniz məhdud vaxtdan mənalı istifadə edə bilsəniz, bu, bütün günü evdə onunla heç bir şey etmədiyiniz halda, uşağınızın inkişafına daha müsbət təsir edəcək. Evdə keçirdiyiniz vaxt və evdə olduğunuz əhval-ruhiyyə də uşağınıza müsbət və ya mənfi təsir göstərə bilər. İlşəsən də, işləməsən də, daim aqressiv, yorğun, stressli və narahat bir ana şəkli uşağının psixologiyasını poza bilər. Bu səbəbdən uşağınızla keçirdiyiniz anlarda iş, ev və şəxsi problemlərinizi bir kənara qoyub, onlara sevgi dolu, anlayışlı və səbirli bir ana münasibəti ilə yanaşmalısınız.
Əslində, işləyən anaların əksəriyyəti uşaq sahibi olmamışdan əvvəl də işləyən qadınlar olur. Əvvəllər işləyən bir qadının uzun müddət evdə qalması peşəkar narahatlıqlara, sosial və emosional narazılığa səbəb olur.
İşləyən ananın ən çox ehtiyac duyduğu resurslardan biri sosial dəstəkdir. Xüsusilə, işləyən anaların yaşadığı mənfi vəziyyətlər və duyğularla mübarizədə bayaq da qeyd etdiyim kimi, həyat yoldaşının dəstəyi əhəmiyyətlidir.
Psixoloji dözümlülüklə yanaşı, özünüzü tanımaq və tətiklərinizi görmək baxımından fərqindəlik çox vacibdir. Fərdi narahatlıqları və işləyən anaları depressiyaya salan vəziyyətləri, hadisələri müəyyən etmək, həll yolu tapmaq yolunda ilk addımdır. Ola bilsin ki, işləyən analar hər kəsdən əvvəl yaşadıqları mənfi duyğuları və çətinlikləri qəbul etməlidirlər.
Yaşadığımız mənfi təcrübələr və onların gətirdiyi emosiyalar, onların varlığını qəbul etməsək və aktiv hərəkət etmədikcə başqa problemlərə səbəb ola bilir. Analığın gətirdiyi bütün gözəlliklərə baxmayaraq, fərd üçün çətin olması normaldır. İşləyən analar dəstək alsalar belə, evdə və işdə rollarını emosional olaraq balanslaşdırmaqda çətinlik çəkə bilərlər. Xüsusilə qeyd etmək istərdim ki, bu məsələlər haqqında danışmaq çox vacibdir. Ana olmaq çox müqəddəs sayıldığı üçün ana olmağı seçən qadınların mənfi emosiyalar yaşamaq və məcburiyyət qarşısında qalmağa haqqı yoxdur.
Analar özlərini daha çox tanıdıqca, hisslərini kəşf etdikcə və ehtiyaclarını anladıqca onlara çətin duyğuların öhdəsindən gəlmək üçün yol açılacaqdır. Çünki ananın psixi sağlamlığı və uşaqla münasibəti bağlılıq baxımından çox önəmlidir. Ananın psixi sağlamlığı yaxşı olarsa, övladı ilə münasibəti də yaxşı olar və nəticədə uşağın psixi sağlamlığı da yaxşı olar".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31