Sənədlərə apostel hansı qaydada verilir?- ÖZƏL

Sənədlərə apostilin verilməsi və ya onun leqallaşdırması nə deməkdir? "Olaylar" Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, bir ölkənin ərazisində verilmiş və hüquqi qüvvəyə malik olan sənədlər müvafiq qaydada rəsmiləşdirildikdən sonra digər ölkənin ərazisində istifadə oluna bilər. Hazırda belə rəsmiləşdirmənin iki növü mövcuddur: apostilin verilməsi və konsul leqallaşdırması.
Apostil sənədi imzalamış şəxsin imzasının həqiqiliyini, bu şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə həmin sənədə vurulmuş möhür və ya ştampın həqiqiliyini təsdiq edir. Apostilin özündə edilmiş imza, vurulmuş möhür və ştampın yenidən təsdiq edilməsi və ya leqallaşdırması tələb olunmur.
Konsul leqallaşdırması sənədlərdəki və aktlardakı imzaların həqiqiliyini və bu sənəd və aktların konsulluğun yerləşdiyi dövlətin qanunlarına uyğun olmasını müəyyənləşdirmək və təsdiq etməkdən ibarətdir.
Hansı sənədlərə apostilin verilməsini "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən "Haaqa Konvensiyanın üzvü olan hər dövlət özü müəyyən edir. Ümumilikdə isə aşağıdakı sənədlərə apostil verilir: dövlət orqanları tərəfindən verilən sənədlər; məhkəmə sənədləri; notariat qaydasında təsdiq edilmiş sənədlər (o cümlədən hüquqi şəxs tərəfindən verilmiş sənədlərin notariat qaydasında təsdiq edilmiş surət və ya tərcümələri; fiziki şəxsin imzaladığı sənədlər, əgər onun imzası notariat qaydasında təsdiq edilibsə).

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31