Öz prinsipləri ilə fəaliyyət göstərən uşaq həkimləri... 5 saylı uşaq poliklinikasının Məryəm Nəsirovası kimi..
2 Avqust 2024 11:46 Sosial"Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır"
Heydər Əliyev
Azərbaycanda uşaq hüquqlarının qorunması, onların sağlamlığının mühafizə olunması məqsədilə hər cür şərait yaradılıb. Belə ki, dövlət uşaqların həyatının mühafizəsi və sağlam inkişafını təmin edir, ekoloji təhlükəsizliyini təmin edən şərait yaradır, onların keyfiyyətli tibbi xidmət almaları üçün müvafiq tədbirlər görür. Qüvvədə olan bütün milli qanunvericilikdə, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında, Uşaq Hüquqları Bəyannaməsində, Uşaq Hüquqlarına dair Konvensiyada uşaqların hüquq və azadlıqları ən yüksək səviyyədə qorunur. Hətta uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərində onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələri müəyyən edilib. Birmənalı şəkildə təsdiq edilib ki, dövlət orqanları, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Başqa sözlə, dövlət orqanları öz fəaliyyətlərində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Çox təəssüf ki, bəzi dövlət qurumları, xüsusən həmin qurumları təmsil edən səlahiyyətli şəxslər nümayiş etdirdikləri qeyri-etik hərəkətləri ilə dövlətin uşaqlar üşün yaratmış olduğu bütün təminatın üzərindən xətt çəkmiş olur.
Uşaqların həyat və sağlamlığının mühafizəsi hazırda dünyada, eləcə də Azərbaycanda ən çox önəm verilən hüquqlardan hesab olunur. Elə ölkə Konstitusiyasına görə də hər bir uşağın həyat və sağlamlığının mühafizə edilməsi hüququ vardır. Bütün sadalananlara baxmayaraq ölkənin səhiyyə sistemində təmsil olunan, üstəlik təntənəli şəkildə Hippokrat andı içmiş bəzi həkimlərimiz var ki, öz vəzifələrinin icrasında nəinki dövlət prinsiplərinə, heç öz həkim etikasına belə riayət etmirlər.
Xatırladaq ki, 17 yaşa qədər uşaqlara tibbi xidməti uşaq poliklinikaları sahə prinsipinə əsasən həyata keçirir. Bundan başqa ambulator poliklinika müəssisələri (məsləhətdiaqnostik mərkəzlər, ailə, uşaq və repreduksiya, reablitasiya müəssisələri) sağlamlığın mühafizəsi üzrə xüsusi məsələləri həll edir, dərin diaqnostik müayinələr aparmaqla, məsləhət köməyi ilə yanaşı, müvafiq bazalarda müalicə və reablitasiya xidməti yerinə yetirirlər. Şəhər uşaq poliklinikalarında uşaqlara ilk tibbi sanitar xidməti-sahə pediatr həkimləri, müalicə-profilaktik şöbə həkimləri, eləcə də funksional-diaqnostik şöbə mütəxəssisləri, təxirəsalınmaz tibbi xidmət, bərpaedici müalicə, tibbi-sosial xidməti, o cümlədən təhsil müəssisələrində tibbi xidmət təşkil edilir.
Həyatın birinci ayında, sahə həkimi - pediatr bir qayda olaraq uşağı evdə iki dəfədən az olmayaraq müşahidə edir. Həyatın birinci ili ərzində ana uşaqla hər ay uşaq poliklinikasında həkimə baş çəkir. İki yaşlı uşağı həkim hər 3 aydan, 3-6 yaşa qədər isə ildə iki dəfə yoxlayır. Məktəbə daxil olmamışdan qabaq 6-7 yaşlı uşaqlar həkim-mütəxəssislər cəlb olunmaqla dispanserizasiyadan keçirlər.
Paralel olaraq uşaqların "Uşaqların icbari dispanserizasiyası haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dispanserizasiyadan keçmək, dispanserizasiyanın nəticələrindən asılı olaraq tibbi göstərişlər əsasında ambulator, stasionar və ya sanatoriya-kurort şəraitində tibbi yardım almaq, dispanserizasiyanın nəticələri, o cümlədən aparılmış müayinə-müalicə tədbirləri, habelə sağlamlığının vəziyyəti haqqında tam və obyektiv məlumat almaq hüquqları vardır. Çox təəssüf ki, ölkədə fəaliyyət göstərən tibb müəssisələrinin böyük əksəriyyəti sadalanan prinsiplərlə deyil, öz "qayda-qanunları" ilə fəaliyyət göstərirlər. Xüsusən, uşaq poliklinikaları körpə fidan balaların sağlamlığının qayğısına qalmaq əvəzinə insanlardan maddi imtiyazlar umurlar. Vəziyyət o həddə çatıb ki, istər dövlət, istərsə də özəl uşaq poliklinikalarında çalışan bəzi tibb personalı az qala ağ xalatına əlavə cib tikərək dilənçiliklə məşğul olsun.
Elə redaksiyamıza müraciət edən Bakı şəhər sakini də poliklinikada çalışan uşaq həkiminin biganəliyindən şikayətçidir. Vətəndaş bildirir ki, azyaşlı uşağının qızdırması olduğu üçün yaşadığı ərazidə fəaliyyət göstərən 5 saylı Uşaq poliklinikasına müraciət edib. Övladına tibbi yardım göstəriləcəyi ümidi ilə gələn vətəndaş tamam başqa ab-hava ilə üzləşib. Belə ki, uşağın sahə həkimi olan Məryəm Nəsirova ətraflı müayinə aparmadan, analizləri nəzərdən keçirmədən "diş qızdırmasıdır" deyib müvəqqəti dərman təyin etməklə kifayətlənib. Bildirib ki, uşağın vəziyyəti yaxşıdır, hərarət isə onun dişinin çıxması ilə əlaqədardır. Eyni zamanda valideyn həkimdən ona telefon vasitəsilə digər özəl tibb müəssisənin analiz nəticələrinə baxmağını xahiş edib. Valideyn həkimə tələb olunan analizin nəticələrini göndərməsinə baxmayaraq, Məryəm Nəsirova bütün iş saatı ərzində analizlərin nəticəsinə baxmayıb və valideynin yazı mesajlarını oxuduğu halda cavabsız qoyub. Körpənin hərarətli vəziyyəti bayram günlərinə təsadüf etdiyindən,həkimlərin iş başında olmadığına görə uşağın vəziyyəti günbəgün ağırlaşmağa başlayıb. Valideyninin israrlı müraciətindən sonra Məryəm Nəsirova etinasızlıqla " yaxşı, onda antibiotik yazarıq" deyib. Bu cümləni deməsi başlı- başına həkimin günlərlə heç nəticələrə baxmamasının sübütüdur, çünki qanda "crp" nəticələri 250 olan uşaq, vaxtında həkimin ciddi müayinəsindən keçirilməməsi deməkdir. Məcburiyyət qarşısında qalan ana xəstəxanaya müraciət etməli olub. Müayinə zamanı uşaqda virusun olduğu təsdiqini tapıb və ana-uşaq iki həftədən çox xəstəxanada yatmalı olub. Lakin həkim dəfələrlə özünə haqq qazandıraraq, valideynin onu borclu çıxartmasında ittiham edir, gah nəticələrin onun telefonda açılmadığını deyir, gah bayramdır deyə onun mesajlarına cavab verməyə borclu olmadığını deyir, gah da ki, onun da ailəsi, uşaqları və qayğılarının olduğunu deyir. Qəribəsi isə odur ki, analiz nəticələri ona bayram günlərində deyil, iş vaxtı göndərilib, amma həkim yenə də baxmağa görünür ərinib. Onda belə bir sual yaranır, nədən Məryəm Nəsirova virus aşkar olunan uşağın vəziyyətinə bu qədər məsuliyyətsiz yanaşıb? Bəs Hippokrat andı, bəs vicdan, vətəndaşlıq məsuliyyəti? Həkimin vicdanı necə yol verə bilər ki, uşaq xəstəlikdən əziyyət çəksin, həkim isə iş vaxtı bitdiyini əsas gətirərək adi bir məsləhət verməkdən imtina etsin? Bu təkcə həkim biganəliyi deyil, bu həm də məsuliyyətsizliyin son həddidir.
Öz peşə etikasına xələl gətirən Məryəm Nəsirova kimi həkimlərimizə xatırlatmaq yerinə düşər ki, Azərbaycanda uşaqların sağlam böyüməsi məqsədilə dövlət tərəfindən ciddi addımlar atılır. Bu tədbirlərin icraçılarından biri də uşaq həkimləridir. Onların hansı status daşımalarından asılı olmayaraq müraciət edən pasiyentlərlə nəzakətli davranmalı, işlərinə məsuliyyətlə yanaşmalıdırlar. Ölkə qanunvericiliyinə görə, ölkəmizdə hər bir uşaq effektli tibbi yardım almaq hüququna malikdir. Bu səhiyyə sisteminə, həmçinin xəstəyə və ailəsinə yarana biləcək gələcək yükü azaldır. Odur ki, uşaq həkimi pasiyentlərlə xoş rəftar, düzgün məlumatlandırma, bacarıqlı və potensiallı olmalıdır. Xüsusən, düzgün qərar vermə və tətbiq bacarığına malik, səmimi, gülərüz olmalıdır.
Nəzərə almaq lazımdır ki, gənc nəslin sağlamlığının mühafizəsi dövlətin və profilaktik səhiyyə sisteminin əsas vəzifəsidir. Profilaktika sağlamlığın möhkəmləndirilməsi və qorunması, sağlam həyat tərzinin formalaşması, xəstəliklərin baş verməsi və yayılmasının qarşısının alınması, onların erkən aşkar olunması, inkişaf səbəbinin və şəraitinin müəyyən edilməsi, həmçinin insan sağlamlığına mühit şəraitinin zərərli amillərinin aradan qaldırılmasına yönəldilmiş kompleks tədbirlərdir. ÜST-ə görə xəstəliklərin, xüsusən xroniki profilaktikası dövlət siyasəti, səhiyyə sisteminin işini və profilaktik fəaliyyət standartlarını, əhalinin maarifləndirilməsi və sağlamlığın qorunmasında şəxsi çavabdehliyi birləşdirən inteqrativ yanaşmaya əsaslanır. Əhali sağlamlığının qorunması və möhkəmləndirilməsi, əmək qabiliyyətinin yüksəldilməsi və yetkin insanın fəal həyatının uzadılması isə erkən uşaqlıqdan başlanır. Uşaq və yeniyetmələrin sağlamlığının qorunması, onların mühitin əlverişsiz təsirindən mühafizə edilməsi və gənc nəslin sağlamlığı müntəzəm həkim müşahidəsi və nəzarətindən keçir. Belə bir şəraitdə peşə vəzifəsinə məsuliyyətsiz yanaşan həkimlər dövlətin uşaq siyasətinə qarşı çıxmış olurlar.
Zəka
P.S.Mövzunu davam etdirəcəyik.