Sosial media trendləri: İnsanlar bir-birindən geri qalmamağa çalışırlar...

Müasir texnoloji dünyada sosial media gündən-günə daha çox əhəmiyyət kəsb edir və hazırda populyar bir mədəniyyət obyektinə çevrilən sosial media tətbiqləri xüsusilə gənclər arasında çox yaygındır. Bunun geniş vüsət alması nəticəsində bir çox sosial media tətbiqləri də ortaya çıxır və digər sosial media tətbiqləri arasında yer almağa çalışır. Ancaq yeni və ya köhnə sosial media tətbiqi olmasından asılı olmayaraq, müəyyən bir nöqtədən sonra bütün sosial media kanalları bir-birinə qarışır və nəzərə çarpmasa belə, hər bir sosial media platforması bir-birini nesxələyir, hətta bir-birinə bağlı olur.
Texnoloji inkişaflar səbəbilə demək olar ki, internet və sosial media vasitələri bu gün çox əhəmiyyətli bir mövqeyə malikdir. Bunun əsas səbəbi kimi inkişaf edən və çevrilən virtual dünyanıı və günü-gündən bu dövrəyə daha çox bağlanan fərdləri göstərmək olar. Virtual dünya dövrünə qapılan fərdlərin ən böyük problemi internet və sosial mediadır. Çünki günümüz dünyasında demək olar ki, bütün fərdlər sosial media platformalarından və ya ən pis halda internetdən istifadə edir və internetdən istifadə edən bir çox fərdlər bilərəkdən və ya bilməyərəkdən internetin və sosial medianın sehrinə qapılır, özlərini itirirlər. İnsanların özlərini asılı etdiyi bu axının ən yaxşı nümunələri, şübhəsiz ki, sosial media trendləridir. Sosial medianın daimi məqsədi yenilik olduğu üçün bütün sosial media kanalları özlərini daha cəlbedici etmək və eyni zamanda istifadəçi sayını artırmaq yollarını düşünür. Bununla belə, bunu edərkən özlərini fərqləndirmək üçün addımlar atmağa çalışırlar, çünki hər kəs internetin geniş dünyasında özlərini fərqləndirməyin lazım olduğunu bilirlər.
Bu kontekstdə bir çox sosial media kanalları tez-tez istifadəçiləri hərəkətə keçirəcək üsullar inkişaf etdirməyə çalışır və sosial media trendləri də bunlardan ən əhəmiyyətlisidir. Populyar mədəniyyət elementlərinə çevrilmiş sosial media platformaları öz populyarlığını qoruyub saxlamalıdır və bunun ən yaxşı yolu yenilik təklif edərək istifadəçilərin marağı və diqqətini cəlb etməkdir. Bunun ən yaxşı nümunələrindən biri də 2016-cı ildən həyatımıza daxil olan "TikTok" platformasıdır.
TikTok ortaya çıxdığı ilk gündən Twitter, Facebook və Instagram kimi mühüm rəqibləri ilə birlikdə adından söz etdirməyi bacaran xüsusi bir tətbiqə çevrilir və buna da sosial media trendləri sayəsində nail olur. İstifadəçiləri necə özünə cəlb edə biləcəyini bilən və bunu həyata keçirən TikTok həm istifadəçiləri məzmun istehsal etməyə məcbur edir, həm də trendlərdən populyar mədəniyyət elementləri kimi istifadə edir. Bu yolla istifadəçilərin diqqətini çəkməyi bacarıb və çox qısa müddətdə digər nəhəng rəqibləri ilə rəqabətədavamlı olub və hətta deyə bilərik ki, digər rəqibləri arasında adından söz etdirməyi bacarıb.
Əlbəttə ki, qısa müddət ərzində dünyanın istənilən bölgəsindən milyonlarla insanı özünə cəlb edən bu platformanın sadəcə müsbət deyil, mənfi tərəfləri də olduqca çoxdur. Bunlardan biri də, bayaq qeyd etdiyimiz kimi, sosial media trendləridir.
Belə ki, zaman-zaman həmin ana uyğun olaraq sosial mediada bir hərəkət, hər hansı bir mahnı və ya digər bir şey trend olur və artıq istifadəçilərin əksəriyyəti onu təkrarlamağa çalışır. Bəs niyə bəzi şeylər trendə çevrilir? Niyə hamı son illərdə bir-birinə bənzəməyə çalışır? Bu trendlər sosial mediadan istifadə edən azyaşlılara necə təsir edir?

Sosioloq Fidan Cavadova bildirir ki, ümumiyyətlə, insanlar təbiətcə nədənsə geri qalmaqdan çəkinirlər və əksəriyyətlə gedirlər, zamana uyğunlaşmağa, heç kimdən geri qalmamağa çalışırlar:

"Sosial media bu meyli gücləndirən bir mühit təmin edir. Instagram kimi platformalar müəyyən tendensiyaların sürətlə yayılmasına kömək edir. Məsələn, bir influencerin təqdim etdiyi məhsulun qısa müddətdə milyonlarla insan tərəfindən mənimsənilməsi "kimdənsə geri qalmayım" düşüncəsinin təsiri ilə izah edilə bilər. İnsanlar tendensiyaların bir hissəsi olmağa meyllidirlər, başqalarının sahib olduqları və ya etdikləri şeylərə sahib olmaq istəyirlər. Bu vəziyyət "onda var, məndə də olmalıdır" kimi düşüncələri tətikləyir və sürətlə yayılan tendensiyaların formalaşmasına səbəb olur.
Son illərdə sosial mediadan istifadə yaşının azalması və rəqəmsal tətbiqlərin yayılması özləri ilə bir çox təhlükələri də gətirir ki, bunların da başlıcasından biri gəncləri rəqabətə və özünü göstərməyə sövq edən "challenges" adlanan çağırışlar, sosial media trendləridir. Bu trendlər sosial media platformalarında domino effekti yarada və sürətlə yayılaraq böyük auditoriyaya təsir edə bilir. Sosial media trendləri, demək olar ki, hər gün dəyişən simaları ilə uşaq və gənclərin nəinki ruhi sağlamlığına təsir edən, hətta fiziki zərər də verən təhlükəli səviyyələrə çata bilər. Bunun da ən başlıca nümunəsi trend olan hər hansı bir təhlükəli davranışın, məəsələn, deyək ki, hər hansı yüksək bir yerdən tullanmaq, kəsici alətlərdən istifadə edərək guya kimisə yaralamaq, öldürmək, kimi davranışların hər kəs tərəfindən təkrarlanmağa çalışılmasıdır. Təbii ki, bunu da özlüyündə bacaran və bacara bilməyən şəxslər olur ki, həmin bacara bilməyən şəxslər də, məsələm azyaşlılar kimi, özünü başqalarına bənzətmək üçün eyni hərəkəti təkrarlamağa çalışırlar və bu zamann da ən çox fiziki cəhətdən ziyan görürlər və hətta bu hərəkətlər ölümlə belə nəticələnə bilər. Çünki heç gözləmədiyimiz fiziki pozuntular baş verə bilər. Məsələn bir ara xarici ölkələrdə trend olmuşdu, kiminsə bədənində müəyyən bir nahiyəsini sıxırdın və o adam özündən gedirdi. Bu trend olmuşdu, hər kəsə maraqlı iidi, hər kəs də bunu yoxlamağa çalışırdı. Bu hərəkət də belə bir hərəkətdir. Hansı ki, insanın bədəninə fiziki təmas olunur və o huşunu itirir. Amma burada insan hər cür fiziki sıxıntı yaşaya bilər. Ona görə də, bu cür hərəkətlər çox təhlükəlidir.
İnsanlar öz gördükləri, bacardıqları, etdikləri şeyləri sosial şəbəkələrdə yerləşdirmək və bəyənmə almaq istəyirlər. Burada real həyatda var olmayan sosial qrupunu, sevilmək, bəyənilmək, istənilmək hissini sosial media vasitəsilə tapırlar. Paylaşdıqları şeylər insanlar tərəfindən bəyənilir, bəyənildikcə insanın özünə inamı da artır.
Uşaq və gənclərin, xüsusilə də yeniyetməlik dövründə var olduqlarını, özlərini, bacardıqlarını sübut etmək üçün bu cür trendlərə üz tutduqlarını deyə bilərik ki, onların belə hərəkatlara qoşulmasının digər bir səbəbi də sosiallaşaraq formalaşan kiçik qrupların bir hissəsi olmağa çalışmaqdır. Ona görə də, xüsusilə azyaşlı uşaqların valideynləri övladlarına daim güclü nəzarət etməlidirlər. Bədənində və ya hərəkətlərində baş verən hər hansısa dəyişikliyin tez fərqinə varılması bu trendlərin onlara zərər verməsinin qarşısını mümkün qədər tez alacaqdır.
Əlbəttə, hər kəsin bu hərəkətləri təkrarladığı, sosial media trendlərinə uyğunlaşmağa çalışdıqları da deyilə bilməz. Çünki, sosial media hesablarında demək olar ki, hər gün milyonlarla TikTok videosu yayılır və bu videoların şərhlərində əksər istifadəçilər "bu hərəkətin trend olması düzgün deyil", "bu trend dayanmalıdır", "TikTok bağlanmalıdır" və s. şərhlərini bildirirlər. Açığı, mən proqramın bağlanmasının tərəfdarı deyiləm, çünki bu trendlərin hamısı faydasız və narahat edici olmur. Əksinə, insanlara ziyan vermədən onların marağını çəkən trendlər də az deyil. Amma tətbiqin uşaqlar üçün risklərini nəzərə alaraq uşaqların telefonlarından silinməsinin və ya valideyn nəzarəti ilə izlənilməsinin tərəfdarıyam. Çünki hər hansı bir sosial media platformasında olduğu kimi, uşaqlar həmişə onlara uyğun olmayan məzmunlarla qarşılaşırlar. TikTok əsasən musiqi və videoya əsaslandığı üçün söyüşlər və ya nalayiq geyimlər, hərəkətlər böyüklər üçün məzmunun ən bariz mənbələridir. Əslində bu uyğun olmayan məzmunun artması və təşviqi səbəbindən TikTok bir çox ölkədə, o cümlədən Çində (tətbiqin yarandığı yer), Hindistan, Banqladeş və Pakistanda qadağan edilib.
Deyə bilərəm ki, TikTok əslində hər bir cəmiyyətin təbii əksidir. Yaşlı insanlardan tutmuş gənclərə və hətta uşaqlara qədər bir çox yaş qrupları bu proqramdan istifadə edir və özlərini ifadə etməyə, sosiallaşmağa çalışırlar. TikTok bağlanarsa, onsuz da özünü ifadə etmək üçün göstərilən bu səy digər sosial media tətbiqlərində də davam edəcək. Buna görə seçici ola bilərik və tətbiqdən istifadə etməyək".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31