Xarici səyyahlardan ibarət heyət Laçına səfər edib
26 İyul 2024 15:45 SosialAzərbaycana gələn dünya səyyahları işğaldan azad olunan ərazilərə səfər zamanı Laçın şəhəri ilə yaxından tanış olublar.
Olaylar xəbər verir ki, dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-nin MTP (Most Travelled People) klubunun təsisçisi Charles Veley-nin rəhbərlik etdiyi səyyahların işğaldan azad olunan ərazilərə səfəri davam edir.
Səfərin marşrutuna uyğun olaraq Kəlbəcərdə olan səyyahlar daha sonra Laçına gəliblər. Şəhərdə aparılan tikinti quruculuq işləri ilə tanış olublar. Onlara məlumat verilib ki, hazırda Laçın şəhəri ilə yanaşı, rayonun Zabux və Sus kəndlərində də sakinlər öz doğma yurdlarına qayıdıb.
Bildirilib ki, Laçın şəhərində 534 ailə olmaqla 1971 nəfərin, Zabux kəndində 217 ailə olmaqla 823 nəfərin, Sus kəndində 59 ailə olmaqla 215 nəfərin məskunlaşması təmin edilib və köçürülən ailələr üçün bütün şərait yaradılıb. Həmçinin, rayon ərazisində görülən mühüm işlər barədə səyyahlara məlumat verilib.
Qeyd edək ki, son 4 ildə 50-ə yaxın ölkədən 360-dan çox beynəlxalq səyahətçi böyük qruplarla Qarabağ və Şərqi Zəngəzurda 10 dəfə səfərdə olub. 25-27 iyulda bir qrup beynəlxalq səyahətçinin MTP (Most Traveled People) səyahət klubunun təşkilatçılığı ilə Qarabağ və Şərqi Zəngəzura olan növbəti səfəri sayılır. MTP-nin səfəri bu qəbildən olan sayca 11-ci səfərdir. Heyətə Charles Veley rəhbərlik edir. O, dünya üzrə 4 nəhəng səyyah şəbəkəsindən biri olan - MTP (Most Traveled People) Klubunun təsisçisi və rəhbəridir. Dünya səyyahlarının beynəlxalq reytinqində adı ilk 10-luqdadır. Bundan əvvəl 4 dəfə işğaldan azad edilmiş ərazilərdə səfərdə olub, onlardan 3-də MTP heyətlərinə başçılıq edib.