Elçin Bayramlı: “Azərbaycanda pensiya sistemi yoxdur, lotoreya-qumar sistemi var” - Elçin Bayramlı
27 Dekabr 2022 14:04 SosialOlaylar.az TvPress.Az-a istinadən xəbər verir ki, bunu Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı bildirib.
Sosioloqun sözlərinə görə, bu sistemin mahiyyəti ondan ibarətdir ki, vətəndaşlar dövlətlə qumar oynayır: "İşçilər gələcəkdə pensiya ala bilmək üçün hər ay əməkhaqqının dördə biri həcmində sosail sığortaya pul ödəyirlər dövlətə və əgər 65 yaşdan sonra sağ qalsalar, dövlət o pulu 12 ilə bölüb aybaay ödəyəcək: "Əhalinin də 40 faizi pensiya yaşına çatmadan öldüyündən, bu lotoreyada uduzur və nə özü, nə də ailəsi 40 il ərzində yığdığı puldan bir qəpik də ala bilmir. Qalanlarının da çoxu 65-dən sonra cəmi bir neçə il yaşaya bilir ki, nəticədə bu puldan kiçik bir hissəni ala bilir. Yığılmış pulun qalan hissəsi qalır dövlətə".
Ekspertin fikrincə, insanların öz aralarında oynadığı lotoreya sistemi belə bundan daha ədalətlidir: "Belə ki, hər kəs qoyduğu pulu tam həcmdə götürür. Üstəlik, də müddəti özləri təyin edilər. Əgər lotoreya poynayanlardan biri vəfat etsə, pul onun ailəsinə verilir. Pensiya sistemində isə pulu sanki qumarda uduzursan. Ən azı vətəndaşların yarıya yaxını bu puldan bir manat da ala bilmir Qalan yarısının isə çoxu cəmi bir neçə il pensiya ala bilir, yəni yığdığı pulun az bir hissəsini. Pulu tam ala bilmək üçün azı 77 il yaşamalısan. Azərbaycanda bu qədər yaşayanların sayı artıq barmaqla sayılar".
Elçin Bayramlı daha ədalətli bir sistem təklif edir: Təklif edirəm ki, vətəndaşlarla dövlət arasında bu lotoreya-qumar sistemi ləğv edilsin. Hər kəs özü ayda bir qədər banka pul qoysun və müəyyən müddətdən sonra istədiyi vaxt o pulu götürsün, əgər ölsə, həmin pulu ailəsi alacaq. Həm də bütün pulu geri alacaq, üstəlik də uzun onillərin yığılmış faizləri ilə. Yəni, vətəndaş yekunda qoyduğundan azı 2-3 dəfə çox vəsait alacaq ki, bu da onun ölənədək yüksək səviyyədə yaşamasına şərait yaradacaq".
SCH rəhbəri bunu yaxın vaxtda təkliflər paketi formasında parlamentə və hökumətə təqdim edəcəklərini bildirib.