Şəxsiyyət vəsiqəmizi (kimliyimizi) salıb itirməyək

Dəyərli oxucular, əziz gənclər, istəyirəm bundan sonra  sizinlə bizim nəslin arasında bağ, körpü yaradan yazılarla hərdən görüşünüzə gəlim. Sizin ideyalarınızdan, bizim həyat təcrübəmizdən, insanı insan edən dəyərlərimizdən söhbət açaq. Hədəfimiz sevgi, anlayış, bir də nə olursa olsun bütün şərtlərdə insan qala bilməyi bacarmaq olsun. Bunun birinci şərti yaşadığımız bu gərgin dünyada baxdığımız hər şeyə gözəl baxa bilməyimizdir,  sağlam baxa bilməyimizdir. İçimizdə nə bəsləsək ətrafımıza onu verəcəyik. Gəlin içimizdə çiçək bəsləyək, sevgi bəsləyək ki, çevrəmizə də onu verək. İnsanlarda gözəl şeylər axtarıb onu qiymətləndirək.   

Hər birimizin şəxsiyyət vəsiqəsi çantamızda gəzdirdiyimiz bir parça kağız deyil,  kimliyimiz xarakterimizdir, düşündüklərimizdir. Bununla bağlı uzun illər öncə şahidi olduğum bir hadisəni sizinlə bölüşmək istəyirəm.

Ötən illərin birində ailəlikcə yay vaxtı dəniz kənarında gəzməyə çıxmışdıq. Əllərində su və atışdırmalıq kimi ayaqüstü yeməklərlə iki-üç gənc qız qarşımızda gedirdi. Həm yeyir, arada su içir, danışa-gülə dəniz havasının və gəncliyin dadını çıxarırdılar. Yaşlı bir kişi isə qarşı tərəfdən yavaş-yavaş bizə tərəf gəlirdi. Qız­lar­dan biri əlindəki suyu başına çəkdi, sonra da boşalmış plastik qabı qolu gərildikcə uzadıb düz dənizin ortasına fırlatdı. Gənc qızın hərəkətindən ətrafdakılar narahat olmuşdu, biz də. Nəvəmin yeyib qurtardığı biskivit kağızını evdə ataram deyə  çantama qoymuşdum. Belə bir durumda gənc qızın hərəkəti uşağa yaxşı nümunə deyildi. Təəssüf ki, nə mən, nə də ətrafdakılar bir söz demədik, görünür, "sənə nə var, dəniz sənindir?" etirazından çəkinmişdik. Ancaq qarşıdan gələn yaşlı adam bizdən daha cəsarətli çıxdı. Dönüb, "qızım, şəxsiyyət vəsiqəni salıb itirdin", dedi. Qız yaşlı adamın nə dediyini anlamadı, kişi bu dəfə, "kimliyini, şəxsiyyətini salıb itirdin qızım" dedi. Gənc qız bir şey başa düşməsə də, sözü çevirməyib, rəfiqələri ilə danışa-gülə oradan uzaqlaşdılar.

Bu sözün yükü çox ağırdı, elə tutmuşdu ki, məni, indiyədək unuda bilmirəm. Doğrudan da hər bizirmizin şəxsiyyət vəsiqəmiz beynimizdəki düşüncəmiz, ruhumuzdakı vicdanımızdır.Həyatı yükləyən bizik, ona gözəl şeylər yükləyək ki, yaşanacaq halda olsun. İnsan qala bilmək, mərhəmətli ola bilmək, düzgün, dürüst yaşamağı bacarmaq çox çətin olsa da, mümkündür. Odur ki, gəlin şəxsiyyət vəsiqəmizi itirməyək.           

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31